Əli Əmirli: “İnsanlar pornosaytlarda istədiyi şeyə baxa bilərlər”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əli Əmirli: “İnsanlar pornosaytlarda istədiyi şeyə baxa bilərlər”- FOTOLAR

Həmsöhbətim tanınmış dramaturq və ssenarist Əli Əmirlidir.

Çağdaş Azərbaycan teatrında əksər tamaşaların müəllifi ilə söhbətimiz bir istiqamətdə oldu: “Azərbaycan teatrlarında erotika mövzusu”.

Qeyd edək ki, son vaxtlar bəzi teatrlarda təqdim olunan tamaşalarda erotik məqamların yer almasını tamaşaçını şirnikləndirmək məqsədiylə bağlayanlar da az deyil. Maraqlıdır, Əli Əmirlinin bu mövzuya münasibəti necədir görəsən? Onun yazdığı əsərlərdə erotik məqamlar varmı, ümumiyyətlə, səhnədə erotikanın olması vacibdirmı?

- Bu yaxınlarda “Oda” adlı müstəqil teatr növbəti tamaşasının premyerasından öncə səs-küylü anonslardan istifadə etdi. Açıq-saçıq fotolar və afişalar, demək olar ki, hər kəsdə maraq oyatdı. Sualımı verməzdən öncə, bilmək istərdim, ümumiyyətlə, o teatrdan xəbəriniz var?

- Bəli. “Oda” Teatrının bir tamaşasına mən də baxmışam. Məni dəvət etməmişdilər. Amma bilirdim ki, belə bir teatr var. Həmin tamaşanın reklam posterlərində aktyorun şəklini görüb, təsirləndim. Ünvanı öyrəndim və gedib tamaşalarına baxdım. Yerləri yox idi, bir zirzəmidə göstərirdilər tamaşanı. Heç tamaşaçı da demək olar ki, yox idi. Amma mən axıradək baxdım və çox təsirləndim. Xüsusən də aktyorun oyunundan. Elmin adlı bir gənc oynayırdı o tamaşada. Monotamaşa idi. Hətta tamaşadan sonra ona yaxınlaşıb dedim ki, çoxdandır belə maraqlı aktyor oyunu görməmişdim. Çox təəssüf ki, tamaşaçılar belə teatrlara getməyə maraqlı deyillər. Tamaşaçı olmasa, müstəqil teatr yaşaya bilməz axı...

- Sözünüzdən belə anladım ki, tamaşaçı cəlb etmək üçün teatr bu vasitəyə əl atmalı olub. Buna görə onları qınayırsınız?

- Qınamıram. Təbii, onlar tamaşaçı cəlb etmək üçün bunu ediblər. Bilirlər insanların zəif yeri nədir. Xüsusən Azərbaycanda, lüt qadın və lüt kişi fotosundan istifadə edirlər. “Oda” Teatrının aktyoru Elmin özü də bu cür fotosessiya vermişdi. Həmin teatr tamaşaçı cəlb etmək üçün hətta biletin qiymətini də endirib. Çoxdandır bilet alıb tamaşaya getmirdim, onlara gedəndə beş manat verib bilet də aldım.

- Sizcə, erotik qışqırıqla tamaşaçını teatra gətirmək olar?

- Əslində, bu üsulla da tamaşaçını cəlb etmək çox çətindir. Bu gün nə qədər porno, erotik saytlar var, insanlar istədiyi şeyə baxa bilərlər. Bir adamın soyunması, yaxud açıq-saçıq şəkillər çəkdirməsi, inanmıram ki, tamaşaçını teatra gətirə bilsin. Teatra tamaşaçı cəlb etmək üçün yüksək keyfiyyətli tamaşalar lazımdır. Eyni zamanda, tamaşaçı üçün şərait yaradılmalıdır. Çünki teatra gələn adam həm də dincəlməlidir. İnsanlarla ünsiyyət qurmaq üçün foye olmalıdır. İnsanlar həm də bir-birinə baxmaq üçün teatra gedirlər. Teatra mane olan o qədər texnoloji vasitələr var ki… Elə internet, kinoya evində baxmaq imkanı… Srağagün Oskar mükafatı alan filmə evində oturub rahatca baxa bilirsən. Elə tamaşalara da. Buna görə də ilk növbədə Azərbaycan tamaşaçısının özünün keyfiyyətini dəyişmək lazımdır.

- Bayaq dediniz ki, erotika Azərbaycan tamaşaçısının zəif nöqtəsidir… Sizcə, niyə?

- Tək azərbaycanlılar yox, bütün insanlar belədir. Aydın məsələdir ki, insanlar erotik məqamlara maraq göstərirlər. Bu, təbii bir istəkdir, buna görə insanları qınamaq da olmaz. Amma yenə də deyirəm ki, bununla teatra tamaşaçı cəlb etmək mümkünsüzdür.

- Bir dramaturq kimi teatrda erotik məqamlara necə baxırsınız?

- Əgər səhnədə, pyesdə erotikaya ehtiyac varsa, bu olmalıdır. Şübhəsiz ki, milli mentalitet deyilən bir şey var. Tamaşaçının fikri önəmlidir. Biz pul verib bilet alaraq teatra gələn insanın zövqü və istəyini nəzərə almalıyıq. Onları narahat etməməli, qıcıqlandırmamalıyıq. Ona görə deyiblər ki, müştəri həmişə haqlıdır. Vacib deyil ki, o akt səhnədə baş versin. Onu göstərmək üçün teatrın şərtiliklərindən istifadə etmək lazımdır. Məsələn, mərhum rejissorumuz Vaqif İbrahimoğlu bundan çox gözəl istifadə edə bilirdi. Nüanslar, məqamlar var ki, qucaqlaşmalardan da effektli təsir edə bilər. Bunun üçün sənətkarlıq və teatr düşüncəsi lazımdır. Teatrda bir qədər ixtiraçı olmaq lazımdır.

- Sizin əsərinizdə rejissor o cür səhnələrin olmasını vacib bilsə, razılaşarsınız?

- Təbii ki. Əvvəla vəziyyət tələb edirsə, bu olmalıdır. Məsələn, “Mən səni sevirəm” tamaşasında yazıram ki, onlar ehtirasla öpüşürlər, amma onlar səhnədə öpüşmürlər. İndi mən neyləyim? Onlar ehtirasla yox, heç yalandan da öpüşmürlər. Qorxurlar da camaatdan. Məhəbbətdirsə, öpüş də olmalıdır da. Remarkada bunu yazıram.

- Qeyd etdiniz ki, milli mentalitet nəzərə alınmalıdır. Söhbət dünya teatr ənənələrindən, bəşəri tamaşalardan gedirsə, yəni qlobal dünyaya açılırıqsa, milli mentalitetdən danışmaq, sizcə, primitivlik deyilmi?

- Əslində, bütün bunlar bəhanədir. Müəllif istedadlıdırsa, yaxşı yazmağı bacarırsa, milli mentalitet də yada düşmür. Erotik səhnəyə də ehtiyac qalmır. Gəlin Üzeyir Hacıbəyli, Cəfər Cabbarlının əsərlərinə baxaq. Məgər orda erotika vardı? Yüksək bədii həqiqət olanda o tamaşa tamaşaçı cəlb edəcək və uğur da qazanacaq.

Cəvahir Səlimqızı

Foto: Elnur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm