• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Bir çoxları Mövlanə ismini yeni çay markası zənn edirdi“

“Bir çoxları Mövlanə ismini yeni çay markası zənn edirdi“

Müsahiblərimiz "Savalan" otantik musiqi qrupunun üzvləridi. Onlarla klassik tərkibdə görüşdük. Bircə Həlimət Sultan həmin vaxt səfərdə olduğu üçün söhbətimizdə iştirak edə bilmədi.

- Mistik musiqi qrupu kimi tanınan "Savalan"ın yaranma tarixçəsini necə xatırlayırsınız?

Novruz Novruzlu (qrupun rəhbəri və solisti):

- Qrupumuzun əsas təşəbbüskarı indi Almaniyada yaşayan teatr rejissoru İsaq Dəvəli idi. 2000-ci ildə o, Muğam Teatrında işləyirdi. Bu yaxınlarda Amerikaya köçən ney ifaçısı Cavad İsmayılı və daha bir neçə nəfəri bir yerə toplayıb ədəbi-musiqili kompozisiyalar hazırlayırdıq. Amma bir gün İsaq bəy dedi ki, nəsə, istədiyi forma alınmır. Ondan sonra çoxları dağılışdı. Qiraət ustası Həlimət xanım, Cavad bəy, sonradan bizim kollektivə daxil olan fəlsəfə və əruz üzrə mütəxəssis Fəxrəddin bəy, bir də mən bugünkü "Savalan"ı meydana gətirdik.

- Bu adı elə əvvəldən seçmişdiniz?

N.Novruzlu:

- Yox, əvvəlcə heç adımız yox idi. Sonradan bu adla ölkə daxilində bir neçə çıxışımız oldu. "Space" telekanalının "Görüş yeri", "Şənbə-Bazar" verilişlərinə dəvət olunduq. Məhz bu verilişdən sonra fəaliyyətimizin ən maraqlı səhifələrindən biri açıldı – biz Vaqif İbrahimoğlunun yaratdığı "YUĞ" Dövlət Teatrının nəzdində fəaliyyət göstərməyə başladıq. Bu kollektivdə çalıdığımız iki il ərzində Qalib Məmmədovun musiqisi və Fəxrəddin bəyin "İsmi-Əzəm" nəzm toplusu əsasında "Üz tuturam Tanrıya" və Yunus İmrənin əsərləri əsasında "Olsun" bəzmi-ürfan səhnə əsərlərini

ərsəyə gətirdik. Sonra "YUĞ"dan ayrılsaq da, rəhmətlik Vaqif müəllim qrupumuzla əməkdaşlığı kəsməmişdi. 2010-cu ildə onun rejissorluğu altında almaniyalı musiqiçilərlə birlikdə "Kappelhauz"da ədəbi-musiqili kompozisiya ilə çıxış etmişdik. Almanlarla bu əməkdaşlıq Bakı Slavyan Universitetində "Nibelunqlar" dastanı ilə "Kitabi-Dədə Qorqud" dastanına həsr olunmuş tədbirdə başlamışdı. Onda almanlar "Kitabi-Dədə Qorqud" dastanı əsasında müştərək layihə gerçəkləşdirmək istədiklərini bildirmişdilər. Yəqin ki, oxucular üçün Vaqif İbrahimoğlunun hazırladığı səhnə əsərinin uğurunu təsəvvür etmək çətin olmaz. O cür adamlar tək-tək olur – insana qol-qanad verməyi bacaran şəxsiyyət idi.

Bu illər ərzində Hollandiyanın Haaqa şəhərində keçirilən Dünya Azəbaycanlıları Konqresinin 6-cı qurultayının bədii hissəsində, bir neçə dəfə Türkiyənin Konya şəhərində təşkil edilmiş Mövlanə Cəlaləddin Rumini anma mərasimlərində iştirak etmişik. Pakistanda keçirilən "Dünya Mistik-Sufi Musiqi festivalı"nda iştirak edərək Pakistan Mədəniyyət Nazirliyinin və festivalın prezidentinin xüsusi diplomu ilə təltif olunmuşuq. Ötən il "Gun Az" TV-nin təklifi ilə iyulun 7-dən 15-nə kimi ABS-in Çikaqo şəhərinə dəvət olunmuşduq. "Gun Az" TV-nin 4 illik yubileyi ilə əlaqədar orda bir necə konsertlə çıxış etdik. Azərbaycan Dövlət Televiziyası tərəfindən çəkilmiş "Seyid Nigari", "Yunus İmrə", "Nəimi", "Təbriz" televiziya filmlərinin musiqi tərtibatı bizə aiddir.

- Sizi dinləyəndə musiqinin sözə dayaq olması təəssüratı yaranır. "Savalan"ın məramı budur, yoxsa bu, qeyri-ixtiyari baş verir? Ümumiyyətlə, impovizələrə tez-tezmi meydan verirsiniz?

N.Novruzlu:

- Yox, bu mənada qarşımıza konkret vəzifə qoymamışıq. Musiqiyə də, sözə də eyni dərəcədə diqqət ayırırıq.

İffət Əsgərov (ifaçı):

- Mən müşayiətçi kimi deyə bilərəm ki, musiqi sözə qulluq edir.

Fəxrəddin Salim (ifaçı):

- Əvvəllər ekspromt ifalarımız daha çox olurdu.

N.Novruzlu:

- Canlı ifanın yerini heç nə vermir. İmpovizələrin azalmasına isə telekanalların səs imkanlarının aşağı olması da təsir edir.

F.Salim:

- "Savalan" kamera qrupu olduğu üçün mikrofona ehtiyac yoxdu. Bizim ifa etdiyimiz sırf dini musiqi deyil. Butun türk dünyasına aid olan otantik musiqidi. Təsəvvüf fəlsəfəsinin əsasını təşkil edən insan sevgisi ilə Tanrı sevgisinin bərabərliyini tərənnüm edən janrdı. Bilirsiniz, hər musiqinin öz dinləyicisi olmalıdı. Bizdə bu məsələlərdə səliqəsizlik var. Bir konsertdə ən müxtəlif janrların ən müxtəlif səviyyəli ifaçıları çıxış edirlər.

N.Novruzlu:

- Düşüncədə rahatlıq yoxdur. İnsanlar nə istədiklərini özləri də bilmirlər. Dünya səs-küydən yorulub. İndi hamı belə musiqi dinləməyə can atır. Amma bizdə bir az əks proses gedir.

- Dinləyici auditoriyanızın formalaşmasını müşahidə edərkən hansı qənaətə gəlirsiniz?

N.Novruzlu:

- Dinləyicilərimizin yaş kateqoriyası müxtəlifdi. Təbii ki, ziyalı təbəqəsinə mənsub olan, intellektual cəhətdən hazırlıqlı insanlar çoxluq təşkil edir. "Savalan"ın musiqisi insana kökləndiyi üçün belə dinləyicilərə ehtiyacımız var.

F.Salim:

- İntellektual səviyyə isə çox aşağıdı. Bizdə hələ də Nəsimini ateist hesab edirlər. Paytaxtımızda Mövlanə törənləri keçiriləndə ictimaiyyətin böyük əksəriyyəti bundan xəbərsiz qaldı. Ən pisi isə odur ki, bir çoxları Mövlanə ismini yeni çay markası zənn edirdi. Bizi xaricdə daha çox tanıyıb-sevirlər.

İ.Əsgərov:

- Amma yenə də gənclərə ümidimiz böyükdü.

F.Salim:

- Bəli, gənclərdən daha mükəmməl yanaşma gözləyirik.

- Solo-konsert vermək ehtimalınız nə dərəcədədi?

N.Novruzlu:

- Solo-konsert çox gözəl ola bilər. Reklam işi qurularsa, Mədəniyyət və Turizm Nazirliyi nəinki milli-mənəvi, həm də bəşəri dəyərlərin ifadəçisi olan "Savalan" qrupuna dayaq olarsa, əla alına bilər. Nazirlikdən bizə beynəlxalq və dövlət səviyyəli tədbirlərdə iştirakımızı təmin etmək barədə söz veriblər. İnanıram ki, dövlət qayğısı sayəsində muğam musiqisinin belə geniş vüsət qazandığı yerdə bizim ifa etdiyimiz musiqi də diqqətdən kənarda qalmayacaq.

Samirə Behbudqızı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR