• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“İsanın yatağındakı ilahə” ortaya çıxdı – FOTO

“İsanın yatağındakı ilahə”  ortaya çıxdı – FOTO

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda gənc yazıçı Səidə Haqverdiyevanın “İsanın yatağındakı ilahə” adlı yeni kitabının imza günü keçirilib.

Publika.az xəbər verir ki, “Yazıçı” nəşriyyatında işıq üzü görən kitab Azərbaycan Yazıçılar Birliyinin “AYB Kitab” layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rza, redaktorları Akif Şahverdiyev və Səhər Əhməddir.

Kitabda müasir həyatımızda baş verən bir sıra hadisələrin təsviri öz əksini tapıb. Əsasən ailə-məişət mövzusunda yazılmış povest və hekayələrdə müəllif problem və onu yaradan səbəbləri göstərməyə çalışıb. Əsərlərdə adət-ənənəyə hörmət, dostluğa sədaqət, verilən vədə əməl etmək kimi müsbət keyfiyyətlər və əxlaqi dəyərlərə xüsusi yanaşma var.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza qonaqları salamladıqdan sonra “AYBkitab” layihəsi haqqında geniş məlumat verib, layihənin gerçəkləşməsində xidməti olanlara – “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Vəfadara, “Vektor” nəşriyyatının rəhbəri Elçin İsgəndərzadəyə, “Yayım Assosiasiyası”na, “Bayatı” kitab mağazasına təşəkkürünü bildirib: ”Layihə çərçivəsində hər hansı bir kitab nəşr olunanda öz kitabım işıq üzü görəndə sevindiyim qədər sevinirəm. Kitab mütləq təbliğ olunmalıdır. Biz bölgələrimizdə də yazarlarla oxucuların görüşlərini keçirməyi nəzərdə tutmuşuq”.

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca müəllifi kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, ona yaradıcılıq yolunda uğurlar arzulayıb.

Kitabın redaktoru Akif Şahverdiyev çıxışında müəllifin ədəbiyyata gəldiyi ilk vaxtlardan, ilk qələm təcrübələrindən söz açıb: “Səidə Haqverdiyevanın şeirləri ilk dəfə 2001-ci ildə “Sabah” qəzetində işıq üzü görüb. Onun şerlərindən dərd tökülür, bütün hekayə və povestlərində problem qoyulur. Onun taleyində nə qədər uğur olsa, mənim sevincimdir”.

Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu təqdim olunan kitab haqqında öz fikirlərini iştirakçılar ilə bölüşüb, müəllifin növbəti kitabının dil, forma, estetik baxımdan daha da fərqli olmasını arzulayıb.

Xalq artisti İlham Namiq Kamal müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə teatr ordusu adından təbrik edib, müasir dövrdə ədəbiyyatın, mədəniyyətin əsas vəzifəsinin insanları düşündürmək olduğunu söyləyib.

Təqdimat mərasimində Səhər Əhməd, kitabxana.net saytının redaktoru Aydın Xan, Azər Qismət çıxış edərək Səidə Haqverdiyevanı kitabının nəşr olunması münasibətilə təbrik ediblər, ona gələcək fəaliyyətində müvəffəqiyyət arzulayıblar.

Sonda çıxış edən Səidə Haqverdiyeva tədbirin keçirilməsində, kitabının nəşrində zəhməti olanlara, tədbirdə iştirak edənlərə təşəkkür edib, kitabını imzalayaraq oxucularına təqdim edib.


İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR