Siyasətin Rəqsanəsi, Mətanətin “şpaqat”ı, Nüşabənin gizli mesajları və ... – HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Siyasətin Rəqsanəsi, Mətanətin “şpaqat”ı, Nüşabənin gizli mesajları və ... – HƏFTƏBECƏR

Ötən həftə şou aləmində o qədər hadisələr baş verib ki, adam bilmir haradan başlasın, harada bitirsin. Deyəsən, belə getsə, “Həftəbecər” məşhur reklamda deyildiyi kimi, əhatə dairəsini bir qədər də genişləndirəcək. Çünki son günlər təkcə şou əhli deyil, siyasətçilər də şou göstərməyə başlayıblar. Amma necə deyərlər, bu barədə az sonra...

Başlayaq, həftənin ən çox müzakirə olunan adamı - teleaparıcı Mətanət Əliverdiyevadan. Düz bir həftədir, hamı “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın “şpaqat” açmağından danışır. Artıq, məsələyə MTRŞ səviyyəsində münasibət bildirilib. Qurumun monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, canlı yayım və şou xarakterli veriliş olduğundan, burada qəbahətli heç nə yoxdur.

Əldə etdiyim son məlumata görə, MTRŞ-in Mətanət xanımın “şpaqat”ını qəbahətli hesab etməməyi digər teleaparıcıları da hərəkətə gətirib. Hətta xanım Əliverdiyevanın digər teleaparıcılara “şpaqat” master-klassları keçəcəyi gözlənilir.

Yeri gəlmişkən, sözügedən məsələyə teleaparıcının özü də münasibət bildirib:

““Şpaqat” açmaq nə vaxtdan ayıb olub? Onda gimnastikaya da, Bakıda keçirilən gözəllik müsabiqələrində çimərlik geyimində səhnəyə çıxan modellərə də baxmasınlar. “Şpaqat” akrobatik idman hərəkətidir. Hamının fikrinə hörmətlə yanaşıram, amma burada qəbahət görmürəm. Üç gündür ki, məndən yazırlar, hələ çox yazacaqlar. Birini bilirlər, birini bilmirlər. Verilişdə qonaqlar xaricdən gələn rəqqaslar idi. Onlara dedim, mənə bir-iki hərəkət öyrədin. Dedilər ki, sən bacarmazsan, bu sözləri məni qıcıqlandırdı. Dedim ki, mən sizin yanınızdakı xanımdan plastikəm. Azərbaycan xanımları çox plastik olurlar. Mənim “şpaqat” açmaq fikrim yox idi, libasım da ona imkan vermirdi. Biz sevirik, xaricdən gələn qonaqları əl çalıb tərifləyək. Mənim göstərdiyim akrobatik hərəkətdən sonra onlar təəccüblənib əl çaldılar. Gərək özümüzü cılızlaşdırmayaq, göstərək ki, biz hamıdan üstünük. İnsanlar isə bunu başqa cür yozdular, onlara başqa sözüm yoxdur”.

Heç mən söhbətin bu yerindən xəbərdar deyildim. Deməli, məcbur olub da. Siz də deyirsiniz ki, düz eləməyib. Mətanət xanım, sosial şəbəkələrə diqqətlə baxın. Sizi tənqid edənlərin əksəriyyəti xanımlardı. Amma siz bu “şpaqat”ı məhz onların plastik olduğunu sübut etmək üçün açmışdınız. Mənim bu barədə bir təklifim var. Gələn dəfə verilişinizin xarici qonaqlarına deyin ki, Azərbaycan kişisinin babat yumruq atmağı var, qadınlarımız da onlardan geri qalmır. Əgər qonaqlar inanmasalar, bir yumruq ilişdirin həmin qonağın gözünün altına. Onda mütləq inanacaqlar və xanımlardan fərqli olaraq, bu dəfə kişilər sizi dəstəkləyəcək. MTRŞ demişkən, onsuz da şou xarakterli verilişdir də. Olmasın “şpaqat”, olsun yumruq...

“Eurovision”dakı ilk təmsilçilərimizdən olan Elnur Hüseynovun Türkiyə macərası davam edir. İfaçının “O Ses Türkiye”dəki möhtəşəm çıxışı sosial şəbəkələrdə qırğın-qiyamətə səbəb olub. Bəziləri deyirlər ki, Elnur Azərbaycan musiqisinin milli qəhrəmanıdır. Bir qrup isə bununla razılaşmır və bildirir ki, bəs elə idisə, niyə onu toylarınıza aparıb cibinə üçdən-beşdən qoymurdunuz, Bakıda veyil-veyil gəzirdi? Üçüncü bir qrup isə ümumiyyətlə, məsələyə tamam başqa aspektdən yanaşır. Onlar belə düşünürlər ki, Elnur nə qədər ki Samirlə “Eurovision”da çıxardığı “oyunlar”ı Türkiyədə də çıxarmayıb, təcili geri qayıtmalıdır.

Bu arada gənc ifaçının Türkiyədəki çıxışlarına sənət aləmindən də müxtəlif reaksiyalar var. Dağdan ağır sənətkarlar, o cümlədən ağırlıqda heç də onlardan geri qalmayan Elza Seyidcahan deyib ki, Elnur kimi istedad onun ailəsində də var. Sonra deyib ki, Elnur özünü həmin yarışmaya istedad kimi “soxdu”. Elza xanım, şəxsən mən Elnuru qınamıram. Çünki Elnur burada bir yerə bir neçə “dayday”lı, “tapış”lı namizədlərin olduğunu görəndə özünü soxmağa başqa yer tapmalıydı və o yeri də Türkiyədə tapdı. O ki qaldı sizin evinizdəki istedadlara, bildiyimə görə, Elnur skripka çalmağı bacarmır. Heç sizin oğlunuz Ələkbərin də oxumaqla arası yoxdur. Həmçinin də qızınızın...

Xalq artisti Səməd Səmədovla keçmiş duet ortağı Sevda Əliqızı saçlarının, saqqallarının ağarmış vaxtında 15 il ərzində “sandığ”a nə yığmışdılarsa, hamısını töküblər ortalığa. Himnimizin müəlliflərini tanımayan Səmədov deyib ki, Sevda qocalıb, onu gənc duet ortağına dəyişirəm. Sevda da deyib ki, sən özün də məndən qocasan... Nəysə, ara qarışıb, məzhəb itib... Duet söhbəti keçib şəxsi müstəviyə. Bu dəfə Səməd deyib ki, Sevda türkə ərə gedib, xeyir-duasını da mən vermişəm. Sevda xanım da deyib ki, düzdür, belə bir fikir olub, amma ərə getmək yalan söhbətdir:

“Bağla da ağzını! Bəsdir, qatıq-qatıq söhbətlər danışdın. Ayıb deyil? Ümumiyyətlə, mənim şəxsi həyatım barədə danışmağa sənə kim imkan verib? Kişiyə yaraşar ki, mənim ailə məsələmi danışır? O, dediyi sözlərə görə zəng edib məndən üzr istədi. Dedi ki, bilmədim, canlı efirdir, yoxsa deməzdim. O danışdı, indi söhbət oğluma çatıb. İndi də oğlum evi dağıdır ki, bu nə söhbətdir? Mən Səməd barədə çox şey danışa bilərəm. Duetdən qurtardın, indi keçdin şəxsi həyata? Sənin qızın 4 dəfə ərə gedib. Gör heç haçansa ağzımı açıb deyirəm? Ayıbdır. Kimə ərə gedib? Almana, ingilisə, türkə gedib. Bu mənim nəyimə lazımdır? O sənə aid olan bir şeydir. Səndən fərqli olaraq, mən efirdə sənlə və mənlə bağlı söhbətləri danışmışam. Vəssalam. Sən niyə mənim şəxsi həyatıma müdaxilə edirsən axı?”.

Fikrimcə, Sevda xanım Səməd müəllimin qızı ilə bağlı bir haqsızlığa yol verib. Doğrusu, mən xalq artistinin bir övladını tanıyıram – Anar Səmədoğlunu. Əvvəl oxuyurdu, sonra kənara çəkildi. O ki qaldı qızına və qızının dörd dəfə ərə getməyinə, bu barədə heç bir məlumatım yoxdur və əgər dörd dəfə ərə gedibsə belə, həmin şəxslərdən birini də tanımıram. Həm də ki, əgər davan Səməd Səmədovladırsa, qızının burada nə təqsiri?..

Bir neçə həftə əvvəl xanəndə Elnarə Abdullayeva ilə “müharibə”yə başlayan müğənni Xatirə İslam bu dəfə bir az başqa cür danışıb. Deyib ki, populyar insanlar fərqli, əlçatmaz olmalıdırlar, bahalı maşın sürməlidirlər. Sitat:
“Hansısa aktrisa "marşrut"da gəzirsə, bu, onun öz günahıdır da... Vallah, nə deyim".

Xatirə xanım, populyarlar onsuz da fərqlidirlər də. Əksəriyyəti ZAQS idarəsini su yoluna döndəriblər, həftədə üç dəfə plastik cərrahın qabağına yıxılırlar, sponsor üstündə saçyolduya çıxırlar. Biri o birini sürüyür, ətrafdakılar da istəməsələr belə, saçyolduya çıxan sənətçilərin alt və üst geyimlərini görüb, feyziyab olurlar. Daha bundan artıq nə fərqlilik olmalıdır? Üstəlik, adi adamlardan fərqli olaraq sənətçilər hamam paltarında da camaatın evinə “girirlər”.

O ki qaldı aktrisanın marşrutda gəzməyinin “günah” olmasına, burada da səhviniz var. İndi sizə əyani bir misal çəkəcəyəm. Dövlət Musiqili Teatrında bir aktrisa var – Emma Məlikova. Xatirənin təvəllüdünü bildiyimə görə deyirəm ki, onun səhnə təcrübəsi Xatirənin yaşından çoxdur. Bu dəqiqə Azərbaycanda handa bir aktrisa onun qarşısına çıxa bilməz. Amma bu onun günahıdırmı ki, hansısa aktrisa üç dəfə dövlətdən ev alır, sponsorunun maşınını sürür, bu xanım isə ömrünün ahıl çağında birotaqlı mənzildə yaşayır, ictimai nəqliyyatdan istifadə edir? Elə həmin teatrda çalışan əməkdar artist Novruz Qartal 50 ilə yaxındır ki, səhnədədir. Amma bu gün kirayədə yaşayır, işə metroyla gedib-gəlir. Bu adamlar torba tikməyi, kiminsə bədbəxtliyi üzərində özünə xoşbəxtlik qurmağı özlərinə ar bilən adamlardır. Yəni, günahları budur?..

Müğənni Nüşabə Ələsgərlini isə həmkarlarımız həyat yoldaşıyla bir layihəyə çəkmək istəyirmişlər. Sənətçi deyib ki, siz hansı yoldaşdan danışırsınız?

“Hansı yoldaş? Mənim həyat yoldaşım var? Mən hansı efirdə demişəm ki, o mənim yoldaşımdır? Özlərindən yazırlar da... Bizdə evin, ailənin çəkilməsinə icazə yoxdur. Bizim evdə qayda-qanunlar sərtdir”.

Sonra da başqa bir yerə açıqlama verib ki, telefonuna gələn mesajları tək oxuyur və tez də pozur:

“Mənə gələn mesajları tək oxuyub tez pozuram. Bəzən də olur ki, ismarışları bir yerdə oxuyuruq.
Çox vaxt gələn mesajlar barədə yoldaşıma məlumat vermirəm ki, sonra əsəbiləşib həmin adamın dalına düşər”.

Nüşabə xanım, siz burda deyirsiniz ki, ərim yoxdur, sonra da mədəni şəkildə camaatı ərinizlə hədələyirsiniz. Subay, özü də populyar bir qadına sevgi mesajlarının gəlməyi normal deyil? Amma doğrudan da, savab iş görürsünüz. Gör siz o mesajları pozmaqla neçə-neçə adamı ölümdən xilas etmiş olursunuz. Dərəbəylikdir axı...

Müğənni Könül Kərimova ATV-nin efirində özünü sözün əsl mənasında biabır edib. Sənətçi Azərbaycan dramaturqları Cəfər Cabbarlının, Əbdürrəhimbəy Haqverdiyevin, şairi Mikayıl Müşfiqin kim olduğunu bilməyib. Şəxsi fikrimə görə, sənətçi tezliklə efirlərin birində buna görə tamaşaçılardan üzr istəsə, yaxşı olar...

Telli Borçalı yenə də kişilərdən danışıb. Deyib ki, Rusiyada bir nəfər ona elçi düşübmüş. Ardınca da əlavə edib ki, əsəbi kişiləri bəyənir. Görünür, kişi əsəbi deyilmiş deyə, Tellinin xoşuna gəlməyib. Sitat:
"Rusiyada tədbirdə biri Bəsti xanıma yaxınlaşıb deyib ki, Tellidən xoşum gəlir. Bəsti xanım da deyib ki, halına bələd deyiləm, soruşaram. Deyib-gülən qadın olsam da, əsəbi kişilərdən xoşum gəlir. Hər dəqiqə məni döysün istəmirəm. Əgər yeməyi, paltarı hazır deyilsə, meyitimi yerə sərsin. İnanın, ona heç nə demərəm. Günahım olsa, məni döysün. Ayaq səslərini blokdan eşidəndə qapıda dayanım. Xoşum gəlir. Əri olanı ər döyməlidir də, qonşu gəlib döyməz ki”.

Telli xanım, sonra camaatı qınayacaqsınız ki, mənə əndrəbadi evlilik təklifləri edirlər. Sabah Maştağadakı ruhi-əsəb dispanserində müalicə olunan bir qardaş zəng vurub deyəcək ki, mənim hirslənəndə babat adam çiləməyim var, gəl evlənək. Onda da deyəcəksiniz ki, mənim dəliyə getməyə halım yoxdur. Axı siz nə istəyirsiniz? Niyə bu milləti intizarda saxlayırsınız? Elə Şəbnəm Tapdıq kimi birdəfəlik deyin ki, ərə gedib, başıma iş açmaq istəmirəm də.

İndi saytlardan oxuyuram. Şəbnəm xanım deyib ki, ya ağıl dəryası olan birini seçəcək, ya da...:
“ Çox adam var ki, ailə qurub peşman olub. Neçə ildir sənətdəyəm, rahatam. Niyə ərə gedib başımı ağrıdım ki?.. Qorxuram, ailə qurub xoşbəxt olmayım”.

Şəbnəm xanım, ona qalsa, kabab yeyib üstündən soyuq su içmək adamın qarnını ağrıdır. İndi camaat neynəsin? Kabab yeməsin? Guya kim ərə gedəndə, evlənəndə nikah idarəsində ona zəmanət kağızı verirlər ki?..

Rəqqasə-müğənni Sevda Sanaliyeva ana olmağa hazırlaşdığı bir vaxtda bədxahları onun ölüm xəbərini yayıblar. Heç insafdandır? İndiyə kimi görmüsünüzmü bu qız kiminsə toyuğuna “kiş” desin, hansısa həmkarının sponsoruna girişsin? Bəs niyə imkan vermirsiniz, adam həyatını yaşasın?..

Sevil və Sevinc bacıları bir neçə gün öncə növbəti dəfə əməliyyat olunublar. Səhv etmirəmsə, bu yaxınlarda bir dəfə də əməliyyat olunmuşdular. Bu söhbəti eşidəndə yadıma bir lətifə düşdü. Amma necə deyərlər, lətifəsi uzaq olsun. Deməli, bir dəliylə bir narkoman həbsxanada eyni kamerada yatırlar. Narkoman bir dəfə əlini kəsir, gələn dəfə ayağını, növbəti dəfə başqa bir yerini. Dəli deyir ki, qədeş, yavaş-yavaş aradan çıxırsan haaa...

Aşıq Zülfiyyənin bu açıqlamasına isə heç cür don geyindirə bilmirəm. Aşıq xanımın bu açıqlaması, bəlkə də, yenicə ailə qurmuş oğlunun ailəsini dağıda bilərdi:
“Ürəyim partlayırdı. Özümə söz vermişdim ki, bu mövzu barədə danışmayacam. Amma deməliyəm. Çox-çox üzr istəyirəm. Bir dəfə efirdə demişdim ki, “sevgiyə hörmətim var”. Həyat yoldaşı, normal ailəsi olan bir qadın oğlumdan elə yapışmışdı ki... O, mənə dedi ki, “siz efirdə demişdiniz ki, sevgiyə hörmətlə yanaşırsınız”. Mən də cavab verdim ki, "Oğlum səni sevirsə, getsin"".
Hər halda, iş-işdən keçəndən sonra bu açıqlamanın gündəmdə qalmaqdan başqa bir mənası ola bilməzdi...

Və söz verdiyim kimi, sonda siyasi şou barədə bir neçə kəlmə. ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlini İlhamə Quliyeva ilə müqayisə edib və primadonna adlandırıb. İlhamə xanım da deyib ki,
primadonna onun özüdür, varlığıdır. Ardınca əlavə edib ki, mən Azərbaycan mədəniyyətinin kraliçasıyam:
“Məni o tanımasa da, xalq tanıyır, sevir. Ümumiyyətlə isə Sərdar Cəlaloğlu hansı siyasətə qulluq edir, onu da bilmirəm. O cür adamları tanımıram, tanımaq da istəmirəm. Qoy gedib, öz işləri ilə məşğul olsunlar”.

Nəysə, bu söhbətdən sonra Əli Kərimlinin adamları da deyiblər ki, Sərdar Cəlaloğlu özünü Rəqsanənin yerinə qoyaraq, müxalifətə şər-böhtan atır. Uzun sözün qısası, Sərdar Cəlaloğlu axırda deyib ki, Əli Kərimliyə bənzəməkdənsə, Rəqsanəyə bənzəmək daha yaxşıdır. Çünki Rəqsanə sənət adamıdır. Pis-yaxşı, öz sənəti ilə nəyə gücü çatır – edir. Amma bu adamlar əlli cür sima, mövqe dəyişiblər. Yaxşı olardı ki, Əli Kərimli özünün qullarının arxasından çıxsın.

Görək gələn həftə ardı olacaqmı?..

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm