“Küsüb gedirdim, Heydər Əliyev geri qaytardı”
Bizi izləyin

Tabloid.az

“Küsüb gedirdim, Heydər Əliyev geri qaytardı”

Bu gün Ümummilli lider Heydər Əliyevin vəfatından 11 il ötür. Publika.az bir qrup sənətkarın Heydər Əliyevlə bağlı xatirələrini təqdim edir.

Xalq artisti Alim Qasımov:

“Türkiyədə oynadığımız “Leyli Məcnun” tamaşasını axıra qədər izləməyi, tamaşa barədə fikir mübadiləsi aparmağı yadımdadır. Tamaşadan sonra ziyafət verildi. Şəxsən məni üzbəüz təbrik etdi və ifamızı bəyəndiyini dedi.

Təxminən 2001-2002-ci illərdi. Respublika Sarayında mədəniyyət və incəsənət xadimlərinin iştirakıyla böyük konsert proqramı nümayiş olundu. Heydər Əliyev də konsertdən sonra musiqiçilərlə, xanəndələrlə görüşürdü. Gördüm ki, Heydər Əliyev sənətkarlarla görüşməyə gələndə cavanlar keçdilər qabağıma. Dedim ki, siz görüşün, mən çox görüşmüşəm. Çıxıb gedəndə Zeynəb Xanlarova məni çağırdı. Heydər Əliyev də bunu gördü. Dedi ki, Alim düz edir, kişi kişi ilə öpüşməz, amma gəl biz öpüşək. Yəni sənətkarı sındırmadı. Geri qayıtdım və görüşdük... Onun sənətə verdiyi qiymət, sənətkarlara həmişə hörmət bəsləməyi... hər prezidentə qismət olmur. Onu hər adam eləməzdi. Deyərdi ki, qoy getsin. Amma o, sənətkarın balaca şıltaqlığını da duyurdu. İlham Əliyev də onun davamçısıdır”.

Xalq artisti Səkinə İsmayılova:

“Heydər Əliyev hər zaman xatirimizdədir, bütün dövlət tədbirlərindəki çıxışlarımızdan sonra bizimlə görüşürdü. Onun bizə göstərdiyi diqqət, kefimizi soruşmağı, işlərimizlə maraqlanmağı yaddan çıxa bilməz. Amma ən çox xatirimdə qalan dahi Füzulinin yubileyi ərəfəsində olanlardır. 1995-ci ildə Heydər Əliyevin göstərişi ilə Süleyman Dəmirəlin şərəfinə “Leyli və Məcnun" tamaşası hazırlanmışdı. Tamaşa üçün Özbəkistandan məşhur rejissor Firudin Səfərov dəvət olunmuşdu. Tamaşa Türkiyədə nümayiş olundu və həm Heydər Əliyev, həm də Süleyman Dəmirəl tamaşanı izlədilər. Çox yüksək səviyyədə çıxışımız oldu. Tamaşadan sonra iki prezident bizim şərəfimizə ziyafət verdi, bütün gecəni bizdən, tamaşadan, sənətimizdən danışdılar. Ən maraqlısı o oldu ki, biz Heydər Əliyevlə eyni təyyarədə Bakıya qayıtdıq. Təyyarədə onun köməkçilərindən biri yaxınlaşıb dedi ki, prezident sizinlə görüşməyə gələcək. Gəldi, ayağa qalxıb görüşdük və bizə dedi ki, bu gün bir sənət nümunəsi gördüm. Görünür, bizim onunla eyni təyyarədə Bakıya qayıtdığımızı sonradan bilmişdi. O səfər heç vaxt yadımda çıxmaz”.

Xalq artisti Mənsum İbrahimov:

“Xoşbəxt millətik ki, onun kimi bir ümummilli liderimiz var. Mənə də onunla bir neçə dəfə təmasda olmaq xoşbəxtliyi nəsib olub. 2002-ci ilin may ayının 18-20-i aralığında Heydər Əliyevin İrana rəsmi səfəri var idi. Oradakı səfirliyimizin həyətində görüş keçirildi. Mən və Simarə İmanova 15 dəqiqəlik nömrəylə çıxış etməliydik. Bizi Zamiq Əliyev və Ədalət Vəzirov müşayiət edirdi. Səfirlikdəki görüşdən sonra Heydər Əliyevin başqa bir görüşü olmalıydı. Oxuyandan sonra dedi ki, mən bu açıq havada Azərbaycan xanəndələrini dinləmək istəyirəm. Təsəvvür edin ki, protokol qaydalarını pozdu. Bunu ancaq Heydər Əliyev edə bilərdi. Təxminən bir saat oxuduq və axırda dedi ki, “Qarabağ” şikəstəsini oxuyun. İrandakı səfirliyimiz də Tehranın hündür yerlərindən birində yerləşirdi. Mikrofonlar da qurulmuşdu və Azərbaycan muğamının səsi Tehranın böyük bir hissəsinə yayılırdı. İfadan sonra şəkil çəkdirdik. Səfirliyin işçiləri yaxınlaşanda da dedi ki, mən ancaq musiqiçilərlə şəkil çəkdirəcəyəm.

Sonra İrandakı keçmiş səfirimiz Abbasəli Həsənov mənə dedi ki, azərbaycanlı yaşlı bir kişi ağlaya-ağlaya yaxınlaşıb İranda “Qarabağ şikəstəsi”ni eşitdiyinə kövrəldiyini bildirib.

Səhəri gün biz prezidentin təyyarəsi ilə Bakıya qayıtdıq.

Heydər Əliyevlə ilk görüşümüz isə 1995-ci ildə olub. Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar Respublika Sarayında konsert təşkil olunmuşdu. Biz də Gülyaz Məmmədova ilə “Leyli və Məcnun”dan bir parça hazırlayıb ifa etdik. Konsertdən sonra səhnə arxasındakı görüşümüzdə dedi ki, ilk dəfə görürəm ki, Məcnuna oxşayan birini tapmısınız (gülür). Tapşırdı ki, buna diqqət və qayğı olsun və iki il sonra mən əməkdar artist fəxri adını aldım.

2001-ci ildə isə Kitabi-Dədə Qorqud Dastanının 1300 illiyi ilə əlaqədar Bakıda böyük tədbir keçirilirdi, bir neçə ölkənin dövlət başçısı da gəlmişdi. Gülüstan sarayında həm konsert, həm də ziyafət oldu. Orada mən “Ana dilim ölən deyil” şeirini oxudum. O vaxt nazir Polad Bülbüloğlu idi. Dedi ki, Heydər Əliyev sizinlə görüşəcək. Ziyafət və konsert proqramı 3-4 saat davam etdi. Bizimlə görüşdü və hiss olunurdu ki, yorulub. Hamı ilə salamlaşdı və mənə çatanda dedi ki, gəl qabağa.

Həmin ifanı təkrarlamağımı istədi. O vaxt da əksər məmurlar rusca danışırdılar. Dedi ki, o dildən bu məmurlara da öyrətmək lazımdır ki, dillərini unutmasınlar. Hər şeyə diqqət yetirirdi, çox diqqətli idi. Təəccübləndim ki, 3-4 saatlıq konsert proqramında onlarla ifa olub və mənim oxuduğumu yadında saxlayıb. Heydər Əliyevlə görüşlərdən olan şəkillər bu gün də mənim üçün çox doğmadır. Nə xoşbəxtəm ki, o dahi insanın imzasıyla fəxri ad almışam. Eyni zamanda prezident mükafatı mənə ilk dəfə onun imzası ilə təqdim olunub”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm