Azərbaycanda nadir cərrahi əməliyyat
Bizi izləyin

Səhiyyə

Azərbaycanda nadir cərrahi əməliyyat

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında nadir cərrahiyyə əməliyyat həyata keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, pilorostenoz xəstəliyindən əziyyət çəkən iki körpə əməliyyat olunub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxovun sözlərinə görə, son 1 həftə ərzində pilorostenoz xəstəliyi diqanozu ilə klinikaya iki uşaq daxil olub. Uşaqlardan birində xəstəlik həyatının 52-ci günündə, digərində isə 9-10-cu günündə özünü biruzə verib. Nəticədə hər iki uşaqda diaqnostik çətinlik olduğuna görə, klinikaya gecikmiş halda ağır hipotrofiya ilə daxil olub.

Həkim Ramiz Poluxovun dediyinə görə, xəstələrdən biri - bu il iyulun 19-da dünyaya gələn İsa Ağayev 3500 qr çəki ilə doğulub. Həyatının 52-ci gününədək böyümə və inkişafı kafi olub, çəkisi 5000 qrama qədər artıb: “52-ci gün uşaqda fəvvarə şəkilli qusmalar başlayıb. Pediatr tərəfindən aparılan müalicələrə baxmayaraq, qusma davam edib və uşağın çəkisi 3800 qrama qədər azalıb. Sentyabrın 20-də uşağı ağır vəziyyətdə klinikamıza gətirdilər. Klinikamızda aparılan kliniki və rentgenoloji müayinələrə əsasən, uşağa pilorostenoz diaqnozu qoyuldu. Hazırlıqdan sonra ümumi anesteziya altında laproskopik piloromiotomiya əməliyyatı icra olundu. Əməliyyatdan 4 saat sonra xəstə qidalandırılmağa başlanıldı. İkinci sutkada xəstə kafi vəziyyətdə evə ambulator müalicəyə göndərildi”.

Həkim bildirib ki, digər xəstə - Turan Qurbanlı avqustun 28-də 2300 qr çəki ilə doğulub, həyatının 9-10-cu günündə fəvvarəşəkilli qusmalar başlayıb və çəkisi 1850 qrama qədər azalıb. Bu körpə sentyabrın 25-də ağır vəziyyətdə klinikaya gətirilib: “Klinikamızda aparılan kliniki və rentgenoloji müayinələrə əsasən uşağa pilorostenoz diaqnozu qoyulub. Bu körpə üzərində sentyabrın 27-də laproskopik piloromiotomiya əməliyyatı icra olundu. Əməliyyatdan 4 saat sonra xəstə qidalandırılmağa başlanılıb. 3-cü sutkada o, kafi vəziyyətdə evə ambulator müalicəyə buraxılıb”.

Xəstəliyə gəlincə, pilorostenoz - mədənin pilorik hissəsinin əzələ qatının hipertrofiyasıdır. Bu zaman qalınlaşmış əzələ qatı pilorusu tam qapadığına görə, insanda fəvvarəşəkilli qusmalar başlayır. Qusma sağlam yenidoğulan uşaqların hıyatının 3-4-cü həftələrində qəflətən başlayır. Bu zaman qusmanın miqdarı qəbul olunan qidadan çox olur. Xəstəlik hər 1000 yenidoğulandan 2-3-də rast gəlinir. Oğlanlarda xəstəliyin rastgəlmə tezliyi qızlara nisbətən 2-5 dəfə yüksəkdir.

Pilorostenoz xəstəliyi özünü həm tez, həm də gec biruzə verə bilər. Əksər hallarda xəstəyə vaxtında düzgün diaqnoz qoyulmadığından, onlar ağır dərəcəli hipotrofiya ilə həkimlərə müraciət edirlər. Pilorostenoz cərrahi xəstəlikdir və müalicəsi yalnız cərrahi üsulla mümkündür. Əməliyyat açıq və laproskopik yolla icra edilə bilər. ATU Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsində belə xəstələrə heç bir kəsik aparılmadan laproskopik piloromiotomiya əməliyyatı icra edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm