• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Varikozu yaradan amillər

Varikozu yaradan amillər

Bir çox insanın varikozdan şikayətçi olduğunu bilirik. Xüsusilə, yaşlanan qadınlarda varikoz xəstəliyinə daha çox rast gəlinir. Həm ayaqların gözəlliyini, həm də sağlamlığını özünə qaytaran Varikoz Damar Cərrahı Samir Abdullayev publika.az-ın qonağı olub. Bu sahədə 7 illik təcrübəsi olan cərrah varikoz xəstəliyindən daha çox qadınların əziyyət çəkdiyini vurğulasa da, son illərdə kişilərin də ayaqlarına biganə qalmadığını qeyd etdi. Bəs, görəsən, niyə varikoz xəstəliyinə kişilərdə deyil, məhz qadınlarda daha çox rast gəlinir?

- Əvvəla bizə vaxt ayırıb müsahibəyə razılaşdığınız üçün təşəkkür edirəm. Azərbaycanda bu xəstəliyin getdikcə daha çox yayılmağa başladığı bir vaxtda mütəxəssis fikri və müalicə üsulları haqqında öyrənmək istərdik. İlk olaraq ondan başlayaq ki, varikoz nədir və niyə yaranır?

- Varikoz insan bədənindəki venaların normadan artıq genişlənməsidir. Xəstəlik kişilərə nisbətən qadınlar arasında daha çox yayılıb. Statistik göstəricilərə görə, qadınlar arasında təqribən 70-75 faiz təşkil edir. Dolayısı ilə hər 4 xanımdan 1-i bu problemdən şikayətçidir. Xəstəlik özünü hər kəsdə ayrı cür göstərir. Formalarından asılı olaraq, kimdəsə iri, bəzilərində isə xırda damar genişlənməsinə rast gəlinir. Xəstəliyin əmələ gəlməsində bir çox faktorların rolu var.

Bunları anadangəlmə və qazanılma olmaqla iki qrupa bölmək olar. Anadangəlmə - irsiyyət faktoru doğularkən bizə ötürülən genlərlə əlaqəlidi.

Qazanılma faktorlara isə hamiləliyi, artıq çəkini, hormonal dəyişikliyi, ayaq üzərində çox durmağı, ağır fiziki işlə məşğul olmağı misal göstərmək olar.

- Bəs niyə hündürdaban ayaqqabı geyinən qadınlarda varikoz idman edən kişilərə nisbətən daha çox yayılır?

- Varikozun həm estetik, həm də tibbi tərəfləri var. Kişiləri estetik tərəfi narahat etmədiyi üçün onlar əksər hallarda həkimə müraciət etmirlər. Ayaqların müəyyən qədər tüklü olması da kişilərdə xırda damar genişlənməsini örtür. Bu baxımdan onlar ancaq xəstəlik ağırlaşanda özünü həkimə göstərməyə və müalicə olunmağa razı olurlar. Məsələn, bu gün mənə müraciət edən pasientllərim arasında iki kişi var idi və hər ikisi də mütləq əməliyyat olunmalı idi.

Qadınlar gözəlliyinə önəm verdiyi, həm də estetik görüntü onları narahat etdiyi üçün xırda damar genişlənməsini vaxtında müalicə etdirirlər.

- Varikozun yaranma səbəblərinə qidalanma, həyat tərzi və iqlim kimi amillər təsir göstərirmi?

- İqlim o qədər də rol oynamır. Varikoza həm isti, həm də soyuq ölkələrdə rast gəlinir.Bu xəstəliyin yaranmasında genetika daha böyük rol oynayır. Həyat tərzinə gəldikdə isə Biz çox hərəkət etməyə meylli olan xalq deyilik. Çox zaman şəraitimiz də buna imkan vermir. Xarici ölkələrdə stadionlar, qaçmaq üçün parklar, velosiped sürmək üçün xüsusi yollar çoxdur. Bizdə isə bu imkanlar azdır. Gəzmək, qaçmaq istədikdə evdən kənara, bulvara getməlisən. Genetik olaraq da, artıq çəkiyə meylliyik, Avropa ölkələrində isə artıq çəkili insanlara az rast gəlinir.

- Bu problemin ilkin simptomları hansılardır?

- Varikozun bir çox simptonları var. Damar genişlənməsi özünü bəzilərində aydın şəkildə, bəzilərində isə cüzi şəkildə göstərir, ağrılar, damarın gedişi boyu göynəmə, qaşınma hissi olur. Axşama yaxın isə ayaqlarda yaranan şişkinlik insanı narahat edir. Əksər hallarda varikozun ilkin simptonlarını xəstələrin özləri aşkar edirlər. Həkimə vaxtında edilən müraciət bu problemin həllində çox önəmlidir. Belə ki, ayaqlarda baş verən xırda damar genişlənmələri sonradan böyüyür. Bəzi hallarda xırda kapillyarlar genişlənmir, birbaşa iri damarların genişlənməsi baş verir. Varikozun müxtəlif formaları var: kapillyar, retikulyar və dəri altı damar genişlənmələri. Kapillyar forma xırda damarların genişlənməsidir, dəri altı forma olan varikoza isə nisbətən iri ölçülü damarların genişlənməsi aiddir.

- Müayinə prosesi necə aparılır?

- İlkin olaraq xəstəliyi pasientin özü aşkar edir. Daha sonra həkimə müraciət edir. Xəstələrdən nə kimi şikayətləri və ağrıları olduğu, neçə ildir davam etməsini, həmçinin pasientinin yaxın qohumlarında, valideynlərində belə bir problem olub-olmadığını öyrənirik. Yəni, irsiyyəti də dəqiqləşdiririk.

Xəstəliyin anamnezini yığandan sonra rəngli doppler (USM) müayinəsi icra edirik. Rəngli doppler sadə dildə desək, ayaqda olan venaların ultrasəs müayinəsidir. Bu müayinənin əsas məqsədi bizim gözlə görə bilmədiyimiz damarları görməkdir. Normalda pasientin ayağına baxanda biz problemin təqribən 10-20 faizini görə bilirik. Əksər hallarda problem dərin damarlardan gəlir. Rəngli doppler müayinəsindən sonra müalicəyə başlanılır.

- Müasir tibdə varikozun hansı müalicə üsulları mövcuddur?

- Varikozun müalicəsi damarların formasından asılı olaraq dəyişir. İri ölçülü damarlar lazer əməliyyatı ilə aradan qaldırılır, kiçik kapilyarlar isə skleroterapiya metodu ilə müalicə olunur.

- Əvvəlki əməliyyatlarla müasir lazer əməliyyatlarının nə kimi fərqi var?

- Klassik əməliyyatlardan fərqli olaraq lazer üsulunda kəsik aparılmır. Əməliyyat kiçik dəliklərdən icra olunur. Bu üstünlük ayaqların estetik görünüşünün gözəl qalmasını təmin edir.

Digər fərq əməliyyat zamanı istifadə olunan anesteziyadır. Lazer əməliyyatı zamanı "əvvəlki" əməliyyatlardan fərqli olaraq yerli anesteziya istifadə olunur.

Üçüncü üstünlük isə, lazer əməliyyatı zamanı insanın həyat tərzinə ciddi məhdudiyyətin qoyulmamasıdır. Beləki, əməliyyat bitdikdən sonra pasiyentlərin yataqda qalmalarına ehtiyac olmur, əksinə onlara gəzmək tövsiyyə olunur.

Müasir dövrdə lazerlə həyata keçirilən damar əməliyyatlarının əsas üstünlüklərini qısaca bu şəkildə sıralamaq olar: ayaqda kəsik aparılmır, əməliyyat daha yüngül keçir, əməliyyat zamanı yerli anesteziya icra olunur və əməliyyatdan sonra pasient birbaşa durub gəzmək tövsiyyə olunur. Nə klinikada, nə də ki, evdə yatmağına ehtiyac qalmır.

- Bilmək istərdik ki, varikoz corablar nə qədər effektiv ola bilər?

- Varikoz corabları varikoz xəstələrinin profilaktikasında və müalicəsində çox geniş istifadə olunur. Varikoz corabları sıxmaq dərəcəsindən asılı olaraq 1-ci, 2-ci, 3-cü siniflərə bölünür. Damar genişlənməsi olan insanlar varikoz corablarını geyindikdə ayaqlardakı şişkinlik azalır və durğunluq aradan qalxır.

- Onları əməliyyatdan sonra nə qədər geyinmək lazımdır?

- Damarların formasından asılı olaraq corabları geyinmək müddəti dəyişir. Minimum və maksimum müddət 7 gündən – 1 aya kimidir. Corabları səhər geyinib axşam çıxartmaq lazımdır.

- Lazer əməliyyatının əks təsirləri varmı?

- Varikozun müalicəsində lazer əməliyyatları 1999-cu ildən bəri aparılır. İlk vaxtlarda lazerin, yoxsa klassik üsulun yaxşı olduğu mübahisəli məsələ idi. Lazer üsulu sonradan get-gedə daha da yaxşılaşdı və mükəmməlləşdi. 2006 -ci ildən artıq dünya tərəfindən lazer əməliyyatların düstünlüyü qəbul olundu.

- Varikoz xəstəliyinin müalicəsində yaş amilinin rolu varmı?

- Əvvəllər varikozun yaşlı insanlarda əmələ gəldiyini deyirdilər. Son zamanlar isə cavan xanımlarda da özünü göstərməyə başlayıb. Müalicəyə gəldikdə onu qeyd etmək olar ki, varikoz damarları istənilən yaşda müalicə etmək olar.

- Vaxtında müalicə olunmasa, hansı fəsadlar yarana bilər?

- Birincisi - genişlənmiş damarların daxilində tromblar yarana bilər. Xalq arasında çox zaman damar genişlənməsinə də tromb deyilir. Damarın genişlənməsi tromb deyil, varikozdur. Tromb - genişlənmiş damarın daxilində qanın laxtalanmasıdır.

İkinci venoz trofiki xoralardır. Varikoz xəstəliyi vaxtında aradan qaldırılmasa, müxtəlif xoraların yaranmasına səbəb ola bilər.

Üçüncü növ ağırlaşmada isə genişlənmiş damarın zədələnməsi nəticəsində qanaxma baş verməsidir.

- Lazer əməliyyatı zamanı damarlar qurudulur, yoxsa maye yeridilir?

- Lazer əməliyyatının texnikasını qısaca belə ifadə etmək olar: genişlənmiş damarın daxilinə lazerin işıq ötürücüsü yeridilir və daxilindən lazerin işığı ilə təsir olunaraq tədricən geri çəkilir. Nəticədə genişlənmiş damar yığılır və itir.

- Damar genişlənməsi təkcə ayaqlarda yaranmır. Bədənin başqa nayihələrində yaranan varikozun müalicə üsulu da eynidir?

- Xeyr, fərqlidir. Venoz damarlar tək ayağımızda deyil, daxili orqanlarda da var. Qida borusunda, qaraciyərdə, qadınlarda çanaq orqanlarında venalar var. Müalicəsi də bir-birindən fərqlənir.

- Müasir gözəllik salonlarında da kapillyarların dəri səthindən götürülməsi üsulu təklif olunur. Sizcə, ora müraciət etmək nə dərəcədə təhlükəsizdir?

- İstənilən xəstəlikdə olduğu kimi, varikozunda müalicəsi mütləq olaraq peşəkar həkimlər tərəfindən aparılmaıdır. Xəstəliyin müalicəsinə başlamamışdan öncə bir qayda olaraq rəngli Doppler müayinəsi aparılmalıdır. Ayaqlarda olan dərialtı damarların vəziyyəti dəyərləndirilməlidir. Yalnız bundan sonra müalicəyə başlamaq olar. Bunlarında heç biri gözəllik salonlarında yoxdur. Bütün bu sadalıqlarımdan başqa, məsələyə qanuni tərəfdən də yanaşdıqda aydın olur ki, tibbi proseduralar mütləq olaraq uyğun lisenziyası olan klinikalarda aparılmalıdır.

- Xəstəliyin yaranmaması üçün nə etmək lazımdır? Varikoz xəstəliyindən necə qorunaq?

- Varikoz xəstəliyin profilaktikasında bir sıra tədbirlərin rolu vardır.

Valideynlərində, yaxın qohumalarında damar genişlənməsi olan insanlarda varikozun yaranma riski daha çoxdur. Ona görə belə insanlar özlərinə daha çox diqqət ayırmalıdırlar. Ümumilikdə isə varikoz xəstəliyinin profilaktikası üçün vacibdir:

- hamiləlik zamanı varikoz corablar geyinmək

- artıq çəkidən azad olmaq

- ağır fiziki işdən uzaq olmaq

- mütəmadi olaraq idmanla məşğul olmaq ( üzgüçülük, akva aerobika, gəzinti və s.)

- Sonda qiymətlər haqqında danışardınız.

- Varikozun müalicə qiyməti xəstəliyin ağırlıq dərəcəsindən və istifadə olunan müalicə metodundan asılı olaraq dəyişir. Bu səbəbdən dəqiq bir fikir söyləmək mümkün deyil. İstənilən halda ilkin konsultasiya zamanı damarlar tam müayinə olunduqdan sonra bu haqda pasientdə dəqiq məlumat vermək mümkün olur.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR