“Yaşadan əbədi Yaşar” təqdim olundu - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Yaşadan əbədi Yaşar” təqdim olundu - FOTOLAR

Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, mərhum xalq artisti Yaşar Nurinin yaradıcılığına həsr olunmuş “Yaşadan əbədi Yaşar” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib. Publika.az xəbər verir ki, müəllifi sənəşünaslıq üzrə fəlsəfə doktoru, professor İlham Rəhimli, elmi redaktoru sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, redaktoru professor Məryəm Əlizadə olan kitabın təqdimat mərasiminə mərhum aktyorun sənət yoldaşları, doğmaları təşrif buyurublar.

Tədbirin aparıcısı, həmçinin kitabın redaktoru Məryəm Əlizadə “Yaşadan əbədi Yaşar”ın ustad sənətkarı daha yaxından tanımaq baxımından əvəzolunmaz vəsait olduğunu bildirib.

Teatr Xadimləri İttifaqının (TXİ) sədri, rejissor Azərpaşa Nemətov isə Yaşar Nurinin qüdrətli sənətkar olduğu kimi, ictimai işlərdə də fəallıq nümayiş etdirdiyini bildirib. Y.Nurinin TXİ-nin katibi kimi gördüyü işlərdən danışan rejissor sənətkar haqda xatirələrini danışıb:

“Səhər tezdən uşağı məktəbə aparıram. Birdən başqa maşın mənim maşınımı vurdu. Məni tutub apardılar polis idarəsinə. Vəziyət belə idi ki, günahkar olmadığım halda hər şey mənim üstümə yönləndirilirdi. Çıxış yolu kimi Yaşar Nuriyə zəng etməyi gördüm. Bir saat keçməmiş özünü çatdırdı. Onu görən kimi hər şey dəyişdi, əleyhimə yazdıqlarını cırdılar və təzədən yazdılar. Halbuki bayaqdan günahkar olmadığım halda günahlandırılırdım. Yaşar belə nüfuzli insan idi”.

Tanınmış kinorejissor Eldar Quliyev isə Yaşar Nurinin faciə aktyoru olduğunu, ancaq rejissorların bunu görə bilmədiyini vurğulayıb:

“Yaşarı “Nə gözəldir bu dünya” filminə çəkəndə mənə deyirdilər ki, film uğursuz olacaq. Elə Yaşara da deyirdilər ki, sən komediya aktyorusan, alınmayacaq. Film təqdim olunandan sonra həmin adamlar gəlib ondan üzr istədilər. Amma təəssüf ki, Yaşarın bütün potensialı açılmadı. Son vaxtlar həftədə bir dəfə telefonla danışırdıq. Bir dəfə də səhhətindən gileylənmirdi. Çalışırdı öz kefi olmasa da ətrafındakıların əhvalına müsbət təsir göstərsin.

Məncə, Yaşar səhnədə oynamırdı, yaşayırdı. Real həyatda isə oynayırdı. Yəni həyatını görmək istədiyi kimi yaşamağa çalışırdı”.

Mərhum aktyorun sənət dostu, xalq artisti Firəngiz Mütəllimova isə Yaşar Nurinin onun sənətə gəlməyində müstəsna xidmətlərindən danışıb. “Sənətə addımımı Yaşarla atdığıma görə xoşbəxtəm”- deyən Mütəllimova həmkarından öyrəndiyi sənət sirlərindən söz açıb:


“Elə sənət sirləri var ki, onu mənə Yaşar öyrədib. Həmin sirlər mənimçün çox müqəddəsdir və ancaq sevimli tələbəm olsa, bu sirləri ona açaram.”

Yaşar Nurinin kiçik qızı Ülkər Nuriyeva kitabın müəllifinə və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib. O, qeyd edib ki, belə bir sənətkarın qızı olduğu üçün fəxr edir:


“Hansı məclisə gedirəmsə, Yaşar Nurinin qızı olduğumu biləndə daha böyük hörmətlə yanaşırlar. Hər dəfə buna görə qürur duyuram. O, yaxşı sənətkar olmaqla yanaşı, həm də gözəl, qayğıkeş ata idi”.

Xalq artisti Hacı İsmayılov, kitabın müəllifi İlham Rəhimli və başqaları sənətkar haqda xoş xatirələrini paylaşıblar. Mərasimin sonunda Yaşar Nurinin oynadığı ayrı-ayrı film və tamaşalardan epizodlar nümayiş etdirilib.

İntiqam VALEHOĞLU

Fotolar: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm