• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Polad Bülbüloğlunun 70 yaşına hədiyyə

Polad Bülbüloğlunun 70 yaşına hədiyyə

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Eşq və Ölüm” baletinin yeni quruluşda premyerası təqdim olunacaq.


Publika.az-a teatrdan məlumat verilib. Tamaşa müəllifin - Azərbaycanın xalq artisti Polad Bülbüloğlunun 70 illik yubileyinə həsr olunub.


“Eşq və Ölüm” baletinin yeni quruluşunu Nadejda Malıgina həyata keçirir. Tamaşanın quruluşçu rəssamı isə tanınmış rusiyalı rəssam Dmitri Çerbadjıdır. Baleti Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.


“Eşq və Ölüm” baleti ilk dəfə Bakıda 2005-ci ildə Avropa Balet Akademiyasının professoru Vakil Usmanovun quruluşunda səhnəyə qoyulub. Librettosu “Kitabi - Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınan bu balet ölməz məhəbbəti, qəhrəmanların igidliyi qarşısında ölümün acizliyini tərənnüm edir.


2005-ci ilin dekabrında Bakıda çox böyük uğurla premyerası keçirilən tamaşa çox tezliklə Azərbaycan balet ustalarının ifasında Sankt-Peterburqda Mariinski adına Akademik Teatrın və Moskvada Böyük Teatrın səhnəsində nümayiş olunub.


Ötən müddət ərzində bu balet Yekaterinburq Dövlət Opera və Balet Teatrında, Rusiya Akademik Böyük Teatrında və Türkiyənin paytaxtı Ankarada nümayiş olunub.


Baletdəki ən oynaq və uğurlu musiqi parçaları hər il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin ifasında Almaniyada keçirilən Qut-İmmlinq Opera sənəti festivalında səslənir və almaniyalı musiqisevərlər tərəfindən maraqla qarşılanır.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR