Tabloid.az
“O hadisədən sonra həyatın dəyərini anladım” - BRİFİNQ
Brifinq”in qonağı Azərbaycanın xalq artisti Faiq Ağayevdir. Onunla çox müsahibələr olub. Bu üzdən tamaşaçıları, sevənləri onun 26 illik səhnə fəaliyyətinə yaxşı bələddir. Yeni yaradıcılıq dönəmi və doğum günü ərəfəsində olan söhbətimizdə “Qızıl Şlyager”lə keçdiyi sənət yoluna və digər maraqlı məqamlara toxunduq. Xalq artisti ilə söhbətə “Eurovision” təmsilçimiz Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasındakı çıxışı ilə başladıq. 100% F.A. hamı tərəfindən birmənalı qarşılanmayan bu səs-küylü çıxışa münasibətini bildirdi, qalmaqalların müğənnilərin həyatındakı rolundan, oxuduğu kitablardan danışdı. Ən əsası xalq artisti tamaşaçı sevgisini qazanmağın sirrini bölüşdü.
Nərgiz Ehlamqızı: Faiq bəy, bu həftənin gündəmi
Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasındakı ifasıdır.
Facebook-da və mediada çoxsaylı müzakirələr gedir. Sizin
mövqeyinizi bilmək istərdik...
- Elnur Hüseynovla bağlı Facebook səhifəmdə status paylaşmışam.
Məşhur bir deyim var: “Başına tac qoyan kütlə, başının kəsilməsini
də alqışlayacaq. İnsanlar şounu sevir”. Biz Elnuru 2008-ci ildən
tanıyırıq. Yaxşı, Elnuru bu gün tərifləyənlər, o, Bakı Caz
Mərkəzində konsert verəndə, gedib bir bilet aldınızmı? Onun çıxış
etdiyi digər məkanlara getdinizmi? 2008-ci ildən bu yana 6 il
keçib, heç maraqlandınızmı Elnur haradadır? Təbii ki, hər bir
azərbaycanlı həmyerlisinin uğurunu görəndə sevinir. Amma bu
sevincin arxasında iddia durursa, Azərbaycan cəmiyyətinə,
mədəniyyətinə, televiziyasına irad tutursunuzsa, “dilin varsa,
dilçəyin də olsun” məsələsi ortaya çıxır. Bundan qabaq Elnur üçün
nə etmişdin ki, bu gün onula bağlı cəmiyyətimizi ittiham edirsən?
Nə oldu, 2008-də sizin bir çox həmkarlarınız olan jurnalistlər,
mənim həmkarlarım müğənnilər, sosial şəbəkələrdəki insanlar Elnuru
qınaq obyektinə çevirmişdilər, onu açıq-aydın baltalayırdılar.
Həmin o insanlar bu gün ona əl çalırlar. Ey, vah... Ona görə Elnura
bağlı bu statusu yazdım ki, növbəti baltalanmağlara hazır
olsun.
N.Ehlamqızı: Elnur özü də təvazökar davranır, çox
vaxt da tənbəllik edir. Murad Arif də dedi ki, biz onu dəfələrlə
efirlərə dəvət edirdik, amma o, dəvətlərdən imtina
edirdi.
- Məncə sənətdə olan insan təvazökarlığı qədərincə istifadə
eləməlidir. Müğənni efirə çıxmırsa, günah özündədir.
N.Ehlamqızı: Deməli, tənbəldir?
- Deməzdim tənbəldir. Elnur özü müsahibələrinin birində söyləmişdi
ki, Mən bu ölkənin musiqi formatı deyiləm. Musiqi sektorunda
səslənən cərəyanlara tərsəm”.
Naibə Qurbanova: Sizcə, haqlı idi?
- Mənə elə gəlir ki, Elnurun daha çox Qərb musiqisinə yaxınlığını
nəzərə almaq lazımdır. Özünüz bilirsiniz ki, hal-hazırda hansı
“fiqurlar” giper “populyardır”. Bayağı musiqinin parlaq
nümayəndələri milyonlarca baxış yığır internetdə. Ona görə Elnur
söyləmək istəyir: “Bu musiqi qazanında yadam”. Elnur təbii ki, “O
səs Türkiyə” yarışmasında çox keyfiyyətli oxudu. Oradakı münsiflər
heyəti onun ifasından birmənalı şəkildə heyran qalmalı idilər. Biz
belə keyfiyyətli musiqiyə alışmışıq. Türkiyədə isə belə keyfiyyətli
müğənnilər çox azdır.
N.Qurbanova: Faiq Ağayev də 1988-ci ildə sənətə
gələndə Qərb musiqisini ifa edirdi. Düzdür, müəyyən mərhələlər
keçdiniz, amma tamaşaçılara kifayət qədər keyfiyyətli musiqilər
təqdim etdiniz. Uğurunuzun formulu nə idi?
- O vaxt tamaşaçı başqa idi. Tamaşaçının zövqünə arxalanmaq olurdu.
O zövqü nəzərə alıb, hansısa müasir yorumlu mahnılar ortaya
çıxarmaq mümkün idi. İndi tamaşaçıların bir çox hissəsi zövq
baxımından böhran içindədir. Ona görə də Elnur özünü musiqi
bazarında olan zövqlərə uyğunlaşdıra bilmir. Mən səhnəyə gələndə
tamaşaçının ən cavanı belə sovet dövründən keçmiş insan idi.
İllərlə keyfiyyətli əsərlər dinləyirdilər, müəyyən musiqi zövqləri
vardı. Xalqın zövqünü nəzərə alıb, “qərbçiliyimi” aranjemanda
saxladım, amma oxuduğum mahnılar həmişə milli koloritdə olub.
Zəmanə dəyişib, indi Elnur və ya başqası eynisini edə bilməz.
N.Qurbanova: Həmin dövrdə yetişən peşəkar
müğənnilərimiz bu gün də sənətdədir. Amma Siz peşəkarlar
bayağılığın qarşısını ala bilmədiniz...
- O, bizim işimiz deyil. Hərə öz fəaliyyəti ilə dediyiniz
zövqsüzlüklə müharibə aparır. Mən - oxuduğum mahnılarla. Bayağı
mahnı oxumuram ki.
“Elə mahnı oxumamışam ki, onu qaxınc kimi başıma çırpsınlar”
N.Qurbanova: Siz onlara meydan
vermədiniz?
- Xeyr, tamaşaçı onlara alternativ bir meydan yaratdı. Tamaşaçı öz
dəyişmiş zövqünə uyğun ifaçılar tapdı. Mən Mədəniyyət və İncəsənət
Universitetində oxuyanda müəllimlərim söyləyirdi ki, əsl sənətkar
kütlənin zövqünün dalınca gedən deyil, kütlənin zövqünü
formalaşdırandır. Mən də çalışdığım qədər tamaşaçıda zövq
formalaşdırıram. Elə bir mahnı oxumamışam ki, sabah onu qaxınc kimi
başıma çırpsınlar. Məsuliyyəti bir az da tamaşaçının özündə görmək
lazımdır.
Ruslan Bakiroğlu: Niyə bizdə prodüserlər potensialı
olan gəncləri önə çəkmirlər?
- Azərbaycanda bir əlin barmaq sayı keyfiyyətli musiqi
prodüserlərinin sayından çoxdur. Dünya musiqi bazarında
“sound-produser”lər, yəni musiqi zövqünü rəndələyən, hansısa
müğənnini müəyyən musiqi sektoruna daxil edən şəxslər var. İndiki
keyfiyyətli “sound-prodüser”lərdən Murad Arifin adını çəkə bilərəm.
Azərbaycan musiqi bazarını bir kənara qoyaq, ticarətə nəzərə salaq.
İnanmıram ki, ölkəmizdə çoxlu yaşıl divan alan insan ola. Siz o
divana nə qədər sərmayə buraxsanız, keyfiyyətli olsa da, reklam
etsəniz belə ona tələbat yoxdur. Prodüserləri də suçlamaq düzgün
deyil. Elnuru bu bazara gətirmək üçün sırf onun və ya sırf
tamaşaçının istəyi ilə getmək olmaz. Ortaq, tarazlaşmış tərz seçmək
lazımdır ki, prodüserlər təklif eləsin. Belələri də bizdə, əfsus
ki, yoxdur.
R.Bakiroğlu: Justin Bieber və bu kimi dünya
ulduzlarına prodüserlər dəstək olub tanıdıb. Bizdəsə belə dəstək
demək olar ki, yox səviyyəsindədir.
- Justin Bieber Qərbdədir, orada o tip musiqi - normal bir şeydir,
bizdəsə ekzotika kimi qəbul olunur. Elnur “O səs Türkiyə”də etdiyi
boğazları “Eurovision” müsabiqəsindəki mahnısının girişində
etmişdi. Nə oldu, nəyə görə bu gün həmin boğazlara valeh olan
Azərbaycan tamaşaçısı Elnurdan tələb etmədi ki, ay Elnur, biz belə
mahnılar istəyirik. Sadəcə, tamaşaçı o ifanı ekzotika kimi qəbul
elədi. İnsanlar turist kimi ekzotik yerə - Tailanda, Baliya
istirahət etməyə gedirlər və qayıdıb, Azərbaycanda yaşamlarına
davam edirlər. O 5-10 günlük səfəri həyatında sadəcə bir naxış kimi
qəbul edirlər. Elnuru da o cür qəbul edirlər. Sevib, can
bağlamırlar. Budur həqiqət...
N.Qurbanova: Qınaqlardan biri də bu idi ki, niyə
“Eurovision” təmsilçilərindən olan Hadisə münsiflər heyətində,
Elnur isə səhnədə idi?
- Bu, Elnurun öz seçimidir. Elnur bilməli idi ki, o, “Eurovision”un
8-cisi idi. Həmin yarışmada 10-cu olmuş bir müğənninin qarşısına
çıxmağı yəqin əvvəlcədən daxilində saf-çürük etmişdi.
“Hadisə münsiflərdə olmasaydı, başqa “mız” tapılacaqdı?”
Nərmin Muradova: Sizcə doğru addım
idi?
- Onun hərəkətini qiymətləndirmək müqəddəratında deyiləm. Mən
olsaydım getməzdim. Amma Elnur üçün bu, platformadır. O, Rusiyadakı
“Qolos” müsabiqəsinə də gedə bilərdi. Dedi ki, İstanbulda
olduğundan bu seçimi etdi. Münsiflərdə kimlərin oturması məsələsini
isə boş verin. 60 milyonluq türk tamaşaçısı, türkdilli ölkələr ona
baxır. Bu, daha vacib amildir. Hadisə münsiflərdə olmasaydı, başqa
“mız” tapılmacaqdı bəyəm? “Mız” tapmaq çox yüngül işdir, ondan asan
nə var ki? Amma Elnura uzaqdan-uzağa status və “like”larla yox,
doğma Vətənində yiyə durmaq çətindir nədənsə.
“Faiq Ağayevin prodüseri elə özüdür”
N.Muradova: Bayaq prodüserlərdən danışdınız, Siz
sənətə gələndə hələ prodüser anlayışı Azərbaycanda bir o qədər
formalaşmamışdı. Bəlkə də prodüserin nə olduğunu heç kəs
bilmirdi.
- Vaqif Gərayzadə kimi prodüser vardı. Aygün Kazımova, Zülfiyyə
Xanbabayeva, Röya, Natəvana görə Vaqif Gərayzadəyə “çox sağ ol”
deməliyik. Prodüser sözünün düzgün tərcüməsi “yaradan, istehsal
edən” deməkdir. Sıfırdan bir müğənnini götürüb, onu
formalaşdırırsan və tamaşaçıya təqdim edirsən. Faiq Ağayevin
prodüseri - elə özüdür. Mənim menecerim var. Əvvəllər buna
“impressario” və ya “inzibatçı” deyirdilər. Menecer sənin işlərini
operativ olaraq idarə edən şəxsdir.
N.Muradova: Heç vaxt prodüserə ehtiyacınız
olmayıb?
- Ehtiyacım olub, sadəcə olaraq, eləsini görmədiyimdən, özüm bu
işlə məşğul olmuşam.
N.Qurbanova: Düşünürəm ki, xalq artisti titulu
məsuliyyətdir. Bu titulu alandan sonra davranışlarınızda hansı
korrektələr etdiniz? Bizim cəmiyyətdə xalq artistinin bir
açıq-saçıq fotosu yayılan kimi dərhal insanlar müzakirəyə başlayır
ki, baxın, bu da bizim xalq artisti...
- Təbii ki, bu fəxri adın daşıyan üçün müəyyən tələblər var. Daha
çox məsuliyyətli olmalısan. Cavanlığın dəliqanlılığı, emosionallığı
cilovlanmalıdır. Çünki insanlar, türklər demiş, söyləyəcəklər ki,
“koskoca” bir ad almış şəxs gör necə davranır. Üstəgəl mən ən gənc
əməkdar və xalq artistiyəm. Məndən qabaq bu yaşda həmin fəxri
adları heç kəs almamışdı. Elə hərəkətlər var ki, insan özünə ar
bilir və daha eləmir. Mənə elə gəlir ki, o adın ağırlığını və
məsuliyyətini hiss edənlərdənəm. Həm də dünən salamlaşdığım
insanlarla özünü “yuxarıdan” aparmaq düzgün deyil. Buna görməmişlik
və tərbiyyəsizlik deyirlər.
N.Qurbanova: Olubmu öz-özünüzə deyəsiniz “bu sənə
lazım idi?”
- Ən zəhləm gedən sual “dünyaya yenidən gəlsəydiniz, bu sənəti
seçərdiniz?” sualıdır. Amma düşünürəm ki, seçimim olsaydı, yenə də
bu sənətə gələrdim, bu ağırlığı çiyinlərimdə daşıyardım. Düzdür,
daha ağıllı olardım. (gülür)
N.Muradova: Sənətdə səhvləriniz nə
olub?
- Deməzdim ki, sənətdə səhvlərim olub. Amma insan kimi həyatda səhv
etmişəm.
N.Muradova: Məsələn, qalmaqala səbəb olan
açıqlamalarınıza görə sonra peşmançılıq
çəkmisiniz?
- Səhnə fəaliyyətimin 26 illik bir vaxt kəsimində iştirak etdiyim
qalmaqalları təhlil etsəniz, görərsiniz ki, kiməsə söz atıb özüm
qalmaqal yaratmamışam. Sadəcə, cavab vermək məcburiyyətində
qalmışam. Neyləyim, Allah-təala zəka verib, mənim cavabım o qədər
güclü olub ki, ilk atılan söz yaddan çıxıb və qalmaqal artıq mənim
adıma bağlanıb. İlk baxışdan mübahisəli bir şey deyəcəyəm. Bəzən
qalmaqal yaxşı şeydir. Sənətinin bir mərhələsində Madonna “Madonna
ilə çarpayıda” adlı açıq-saçıq, provokativ, lakin sənətlə bağlı
film çəkdi. Səhnədə çıxış edən Madonna və özəl həyatındakı Madonna
təsvir edilirdi. Filmin tamaşaçılara o qədər təsiri oldu ki, o
dalğanın üzərində Madonna 1 illik əla, super keyfiyyətli, anşlaqlı
bir konsert turu keçirdi. Bu, tamaşaçını silkələməkdir. Buna düzgün
qalmaqal deyirəm. Sonda nəticəni sənətə bağlayır. Mənə elə gəlir
ki, yalnız mahnısı, klipi olmayanlar, sənətdə çətinlik çəkənlər
qalmaqala əl atırlar. Mənasız qalmaqal o yerdə yaranır ki, orada
sənət yoxdur.
N.Muradova: Heç qarşılıqlı razılaşma əsasında
kiminləsə qalmaqal yaratmısınız?
- (gülür) Hə, bir dəfə olub. Aygünlə evlənmək məsələsi. Aygün
təklif elədi, mən də imza atdım. Yəqin Aygünü sevdiyimdən
razılaşdım.
N.Muradova: Röya ilə yayılan videonuz çox
müzakirələrə səbəb olmuşdu. Aranızdakı anlaşılmazlığın səbəbi nə
idi? Çünki biz o klipi də sonradan görmədik...
- Röya mənim “Neyləyim” mahnıma çəkilən klipimdə tərəf müqabilim
idi. Ssenariyə əsasən bizim həm də sevişmə səhnəmiz var idi.
Röyanın klipimdə çəkildiyini də tam məxfi saxlayırdıq ki, yaxşı
effekti olsun. Həmin səhnəni çəkdik, səhəri günü onu Youtube-də
gördüm. Röyaya dedim ki, bununla bu layihə çərçivəsində işimiz
bitdi. Amma buna baxmayaraq, aramıza küskünlük düşmədi. Maşallah
hörmətimi saxlayır, gözəl münasibətdəyik. Yəni o hadisə
münasibətimizi pozmadı, amma qalmaqal kimi gündəmə gəldi. Yaranmalı
idi də. Baxın, Təhminə və Zaurun sevişmə səhnəsini Azərbaycan
cəmiyyəti indiyədək müzakirə edir.
N.Qurbanova: Onu doğru dediniz, Sizin kliplərinizdə
də cəsarətli səhnələr az deyil. Belə çıxır ki, cəmiyyətin
reaksiyasına hazır idiniz.
- Təbii ki, cəmiyyətin bu mövzularla bağlı müəyyən “qorxaqlığı”
vardı. Onu üstələmək çətin idi. Lakin mən onu elə bir şəkildə
təqdim etdim ki, o iyrənc və vulqar deyildi. Bədii formada, kino
formatında verdik o səhnələri.
N.Qurbanova: Cəmiyyətin müəyyən təbəqələrini
qıcıqlandıran mövqeyiniz olsa da, 70 faizin 30 faiz nisbətində
insanların Sizə sevgisi var. Bunu sosial şəbəkələrdə də müşahidə
etmişəm.
- 70 faizdən çoxdur. Azərbaycanda cəmi 600 min internet
istifadəçisi var. Bu rəqəm isə heç cəmiyyətimizin 10 faizini təşkil
etmir, hardasa 7 faizdir. 7 faizin içində 70 faiz mənim
tərəfimdədir. İnternetdə olmayan digər 93 faiz yadınızdan çıxır.
Mən ünvanıma olan sevgini 95 faizin - 5 faiz nisbətində
görürəm.
N.Qurbanova: İmicinizi saxlamağı necə bacarırsınız?
26 ildə elə həmin gurultulu konsertləri keçirirsiniz, görkəminiz,
fanat ordunuz hamısı yerindədir. Bunun xüsusi formulu
varmı?
- Bəli, düstur var: mahnı, klip, konsert, məhsuldarlıq, tərbiyyə,
tamaşaçıya hörmət.
N.Qurbanova: Aygün Kazımova bir dəfə demişdi ki,
mənim uğurumun səbəbi səmimiyyətdir. Sizə gələn təbrik mesajlarını,
Facebook-dakı ismarışları cavabsız qoymadığınızı eşitmişəm. Bunlara
necə vaxt çatdırırsınız?
- Yekəxanalıq kimi çıxmasın, boş-bekar adam deyiləm, işlərim var.
Səhər yeməyini yeyəndə 40 dəqiqə və axşam 22.00-dan sonra buna 1-2
saat vaxt ayırıram, mütləq sosial şəbəkələrə baxıram, statusuma
olan reaksiyalara nəzər salıram. Çünki bir çox insanlar üçün bu,
sevdikləri müğənni ilə yeganə rabitə vasitəsidir. Məni onillərlə
görmək imkanı olmayıb, bəlkə də olmayacaq, buradasa bilavasitə
ünsiyyət qura bilirlər. İnsanın ürəyini qırmaq olmur axı. Düzdür,
bütün yazılanlara da cavab vermirəm. Sadə “Salam” müraciətinə,
yaxud “doğrudan özünüzsünüz?” kimi suallara cavab vermirəm. Amma
elə yazılar olur ki, yan keçmək mümkün deyil. Bu yaxınlarda səhnə
fəaliyyətimin 26 illiyini qeyd elədim. Bununla əlaqədar statusuma
çox maraqlı bir rəy gəldi. Onu da deyim ki, “sən” müraciətini
sevmirəm, o cür müraciət yalnız şəxsən tanış olduğum, aşırı
səmimiyyət yaşadığım insana aid ola bilər. Bir istifadəçidən “sən”
müraciəti gəldi, amma ürəyimə yağ kimi yaxıldı. Deyir: “Qardaş, bu
gün səni televiziyada gördüm, 26 il deyirsən? Gülümsədim, soruş
niyə? Dedim, sökür də bu qardaş. Sənətin məndən böyükdür, öpürəm
sənətindən”. Təbii ki, aramızda olan yaş fərqinə işarə edirdi. Siz
bir ifadəyə baxın, ona cavab verməyəsən, nə edəsən? Digər bir
statusuma cavab olaraq yazıb ki, “milli estradamızın öndəri”. Çox
böyük məsuliyyət və yükdür bu ifadə. Həmin insanın səhifəsindəki
status və dərclərinə baxdım ki, bəlkə bu insanda belə tərifləri,
ifadəmə görə üzr istəyirəm, kortəbii paylamaq xüsusiyyəti var.
Gördüm - yox, çox ciddi insandır. Anladım ki, bu insan məni
özü-özlüyündə seçdiyim sahədə nəinki birinci, birincilərin
birincisi görüb. Buna necə reaksiya verməyəsən? Başqa biri yazdı
ki, “Özünüzdən xoşum gəlmir, amma mahnılarınızı və nitqinizi çox
sevirəm”. Mən də yazdım: “Bu sənətə özümü sevdirmək üçün gəlməmişəm
ki. Qəlbimdəki olan hissiyyata, mahnılarıma, ruhuma həmdəm tapmaq
üçün gəlmişəm. Odur ki, mahnılarımı, düşüncə tərzimi sevirsinizsə,
qəbulsunuz mənə. Çox sağ olun ki, varsınız”. Opponentə də düzgün
cavab vermək lazımdır. Sonra gördüm ki, həmin “özünüzü bəyənmirəm”
kəlməsini yazan şəxsdən digər şəkillərim və statuslarıma 50-60
“like” gəldi. Tamaşaçını bax belə qazanmaq lazımdır.
N.Muradova: İndiyədək Facebook-dakı parolunuz
oğurlanmayıb?
- Yox. Yəqin istəmirlər ki, mənim kimi istifadəçi “kayb olsun”.
(gülür)
N.Ehlamqızı: Dekabrda konsertlərinizin olmasına
tamaşaçılar öyrəşib. Bu il doğum gününüzdə konsert
olmayacaq?
- Bu il yox, gələn il olacaq. Amma bu il çatdırsam, inşaAllah,
dekabrın 29-u ad günümü jurnalistlərlə qeyd edəcəyəm. Sizi də dəvət
edəcəyəm. Yeni işlərimin təqdimatını keçirməyi düşünürəm.
N.Qurbanova: Nədənsə nitqi səlis, maraqlı,
hərtərəfli dünyagörüşü olan, savadlı insanı yuxarıda görmək
istəyirik.
- Savadlını yuxarıda görmək yaxşı şeydir də.
N.Qurbanova: Tünzalə Ağayeva təzə-təzə səhnəyə
gələndən sonra öz üzərində işlədi, təkmilləşdi, sonra “deputatlığa
namizəd olacaq” deyə söz-söhbətlər yayıldı. Bir ara Faiq Ağayevlə
bağlı da belə sözlər eşidirdik.
- Azərbaycan xalqının savadlı insanları deputat görmək istəməsi çox
yaxşı haldır. Bu, xalqın içində olan istəkdir ki, “Məni Milli
Məclisdə savadlı insan təmsil etsin”. Fərqi yoxdur, siyasət, elm,
idman, musiqi, yaxud iqtisadiyyat sahəsi olsun, savadlı insan
görəndə istəyirik ki, bizim sözümüzü parlamentdə o desin. Bu,
normal bir şeydir. Çox yaxşıdır ki, bizim millət Milli Məclisdə elə
insanları görmək istəyir. Amma planlarımda belə bir şey yoxdur.
“Faiq Ağayevi deputat görmək istəyində olmaq azdır, gərək bu yolda onunçün təşəbbüs göstərəsən”
N.Ehlamqızı: İnsanların Sizin deputat olmanız barədə
istəyini niyə reallaşdırmırsınız?
- Yenidən söhbətimizin əvvəlinə qayıdırıq, Elnuru sevmək azdır, ona
dəstək olmaq lazımdır. Eynən də Faiq Ağayevi deputat görmək
istəyində olmaq azdır, gərək bu yolda onunçün təşəbbüs
göstərəsən.
“Deputat kimi də məhsuldar ola bilərəm”
N.Qurbanova: Məncə, fanat ordunuz Sizi deputat
etməyə qadirdir.
- Lovğalıq olmasın, bu həyatda gördüklərim yəqin mənə imkan verər
ki, o məsləkdə də uğurlu olum. Azərbaycan xalqı mənə belə bir inam
göstərsə, o işdə də məhsuldar ola bilərəm.
N.Muradova: Potensialınızı
görürsünüz?
- Özünə inamla özündən razılıq arasında tük qədər fərq var. Mən
özümdən razı deyiləm, amma özümə inanıram.
N.Qurbanova: Bu yaxınlarda Azərbaycan əsgərləri hava
məkanımıza qanunsuz daxil olan Ermənistan helikopterini vurdu. Bu
hadisəyə reaksiyanız necə oldu?
- Çox sevindim. Azərbaycan cəmiyyətini alqışlayıram ki, sıravinin
“vur, komandir, vur!” sözünü sosial şəbəkələrdə “həştəq”ə çevirib,
fəxarətlə paylaşımlara başladılar. Baxın, cəmiyyətimiz Qarabağ
probleminin çözülməsinə necə acdır. Qızğın müharibə vaxtı onlarla
düşmən hərbi texnikası məhv edilir, yüzlərlə insan tələf olur. Amma
hətta belə perspektiv bizi qorxutmur. Görün, bir balaca nümunə
Azərbaycan xalqının ruhunu nə qədər yüksəklərə qaldırdı.
Azərbaycanlı yox, məsələn ukraynalı və ya qazaxıstanlı olsaydım,
helikopterin içində adam ölməsinə də ürək yandırardım. Amma o,
helikopteri bizim əsgərlərin üstünə düşməncəsinə yürütmüşdü, ona
görə onun ölümünə də heyfslənmirəm. Qəsbkar ölməlidir! Ya
mənzilində sakit yaşamalıdır, ya da evimə girirsə, başından qapaz
alıb rədd olmalıdır. Üstümə silahla gəlirsə, ölməlidir.
Birmənalı.
N.Muradova: İllərini bu sənətə vermiş insanlar
gənclərə dəstək dururlar. Faiq Ağayev hansısa sənətçiyə dəstək
durub?
- Lovğalıq olmasın, Azərbaycan estradasında bir çoxlarına dəstək
olmuşam. Son olanlardan, məsələn, “Dostlar” qrupu. Bu gəncləri
ATV-də müsabiqədə gördüm. Uduzacaqdılar, bütün münsiflər heyətini
səfərbər etdim ki, bunlar sıradan biri deyillər. Onlar doğrudan da,
səhnəyə sənət nümayiş etdirməyə gəliblər. Cavanlıqlarını, xırda
qüsur və səhvlərini nəzərə alaq, amma potensiallarını,
gələcəklərini görərək bunları dedim və qrupu münsiflərlə birgə
birinci etdik. Bir il sonra isə onlarla duet oxudum. Uğurlu da
alındı, yanılmamışdım yəni.
N.Muradova: Dəstək göstərdiklərinizin arasında dönük
çıxan olmayıb ki?
- Düzdür, hər bir sahədə elələri var ki, nankordur, “əlimin duzu
yoxdur” kəlməsi bir çox hallarda işləkdir, əfsus. Amma, vallah,
kömək etdiyim şəxslərdən həmişə etina, hörmət görmüşəm. Min şükür
ki, etdiklərimi danmırlar.
“Kitab təqdimatlarına müğənnilərdən təkcə mən gedirəm”
N.Qurbanova: Mütaliəni sevən insansınız. Hazırda
hansı kitabı oxuyursunuz?
- Bir neçə gün öncə Nərminə Məmmədzadə adlı yazarımızın kitabının
təqdimetmə mərasiminə qatılmışdım. Bu yazarımız rusca yazır, indi
“Taroki” adlı kitabını oxuyuram. Məni heyfsləndirən odur ki,
müğənni cəmiyyətimizdən kitabla bağlı tədbirlərə elə tək mən
gedirəm.
N.Qurbanova: Məncə digər sənətçilər də dəvət
olunsalar gələrlər.
- Yox, dəvət olunurlar, sadəcə getmirlər. Kitabı anlayan başa düşür
ki, bu, tam ayrı aləmdir. Həyatında yaşaya bilməyəcəyin hadisələri
kitablarda yaşayırsan, dərk edirsən dünyanı və nəticədə
mükəmməlləşirsən.
“Həyatımda ilk dəfə idi ki, kitabı zibil vedrəsinə atdım”
N.Qurbanova: Məni hansı mövzularda kitabları
oxuduğunuz maraqlandırır. Bukovskinin “Qadınlar” əsərini oxudum,
məni depressiyaya saldı, o yazıçı təbii ehtiyacları adına qədər
yazmışdı.
- Bizdə də əfsus ki, elələri var. Postmodernizm adı altında ağzına
gələni yazırlar. Bizimkilərdən böyük zövqlə Çingiz Abdullayevi
oxuyuram. Xaricilərdən Piter Ceymsi oxuyuram, Ustinovanı sevirəm,
çünki beyinə rahatlıq verir, təzyiq altına salmır. Uşaqlıqdan
tarixi romanları, dünya xalqlarının nağıllarını, fantastikanı çox
xoşlayıram. Bir ara mənə çox maraqlı oldu, Murakamini, Koelyonu
oxudum. Anladım ki, bu yazıçılar mənlik deyil, hansısa hissiyatımı
qımıldatmadılar. Prinsipə Salman Rüşdinin “Gecəyarısının övladları”
kitabını oxumağa başladım. Anlamaq istəyirdim ki, nəyə görə buna
ölüm hökmü verilib. Başa düşdüm ki, buna önəm verdilər deyə belə
populyar oldu. Onun ölümünə fitva verilməsəydi, inandırım sizi ki,
nə Salman Rüşdi beynəlxalq mükafatları alacaqdı, nə də, üzr
istəyirəm, adı it dəftərində olacaqdı. Bəzilərinə önəm verdikcə
şişirdirik. O kitabı oxuya bilmədim... Həyatımda ilk dəfə idi ki,
kitabı zibil vedrəsinə atdım.
N.Ehlamqızı: Sənət dostlarınız Röya və Aygün xanım
kimi Türkiyədə çıxış etmək istəyərsiniz?
- Bir gün zarafatla dedim ki, Aygünlə Röya Türkiyə musiqi bazarına
tam ciddiliklə daxil olmağa hazırlaşırlar, gözəl işlər görürlər.
Yaxşı, bu ölkədə kimsə qalmalıdır ki, vəziyyətə baxsın da? Odur ki,
buradakı vəziyyətə elə özüm baxacağam (gülür).
İnanmıram ki, hansısa xarici bir tamaşaçı, məsələn, 2015-ci ilin
fevralında azərbaycanlı Faiq Ağayevi bir ifaçı kimi dərhal tanıyıb,
sevəcək. Bunun üçün çox uzun zaman lazımdır. Sadəcə mahnı deyil
axı. Bir mahnı ilə kimisə tanıyırlar, onun haqqında maraqlanmağa
başlayırlar, bu, necə insandır, nə geyinir, nə yeyir, həyat
fəlsəfəsi nədir. Tam tanınmaq üçün azı 3-5 il keçməlidir. Mənim də
o vaxt 48 yaşım olacaq. Rus demişkən, “mne eto nado”?
N.Muradova: Hirslənəndə özünüzü necə
sakitləşdirirsiniz?
- Məni hirsləndirmək çox çətindir, dözümlüyəm. Hirslənəndə çox
emosional oluram, amma yenə də özümü cilovlamağa çalışıram. Sükan
arxasında tərbiyəsiz sürücü görəndə emosiyalarıma qadağa qoya
bilmirəm, ağzımdan ancaq küfür gəlir. Allah eləməsin, maşında kimsə
oturubsa, vay halıma. Xüsusən də anamın maşında mənimlə getməsi ən
böyük sınaqdır mənimçün, söyüş söyə bilmirəm axı.
N.Qurbanova: Pulu ən çox nəyə
xərcləyirsiniz?
- Sənətimə. Normal insana 4 kostyum bir-iki ilə kifayət edir. Mən
həftədə 4 verilişə çıxıramsa, hər dəfə yenisini geyinməliyəm.
Geyimdən əlavə, aranjemana, klipə, səhhətimə pul xərcləyirəm. 26
illik səhnə fəaliyyətimdə heç bir bəstəkara, şairə pul verməmişəm,
hansısa televiziyaya, radioya ödəniş etməmişəm ki, məni efirə
buraxın.
N.Muradova: İlk dönəmlərdə də
olmayıb?
- Heç vaxt. 1988-1989-cu illərdə kommersiya yox idi. 1995-ci ildə
isə artıq super populyar idim. Müğənni ilə TV və radio arasında
kommersiya əlaqələri sonradan əmələ gəldi. Konsertlərimə pul sərf
edirəm. Axırıncı 4 günlük konsertimin sərmayəsi 250 min manat
idi.
N.Muradova: Mayanı çıxara
bildiniz?
- Təbii, üstəlik qazandım da. Edə bilmirəmsə, onda nə müğənniyəm
ki?
N.Muradova: Amma deyirlər, əslində, müğənni konsertə
xərclədiyi maliyyəni geri götürə bilmir.
- Düz deyirsiniz, əksəriyyət üçün o keçərlidir və belə də olur.
Amma Azərbaycanda 3 nəfər müğənni var ki, onlara “kassa müğənnisi”
deyirlər. Elə bil referendumdur, camaat gəlib sənə bülletenlə səs
vermir, kassadan bilet almaqla, cibindəki pulla sənə səs verir. Bax
mən o səsvermədə həmişə qalib çıxmışam, maşaallah. Həm qoyduğum
sərmayəni qaytarmışam, üstündə də pul əldə etmişəm. “Aldım qoz,
satdım qoz” nə deməkdi? Elələri var, yalan deyirlər, siz
jurnalistlərin də başlarını tovlayırlar. Gedirsən, görürsən ki, zal
doludur, bir boş yer yoxdur. Amma konsertdə satılan biletlərlə
bağlı raport olur kassada. Həmin müğənnilərin raportunu çıxarsam,
bomba effekti verər. Raportuna baxırsan ki, 2000-lik konsert
salonuna 114, yaxud 86 bilet satıb, amma sinəsinə döyür ki, “Ay
millət, anşlaqlı konsert keçirmişəm!” Mənim belə ucuz, saxta
işlərlə qətiyyən aram yoxdur. İyrənirəm bu cür hoqqalardan. Gedin,
bilet satışı raportlarımı götürün, baxın. Boş yer olmur.
N.Ehlamqızı: Hansı idman növünə marağınız
var?
- Tamaşaçı kimi fiqurlu konkisürməyə, üzgüçülüyə baxmağı sevirəm.
Futbola qarşı olduqca soyuqqanlıyam. Özüm fitneslə məşğulam. Mənə
elə gəlir ki, 1992-ci ildə məni necə görmüsünüzsə, elə o
formadayam. Bəlkə də bir az kökəlmişəm. Onda əcaib idim, 45
kiloqram çəkim vardı, külək vursaydı, uçub gedərdim (gülür). İndi
mübarizə aparıram, çəkim 56.5 kiloqramdır. Halbuki, 53-54
olmalıdır.
N.Muradova: Kökələ bilmirsiniz?
- Əksinə, kökəlməyə meylliyəm. Həyatım izafi kilolarla mübarizə
içində keçir. Gənc “balkonlu” müğənnilərə zarafatla deyirəm ki,
“Sən elə bilirsən ki, mən də sənin kimi soyuducuda yaşamaq
istəmirəm?”. Adam özünə “yox” deməyi bacarmalıdır. Yemək
məsələsində iradəliliyim çox böyük itkilər bahasına gəlir.
İstədiyim yeməyi görəndə özümə deyirəm ki, “olmaz!”
“Heç vaxt mühafizə xidmətinin arxasında gizlənməmişəm”
N.Ehlamqızı: 2010-cu ildə xoşagəlməz hadisə ilə
qarşılaşdınız. Bıçaqlanma hadisəsindən sonra həyatınıza qarşı hər
hansı təhlükə hiss etmisiniz, yoxsa mühafizənizi
gücləndirmisiniz?
- Yaşıdlarım arasında ilk Azərbaycan müğənnisiyəm ki, 1992-ci ildən
bəri həmişə yanımda mühafizəçi olub. O vaxt sirkdə çıxış edirdik,
gündə 2-3 konsert olurdu bəzən. Sirkə gələnlərin hamısı kübar,
tərbiyəli, özünü idarə edən insan deyil ki. Rayonlara açıq hava
konsertlərinə gedirdik. Səhnədə çıxış üçün camaat arasından keçəndə
sıranı özüm genişləndirə bilməzdim axı. Kimsə kömək edirdi. Heç
vaxt mühafizə xidmətinin arxasında gizlənməmişəm. 1992-ci ildən
mühafizəm olub, mətbuat katibim və səs rejissorum o vaxtdan bu
vaxtadək eyni adamlardır. Deyim ki, suyu üfürə-üfürə içirəm - yox.
Həmişə yanımdakı işçilər peşəkarlar olub, əlavə tədbirlər də
görməmişəm.
“O hadisədən sonra həyatın dəyərini anladım”
N.Qurbanova: Yadımdadır, doğrudan da, Musa Nağıyev
adına xəstəxananın qarşısında izdiham vardı. O hadisədən sonra
həyatınızda nələr dəyişdi?
- Bu hadisə yadıma düşəndə təsirlənirəm. Xəstəxananın küçəsində
sağalmağım üçün onlarla namaz qılanlar var idi. Allah heç kəsə elə
sınaqdan keçib hansısa qənaətə gəlməyi göstərməsin. Anladım ki,
məni sözdə yox, əməldə sevirlər. Özü də ki, sidqi ürəkdən, çox
sevirlər. O hadisədən sonra həyatın dəyərini də, mənə olan
məhəbbətin miqyasını da anladım.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO