• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dedim, əlimə tüfəng alıb gedərəm - BRİFİNQ

Dedim, əlimə tüfəng alıb gedərəm - BRİFİNQ

Efirlərdə az-az görünən xalq artisti, tanınmış xanəndə Aygün Bayramova “Brifinq”in qonağıdır. “Gündəlik Teleqraf” qəzetinin əməkdaşlarının suallarını cavablandıran Aygün xanım gənc muğam ifaçılarından, muğam müsabiqələrindən, bəyəndiyi estrada müğənnilərindən danışdı. Ağdamla bağlı xatirələrini bölüşən A.Bayramova hazırkı toyların durumundan və şəxsi həyatından bəhs etdi.

Nərgiz Ehlamqızı: Aygün xanım, qadınlar üçün Bakı tıxaclarında maşın idarə etmək bir o qədər asan deyil. Elə Siz də redaksiyamızı çox çətinliklə tapdınız. Şəhərdə avtomobillə az gəzirsiniz?
- Deməzdim ki, az gəzirəm. Mən hazırda bir neçə yerdə işləyirəm. Həm Opera və Balet Teatrının solistiyəm, həm Milli Konservatoriyada dərs deyirəm, dosentəm, həm də Asəf Zeynallı adına musiqi kollecində 14 ildir çalışıram. Çəkilişlər, tədbirlər həddən artıq çoxdur. Redaksiyanıza, yəqin, ikinci dəfə gəlsəm, rahat tapa bilərəm. Maşından çox istifadə edirəm. Bir var səhər evdən çıxıb birbaşa iş yerinə gedirsən, axşam da işdən çıxıb evə qayıdırsan. Bizdə elə deyil. İşimiz çox çətindir. Həm çəkilişlər, həm teatrda məşqlər var. İndi də dərs ili təzə başlayıb. Milli Konservatoriyanın yeni gözəl binasında fəaliyyətə başlamışıq. Fevral ayında cənab Prezident Mehriban xanımla bərabər açılışını etdi. Şəraitimiz çox yüksək səviyyədədir. Mənə elə gəlir ki, burada dərsin keyfiyyəti daha yaxşı olacaq. Tələbələr də sevinirlər ki, belə yerdə ustadlardan dərs alacaqlar. Bilirsiniz, tələbələrin hamısı səsli olmur, istedad hamıya eyni qaydada verilmir. Amma xanəndəlik sənəti belədir ki, gərək səsin imkanı keçdiyimiz muğamlara cavab versin. Təbii, bu, hər tələbədə belə olmur. İstədiyimiz odur ki, tələbənin istedadı, səsinin məlahəti olsun.

“Müsabiqədə ifa edənlərin hamısı arenada yoxdur”

Naibə Qurbanova: Muğam müsabiqələri, Sizin münsif olduğunuz “Xalq ulduzu” müsabiqəsi birmənalı qarşılanmır. Bir qisim insan dedi ki, kütləvi şəkildə pərakəndə halda təhsilsiz ifaçıları səhnəyə gətirdilər, bir qisim isə düşünürdü ki, yeni səslər üzə çıxardılar. Sizin mövqeyiniz nədir?
- Təbii ki, onların arasında təhsili olanlar da, tələbə olanlar da vardı. Ələkdən keçirlər, qalan qalır. Müsabiqədə ifa edənlərin hamısı arenada yoxdur ki. Bizə keyfiyyətli səs lazımdır. Hər kəsin öz dövrü var. Heç kəs bu sənəti ömrünün sonunadək tutub gedəsi deyil. Biz də istəyirik ki, muğamımızın gələcəyi olsun, bu, nəsildən-nəsilə ötürülən sənətdir. Mən də xoşbəxt adamam ki, Asəf Zeynallı adına kollecdə dahi sənətkarımız Şövkət xanım Ələkbərovanın tələbəsi olmuşam. Kolleci bitirdikdən sonra Konservatoriyada ustadım Arif Babayevdən dərs almışam. Bilirsiniz, müəllimdən də çox şey asılıdır. Müəllim yaxşı olanda istedadı olan tələbənin yaxşı gələcəyi olur. Mən musiqi kollecinə gələndə artıq böyük səhnələrdə çıxış edən gənc idim. Özüm də müsabiqə ilə, dahi sənətkarlara imtahan verib gəlmişəm. Arif Babayev, İslam Rzayev, Şövkət Ələkbərova, Vasif Adıgözəlov, Maestro Niyazinin qarşısında çıxış elədim. Elə mənim xəmirim o müsabiqələrlə yoğrulub. Kiçik yaşlarımdan sənət insanları ilə təmasda olmuşam. İki dəfə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olub getmədim. Çünki Ağdamda yaşayırdıq, evin kiçiyi olduğum üçün ərköyün uşaq idim. Üçüncü dəfə müsabiqəyə gələndə Ağdamda səhnəyə çıxan kimi münsif heyəti dedi ki, dayan, qızım, oxuma. Sözün düzü, təəccübləndim ki, görəsən, nə olub? Dedilər ki, səni iki dəfə qəbul etmişik, amma gəlmirsən, bu dəfə də belə edəcəksənsə, səhnəni tərk elə. Dedim ki, yox, Sizin qarşısınızda söz verirəm, bu sənətə gələcəyəm. Söylədilər ki, yaxşı fikirləş. Arif müəllim dedi ki, mən onlarla çəpər qonşuyam, buradan çıxandan sonra onun valideynlərinin yanına gedəcəyəm. Arif Babayev çox yaxın qonşumuz idi. Məni sənətə gətirən qardaşım Üzeyir Bayramov olub. Onun çox gözəl səsi vardı, hətta Üzeyir oxuyanda hamı deyirdi ki, bu, gələcəyin Əbülfət Əliyevidir. Amma sənətini davam etdirmədi, başqa sənətin arxasınca getdi. Mənsə, söz verdiyim kimi, bu sənətə gəldim, yiyələndim, Bülbül adına orta ixtisas musiqi məktəbinə yox, Asəf Zeynallı adına musiqi kollecinə gəldim. Şövkət xanımla gənc ifaçı kimi təmasda olmuşdum. Mənim üçün çox sevindirici idi ki, belə sənətkarın tələbəsi oldum.

Dilqəm Əhməd: Ötən gün milli musiqi günü idi. Sizin nəzərinizdə Üzeyir Hacıbəyli kimdir?
- Üzeyir Hacıbəyli dahi bir insan olub. O, milli musiqimizin banisidir. “Leyli və Məcnun” operası o qədər möhtəşəmdir ki... Bunu Leyli rolunun ifaçısı olduğum üçün demirəm. İndi gənclərin əksəriyyəti bir az maddiyyata daha çox üstünlük verirlər. Əlibaba müəllimin çox gözəl sözü var, muğam müsabiqəsində canlı efirdə söylədi ki, bu müsabiqədə çox gənc iştirak elədi, çox gözəl səsləri və istedadları vardı, mən onlara dedim ki, sizdən yaxşı xanəndə olacaq. Evləri, maşınları oldu, amma xanəndə olmadılar. Bu, çox böyük sözdür. Oxuduğum dövrlərdə maddiyyatı üstün tutmamışam. İndinin özündə də bu, belədir. O qədər madiyyatı yaxşı olan tədbirlər var, mənim ona, ola bilsin, ehtiyacım da olur, amma kənara qoyub, konsertlərə, tədbirlərə gedirəm. Təəssüflər olsun ki, indikilər bir az maddiyyata önəm verirlər. Çox istərdim ki, yaxşı səsi olan gənclər sənətə fikir verib, muğamları ustadlarından yaxşı öyrənsinlər. Çünki onlar sabahın xanəndələridir. Mənim üçün Üzeyir bəyin musiqisi əvəzsizdir. Əlbəttə, gözəl bəstəkarlarımız var, xüsusilə Cahangir Cahangirovun adını qeyd etmək istərdim, o, elə bir bəstəkardır ki, həmişə yaradıcılığına müraciət edirəm. Şövkət xanımdan sonra Füzuli kantatasını dəfələrlə ifa etmişəm. Tofiq Quliyev, Ramiz Mirişli, Emin Sabitoğlu var. Yaradıcılığımda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərləridir. Leyli obrazını o qədər sevirəm ki... Düzdür, teatrda Leylilərimiz çoxdur. Bəzən oynamayanda çox darıxıram, rejissorumuz Hafiz müəllimə deyirəm ki, tamaşa oynamaq istəyirəm (gülür). Opera səhnəsi mənim üçün çox əzizdir.

“Mənə daha yaxın Məcnun Mənsum İbrahimovdur"

D.Əhməd: Hansı “Məcnun” Sizin üçün daha önəmlidir?
- Səhnəmizdə “Məcnun”larımız var. Amma mənə daha yaxın olan Mənsum İbrahimovdur. Tamaşalarımızın əksəriyyətini Mənsumla oynayıram. Səbuhi İbayev də gözəl ifaçıdır, amma tərəf müqabili kimi Mənsumla olan tamaşalarımız bambaşqadır.

N.Ehlamqızı: Muğam bu gün müxtəlif janrlarla sintez olunur. Sevda Ələkbərzadənin timsalında bu cür sintezləri çox görürük. Belə sintezi bəyənirsiniz?
- Sintez çox gözəl bir şeydir. Amma onu savadlı şəkildə edəndə daha gözəl olur. Hər gələn xalq mahnılarımızı sintez eləsə, xalq musiqimiz nə günə qalar? Bunu peşəkar səviyyədə etmək lazımdır.

“Açıq salondakı konsertə 8500 insan gəlmişdi”

N.Muradova: Amma sintezlərin hamısı birmənalı qarşılanmır. Vaxtilə Nazpəri Dostəliyeva ilə Siyavuş Kəriminin əcnəbilərlə birgə sintezləri vardı, bir layihə həyata keçirmişdilər.
- O layihədə mən də “Gözəlim sənsən”i oxumuşam. Siyavuş müəllimin sintezləri mənim xoşuma gəlirdi. Mənim əcnəbilərlə ifa etdiyim “Gözəlim sənsən” xalq mahnısı başqa səviyyədə idi. 2-ci beynəlxalq müsabiqədə onlar dəvət olunmuşdu, Heydər Əliyev sarayında konsert verdik, yenə də həmin mahnını ifa etdim. Maestro Niyazinin “Qaragilə”, “Xumar oldum” gözəl səviyyədə işlənib. İtaliyada sənət dostlarım Mənsum İbrahimov, Elçin Həşimov, Elnur Əhmədov, gənc vokalçı Azər Rzayev, dirijorumuz Yalçın Adıgözəlovla birgə konsertdə idik. Azər Rzayev çox gözəl səsə malikdir, Zaur Rzayevin övladıdır, hazırda Milanda təhsil alır. Romada konsert üçün çox böyük maddiyyat lazım idi. Romanın simfonik orkestri ilə ifa etdik. 2 gün Romada qalandan sonra “Arena di Verona” adlı konsert salonunda konsert verdik. Yüksək səviyyədə konsert keçdi. İtaliyadakı səfirimiz Vaqif müəllimə çox təşəkkür edirəm. O konsert salonu üçün 2 il əvvəldən müraciət olunmuşdu. Açıq salondakı konsertə 8500 insan gəlmişdi. Maliyyə vəsaiti həddən artıq çox idi, amma o konsertə dəyərdi.

Aqil Lətifov: O salonun kirayə haqqını bizdəki saraylarla müqayisə etmək olar?
- Orkestri almaq, orkestrin Romadan Veroniyaya yol xərci, bizim Azərbaycandan İtaliyaya gedib-gəlmək xərcimiz, oteldə qalmaq üçün kifayət qədər maliyyə lazım idi. Çox yüksək səviyyədə konsertimiz keçdi. Çox şadam ki, mövsümə belə konsertlə başladıq. Sözün əsl mənasında, bir daha Azərbaycan musiqisi ilə fəxr elədim. Orada “Qaragilə”, “Qarabağ oratoriyası” səsləndi.

N.Muradova: Daha çox italyanlar idi, yoxsa azərbaycanlılar ?
- İtalyanlar idi. İtaliya musiqi beşiyidir, onları ifa ilə təəccübləndirmək çox çətindir. Amma biz italyanları təəccübləndirə bildik.

“İtalyanları təəccübləndirə bildik”

D.Əhməd: İndiyədək konsert verdiyiniz hansı ölkədə Azərbaycan musiqisi sevildi?
- Dünyanın 25-dən çox ölkəsində olmuşam. ABŞ, Kanada, Almaniya, Türkiyə, İngiltərədə olmuşam. Londonda 5 il bundan əvvəl gənclərdən ibarət simfonik orkestri ilə maraqlı konsertimiz olmuşdu. Yalçın müəllimin dirijorluğu ilə “Qarabağ şikəstəsi”ni ayaqüstə qarşıladılar. Dünyanın harasında olmuşuqsa, təəccübləndirməyi bacarmışıq.

N.Muradova: Bəs hansı ölkənin tamaşaçısı Sizi təəccübləndirib?
- Hamısı. 10 il bundan qabaq Amsterdamda idik. “Konsert gebau” adlı tanınmış konsert salonunda konsert vermək çox çətin işdir. Orada Firəngiz Əlizadənin “Zikr” əsərini, bir də Cavanşir Quliyevin əsərini italiyalı vokalçı ilə ifa elədim. Orada dünyanın müxtəlif ölkələrindən 2500 insan vardı. Biz öyrəşmişik axı hər hansı bir hissə tamaşaçının xoşuna gəlirsə, əl çalır. Amma orada tam fərqli idi. Ümumiyyətlə, Avropa tamaşaçısı çox-çox fərqlidir. Təsəvvür edin ki, orkestrdə 30 nəfər idi, bizdən tar, kamança, Türkiyədən kanon, ud, Çindən, Fransadan yığma ansambl idi. Dirijorumuz Hollandiyadan idi. Mən ifamı bitirdim, gördüm ki, əl çalmırlar. Düşündüm ki, yəqin, ifam onların xoşuna gəlmədi. Dirijor orkestri tamamilə yekunlaşdırandan sonra tamaşaçıya tərəf üzünü döndərdi, artıq elə alqışlar oldu, bəlkə də, 10 dəqiqədən çox alqışladılar. Hətta maraqlı bir şey oldu ki, tamaşaçılar mənə daha çox yaxınlaşırdı. Firəngiz xanım sərbəst muğam yerləri vermişdi ki, Aygün, nə istəsən, oxuya bilərsən, sərbəstdir. Tamaşaçılar yaxınlaşanda Firəngiz xanım mənə dedi ki, əsəri yazan mənəm, amma tamaşaçı daha çox sənə yaxınlaşır (gülür). Sənətimə qarşı çox məsuliyyətliyəm ki. Bakıdan kənara çıxanda daha da məsuliyyətli oluram, birdən soyuq olar, Azərbaycandan çıxmışam, gözəl ifa eləməliyəm. Konsert bitəndən sonra deyirəm, çox şükür Allahıma.

N.Muradova: Səsinizi necə qoruyursunuz?
- Oxuyanların əksəriyyəti çox təamdan istifadə etmir. Boğazını xüsusilə qoruyur, soyuq su içmir. Mənsə, düşünürəm ki, boğazı necə öyrədirsənsə, sənə elə asandır. Şövkət xanım deyirdi ki, mən soyuducudan su içirəm, konsertə çıxıram, mən səsi belə öyrəşdirmişəm. Demirəm, səsinə düşmən kəsiləsən. Qorumaq lazımdır, amma özünü də çox sıxmaq lazım deyil.

"Dedim, narahat olmayın, əlimə tüfəng də alıb gedərəm"

N.Qurbanova: Əslən ağdamlısınız. Bir müddət öncə Ağdamda oldunuz...
- Bizim çox yaralı yerimizdir. Həmişə Ağdamdan danışanda kövrəlirəm. O bölgələrdə tez-tez olmuruq da. İnanın ki, adamda, bilirsiniz, necə hiss olur? Gedirsən, sərhəddir, baxırsan, qarşı tərəfə keçə bilmirsən. Mən, Mənsum İbrahimov, Təyyar Bayramov Ağdamın səngərlə az məsafədə olan Əhmədağalı kəndində qaldıq, tədbir tez başlamalı idi, bir ailənin evində olduq. Ev yiyəsi dedi ki, Aygün xanım, birdən gecə atışma olsa, qorxmayın ha. Dedim, nə danışırsınız, o qədər atışma səsi eşitmişəm, valideynlərim Ağdamda yaşayanda görürdüm ki, ermənilər Əsgəran tərəfdən atırdılar, bilmirdik güllə hara düşəcək. Dedim, narahat olmayın, ürəkli adamam, əlimə tüfəng də alıb gedərəm, qorxmuram. Məcburi köçkünlər üçün 632 ev paylandı. Arzular çoxdur, hamımızın bir arzusu var ki, torpaqlarımız geri alınsın, qayıdaq. Ermənilər oranı xarabaya döndəriblər. Prezidentimizin söylədiyi kimi, inşallah, o yerləri alaq, vallah, gülüstana çevriləcək. Tikməyi, qurmağı, yaratmağı sevirik. Gün olsun, ərazi bütövlüyümüzü təmin edək.

N.Qurbanova: Bu günlərdə “Qarabağ” futbol komandasının oyunu bizə bir az təsəlli verir. İzləyirsiniz oyunlarını?
- Dünən izlədim, ancaq qol olmadı (gülür). Çox təəssüfləndim, əlbəttə, bu, idmandır, belə şeylər olur.

N.Ehlamqızı: Stadiona gedib baxmırsınız?
- O izdiham, hay-küydən bir az uzağam. Allah qoysa, nə vaxtsa, inşallah, gedərəm.

N.Ehlamqızı: Yeni qayda nəzərdə tutulub, stadionda bir sıra yer mediadakı qadınlara ayrılıb. Sıravi qadınlarda da maraq var...
- Niyə qadınları ayırırlar? Dünyadakı futbol arenalarında 50-60 min adam olur, orada nə qədər qadınlar gedir. Ötən gün fikir verdim, 30 mindən artıq insan vardı stadionda. Buna çox sevindim. Bundan dəfələrlə yaxşı oyun göstərsələr, mən də stadiona gedəcəyəm.

N.Qurbanova: Tanınmış adam olduğunuz üçün, bəlkə, stadiona getməyə çəkinirsiniz?
- Biz də adamıq da. Tələbə vaxtı ictimai nəqliyyatdan istifadə etmişəm. İndi metroya, avtobusa minmək istəyərəm. Amma bizdə insanlar belədir ki, dərhal qayıdıb deyəcəklər ki, filankəsi gördün metroyla gedirdi? Nə olar metroyla gedəndə? Hərdən ürəyimdən metroya minmək keçir.

N.Qurbanova: Bəs, nədən çəkinirsiniz?
- İnsanların o sözlərindən. Deyəcəklər ki, bunun maşını yoxdur, metroyla gedir. Hətta efirdə deyirlər ki, filankəsi filan dayanacaqda gördük, metroda gördük.

A.Lətifov: Bayaq gənclərin əksəriyyətinin maddiyyata meyl etməsindən danışdınız. Sizcə, bu, həm də ondan irəli gəlmirmi qınağa görə o şeylərə önəm verirlər?
- Onlar ifa etməyə təzə başlayıblar, nə qınaq? Birinci növbədə sənətə yiyələnməkdir. Sonra maşın da, ev də olar. Onlar gəncdirlər, bəlkə, avtobusa minsə, 100 nəfərdən biri onu tanıyar.

A.Lətifov: Bəzi tanınmış sənət adamları maddiyyata üstünlük vermirlər, faciəli şəkildə dünyasını dəyişirlər. Bəlkə, gənclərin pula meyllənməsinin də səbəblərindən biri budur?
- Mən gənclərdən danışdım, istərdim ki, muğam sənətini cılızlaşdırmayaq. Muğam sənəti ciddi sənətdir. İnsan özünə, şəxsiyyətinə, mənliyinə hörmət elədiyi kimi sənətinə də hörmət eləməlidir. Şəxsən mən uşaq vaxtlarımdan oxumağa başlayandan bu qaydada olmuşam. əgər özümə hörmət edirəmsə, şəxsiyyətimi qoruyub saxlayıramsa, seçdiyim sənətə də qiymət verirəm. Orta nəsillə indiki nəsili bərabər qoymaq olmaz.

D.Əhməd: Qədimdə toylarda muğam ifaçıları iştirak edirdi. Məsələn, Cabbar Qaryağdıoğlu “İrəvanda xal qalmadı”nı məhz toyda yazıb. İndi necədir, toylarda muğam oxunur?
- İndi azdan-çoxdan Bakı kəndlərində toyda muğam dəstgahı ifa etmək ənənəsi qalıb. Amma şadlıq evlərimizdən hansı birində yarım saatdan çox muğam dəstgahının ifa edildiyini görmüsünüz?

A.Lətifov: Səbəbi nədir? Günahı kimdədir? İndi bayağı müğənnilər daha çox meydandadır.
- Siz fonoqramla oxuyanları deyin də. Bilirsiniz, toylarda fonoqramla oxuyanlara nə qədər pul verirlər. Amma canlı oxumağa pul verən yoxdur.

N.Qurbanova: Sanki muğamın ağırlığı xarakterinizə təsir edib. Siz mühafizəkar, ağır xasiyyətli və kaprizli qadın kimi tanınırsınız.
- Kaprizi olmayan insan var? Xasiyyətim çox əladır. Hər insanla yox, amma yeri gələndə zarafatım da, duzlu-məzəli söhbətlərim də var. Amma baxır kiminlə. Öz xasiyyətimdən olduqca razıyam. Ailəmizin üzvləri də çox ciddi adamlardır.

A.Lətifov: Heç narazı olduğunuz xüsusiyyətiniz yoxdur?
- Vallah, heç narazı olduğum xüsusiyyətim yoxdur. Çox etibarlı dostam, ətrafımda neçə illərdir insanlar var, onlar bilirlər. Dostum nəsə xahiş edərsə, ona imkanım varsa, edərəm. İnsanların arxasınca danışmıram. Bundan gözəl nə ola bilər? Mənim elə tələbə yoldaşlarım var, tələbəlikdə, bəlkə də, o qədər yaxın münasibətim yox idi, amma indi onları axtarıram. Mənə deyirlər halal olsun sənə, yeri gələndə efirdən çox uzağıq, evdə oturmuşuq, işləmirik, amma sənin o qədər işin olsa da, bizi axtarırsan.

N.Muradova: Sənət aləmində dostlarınız kimlərdir?
- Sənət aləmində də münasibət saxladığım insanlar çoxdur. Bilirsiniz, sənət aləmi çox çətin aləmdir. İncəsənət gözəl sözdür, amma bu sahədə çalışmaq çətindir.

N.Qurbanova: Sosial həyatınız necədir? Kiminlə rahatlıq tapırsınız, kiminlə istirahət edirsiniz?
- Valideynlərimlə çox rahatlıq tapıram, onların yanında özümü xoşbəxt hiss edirəm. Anama daha çox bağlıyam. Atamla, anamla yaxın təmasda olmaq mənim üçün hər şeydən qiymətlidir.

N.Muradova: Vaxt ayıra bilirsiniz?
- Bəli, ayırıram, tez-tez telefonda danışırıq, xüsusən yayda bir yerdə oluruq.

N.Ehlamqızı: Valideynləriniz Bakıda yaşayırlar?
- Yox, Ağdamdan gələndən sonra Bərdə şəhərində bacımgillə yaşayırlar.

N.Muradova: Özünüz tək qalırsınız?
- Yox, tək qalmıram. Qardaşlar, bacılar, bacı uşaqları, maşallah, çoxdular. İnstitutda oxuyurlar. Bəzən vaxt axtarıram ki, bir gün evdə istirahət edim. İş rejiminə öyrənmişəm deyə cəmi bircə gün istirahət istəyirəm. Çalışıram valideynlərimə vaxtımı daha çox ayırım, onların arzularını həyata keçirim.

“Atam birinci pərəstişkarımdır”

N.Muradova: Valideynlərinizin Sizinlə bağlı nə arzuları var?
- Atam, bəlkə də, mənim birinci pərəstişkarımdır. Çünki gözəl səsi olub, bir az da tar çalıb. Atam bir neçə il Bakıda yaşayıb, ancaq anam Bakıda qala bilməyib. Anamı da götürüb qayıdıb Ağdama. Amma atam o vaxt Əbülfət Əliyevlə tanış olub, o vaxt “Basin” küçəsində qaval alıb, Əbülfəz Əliyevlə bir neçə toya gedib. Bir neçə il yaşayandan sonra anam deyib ki, burada qala bilmərəm. İndi Bərdəyə gedəndə deyirəm, gəlin gedək bir neçə gün bizdə qalaq. Burda gəlib 3 gündən artıq qala bilmirlər. Başa düşürəm, həyət evinə uyğunlaşıblar. Şükür Allaha, çalışdığım qədərilə yaxşı şərait yaratmışam, onlara Bərdədə rahatdırsa, mən də rahatam.

N.Muradova: Adətən, valideynlərin övladları barədə ən böyük arzusu onun ailə həyatı qurmasıdır. Şəxsi həyatınızda nə kimi yeniliklər var?
- Elə bir yenilik yoxdur, inşallah, olar. Hələ vaxt var.

A.Lətifov: Estrada müğənnilərindən kimi dinləyirsiniz?
- Ayaz, Eltonun ifalarını bəyənirəm.

N.Muradova: Röyanı bəyənirsiniz?
- Röyanın özünəməxsus ifa tərzi var. Nəyi oxuyurlarsa, səliqəli şəkildə ifa edirlər. İstər yeni, istərsə də retro mahnılarını oxuyanda əndrabadi ifa etmirlər. Mənim estrada janrında ifa edən 3 tələbəm olub: Elnarə Xəlilova, Arzum və Sevda Yəhyayeva. Amma onlardan ən yaxşı öyrənəni Elnarə idi. Sevda axırıncı konsertdə məndən “Kəsmə şikəstə”ni öyrətməyi xahiş etdi. Dedim, çox çətindir. Heç muğam ifaçıları çox müraciət eləmir, qaldı estrada müğənniləri. Düzü, vaxtım olmadı, Sevdanın konsertinə gedə bilmədim, eşitdiyimə görə, oxuyub, amma bir az da məşğul olsa, daha yaxşı ifa edər. Arzum əvvəl götürə bilmirdi, çünki muğam çətindir, amma sonradan öyrəndi. Amma tədbirlər, çəkilişlərə görə vaxtında dərsə gəlib çata bilmirdilər. Mən də humanist adamam. Xanəndələr var ki, ancaq müəllim kimi fəaliyyət göstərir, bir də var yaradıcı səhnələrdə olan adam. Mən də çalışırdım onları başa düşüm. Amma deyirdim imtahanda kafedra müdirimiz Arif Babayevin qarşısında çıxış edəcəksiniz, mən heç nə deyə bilməyəcəyəm. Məsuliyyəti bəri başdan onların üzərinə qoyurdum ki, özünüz bilərsiniz. İndi tələbə dövlət imtahanı verəndə muğam mərkəzinin səhnəsində bir neçə müəllimin qarşısında çıxış edir, ifa elədiyi muğamdan əlavə bilet çəkib suallara cavab verməlidir. İmtahanın birində komissiya sədri idim, inanın ki, çox çətin imtahan keçdi. Hətta bir neçə tələbə kəsildi, “2" qiyməti aldı.

A.Lətifov: İmtahanlar ədalətli keçir?
- Bəli. 3-4 tələbə diplom ala bilmədi. Bir tələbə dedi, əsgər gedəcəyəm. Konservatoriyanın direktoru Siyavuş Kərimi dedi ki, gedib qayıdarsan, oxuyub imtahan verib diplomunu alarsan. İndi də şəraitimiz çox yaxşıdır.

N.Qurbanova: O vaxt mərhum Heydər Əliyevin xüsusi simpatiyasi olan gənc xanəndələrdən biri də Siz olmusunuz.
- Mən elə bu sənətə Heydər Əliyevin imzası ilə gəlmişəm. Rəhmətlik Xeyransa Məmmədova, Aybəniz Haşımova, Könül Xasıyeva...

N.Qurbanova: Tədbirlərdə çıxışlarında Sizi xüsusi olaraq vurğulayıb. Onun münasibəti Sizin həyatınızda divident olub?
- Rəhmətlik Xeyransa Məmmədovanı meydana İslam Rzayev çıxarmışdı. Onda mərhum Heydər Əliyev demişdi ki, belə istedadlar çoxdur, onları üzə tapıb çıxarmaq lazımdır. Xeyransa, doğrudan, istedadlı qız idi, təəssüf, dünyasını erkən dəyişdi. Həmkarlar İttifaqında Lidya Rəsulova başda olmaqla, Aida xanım, Xoşqədəm, Zəhra, Emin müəllim o qədər qayğımıza qalırdılar ki. Bizim geyimlərimizə qədər diqqətli yanaşırdılar. Konservatoriyada muğam sinfi yox idi. Muğam sinfini bizə görə açmışdılar, ilk tələbəsi də Gülüstan Əliyeva olmuşdu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə tədbirlər oldu. Zərifə xanımın ad günləri olanda mahnı teatrında bir kadr var, onu saxlayıram. Orada rəhmətlik Heydər Əliyev əyləşmişdi, Mehriban xanım və Arzu oradaydı, onda Arzu balaca qız idi. Mən də Tofiq Quliyevin “Axşam” mahnısını oxuyurdum, inanın ki, kamera yaxından çəkib, Heydər Əliyevin gözləri yaşla dolub. Sonra dəfələrlə konsertlərdə öz fikrini bildirib. Hələ əməkdar artist deyildim, səhv etmirəmsə, Şövkət xanımın 80 illik yubileyindən əvvəl idi, dövlət konsertində idik, konsertdən sonra pərdə arxasına gəldi, hamının ifası haqda bir-bir danışdı, orada mənim ifamı xüsusilə vurğuladı, bu, təbii ki, ifaçı kimi mənim üçün çox xoş oldu. İki ay keçmədi əməkdar artist adı verildi.

N.Qurbanova: Sosial şəbəkələrdə varsınız?
- Əlbəttə, indi hansı zamandır ki? Düzdür, özümü orada şəhid eləmirəm (gülür). Facebook, İnstagram, Vatsap, Viber-dən istifadə edirəm. Amma saatlarla vaxt keçirmirəm.

D.Əhməd: Fikriniz varmı, Zeynəb Xanlarova kimi parlamentdə əyləşəsiniz?
- Zeynəb xanım gözəl müğənnimizdir, Allah can sağlığı versin. Çox böyük hörmətim var, məni tədbirlərdə görəndə deyir, səni dinləyirəm, çox gözəl oxuyursan. Mən özüm ara-sıra onun mahnılarına müraciət edirəm. Vallah onu zaman göstərər, mən nə deyə bilərəm.

N.Ehlamqızı: Elə bir istəyiniz var?
- Hazırda elə bir istəyim yoxdur. Fikirlərimi tam normal qaydada çatdıra bilən adamam.

Nərgiz EHLAMQIZI

Foto: Elçin MURAD

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR