Bədəndə toplanmış lokal piylərdən necə qurtulmalı? – Video
Bizi izləyin

Sağlamlıq

Bədəndə toplanmış lokal piylərdən necə qurtulmalı? – Video

Yaşından asılı olmayaraq, bir çoxlarını, xüsusilə də qadınları narahat edən ən aktual problemlərdən biri də bədənin müəyyən hissələrində piy kütlələrinin olmasıdır. Buradan belə bir sual meydana gəlir: Niyə arıqlayandan sonra həmin hissələrdən piylər getmir?

Dietoloq Leyla Zülfüqarova tabloid.az-a bildirir ki, bunun başlıca səbəbi yağ toxumalarının fiziologiyasından asılıdır:

“Orqanizmdə toplanan yağ toxumalarını yağ hüceyrələri təşkil edir ki, bunlar da adopositlər adlanır. Bu adopositlərin də funksiyası orqanizmi enerji ilə təmin etməkdən ibarətdir. Bədənin gələcəkdə enerjiyə olacaq ehtiyacına görə enerji depolamaq (ehtiyat halında toplamaq) kimi xüsusiyyəti də var. Buna görə də bu yağ hüceyrələrinin bu iki funksiyası orqanizmi bütün ömrü boyu müşayiət edir.

Birinci, lipoqenez funksiyası - yağ hüceyrələrinin əmələ gəlməsi və ehtiyat halında toplanması. İkinci, lipoliz funksiyası - yağ hüceyrələrinin parçalanmasıdır ki, bunun da nəticəsində orqanizmin enerji ilə təmin olunması baş verir.

Beləliklə də, bu iki mexanizm arasında tarazlıq pozularsa lipoqenez prosesi davam edəcək. Digər proses isə natamam qalacaq. Nəticədə isə müəyyən nahiyələrdə (qarın, bel, omba, sağrı) piylər lokallaşır… Lipoliz funksiyasının pozulması nəticəsində yağlar depolaşır”.

Həkim deyir ki, məhz həmin nahiyələrdə piylərin toplanması xüsusilə qadınlarda mövcud olması əlbəttə ki, təsadüfi deyil. Yağ hüceyrələrinin həyat fəaliyyətini stimullaşdıran alfa - 2 reseptorları kişilərdən fərqli olaraq qadınlarda məhz həmin nahiyələrdə mövcuddur:

“Kişilərdə isə bu nahiyələrdə Betta-reseptorları toplanır ki, bu da yağların parçalanması prosesini stimullaşdırır. Əlbəttə ki, digər səbəblər də var ki, bunlar genetik mənşəli yağların müəyyən hissələrdə lokal yığılmasıdır. Eyni zamanda, səbəblərdən biri qadınlarda müəyyən hormonal statusun dəyişməsi ilə əlaqədar olaraq orqanizmdə yağların çoxalmasına səbəb olacaq fermentlərin də aktivləşməsidir”.

Qeyd edək ki, bir çox insanların məhz irsiyyətindən irəli gələrək bədən quruluşları 2 yerə ayrılır. Birinci “qinoid tip” olaraq müəyyənləşir (qadın-bədən tipi) ki, belə insanlarda yuxarı ətrafın aşağı ətrafa nisbətdə ölçüləri kiçik olur:

“İkincilər isə “android tip” (kişi-bədən tipi) olaraq yuxarı ətrafın ölçülərinin əksinə olaraq aşağı ətrafa nisbətdə böyük olur. Bunlardan əlavə, bir çox insanlarda məhz genetik olaraq həmin ailənin özlərinə məxsus konfiqurasiyaları da olur ki, bəzən belə insanlar çəki problemləri olmasa da, belə yalnız müəyyən nahiyədə lokal piy yığılması onlar üçün xarakterik ola bilir”.

L.Zülfüqarova deyir ki, bu problemlə mübarizə metodları isə müxtəlifdir:

“Əlbəttə ki, bütün bu faktorların çoxluğundan hər bir insanın orqanizminin individual fiziologiyasını nəzərə almaq lazımdır. Diyetoloq kimi tövsiyə edərdim ki, əgər pasiyent yüksək dərəcədə artıq çəkiyə malik deyilsə, sadəcə olaraq onda pəhriz və fiziki çalışmaların təsiri altında getməyən müəyyən miqdarda məhdud piy yığınları (lokal olaraq) yaranıbsa, bu halda ən radikal metod saydığımız liposaksiya yaxşı nəticələr verə bilər. Bəzən çox çəkisi olan və piylənmədən əziyyət çəkənlər cərrahi müdaxiləni üstün tuturlar. Əslində isə arıqlama prosesi kompleks şəkildə aparılmalıdır. Mütəxəssis tərəfindən həmin insanın çəkisi minimuma endirib, sonra isə yalnız professional bir cərraha yönəltmək lazımdır.

Pasiyentin təbii formaları nəzərə almaqla cərrah piy toxumasının hansı həcmdə və harada götürülməsini məsləhət görəcək. Tapşırıq piy toxumasının böyük həcmdə götürülməsini tələb etməyən bədən konturlarının modelləşdirilməsi, yaradılması və saxlanılmasından ibarətdir. Bu işdə əlbəttə ki, cərrahın necə birisi olması çox vacibdir. Cərrahın tibbi müdaxiləsindən başqa onun heykəltəraş kimi bədənin konturları üzərində çox zərifliklə işləməsi çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan peşəkarlıq ön planda olmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm