Faiq Sücəddinov: “Qeyri-peşəkarlar deyir ki, bomba partladacağam” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Faiq Sücəddinov: “Qeyri-peşəkarlar deyir ki, bomba partladacağam” – FOTOLAR

Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinovun Publika.az-a müsahibəsi

- Faiq müəllim, yaradıcılığınızda hansı yeniliklər var?

- Nizami muzeyinin direktoru, millət vəkili Rafael Hüseynovla bir müzikl yazmaq fikrimiz var. Artıq mövzu da müəyyən olunub. Demək olar ki, işbirliyimiz başlayıb.

- Mövzu nədir?

- Müasir mövzu olacaq. Əsas vurğu rəqsin, toy mərasiminin üzərinə vurulacaq. Yəni milli adət-ənənələrimizə uyğun bir əsərin olması nəzərdə tutulur. İndi Rafael Hüseynov librettonu yazır.

- Bu, yəqin ki, yenilik olacaq...

- Mən belə fikirlərdən uzağam ki, deyim, ay yenilik olacaq, partlayış edəcəyik. Mən peşəkar adamam. Qeyri-peşəkar adamlar deyirlər ki, bomba partladacağam. Bomba olmayacaq. Librettodan çox şey asılıdır. Orda musiqi də olacaq, rəqslər də, orkestr də.

- Bir ilə ancaq başa gələr?

- Bir ilə də başa gələ bilər, üç aya da, beş aya da. Bir də görürsən ki, insan qısa müddətdə hansısa böyük işi görür.

- Rejissor Ramiz Fətəliyevlə də işbirliyiniz var idi. Həmin iş tamamlandımı?

-Yox, hələ tamamlanmayıb. Rejissor Ramiz Fətəliyevlə birlikdə Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov barədə film üzərində işləyirik. O, Fransa prezidenti olmuş Şarl de Qolun ən çox istədiyi, bəyəndiyi üç-dörd nəfərdən biri olub. Artıq o filmin ssenarisi hazırdır, musiqisini də mən yazmışam. Hətta bir neçə dəfə efirdə həmin musiqiləri ifa da etmişəm. Şəkidən onun ev muzeyinin müdiri bizi ora dəvət edib. Bildiyiniz kimi, onun oğlu Əhmədiyyə Cəbrayılov 90-cı illərdə şəhid olub.

- Mahnı janrında nəsə yazırsınız?

- Yaxşı piano çaldığıma görə hər gün nələrsə ifa edirəm. Həmin prosesdə mütləq hansısa əsərlər meydana çıxır. Bu yaxınlarda “Gilan holdinq” lə danışdım. Onların dəstəyi ilə fortepiano əsərlərimdən ibarət disk buraxmaq fikrim var. Artıq on altı instrumental musiqim hazırdır.

- Daha müğənnilərlə işləmirsiniz…

- Əməkdar artist Lalə Məmmədova üçün yeddi mahnı yazmışam. Bu yaxınlarda xalq artisti Brilliant Dadaşovaya üç mahnı verdim. Həmçinin xalq artisti İlhamə Quliyeva da üç mahnımı ifa edəcək. Mən şou-biznesə girən adam deyiləm. Ona görə də kiməsə zəng edib deyə bilmirəm ki, gəl, məndə filan mahnı var. Bu yaxınlarda gənc müğənni Səidə Sultan zəng elədi. İki mahnı da ona verəcəyəm.

- Sənətinə bələd olmadığınız ifaçıya mahnı verərsiniz?

- Xeyr. Bilirsiniz, kiməsə zəng edib “məndə mahnı var” deməyi özümə sığışdırmıram. Düşünürəm ki, kimsə məni düz başa düşməz. 2003-cü ildən Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm, professoram.

- Amma gənc bəstəkarlar əsərlərini satdıqlarını açıq-aşkar deyirlər…

- Mən mahnılarımı heç kimə satmıram.

- Ümumiyyətlə, mahnıya qiymət qoymaq nə dərəcədə doğrudur?

- İndi elə dövr gəlib ki, insanlar əsərlərini satmalıdırlar.

- Səhv etmirəmsə, sovet dövründə bəstəkarların əsərlərini alan vahid qurum vardı.

- O vaxt əsərləri Mədəniyyət Nazirliyi, televiziyanın Bədii Şurası alırdı. Mən uzun illər estrada simfonik orketsrinin bədii rəhbəri olmuşam. Əsərlər alınırdı və dövlət hesabına aranjiman edilirdi, notları köçürürdülər. Hamısının da pulu ödənilirdi. Bu gün o mexanizm yoxdur. İndi bazar iqtisadiyyatıdır. Hansısa Hüseyn, Həsən mahnını alır, aranjiman etdirir və oxuyur.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm