Xalq artisti: “Qardaş, efirdən sonra yıx yerə, qıdıqla...” - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xalq artisti: “Qardaş, efirdən sonra yıx yerə, qıdıqla...” - FOTOLAR

Xalq artisti, Akademik Opera və Balet Teatrının solisti Nəzakət Teymurova son vaxtlar telekanallarda yayımlanan verilişlərin və aparıcıların səviyyəsindən narazılıq edib. Publika.az-a müsahibə verən xanım sənətçi dəfələrlə aldadılaraq belə verilişlərə dəvət olunduğunu bildirib. Dediyinə görə, hətta verilişi yarımçıq tərk etdiyi məqamlar da olub.

- Bu gün dəb halını alıb, müğənnilərimiz ekspert kimi verilişlərə qatılıb, efirdə hamıya ağıl, əxlaq dərsi verirlər. Buna münasibətiniz necədir?

- Mənim yaralı yerimə toxundun. Belə şeylər nəinki xoşuma gəlmir, hətta məndə ikrah hissi oyadır. Baxırsan ki, əxlaqı olmayan əxlaqdan, mədəniyyəti olmayan mədəniyyətdən, sənəti olmayan sənətdən dəm vurur. Elə bilirsiniz, məni o verilişlərə çağırmırlar? Dəfələrlə həmin verilişlərə dəvət almışam. Amma özümü heç vaxt həmin verilişlərdə görməmişəm. Hesab edirəm ki, bu verilişlərin dayandırılması üçün bir göstəriş verilməlidir. Əvvəllər olduğu kimi, bir qurum yaradılmalıdır ki, efirə nəzarət etsin. Nə olsun özəl telekanaldır, özəl telekanal heç də özbaşınalığa yol verməməlidir. Axı televiziyaya milyonlarla izləyici baxır. Onların içərisində uşaq da var, böyük də, yaşlı da, xəstə də. İnsanların əsəbini tarıma çəkmək olmaz.

- Nəzakət xanım, heç başqa veriliş adı ilə aldadılıb, hansısa proqrama dəvət olunmusunuzmu?

- Sən Allah yadıma salma, əsəbiləşirəm. Bir də görürsən, hansısa verilişə çağırırlar, sadalayırlar ki, filankəslər qonaq olacaq. Gedib verilişə çatanda görürsən ki, tamamən sənətdən xəbəri olmayan bir qrup şou adamını yığıblar efirə, məni də oturdurublar yanlarında. Qalırsan içində partlaya-partlaya ki, ay aparıcı, axı bura mənim yerim deyil, niyə məni aldadıb, verilişinə çağırıb əsəblərimlə oynayırsan. Sənə reytinq qazanmaq lazımdır deyə məni çağırıb, el-aləm içində biabır etməlisən? Axı elə verilişlərdə qonaq olmaq özü elə biabırçılıq deməkdir. Sənətimin çəkisi mənə belə verilişlərə getməyə icazə vermir. Xəcalət çəkə-çəkə oturursan verilişdə, baxırsan ki, ətrafındakılar ağızlarına gələni danışır. Düşünmür e, efirdədir, ona milyonlar baxır. Ağzını qoyub Allah yoluna, küçə söhbətlərini efirə gətirir. Etik normaları gözləmək lazımdır. Bir də görürsən, aldadıb aparırlar, deyirlər ki, verilişdə yalnız oxumaq olacaq. Gedib görürsən ki, nə oxumaq, hamı danışır, hamı əxlaq dərsi keçir, camaata ağıl verir. Özünün bir ağlı-kamalı, mədəniyyəti, savadı olsa dərd yarıdır e, qandığı qrafa yoxdur. Daha özümə söz vermişəm, bir də lazım olmayan verilişlərə getməyəcəyəm. Heç kim də məni yalandan aldadıb verilişinə dəvət etməsin. Verilişi yarımçıq tərk edəcəyəm. Mən oxumalıyam, danışmamalıyam. Sənəti olmayanları çağırsınlar, nə qədər istəyirlərsə, danışdırsınlar. Ola bilər e, hansısa səviyyəli proqramda bir-iki kəlmə danışım, münasibət bildirim. Amma iki-üç saatlıq proqramda axşama qədər “lə-lə-lə” etmək mənlik deyil. Ümumiyyətlə, mən həmişə deyirəm ki, sənət adamları bir nümunə olmalıdır. Xoşlamıram “mən-mən” deməyi, amma vallah, mənim yerim səhnədir, elə mənasız yerlər deyil.

- Heç olubmu ki, verilişdə belə mənasız söz-söhbətlərdən bezəsiniz və verilişi yarımçıq tərk edəsiniz?

- İnanın, bu yaxınlarda bir çəkilişdə başıma belə bir iş gəldi. Getdim gördüm ki, sənəti, səsi, şəxsiyyəti olmayan insanlarla eyni verilişdəyəm. Mən belə şeylərə çox önəm verən adamam ha! Kiminlə eyni verilişdə qonaq olacağam, yanımda oturacaq adam hansı səviyyənin sahibidir və s. Baxdım gördüm ki, qızların biri siqareti yandırır, o biri söndürür.Tüstü-duman efiri bürüyüb. A balam, sənət adamı olanda nə olar, bəs mənəviyyat? Başqa vaxt deyirsən, oğlum məni “Facebook”a qoymur, amma camaatın qabağında siqareti damağına qoyub fıshafıs çəkirsən. İnanın gördüm ki, boğuluram, əsəbimdən titrəyirəm. Uşaqlar da yanımdaydı. Tez onlara dedim ki, məni burdan çıxarın. Elə verilişə çəkilməmiş çıxıb getdim. Oradan çıxandan sonra elə rahatlandım ki... Bizim muğam aləmində böyük-kiçik var, hər kəs yerini bilir. Amma elə musiqiçilər var ki, belə şeyləri gözləmirlər, bir-birinə hörmət eləmirlər. Elə yerdə mənim nə işim var? İnan ki, o verilişdən çıxandan sonra ürəyimdə dedim ki, qurban olum öz çevrəmə. Bir də bilirsən, məni nə yandırır? İndi bu müğənniləri hamı tanıyır da, kimin əvvəli-axırı necə olub, keçmişi nədir. Bir də görürsən, həmin adamlar özünü elə bəzəyib-düzəyib təqdim edir, deyirsən ki, bundan əxlaqlısı yoxdur. Amma keçmişini hamı tanıyır e. Heç olmasa, danışma, sus. Bir də görürsən, kimsə geyindiyi brend paltardan, evindən, bahalı avtomobilindən danışır. İndi azdan-çoxdan hamımızın qalmağa yerimiz də var, geyinməyə paltarımız da. Bunu el-aləmə nümayiş etdirmək nəyinə lazımdır? Özünü yalandan mədəni göstərmək üçün siqaretin birini qoyub, o birini püfləmək kimə lazımdır axı. Müğənni olanda nə olar, adam özünü elə pis kökə qoyar? Mən bu sənətə belə şeyləri yaraşdırmıram.

- Belə başa düşdüm ki, bəyənmədiyin çoxlu sayda aparıcılar da var…

- Çalışıram, heç o verilişlərə getməyim, gedəndə də o aparıcılar artıq qırımımdan bilirlər ki, nədən xoşum gəlir, ya gəlmir. Çox vaxt heç o sualları mənə vermirlər də. Elə yanımdakıları danışdırırlar, məni də reytinq xatirinə oturdururlar bir qıraqda. Mənasız suallar verən aparıcılar da olur. Bəzən aparıcı verilişinə qonaq çağırdığı müğənnini elə biabır edir ki, o sənətçinin yerinə mən utanıram. Özü də həmin aparıcının cavabını da verən olmur e. Elə buna görə də dalbadal səviyyəsiz sualları ilə həmin müğənnini aşağılayır. Bu adam başqa planetdən gəlməyib e, sənin öz azərbaycanlındır, niyə onu bu günə qoyursan? Bir verilişə gəlməkdən ötrü, gündəm naminə müğənni niyə axı belə biabırçılıqlara dözür, bu, mənə çatmır. Bəzi aparıcılar var ki, çox kobuddurlar, pis hərəkətləri ilə özlərini gözdən salırlar. Elə bilirlər onların bu hərəkətini başa düşən yoxdur. Amma el gözü tərəzidir, qırqovul başını kola salsa da, yenə quyruğu görünür.

- Bu məsələdə günahı kimdə görürsünüz – aparıcıda, yoxsa aşağılanan qonaqda?

- Elə hər ikisində. 50-50-yədir. Aparıcı da köntöy və mədəniyyətsiz adamdır. Amma müğənni imkan verməsə, şərait yaratmasa, aparıcı elə həddini aşa bilməz. Heç kimə haqq verilməyib ki, qarşısındakı insanı təhqir etsin. Qayıdıb adama elə cavab verərlər, yerində qalarsan. Təhqir olunan müğənni ilk başda o aparıcının cavabını verməlidir ki, həmin aparıcı ikinci dəfə qayıdıb onu aşağılamasın. O aparıcı elə bilir ki, kimisə aşağılayanda ona əhsən deyəcəklər. Əksinə, hamı ürəyində söyür.

- Hansısa bir aparıcı tərəfindən sizə qarşı elə bir nalayiq hərəkət olubmu?

- Bir dəfə olub belə şey. Dərhal da cavabını vermişəm. Demişəm ki, çaşırsan ha! O qədər şou adamlarıyla oturub-durmusan ki, ağzının danışığını da bilmirsən. Elə üzünə demişəm bu sözləri. Dərhal da hərəkətinə görə üzr istəyib. Bəzən yola-getdiyimiz tədbirlərdə soruşurlar ki, niyə efirlərdə görünmürsən? Harada görünəsən, hansı səviyyənin sahibinin verilişində çıxış edəsən? Yəqin, bu səviyyəsiz aparıcılar evdə də anaları-bacıları ilə belə davranırlar, şit-şit hərəkət edirlər. Görün biabırçılıq nə həddə çatıb ki, aparıcı efirdə müğənnini qıdıqlayır. Ayıbdır e, bu, heç bir etik normaya sığışan hərəkət deyil. Qardaş, ürəyindən kimisə qıdıqlamaq keçirsə, efirdən sonra yıx yerə, nə qədər istəyirsən qıdıqla da. Bunu efirdə etmək ən azı tərbiyəsizlikdir. Mənliyimizi, mədəniyyətimizi ayaq altına salıb tapdalamaq olmaz. Elə aparıcıların yerinə utanıb xəcalət çəkirəm. Bu verilişə baxan insanları düşünsünlər, azərbaycanlı olduqlarını xatırlasınlar. Efir, reklam, reytinq naminə insan özünü abırsız hala salmaz. Bunun qarşısı alınmalıdır, yoxsa yeni nəsil onlara baxıb hansı tərbiyəni götürəcək. Buna bir əncam çəkilməlidir axı. Elə bil dədələrinin telekanalıdır. İnsanlarla istədikləri kimi davranırlar. Efir mədəniyyətinin nə olduğunu anlamırlar. Bu bir yana, mədəniyyət, səviyyə canlarında-qanlarında da yoxdur. Evdə bir başa salanı da yoxdur ki, ay bala, özünü efirdə abırlı apar.

- Bəlkə, ad çəkəsiniz?

- Ad çəkməyin nə mənası var, onsuz da onu bütün Azərbaycan tanıyır və hansı səviyyənin adamı olduğunu bilir. Bir tək mən deyiləm e, əksər insanlar elə aparıcıların əlindən bezardır. Amma bəziləri abırına qısılıb susur, bəziləri də neyləsinlər, gündəm xatirinə həmin verilişlərə gedirlər. Elə gündəm şəxsən mənə lazım deyil.

- Ürəyiniz doluymuş ki?

- Elə məqam axtarırdım ürəyimi boşaldım. Sual verdiniz, danışdım...

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm