Fəzail Ağamalı: “Avropa Oyunlarına görə Azərbaycanın nüfuzu beynəlxalq aləmdə yüksəlib” – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Fəzail Ağamalı: “Avropa Oyunlarına görə Azərbaycanın nüfuzu beynəlxalq aləmdə yüksəlib” – FOTOLAR

Iyunun 30-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Bakı-2015 I Avropa Oyunları”na dəstək dostluq qrupunun “Sevinc və qürur mənbəyimiz: Möhtəşəm 17 gün” mövzusunda yekun toplantısı keçirilib.

Publika.az-ın məlumatına görə, toplantıda dostluq qrupunun ideya müəllifi olan Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olunan I Avropa Oyunları həm də dünya idman hərəkatına böyük töhfələr verib.

Deputat qeyd edib ki, qısa zaman kəsiyində görünməmiş bir sürətlə bu oyunlara hazırlaşmaq və yüksək səviyyədə başa çatdırmaq böyük şücaət və bacarıq tələb edir: “Əlbəttə ki, möhtəşəm 17 günə görə ilk növbədə cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Avropa Oyunlarında qələbə qazanan idmançılarımız xalqımızın yaddaşında hər zaman çox böyük hörmətlə yaşayacaq. Əminəm ki, təməli Azərbaycanda qoyulan ilk Avropa Oyunlarının ənənələri formalaşacaq. Bu oyunların keçirilməsi ilə Azərbaycanın nüfuzu beynəlxalq aləmdə xeyli yüksəlib. Ölkəmizin qədim tarixə, böyük intellektə və yüksək mənəvi dəyərlərə sahib olduğu bütün dünyaya nümayiş etdirilib”.

F.Ağamalı vuğulayıb ki, çoxları Avropa Oyunlarının Azərbaycanda reallaşdırılmasının çətin olacağını düşünürdü: “Lakin ölkə başçısı özünün yüksək idarəçilik təcrübəsinə və prinsipial mövqeyinə söykənərək belə bir vəzifəni üzərinə götürdü. 30 ay ərzində biz həm də yeni idman komplekslərinin istifadəyə verilməsinin şahidi olduq.

Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyi məlum olduqdan sonra ölkəmizə qarşı ən müxtəlif istiqamətlərdən qarayaxmalar, şər-böhtan kampaniyası başladı. Ancaq bütün bunlara baxmayaraq, ölkəmizdə bu oyunların uğurla başlayıb, sona çatmasına heç nə mane ola bilmədi və onların bu çirkin niyyətləri iflasa uğradı. Bizim yaratdığımız qrupun məqsədi də elə bu kampaniyanın qarşısını almaqda iradəmizi ortaya qoymaq idi. Gənclərin böyük əksəriyyəti bu işdə fəallıq göstərirdilər. Təsadüfi deyil ki, qrup üzvlərinin sayı 30 minə çatdı. Mən gənclərimizin bu sahədə gördüyü işləri yüksək qiymətləndirirəm və onların hər birinə öz minnətdarlığımı bildirir, bizə sevinc bəxş edən idmançılarımıza, böyük fədakarlıq göstərən könüllülərə də dərin təşəkkürümü ifadə edirəm”.

Tədbirin sonunda Avropa Oyunları ilə bağlı müxtəlif fraqmentləri özündə əks etdirən video-çarx nümayiş etdirilib və qrupun fəalları təltif olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm