Sibel Can: İki ər, şantaj kaseti və “mavi” övlad - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sibel Can: İki ər, şantaj kaseti və “mavi” övlad - FOTOLAR

Publika.az məşhur sənət adamlarının həyat və yaradıcılığı ilə bağlı silsilə araşdırmalarını davam etdirir. Bu həftə “hədəf”imizdə Azərbaycanda da çox sevilən məşhur türkiyəli müğənni Sibel Candır. İlk baxışdan çox xoşbəxt görünən bu qadın elə də asan həyat yolu keçməyib…

Türk olmayan Sibel

Sibel Can 1970-ci ildə Engin və Əminə Cangürelərin ailəsində Karagümrükdə dünyaya gəlib. İbtidai məktəb məzunu olan Sibel Canın anası bursalı, atası isə yuqoslaviyalı immiqrantdır. Yəni, qısa desək, Sibel əslən türk yox, yuqoslav mənşəlidir. Hətta bəzi mənbələrdə onun alban qızı olmasıyla bağlı da iddialar var.

Sibal Canın atası Engin Cangüre öz dövrünün tanınmış skirpka ustalarından sayılır. Bir çox məşhur türk sənətçilərini müşayiət edən Engin bəyin qızı Sibelin musiqi ilə ilk tanışlığı da atasının sayəsində baş tutub. Hələ 13 yaşı olarkən Sibel atasıyla bərabər bir çox ölkələrdə, o cümlədən Avstriya, Almaniya, Hollandiya və İsraildə çıxışlar edir. Amma əksəriyyətin müğənni kimi tanıdığı Sibel Canın sənətə gəlişi müğənniliklə deyil, oriental rəqslə olur. Gələcəyin parlaq ulduzunun ilk iş yeri isə Halikarnas kazinosu sayılır. Bu arada maraqlı bir məqamı qeyd etmək yerinə düşər. Qanunvericiliyə əsasən, azyaşlı Sibelin kazinoda işləməyi qadağan olsa da, rəsmi sənədlərdə onun yaşını çoxaldaraq, buna nail oldular.

Halikarnas kazinosundan ayrılan Sibel ardınca bir neçə gecə məkanlarında işləyir. Rəqqasə kimi sonuncu dəfə Maksim Kazinosunda işə başlayır. Burada da Sibelin yaşının az olmağına görə problemlər yaranır. İş o həddə çatır ki, kazinonun fəaliyyətini dayandırırlar və obyektin sahibi Fahrettin Aslanın köməyilə məhkəmədə Sibel 6 il “böyüdülür”. Beləcə, o, bu məkanda üç il oriental rəqslə məşğul olur. Maksim kazinosunda Muazzez Abacı, Neşe Karaböcek və Emel Sayın kimi tanınmış sənətçilərin bekvokalı olan Sibel 17 yaşında solo ifaçı kimi fəaliyyətə başlayır.

İlk uğur və Gencebayla sevgi macərası

Elə həmin il Sibel Can ilk albomunu - ”Günah Bize”ni çıxarır. Bu albomun hazırlanmasında gənc ifaçıya türk sənət musiqisinin tanınmış simalarından olan Orhan Gencebay dəstək olur. Albom qısa müddət ərzində satış rekordları qırır. Yeri gəlmişkən, sonradan bu iki sənətçinin sevgi macərası yaşadığı bildirilirdi.

Gizli evlilik

…1988-ci ildə isə Sibel Can ailə həyatı qurur. Bu mərasim çox dar çevrədə, Türkiyənin digər məşhur sənətçisi Zerrin Özerin evində, gizli şəkildə baş tutur. O, Hakan Ural adlı şəxslə evlənir. Bu nikahdan cütlüyün 1992-ci ilin yanvarında Engincan adlı oğlu, 1995-cü ilin avqustunda isə Melisa adlı qızları dünyaya gəlir. Qısa müddət sənətinə ara verən Sibel bundan sonra hər il, demək olar ki, bir musiqi albomunu sevənlərinə təqdim edir. Karyerasının zirvəsinə doğru irəliləyən sənətçi 1995-ci ildə “Şarkılar da senden yana” adlı albomunu təqdim etməklə, ifa tərzini də bir qədər dəyişir. Albomdakı “Deli yüreğim”, “Dedi-kodu” kimi bəstələr isə Sibelin əvvəlki mahnılarını da kölgədə qoymağı bacarır.

1997-ci ildə isə sənətçinin populyarlığına populyarlıq qatacaq növbəti albom buraxılır. Məşhur “Padişah” mahnısının da yer aldığı albom Türkiyə musiqi tarixinin ən çox satılan albomları sırasında yer alır.

Şantaj kaseti

1998-ci ildən etibarən sənətçinin şəxsi həyatında büdrəmələr başlayır. Artıq dedi-qodular yayılmışdı ki, sənətçi kiminləsə eşq macərası yaşayır. Hətta müğənninin eşq yaşadığı insanla bir yerdə olduğu gecənin videokasetinin olduğu barədə də iddialar irəli sürülürdü. Ən dəhşətlisi isə o idi ki, Türkiyə mətbuatı Sibelin həmin kasetlə şantaj olunduğunu yazırdı:

“Sibeli şantaj edirlər. Deyilənlərə görə, həmin kasetin məhv edilməsi üçün sənətçidən külli miqdarda pul tələb olunur”.

Bütün dedi-qodulara rəğmən, Hakan Uralla Sibel Canın evliliyi on il davam edir. Şayiələrin çoxaldığı ərəfədə Hakan Ural həyat yoldaşı və uşaqlarını da götürərək Londona üz tutur. Amma bir müddət sonra o, ailəsini Londonda qoyub, Türkiyəyə geri dönür. Maraqlıdır ki, əri Sibel Canla birlikdə yaşadığı evə deyil, atasının evinə gedir. Bu, artıq cütlüyün boşanma ehtimalını bir qədər də artırırdı.

Bu ərəfədə isə sənətçi barədə daha bir şayiə yayılır. Bildirilirdi ki, Hakan Ural Sibel Candan boşanmaq üçün ondan nə az, nə çox – dörd milyon dollar tələb edir. Həmin vaxt iddialara Hakan Ural deyil, atası Selçuk Ural cavab verir və oğlunun belə bir tələb irəli sürmədiyini söyləyir.

İlk boşanma

Bütün cəhdlərə baxmayaraq, Hakan Ural-Sibel Can cütlüyü 1999-cu ilin fevralın 17-də rəsmən boşanır. Cütlüyün övladları Engincan və Melisa isə anaları ilə qalır. Sənətçinin oğlu ilə bağlı isə Türkiyə mediası müxtəlif fikirlər irəli sürür. Engincanın geyim tərzi onun fərqli orientasiyaya malik olmasıyla bağlı söz-söhbətlərə səbəb olur. Hətta onun “mavi” olduğu bildirilir.

Sənətçi çətin günlər yaşamağına baxmayaraq, 2000-ci ildə “İşte türk sanat müziği, işte Sibel Can” adlı albomunu sevənlərinə təqdim edir. Bu albom da Can yaradıcılığında yeni mərhələ kimi qiymətləndirilir.

İkinci evlilik, üçüncü uşaq

Hakan Uraldan rəsmən ayrılmasından bir il keçməmiş, Sülhü Aksüt adlı iş adamı ilə görüşməyə başlayır. Bir müddət sonra isə münasibətlər rəsmiləşir. 2000-ci ilin avqustunda Sibel-Sülhü cütlüyünün Emir adlı oğlan övladları doğulur. Bu, Sibelin üçüncü usağı idi.

Qalmaqallı ayrılıq

Sibel Canın ikinci rəsmi nikahının pozulması da səssiz ötüşmür. Müğənninin puluna görə onunla ailə qurmasıyla bağlı ortaya atılan fikirlər Aksütü bəzi sirlərin üstünü açmağa vadar edir:

“Sibelin pulunda gözüm olsaydı, birinci həyat yoldaşı Hakana boşanma üçün verməli olduğu bir milyon dollar təzminatı mən ödəməzdim. Anamın Sarıyerdəki evini də Hakana vermişəm”.

Hakan Ural isə Aksütün bu iddialarına belə cavab verir:

“Niyə üstümə gəlirlər? Mən Sibeldən ayrılanda evlilik dönəmimizdə almış olduğumuz evi tələb etdim və aldım. Sibel ikinci ərindən boşanır və zərbə yenə də mənə dəyir. Ortada nə bir milyon, nə də Sülhü bəydən almış olduğum ev var. Bunu sübut edən olsa ki, Aksütün dedikləri doğrudur, Taksimdə qadın paltarında gəzəcəyəm”.

Sülhü Aksüt kimdir?

Bu arada Sülhü Aksüt barədə bir neçə kəlmə yerinə düşər.

Sülhü Aksüt “AŞY” adlı şirkəti qardaş Yusufla birgə işlədirdi və əmək fəaliyyətinə 1981-ci ildə başlamışdı. Hətta Talabaniylə yaxınlığı sayəsində İraqda müəyyən işlər görürdü. Aksütlə evlənərkən Sibel Canın adı bir çox qalmaqallarda, o cümlədən vergidən yayınmaqda hallandırılırdı. Bildirilirdi ki, məhz buna görə sənətçinin sərvətinin bir qismi müsadirə oluna bilər. Hətta onun adı mafiya ilə əlaqələrdə də çəkilirdi. Sülhü Aksüt müğənninin həyatına məhz bu dönəmdə daxil olmuşdu.

…Aksüt arvadının səhnəyə çıxmağını istəmirdi. Hətta həmin dönəmdə Aksüt “Zaman” qəzetinə müsahibə verərək, bu barədə fikirlərini bildirmişdi:

“Mühafizəkar insan olsam da, onun səhnədən tamamilə uzaqlaşmasını istəmirəm. Sibelin gözəl ürəyi var. Mən bu yaşıma qədər evlənməmişəm. Gerçəkdən də mühafizəkar ailəyə mənsubam. Onunla evlənməyimə qarşı çıxanlar da oldu. Mənim düşüncəmdə bir insanı çətin vəziyyətdə buraxmamaq var. Amma təbii ki, bu münasibətin bünövrəsində sevgi də durur. Uzun müddət Türkiyədən kənarda işləsəm də, namaz qılıram, ibadət edirəm, dinə bağlı adamam. Bu il Sibellə Həccə də gedəcəyik. Mən “Sibel işləməyəcək deyərkən”, içki olan yerlərdə işləməyəcəyini nəzərdə tuturam. O, Türkiyənin önəmli sənətçilərindən biridir”.

Aksüt xanımının sənətinə qarşı olmadığını desə də, bu evlilik çat verməyə doğru gedirdi. Sənətçi də jurnalistlərə açıqlamasında əriylə münasibətlərinin istənilən səviyyədə olmadığını bildirmişdi:

“Səhər saatlarına qədər studiyada qalıb albom hazırlayıram. İlk mübahisələrimiz də onun üstündə başladı. Hətta Sezen Aksunun evində mahnı hazırlayarkən Sezen ona zəng vurub, vəziyyəti izah etmək məcburiyyətində qalmışdı. Ardınca gördüyüm işlərin təbliğatını, reklamını qurmaq dönəmi başladı və bu dönəmdə onunla münasibətlərimiz bir qədər də gərginləşdi. Çünki bir-birimizi çox görmürdük. O, tipik qaradənizli kişidir, çox qısqancdır. Mənim yenidən səhnəyə dönməyimi istəmədi. Onsuz da mənim çox işim olmur. Həftədə bir dəfə səhnəyə çıxıram. O, evdə oturub uşaqlarımla məşğul olmağımı istəyir. Onsuz da mən ailəmdən diqqətimi əsirgəmirəm ki… Həftədə bir gecə işləməyim Sülhüyə çox gəlir. O, məni Sibel Can olaraq tanıdığı üçün bu vəziyyətə öyrəşməsi lazımdır”.

Bu açıqlamalardan sonra cütlük bir evin içərisində küsülü yaşamağa başlayır. Sibel Canın dediklərindən:

“İndi bir-birimizə naz edirik, hər ikimiz qürurluyuq. Xeyirlisi olsun. Amma mən Sülhünü çox sevirəm. Gözəl həyat yoldaşı və atadır. Ailəmizin dağılmaması üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki ortaq məxrəcə gələ biləcəyik”.

Ancaq bütün bunlara rəğmən, Aksüt-Can cütlüyü 2010-cu ilin iyulunda yollarını ayırır.

Aktrisa Sibel

Sibel Can məşhur müğənni olmaqla yanaşı, həm də yetərincə peşəkar aktrisadır. O, bir çox film və seriallarda, o cümlədən, “Kaldırım Çiçeği”, “Gülüm”, “Bize ne oldu”da çəkilib. “Berivan” isə Sibelin aktrisa kimi yaradıcılığının, bəlkə də, pik nöqtəsidir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm