Məşhurlarımız Yeni ildə kimdən hədiyyə gözləyir? – SORĞU + FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhurlarımız Yeni ildə kimdən hədiyyə gözləyir? – SORĞU + FOTOLAR

Bayramlar həm bolluca hədiyyələrlə yadda qalır. Hər kəs sevdiyindən, doğmasından, əzizlərindən hədiyyə gözləyir. Axı hədiyyə həm də diqqət deməkdir. Maraqlıdır, tanınmışlarımız Yeni ildə hədiyyə gözləyirmi?

Publika.az onlar arasında sorğu keçirib…

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova hesab edir ki, insanlar bir-birinə diqqət göstərməlidirlər. Aktrisa hədiyyələri bu diqqətin bariz nümunəsi sayır: “Özüm də hədiyyələri sevirəm və sevdiyim insanlara sürpriz etməyi xoşlayıram. Hansısa bir niyyətin gerçəkləşməsi, arzuya çatmaq özü də bir hədiyyədir. O halda hədiyyə bir bayrama çevrilir”.

Əməkdar artist Elza Seyidcahan üçün ən böyük hədiyyə Allahın ona bəxş etdiyi uğurlu illərdir. Dediyinə görə, 2014-cü il də onun üçün böyük hədiyyə olub: “2014-cü il həyatımın ən gözəl illərindən biri oldu. Oğlumu evləndirdim, evimə gəlin gətirdim, qızım Gülşəni nişanladım, sənət aləmində uğurlu layihələr həyata keçirdim, sayı-hesabı bilinməyən mükafatlar aldım. Bax elə dünən Türkiyədən gəldim. Yenə də məni mükafatla Bakıya yola saldılar. Bundan əziz, bundan gözəl nə hədiyyə ola bilər? Bu hədiyyələri mənə bağışladığı üçün Allahıma minnətdaram. Hələ qarşıdan gələn ildə də yeni hədiyyələr gözləyirəm. Mən hədiyyələrimi yalnız Allahımdan alıram və Ondan gözləyirəm. 2015-ci il də mənim üçün sürpriz dolu il olacaq. Bunu indidən hiss edirəm”.

Müğənni Samira bir o qədər də hədiyyə sevən olmadığını deyir: “Hədiyyə diqqət deməkdir. İslamda da buyurulur ki, bir-birinizə hədiyyə verin, sevginiz artsın, aranızda isti münasibət yaransın. Mən hədiyyə verməkdən çox hədiyyə etməyi xoşlayıram. Mənim üçün ən gözəl hədiyyə ailəm, övladlarımdır”.

Müğənni Sevda Kazımova nəinki Yeni ildə, bayramlarda, adi günlərdə də hədiyyə almağı çox sevdiyini deyib: “Hədiyyə almaqdan ötrü ölürəm. Xüsusən də əks cinsin nümayəndələrindən hədiyyə almağı xoşlayıram. Mən zövqlü xanımam və bahalı zinnət əşyalarını, daş-qaşı çox sevirəm. Eyni zamanda, suvenirlər, rəsm əsərləri və ətirlər də sevdiyim hədiyyələr sırasındadır. Yeni ildə də sevdiklərimdən, ailəmdən, övladımdan hədiyyələr gözləyirəm. İndiyə qədər bahalı hədiyyələrim çox olub, yəqin, davamı da gələcək. Hədiyyə diqqət deməkdir, xanımların da ən zəif nöqtəsi diqqətdir”.

Aşıq Zülfiyyə Yeni ilin ilk hədiyyəsini pərəstişkarından alıb: “Krasnoyarsk şəhərində konsertdə olarkən bir nəfər azərbaycanlı mənə gül dəstəsi hədiyyə etmişdi. Bu günlərdə o, Bakıya gəldi və mənə bir dəstə güllə üstünə adım yazılmış tort hədiyyə etdi. Özü də canlı yayımda. Sən demə, anonslardan eşidib ki, mən verilişin qonağı olacağam. Həmin sürpriz məni çox sevindirdi. Qarşıdan gələn ildən isə özümə bir hədiyyə gözləyirəm – oğlumun övladı olsun, nənə olum. Təbii ki, həyat yoldaşım və oğlumdan da hədiyyə gözləyirəm”.

Müğənni Bəturə Hüseynova oğlundan və həyat yoldaşından hədiyyə gözləyir: “Yəqin ki, oğlum və həyat yoldaşım mənə hədiyyə edəcəklər. Amma məni sevən, sənətimə hörmət edən pərəstişkarlarımdan da hədiyyə gözləyirəm. Mənim üçün hədiyyə diqqət deməkdir. Amma elə bahalı hədiyyələr olur ki, onu qəbul edə bilmərəm. Amma yaxınlarımın hədiyyəsi məni məmnun edir. Hədiyyə qadını xoşbəxt edən bir şeydir. Hesab edirəm ki, hədiyyələri yalnız bayramdan-bayrama vermək maraqsızdır. İnsan insana hər zaman təqvimdən asılı olmayaraq hədiyyə verməlidir. Qiymətin fərqi yoxdur, ürəkdən verilən hədiyyə insana xoşbəxtlik hissi yaşadır”.

Bəturə Hüseynova sevdiyi hədiyyədən də danışdı: “Zinyət əşyalarını sevirəm, bahalı daş-qaş vurğunuyam. Yeni ildə belə bir hədiyyə alsam, məmnun qalaram”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm