Amaliya Pənahova əsəbiləşdi: “O kimdir ki, mən onu qısqanım?”
Bizi izləyin

Tabloid.az

Amaliya Pənahova əsəbiləşdi: “O kimdir ki, mən onu qısqanım?”

Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova Akademik Milli Dram teatrının aktyoru Ramin Şıxəliyevin Publika.az-a verdiyi müsahibədə onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qeyd edək ki, Şıxəliyev müsahibədə Pənahovanın aktyorlarına qarşı qısqanc olduğunu və onların başqa teatrlarda çalışmalarına qarşı çıxdığını söyləmişdi.

Xalq artisti aktyorun fikrinə münasibət bildirmək istəməsə də, teatrla bağlı qənaətini paylaşıb:

“Ramin Şıxəliyev kimdir ki, mən onun fikrinə münasibət bildirim, onu qısqanım? Sənətdə hansı xidmətləri olub? Mən onun tərəfdarıyam ki, hər teatrın öz sənətkarları olsun. Teatr aktyorlarla tanınır. Tamaşaçı hara getdiyini bilməlidir.

Aktyor filmdə, televiziya tamaşalarında çəkilə bilər. Amma sırf teatrda vəziyyət başqadır – bir neçə aktyorun simasına görə gəlirlər. Vaxtında Akademik Milli Dram Teatrına mənim simama görə, Gənc Tamaşaçılar Teatrına Gülşən Qurbanova üçün gəlirdilər. Burda qısqanclıq heç nə yoxdur. Mən aktyorlarıma da deyirəm ki, özünüz hansı teatrda çalışacağınızı seçin. Amma bu gün bu teatrda, biri gün o biri teatrda olmayın. Belə olanda sizin yaradıcılıq yolunuz da bəlli olmayacaq. Burada həm də teatr uduzur”.

Xanım sənətkar son vaxtlar sosial şəbəkələrdə və saytlarda müzakirə olunan fotolarından da danışıb: “Fotolarla bağlı kimlərinsə fikri mənim üçün maraqlı deyil. Bütün pərəstişkarlarıma təşəkkürümü bildirirəm. Amma mənim üçün önəmli olan öz zövqümdür. Heç kimin dediyi ilə oturub-durmuram. Hər kəsin öz zövqü və yaşam tərzi var. Bu baxımdan mənə heç kim heç nə aşılaya bilməz. Tamaşaçılarımın gözündə Amaliya olaraq qalmaq istəyirəm. Onların qarşısında çıxış edirəm. Bu yay beynəlxalq layihəni həyata keçirdim. Mən necə özümə diqqət yetirməyim? “Mosfilm”də 200 seriyalı filmə çəkildim və gündəmdə olmaq istəyirəm. Hələ ki, mənə tələbat var, sənətim qiymətləndirilir. Ona görə sənətdə qalmaq istəyirəm”.

Xalq artisti “gənc insanlardan sevgi təklifləri alırsınızmı” sualını cavablandırmaq istəməyib: “Əgər pərəstişkarlarımın ürəyinə yol tapa bilirəmsə, deməli, sənətimdə doğru yoldayam. Mənim sənətimdən yazılanda internet yox idi. Məktublar yazıb, sənətimə hörmətlərini bildiriblər. Elə olub ki, körpə uşağı qucağıma verib deyiblər, sizin şərəfinizə adını Amaliya qoymuşuq. Bundan böyük xoşbəxtlik ola bilərmi? Mən də onların məhəbbətlərinə hörmətlə yanaşıram. Amma şəxsi məsələlər məni maraqlandırmır”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm