Almaz Ələsgərova: “Yalandan dedim ki, sevgilim var” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Almaz Ələsgərova: “Yalandan dedim ki, sevgilim var” – FOTOLAR

Tanınmış müğənni, respublikanın əməkdar artisti Almaz Ələsgərovanın Publika.az-a müsahibəsi

- Almaz xanım, yaradıcılığınızda hansı yeniliklər var?
-Tural Bakuvi və Ramal Rəsulla yeni mahnılar işləyirəm. “Həbibim” adlı ritmik mahnımız hazırdır, radiolarda yayımlanır. İkinci mahnımız “Səni anıram” adlı lirik mahnıdır. Tural Bakuvinin daha bir neçə mahnısını oxumaq fikrim var. Bir də, çəkilişlərdə, məclislərdə iştirak edirəm.

-Tez-tez yaradıcılığınızda fasilələr yaranır. Bəzən belə fasilələr ildən də çox çəkir. Bu nə ilə bağlıdır?

- Çoxdandır ki, yaradıcılığımda belə fasilə yaranmayıb və mən artıq səhnədəyəm.

- Adətən, mətbuat ya sizin, ya da qızlarınızın şəxsi həyatı barədə yazır və yaradıcılığınız bir kənarda qalır. Bunu özünüz hiss edirsiniz?

- Nə yazırlar, yazsınlar da. Mən artıq heç nəyə fikir vermirəm.

- Belə yazılar sizi qıcıqlandırmır?

- Əvvəl qıcıq yaranırdı, indi yox. Artıq vərdiş eləmişəm.

- Bu yaxınlarda telekanalların birinə şəxsi həyatınızla bağlı açıqlama verərək, bildirmişdiniz ki, sevdiyiniz insan var. Sizə elə gəlmirmi ki, belə xəbərlərin yayılmasında öz təqsiriniz də var?

-Soruşurlar, mən də deyirəm. Dəmir deyiləm ki...O qədər sual verirlər, mən də cavab verirəm ki, var.

- Son açıqlamanız da yalan idi?

- Olmasa da, yalandan deyirəm ki, var. Qurana and olsun, axırıncı dəfə dediyim yalan idi. Nə sevgi e?! Mən sevgi barədə ümumiyyətlə fikirləşmirəm. Başımı aşağı salıb, işlərimi görürəm, uşaqlarımla məşğul oluram. Bu yaşda sevgili olar?

- Amma çoxları deyirlər ki, sevgidə yaş olmur...

- Yox, mən fərqli düşünürəm.

- Bundan sonra ailə həyatı qurarsınız?

- Heç o barədə fikirləşmirəm. Ailə qursaydım, indiyə kimi qurardım da. İndiyə niyə saxlayırdım?

- Bu yaxınlarda Zülfiyyə Xanbabayeva saytımıza müsahibəsində bildirmişdi ki, səhnədə lazımsız adamlar həddən artıq çox olduğundan, bir kənara çəkilib, onların təmizlənməyini gözləyir. Doğrudanmı, vəziyyət bu qədər faciəvidir?

- Mən heç kimə mane olmuram və belə bir fikrim də yoxdur. Çünki mane olmaq istəsəm də, kənara çəkilməyəcəklər. Kim istəyir oxusun da.

- Düşünürsünüz ki, meydan hər kəs üçün açıq olmalıdır?

- Elə meydan açıqdır da.

- Konsert vermək fikriniz varmı?

-Hələ ki, planımda konsert vermək yoxdur.

-Maliyyə məsələlərinə görədir?

-Yox, maliyyəyə görə deyil. Sadəcə, konsert verməyə həvəsim yoxdur.

- Sanki, yaradıcılıqdan qopmusunuz...

- Hələ özümü konsertə hazır hiss etmirəm. Hazır hiss etsəm, olacaq.

- Əvvəl kişi sənətçilərlə duetləriniz olurdu.

- Duet oxumaq fikrim yoxdur. Ancaq öz mahnılarımın üzərində işləyirəm.

- Sizcə, Azərbaycan şou biznesi niyə ancaq toyun üzərində qurulub? Konkret səbəb göstərə bilərsiniz?

- Neynəsinlər? Məgər biz sənətimizlə qazana bilirik ki? Ancaq toylardayıq da.

- Soruşdum, dediniz ki, konsert vermək istəmirsiniz. Konsertinizdən qazanacağınıza arxayın deyilsiniz?

- Bakıda elə şey mümkün deyil. Burada ancaq xaricilər qazana bilir.

- Sizcə, bu, yerli sənətçilərimizin insanlarımız üçün maraqsız olmasından xəbər vermir?

- Gərək maraq olsun da. Biz qarşı maraq yoxdur.

- Bir sənətçiyə qarşı maraq yoxdursa, bu, onun öz təqsiri, səhvi deyilmi?

- Mahnı yazdırırıq, ifa edirik. Başqa nə etməliyik?

- Bəlkə, performans, mahnılar, ifa istənilən səviyyədə deyil.

- Azərbaycanda hansı müğənni respublika sarayında konsert verib və qazanıb? Elə bir müğənni adı deyə bilərsiniz mənə?

- Düşünürsünüz ki, indi də elə bir sənətçi yoxdur?

- Yaxşı “raskrutka” eləsə, yaxşı sponsoru olsa, edər.

-“Raskrutka” deyəndə konkret nəyi nəzərdə tutursunuz?

- Mahnılar mütləq daha tez-tez təqdim olunmalıdır.

- 25 ildən çoxdur ki, sənətdə və efirdəsiniz. Bundan artıq nə “raskrutka” olmalıdır?

- Gərək imicimi dəyişim.

- Dəyişin də...

- Onda gərək mənim menecerim, prodüserim, sponsorum olsun. Bütün işləri tək görmək məni yorur.

- Sadaladıqlarınızın heç biri yoxdur?

- Bəli, prodüserim yoxdur.

- Çətin deyil?

-Yox, bir rəfiqəm var. Mənə işlərimdə kömək edir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm