• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Zülfiyyə Xanbabayeva: “Kamran Həsənli hansı əsasla bu sözləri deyib?” - FOTOLAR

Zülfiyyə Xanbabayeva: “Kamran Həsənli hansı əsasla bu sözləri deyib?” - FOTOLAR

Xalq artisti Zülfiyyə Xanbabayeva qalmaqaldan uzaq olan sənətçilərdəndir.

Bir çox hallarda isə hətta təhrikedici cəhdləri də görməzdən gəlir. Amma bu dəfə şoumen Kamran Həsənlinin bir qrup estrada nümayəndəsi barədə səsləndirdiyi fikirlərə Publika.az vasitəsilə cavab verib. Təbii ki, sənətində olan digər yenilikləri də bizimlə paylaşmaq şərtilə...

- Zülfiyyə xanım, yaradıcılığınızda hansı yeniliklər var?

- Musiqisi Emin Kərimiyə, sözləri MS Murada aid “Hava limanı” adlı mahnım bu gün işıq üzü görüb.

- Bu mahnıya klip nəzərdə tutulur?

- Hələ bilmirəm.

- Bəs konsert?

- O barədə də dəqiq nəsə deyə bilmərəm. Əvvəlcədən nəsə danışmaq xarakterimə uyğun deyil.

- Şoumen Kaman Həsənli aparıcısı olduğu “Günəbaxan” verilişində bildirib ki, bir çox müğənnilər, həmçinin siz əvvəllər keyfiyyətli musiqilər oxuyurdunuz. Amma sonradan 6/8 ritmində oxudunuz, hətta bizneslə məşğul olmağa başlamısınız. Doğrudanmı, bizneslə məşğulsunuz, yoxsa burada “sənəti yola vermək” məsələsinə işarə var?

- 25 ildir sənətdəyəm və bunu hamı çox gözəl bilir ki, məndə yola vermək yoxdur. Orada məndən başqa kimlərin adı çəkilib?

- Sizin, Samirə Allahverdinin, Faiq Ağayevin...

- Məgər o ritmdə mahnı oxumaq olmaz? 6/8 ritmində “Şuşanın dağları”nı və gözəl bəstəkarımız Faiq Sücəddinova aid bir mahnı oxumuşam. Faiq Sücəddinovun da bəstəkar kimi səviyyəsi məlumdur. Mən estrada müğənnisiyəm. Bütün mahnıları 6/8 ritmində oxumuram ki. Bunu hamı bilir. O ritm bizim qanımızdadır. Bunlar nəzərdə tutulursa, bəli, 25 illik səhnə həyatımda iki belə mahnı oxumuşam. Mən bilmirəm, Kamran Həsənli hansı əsasla bu fikirləri səsləndirib? Amma hər kəsin öz fikri, yanaşma tərzi var. İndiyə kimi sənətdə etdiklərimi danışmağım mənə yaraşmaz da. İstəmirəm belə məsələlər qalmaqal olsun. Əksinə, istərdim ki, yenə bir neçə belə mahnı yazdırım.

- Son vaxtlar efirlərdə də, demək olar ki, yoxsunuz...

- Bəli, düz qeyd etdiniz ki, efirlərə çıxmıram. Gözləyirəm ki, efirlər təmizlənsin. Siz mənə bir veriliş adı deyin ki, orda qalmaqal olmasın. Bax həmin verilişə çıxaram (gülür).

- Yəni qalmaqaldan uzaq durmaq istəyirsiniz...

- Bu gün kiminsə adını çəkmək, qalmaqal eləmək mənim statusuma yaraşmaz. Mübahisə apara bilərəm, amma qalmaqal yox. Mübahisə normal bir şeydir.

- Mahnı yazdırmaqda da məhsuldar deyilsiniz...

- Ayda bir mahnı yazdırmıram. Sənətdə yola vermək mənim xasiyyətimə uyğun deyil. Hər şey ortadadır.

- Hətta elə il olur ki, cəmi bir mahnınız çıxır. Tənbəllik edirsiniz, yoxsa rəqabət mühiti yoxdur?

- Bu gün başqa bir mövzu yoxdursa, mən nə danışa bilərəm? Ölkədə başqa mövzu yoxdur. Ancaq müğənnilər, müğənnilər, müğənnilər... Heç rəqabət də yoxdur. Aparıcıları da, jurnalistləri də qınamaq istəmirəm. Doğrudan da, indi əvvəlki kimi deyil. Əvvəl keyfiyyətin dalınca qaçırdılarsa, indi o yoxdur. Bu məqam da insanı stimuldan sala bilər. Təvazökarlıqdan uzaq olsun, amma zamanında elə işlərə imza atmışam ki, indi də hər kəsin yadındadır.

- Onların davamını gətirmək istəməzdiniz?

- Çox istəyərdim. Bir az da tamaşaçı zövqündən danışmaq istərdim. Özünüz də bilirsiniz ki, indi tələbat nəyədir. Azərbaycan estradası çox alt qatdadır. Bu gün gənclərin nə dinlədiyini də bilirik. Yeni mahnım sırf estradadır. Amma onu nə dərəcə qəbul olunacağı şübhə altındadır.

- Bayağı dediyimiz ifaçılar son illərdə öz tamaşaçılarını formalaşdırırlar. Bəlkə, bir az yaşlı, keyfiyyətli oxuyan sənət adamlarının da təqsiri var ki, zamanında öz tamaşaçılarını formalaşdıra bilmədilər?

- 1998-2000-ci illərdə çox gözəl tamaşaçılar formalaşdırıldı. Nədənsə sonradan bayağı musiqilər ortaya çıxdı, aparıcılar verilişlərində təbliğat apardılar. Hətta tənqid olunsalar da, bu, bayağı müğənnilər üçün reklam oldu. Ümumiyyətlə, onlardan danışmaq lazım deyil. Bəlkə də, hər şey bizim efirə çıxmamağımıza və onlara fürsət verməyimizə görədir.

- Efirə çıxmamaq sizin mübarizənizdir, yoxsa çarəsizlikdir?

- Hər şeyin çarəsi var. Sadəcə, azlıq təşkil etdiyimizə görə mübarizə də aparmaq olmur. Tamaşaçının zövqü də pozulub. Baxın, Kamran Həsənli mənimlə bağlı fikirlərini bildirib. O, məni neçə illərdir tanıyır və sənətimə də bələddir. Sadəcə, bir insandan nəsə gözləyirlərsə, ondan da küsürlər.

- Son on ildə meydana çıxan ifaçılardan kimləri dinləyirsiniz?

- Röyanın öz üzərində işləməyini çox bəyənirəm. Dayanmadan, durmadan işləyir. Oğlanlardan Zamiqi çox bəyənirəm. Zamiqin musiqi zövqü də çox xoşuma gəlir. Onun mahnılarını dinləyəndə ruhuma uyğun olduğunu hiss edirəm. Bizdə çox istedadlı gənclər var. Sadəcə bəziləri “palaza bürün, ellə sürün” prinsipiylə başqa istiqamətlərə gedirlər.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR