“Əvvəllər məcburi köçkün problemə görə gəlirdisə, indi minnətdarlıq etməyə gəlir"
Bizi izləyin

Sosial

“Əvvəllər məcburi köçkün problemə görə gəlirdisə, indi minnətdarlıq etməyə gəlir"

Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunub.

Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.

Bunlardan biri də qaçqın və məcburi köçkünlərlə bağlı məsələdir. Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin olunub. Ölkədə çadır şəhərciyi qalmayıb.

Ağdam rayonundan olan millət vəkili Bəxtiyar Əliyev Publika.az-a açıqlamasında təmsil etdiyi bölgədə məcburi köçkün və qaçqınlara qayğının ən yüksək səviyyədə olduğunu bildirdi:

“Məcburi köçkünlərin həyat və mənzil şəraitinin yaxşılaşması, yeni iş yerlərinin açılması ilə bağlı 6 milyarddan çox vəsait xərclənib.

Xatırlayırsızsa, hələ Dövlət Neft Fonduna gələn gəlirlər ulu öndər Heydər Əliyevin vaxtında ilk olaraq məcburi köçkünlərin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasına sərf olunmuşdu. Bu gün yüzlərlə evlər və qəsəbələr tikilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Bakı şəhərində yaşayan məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həm evlər tikilir, həm də mövcud binalardan onlara evlər alınıb verilir. Baxın, işğaldan azad olunmuş ərazimiz Cocuq Mərcanlıda bu il 150 ailəlik şəhərcik salınmaqdadır. Bu bir daha məcburi köçkünlərə göstərilən dövlət qayğısının nümunəsidir.

Qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar ali məktəblərdə təhsil haqqından azad olurlar. Bütün bu imtiyazlar dünyanın heç bir ölkəsində yoxdur. Məhz Azərbaycan dövləti öz iqtisadiyyatı hesabına 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemini təkbaşına ən yüksək səviyyədə həll etdi. Bu bütün dünya üçün bir nümunədir. BMT-nin qaçqınlar üzrə Ali Komissarı dəfələrlə bu məsələni nümunə kimi göstərib”.

B.Əliyev Ağdamda tikilən yeni qəsəbələr hesabına rayon əhalisinin daha yaxşı şəraitdə yaşadığını bildirdi:

“Cənab Prezident İlham Əliyev öz seçki kompaniyasını aparan zaman qeyd etmişdi ki, mənim dövrümdə bir dənə də qaçqın vaqonu və çadırı qalmayacaq. Elə onun prezidentliyinin birinci dönəmində bu problem köklü surətdə həll olundu. Nəinki qaçqın çadırları qalmadı, onların yerində çox gözəl və müasir evlər tikildi və onlar pulsuz şəkildə ailələrə verildi.

Ağdamın 27 faizi bizim nəzarətimiz altındadır. Bu ərazidə 20-ə yaxın yeni qəsəbə tikilib və məcburi köçkünlərin istifadəsinə verilib. Qəsəbələr tikilənədək, o ərazilərdə 30 min əhali məskunlaşmışdısa, indi orada 93 min insan yaşayır. Ağdamdan olan məcburi köçkünlər o yerlərə qayıdıblar və orada yaşayıb, işləyirlər. Hər ay məcburi köçkünlərlə görüşümüz olur. Əvvəllər onlar yüzlərlə problemlə gəlirdisə, indi sadəcə minnətdarlıq üçün gəlirlər”.

Amin Nəzərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm