Heç yel əsməyib o sevginin üstündən - Fizuli Hüseynovun havası
Bizi izləyin

Tabloid.az

Heç yel əsməyib o sevginin üstündən - Fizuli Hüseynovun havası

Onunla söhbət hər bir halda maraqlıdır, çünki bu söhbət müsahibə üçün oldu, yaxud müsahibəsiz fərqi yoxdur, adam hər iki halda eyni dərəcədə səmimidir. Bu səmimiyyət sənətinə münasibətdə də özünü büruzə verir, şedevr yaratmışam-deyə bir fikri yoxdur. Düzü

Ramilə Qurbanlının “Mənim havam” layihəsində

Onunla söhbət hər bir halda maraqlıdır, çünki bu söhbət müsahibə üçün oldu, yaxud müsahibəsiz fərqi yoxdur, adam hər iki halda eyni dərəcədə səmimidir. Bu səmimiyyət sənətinə münasibətdə də özünü büruzə verir, şedevr yaratmışam-deyə bir fikri yoxdur. Düzü düz, əyrini əyri kimi görməyi bacarır.

Daha heç nə deməyəcəm, qalanını söhbətdən duyacaqsınız. Təqdimatda isə Fizuli Hüseynov – demək kifayət edir, burda da adla soyadın özü elə təqdimatdır. Deyəsən çox təriflədim, əslində buna da ehtiyac hiss olunmur, hesab edin ki, sadəcə iki dost söhbətinin şahidisiniz.

- Nə əcəb buaralardasınız?

- Əsasən buralarda oluram, sadəcə yeni il ərəfəsi və ondan sonra tamaşalar olmur, yeni il şənlikləri olur ona görə gedirəm Rusiyaya.

- Neyniyirsiniz orda?

- Çörək pulu arxasınca düşürəm

- Bəs, onda burda neyniyirsiniz?

- Hobbimlə məşğul oluram

- 80-ci illərdə orta məktəbi bitirib Balakəndən Bakıya İncəsənət deyib gələndə də buna hobbi kimi baxırdınız?

- Yox, o vaxt düşündüm ki, hansı ali məktəbdə texniki fənlər yoxdursa ora verim sənədlərimi, qarşıma indiki Mədəniyyət və İncəsənət Universiteti çıxdı.

- Demək bu sənətə gəlişiniz aktyorluq sənətinə sevgidən deyil, texniki fənlərə nifrətdən qaynaqlanır?

- Qəbul oluncaya qədər elə idi, amma qarşıma yaxşı müəllimlər çıxdı, bu auraya düşdüm. Teatr tamaşaları, sənət mühiti mənə anlatdı ki, yox, bura tamam başqa bir aləmdir. Əsasən də Nəsir Sadıqzadə kimi müəllimin tələbəsi olmaq başqa aləmdir.

- Hə, eşitmişəm, Nəsir Sadıqzadə sənəti sevdirən, onun bütün dərinliklərini öyrədən, amma özü öyrətdiklərini teatrda, kinoda reallaşdıra bilməyən, yaxud reallaşdırmaq qisməti olmayan bir müəllim olub

- Deməzdim reallaşdıra bilməyən, onu anlayan olmadı. Çox gözəl insan və müəllim idi. Əvvəlcə bizə sənəti sevdirmədi o, əksinə nifrət aşıladı. Qarşımızda elə bir yol açdı ki, biz sənətin bütün reallıqlarını çılpaqlığı ilə gördük, hansı sənəti seçdiyimiz anladıq, nifrət elədik aktyorluğa, bu etapı keçə bildik və nifrət edərək sevməyə başladıq sənətimizi. Təbii ki, o yolda uzaqlaşanlar oldu, əgər həmin etapı keçə bildinsə demək əsil sənət adamısan. Uzun illər sonra mənə fəxrlə dedi ki, sən keçdin, Fizuli.

- Bakıya gəlincəyə qədər Balakəndəki mühitiniz necə idi, hansı əhatədə yetişdiniz, formalaşdınız ki, sənət seçmək barədə düşünmədiniz, bu Sovet uşağının xasiyyəti deyildi axı?

- Mən Sovet uşağı olmamışam

- Necə yəni, o dövrdə, sosializmdə yaşamısınız axı...

- Hə, amma kolxozda işləyənimiz yox idi deyə heç bir əlaqəmiz yox idi sosializmlə. Parada getmirdim, sevmirdim o quruluşu. Yalnız 1 mayda pul toplayıb uşaqlarla meşəyə yeyib-içməyə gedərdik. İpə-sapa yatmayan uşaq idim. Atam evdən çıxanda tapşırıq verirdi ki, mən gəlincə bu qədər odun doğramalısan. O vaxt qaz yox idi, qışda yanacaq kimi odundan istifadə edirdik. Hər gün atam o tapşırığı verirdi və mən eləmirdim, bir gün özüm istədiyim an bütün odun ehtiyatını bir neçə saatın içində doğrayıb yığırdım.

- Yəni, gərək özünüz istəyərək edəsiniz bu işi, tapşırıqla olmaz. Görünür bu xarakterdir, tərbiyə ilə bir əlaqəsi yoxdur.

- Tam xarakter məsələsidir. Mənə deyilənin əksini edərdim. Siqaret çəkmək üstündə atam məni çox danlayıb, döyüb, amma mən elə bil qəsdən çəkirdim, axı olmaz deyiblər. Bilirdim ki, oğurluq etmək olmaz, burda bir az genefondun da əməyi var, “Dədə Qorqud” dastanında var, baş kəsmədin, qan tökmədin. Kişi gərək oğurluq eləsin- deyərdilər. Qoz vaxtı qoz oğurluğuna gedərdik, armud vaxtı armud oğurlayardıq

- Bu xasiyyətlə böyüyənlər də olur

- Olur əlbəttə, amma mən şüurlu surətdə anlayırdım ki, bu olmaz və böyüdükcə uşaqlıqda qoyub gəldim o əyləncələri. Bir dəfə kart oynamışdıq uşaqlarla, atam görmüşdü. İki gün qorxumdan evə gəlmədim, üçüncü gün atam çağırıb gətirtdi məni evə, dedi ki, bala, əgər borcun varsa, de verim apar ödə, amma o çox namərd məşğuliyyətdir, qanına yeriyər və qurtula bilməzsən, oynama bir daha. Atamın sözü elə bil qanıma yeridi, bir daha təkrar olunmadı, nə o hərəkət, nə bu söhbət.

- Amma siqareti yenə çəkirsiniz?

- Hə, bir dəfə sizinlə söhbət edəndə tərgitdiyimi demişdim, yəqin onu xatırlatmaq istəyirsiniz (gülümsəyir), yenə çəkirəm. Bu da bir dövr, zaman söhbətidir. O vaxt əsəblərim sakit idi, indi çox gərginəm, küçədə gedirəm, görürəm maşını səkidə saxlayıblar, keçməyə yer yoxdur, çox əsəbiləşirəm, deyirəm bax, bura piyadanın yoludur niyə burda maşın saxlanılmalıdır.

- Ona mən də çox əsəbiləşirəm, elə hallara ümumiyyətlə, demək mən də gərginəm, bəlkə bu bizim gərginliyimiz yox, cəmiyyətin qaydasında olmamasıdır. Axı, səkidə maşın saxlayan düzgün eləmir əslində?

- Hə, bax, siqaret çəkə-çəkə gedəndə başı dumanlı olursan, o hallar da səni qətiyyən əsəbiləşdirmir , ona görə çəkirəm siqareti. Siz də çəksəniz daha sakit olacaq əsəbləriniz. (gülür) Atam bir dəfə dedi ki, məndən böyüksən, sənə söz deməyə, vurmağa utanıram, çəkmə bu zəhrimarı. Bir müddət çəkmədim, sonra yenə çəkdim. Həyat çox mürəkkəbdir, keşməkeşlidir. Düz, hamar deyil. Elə uşaqlıq mənə bu gün çətinliklərdən keçməyə kömək edir. Bilirəm ki, hansı situasiyadan necə çıxmaq olar. Bu yaxınlarda öyrənmişəm ki, heyvanlar da bizim kimi insult olur, təzyiqi qalxır. Biz də təbiətin bir üzvüyük, onlar da, meşə də, cəngəllik də təbiətdir. Təbiətin hər cür halı var. Meşənin əvvəlcə gözəl havası, yaşıllığı səni çəkir, sonra görürsən ki, o cazibədarlığın içində zəhərli ilanlar var, tikanlar var, vəhşi heyvanlar da çıxa bilər qarşına.

- Çoxmu zəhərli ilanlarla rastlaşdınız, tikanlar nə qədər incitdi sizi?

- O qədər, sancıblar belə, tikanlar hər yerimə batıb

- Necə qorunmusunuz sonra onlardan?

- İmmunitet yaranıb zamanla.

- Onu da zamana buraxmısnız, çünki xarakterinizdə belə bir özəllik var, həyatınızı öz axarına buraxırsınız, yəni bir halda ki, öz əlimdə deyil, ilahi qüvvənin yazdığını poza bilməyəcəm, boş yerə çaba göstərməyim, elədir?

- Elədi, dəyişə bilməyəcəmsə buna çalışmaqla nə qazanacam

- Yəqin tam kumir olduğunuz zaman birdən –birə sənətdən və buralardan uzaqlaşıb getməyiniz də öz axarı ilə gələn tale işi idi? O qədər sevgini, sevəni qoyub necə gedə bildiniz?

- Yadınızdadırsa o zaman sənət hansı vəziyyətdə idi?

- Yadımdadır, hətta teatrın binası uzun müddətli təmirə dayanmışdı, siz sarayın səhnəsində son dəfə İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasını oynadınız və onunla da getdiniz

- Getdim və uzun bir fasilədən sonra qayıtdım. O sevgi , sevən varsa getməklə deyil. Həqiqi sevgi əbədi olur, çox uzaq məsafələr onu öləzidə bilmir. Nə qədər illər keçməsinə baxmayaraq bir gün görüşəcəksən, mütləq olacaq bu və elə biləcəksən ki, heç illər keçməyib bu sevginin üstündən elə həminkidir.

- İçimdən bir sızıltı keçdi bu sözlərdən. Haralarda oldunuz?

- Haralarda olmadım. Qayıdandan sonra da teatrda işləmək fikrim yox idi, nifrət edirdim, amma eyni vaxtda da ayrı da qala bilmirdim. Turabov rəhmətlik dəvət elədi, sonra özü işdən çıxdı. Saqqızımı Mərahim Fərzəlibəyov oğurladı

- “Misir gecələri” tamaşasına dəvət etməklə?

- Hə, amma şərtim o oldu ki, pulsuz işləməyəcəm. Əliabbas Qədirov dedi yetər ki, sən gəl, ştata götürdülər dərhal.

- Və “Mizis gecələri”ndən sonra ardıcıl bir neçə tamaşada oynadınız, sonra “Teleskop” tamaşası, amma heç birində Fizulinin gəlişi hiss olunmadı, möhtəşəm olmadı yəni?

- Olmayacaq da, nə qədər ki, bu vəziyyət hökm sürür nə mən, nə başqa birisi möhtəşəm heç nə edə bilməyəcək. Bu yaxınlarda əyalət teatrlarından birinin rəhbəri ilə görüşdüm. Soruşdum ki, yenə bataqlıqdır? Dedi, hələ yumşaq ifadə etdin. Burda, paytaxtda da eyni vəziyyətdir, nə qədər ki, iş adamı mədəniyyətə, kinoya, teatra sərmayə qoymayıbsa belə də olacaq. Pul qoysun, aktyora yaxşı pul versin və ondan iş tələb etsin. Təbii ki, yaxşı pul aldığı işə aktyor da can yandıracaq, onun imkanı olacaq görünüşünü də yaxşı saxlayacaq ki, ondan qazanc əldə edir. Sizə Dezdemona rolu verib onu yaxşı yaratmağınızı o halda tələb etməyə haqqım çatar ki, sizə yaxşı qonorar vermiş olum

- Amma mənim Dezdemona yaşım keçib, Qertrudanı verin. (gülürük) İş adamları nədənsə mədəniyyətə sərmaya qoymaqda maraqlı deyillər?

- Bizim millət hökm dinləməyə meyliddir. Göstəriş olmasa eləməz.

- Bəli, hökm verən millətlər var, bir də hökm dinləyən. 14 film siyahısı yazılıb vikipediyanızda, onu azaldarsınız, yoxsa artırarsınız?

- E, silərəm hamısını. Heç biri mən istəyən səviyyədə deyil, daha yaxşı, daha yüksək səviyyədə çəkmək olardı, onlar hamısı yola vermək xatirinə görülən işlərdir

- Doğrudanmı elə bir işiniz yoxdur ki, seçib içindən götürəsiniz ki, bunu mən eləmişəm?

- Var, “Yayda qartopu oyunu” tamaşasındakı Adil obrazı möhtəşəm idi.

- Onu da görmək biz nəslə qismət olmayıb. “Təhminə və Zaur” tamaşasında Zauru oynamısınız, filmdə isə Spartakı, hansı sizə daha yaxındır, hansından sizdə daha çox var?

- Hərəsindən bir az var.

- Bir dəfə sizinlə ailədən, övlad tərbiyəsindən danışmışdıq, uzun uzadı övladı necə tərbiyə etməyinizdən danışmışdınız, sonra eşitdim ki, sizin heç ailəniz yoxdur?

- Yanlış məlumatdır, hər deyilənə inanmayın, sadəcə elə söhbətlər var ki, onları yalnız özüm bilirəm, danışmaq üçün deyil.

- Bilirəm ki, gələcək üçün plan quran xasiyyətiniz yoxdur. Əslində mən bu sualı verməyi də xoşlamıram, ona görə sizə də vermirəm, amma belə soruşmaq istəyirəm-sabahkı günlərin rəngi necədir sizin üçün, necə görünür sabah?

- (Çox düşünür) Boz, buludlu, qarışıq, aydın deyil, heç nə seçmək olmur. Nə qədər ki, bayaq dediyimiz o səkidə maşın saxlamağı tərgitməmişik, adi davranış qaydalarını öyrənməmişik, Qarabağ problemi də çətin çözülə. Başlanğıc o adi davranış qaydalarındadır.

- O halda bu günün rəngi necədir?

- Bütün rənglər qarışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm