• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Firəngiz Mütəllibova: “Arxamda güvəndiyim bir kişi var” - Fotolar

Firəngiz Mütəllibova: “Arxamda güvəndiyim bir kişi var” - Fotolar

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllibovanın bu gün doğum günüdür. Mübarək olsun! Sevilən sənətkarımızı biz də təbrik etdik. Publika.az-a ad günü təəssüratlarını paylaşan aktrisa ilk təbrikini kimdən aldığını da bizə dedi.

- Ad günündə hansı əhval-ruhiyyədəsiniz?

- Çox yaxşı. Səhərdən İnstaqram-da və Facebook-da təbrik təbrik dalınca gəlir.Əslində bu, mənim gizlin doğum günümdür. Mənim iki doğum günü tarixim var. Biri mayın1-i, digəri isə aprelin 3-ü. Sənədlə mayın 1-də doğulmuşam, əslində isə aprelin 3-də qarlı-şaxtalı bir gündə Şuşada dünyaya göz açmışam. Sevənlərimdən aldığım təbriklərdən sonra əhvalım yalnız gözəl ola bilər.

- Təmtəraqlı ad günləri keçirməyi sevirsiniz?

- Yox, yalnız yubileylərin təmtəraqlı olmasını xoşlayıram. 50 illiyimdə bilirsiniz ki, belə bir təmtəraqlı tədbir oldu. Əslində yaş keçdikcə fikirləşirəm ki, doğum günləri uşaqlar və gənclər üçün daha maraqlıdır. İnşallah, 60 yaşımı mən də təmtəraqla qeyd edərəm.

- Ümumiyyətlə, rəqəmlərin sizin üçün əhəmiyyəti varmı?

- Yox, yaş, rəqəmlər mənim üçün simvolik xarakter daşıyır. Əsas odur ki, içində həvəs, təravət, sevgi olsun. Mən hərdən bacım uşaqlarına baxıram və onların paxıllıqdan uzaq olduğunu görüb sevinirəm. Paxıllıq çox pis hisdir və adamı tez qocaldır. Sevinirəm ki, içimdə paxıllıq yoxdur. Bəzən qadınlar estetik əməliyyatlar keçirir, cavan görünmək istəyirlər, mən buna pis də baxmıram. Bəlkə də nə vaxtsa mən də əməliyyat etdirəcəyəm. Amma mən illərin mənə qazandırdığı qırışları heç nəylə əvəz etmərəm. O qırışlar həyatımın ən gözəl dəyərləridir.

- Hədiyyə aldınız yəqin, özəl hədiyyəni nəzərdə tuturam.

- Sözsüz. Hədiyyə sevənəm mən. Gülü, ətirləri çox sevirəm. Ümumiyyətlə, bir quru zəng də mənə yetər. Təki sevgiylə olunsun.

- Firəngiz xanım, qadının gözəl qalmasının bir sirri də məncə, sevgidir…

- Razıyam. Hər bir qadının arxasında dayanan və güvəndiyi bir sevgiyə ehtiyacı var. O sevgi varsa, o qadın xoşbəxt olacaq. Qadına kişi qədər stimul verən ikinci bir qüvvə yoxdur. Elə kişiyə də qadın qədər stimul verən heç kim ola bilməz.

- Belə anladım ki, sizin də arxanızda belə bir şanslı kişi var. Şanslı dedim , ona görə ki, hər zaman pozitiv, şən, gözəl və cazibədar olan Firəngiz xanımın sevgisini qazanmaq şanslı olmaq deməkdir…

- Bəli, arxamda güvəndiyim kişi var. İllərdir ki, o sevgidən ruh alıram.

- Bu sevgini nəsə sarsıda bilər?

- Artıq yox. Çünki illərin sınağından keçəndə sevgi möhkəm olur. Ən çətin günlərimdə, ağır əməliyyat olunan zaman mən insanları saf-çürük etdim. Çoxları özünü doğrultmadı, ələkdən keçmədi. Mənə dost deyənləri nəzərdə tuturam. O insan hər zaman mənim yanımda olub - çətin və xoş günlərimdə. Mən xəyanəti bağışlamıram. Sədaqətli insanları dəyərləndirirəm.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR