Əməkdar artist: “Nazir vəziyyətimi bilir, amma halıma yanmır” – FOTO
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Nazir vəziyyətimi bilir, amma halıma yanmır” – FOTO

İki gün öncə səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilən tanınmış müğənni, respublikanın əməkdar artist Süleyman Zeynalov Publika.az-ın suallarını cavablandırıb.

- Süleyman müəllim, necəsiniz, səhhətiniz necədir?

- On gündür, özəl klinikaların birində yatıram. Əvvəlcə halım yox idi. Sonra aparatlara saldılar. Gündə 10-12 sistem vururlar. Onikibarmaq bağırsağımla öd kisəm arasında şiş var. Həmin şiş götürülməlidir.

- Onkoloji şişdir?

- Analizlərimi Türkiyəyə götürdülər. Məlum oldu ki, xoşxassəli şişdir.

- Nə vaxtdan səhhətinizdə problem yaranıb?

- On gündür. Halım qəfil pisləşdi. Qaşınma tutdu, ürəyim bulandı.

-Yanınıza kimlər gəlib-gedir?

- Dünən evə buraxıblar. Bir-iki günə Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunmalıyam.

- Axı deyəsən, sizi İrana göndərəcəklər...

- Ya Mərkəzi Neftçilər Xəstəxanasında, ya da İranda əməliyyat olunacağam. Çox qorxuram. Hələ dəqiq bilmirəm, hara aparacaqlar.

- Sənət dostlarınızdan yanınıza gələnlər olub?

-ATV və ANS kanalları gəlib çəkiblər. Kəmalə Rəhimli, Gülnar Salmanova, jurnalist Alim Nəbioğlu zəng ediblər.

- Vaxtilə sənət yoldaşlarınızın belə günlərində onlara baş çəkmisinizmi?

- Əlbəttə, kimə nə olubsa, yanında olmuşam. Amma yenə də incimirəm. Gəlməsələr də, sağ olsunlar. Ən əsası, balalarım yanımdadır, bacılarım, dostlarım gəlib-gedirlər.

- Bəs xəstəxana xərclərini kim ödəyir?

- Bu dəqiqə borc-xərc içindəyəm. Mədəniyyət Nazirliyinə, Səhiyyə Nazirliyinə, Heydər Əliyev Fonduna müraciət etmişəm. Cavab gözləyirəm.

- Səhhətiniz yaxşılaşandan sonra sənətinizə davam edəcəksinizmi?

- İnşallah, sağ-salamat qalsam, yenə oxuyacağam.

- Kimlərdən umurdunuz, amma sizi arayıb-axtarmadılar?

- Mən heç kimdən ummuram.

- Mədəniyyət və Turizm Nazirliyindən maraqlanan olub?

- Nazirlikdən umuram. Çünki onların heç vaxt mənə diqqəti, qayğısı olmayıb, amma heç olmasa, indi yanımda olmalıydılar. Əməkdar artistəm, nazirliyin mənə qayğısı olmalıydı... Qızım da deyir ki, gedək, İranda əməliyyat olun...

- Övladlarınız ailəlidirlər?

- İkisi də subaydır. Necə evləndirim? 144 manat xidməti təqaüd alıram, 60 manat əməkdar artist pulu. Necə dolandırım onları? Bağ evində yaşayıram, imkanın, şəraitim yoxdur... Dəfələrlə nazirə demişəm və bütün vəziyyətimi bilir. Onun mənə ürəyi yanmır. İstəyirəm dövlətimin qayğısını hiss edim. Xüsüsən də, Mədəniyyət və Turizm Nazirliyinin.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm