“Allaha inanmasam da, Al Paçinoya inanıram”
Bizi izləyin

Tabloid.az

“Allaha inanmasam da, Al Paçinoya inanıram”

Məşhur insan olmasına baxmayaraq, o, hər zaman Hollivudun yazılmamış qaydalarına qarşı çıxır. 74 yaşlı Al Paçino məhz özünün seçdiyi həyatı sürür. O, gözəl sevgilisi (aktyordan 40 yaş cavandır) və əkiz övladları ilə özünü xoşbəxt hiss edir.

Publika.az “Bizim tərcümə” layihəsi üçün məşhur Hollivud aktyoru Al Paçinonun müsahibəsini təqdim edir.

- Bir çox aktyorlara “Al Paçinonu kinoda hansı epizodla xatırlayırsınız” sualını verəndə hamısı eyni şeyi deyir: “Xaç atası” filmində restoranda əyləşib, tapançanı çıxarıb, yoxsa çıxarmamağınız haqqında düşünməyiniz. O səhnədəki baxışlarınızı sözlə ifadə etmək olmur...

- Bunu eşitməyinə çox şadam. Əslində, həmin səhnədə stol arxasında əyləşib düşünürdüm ki, görəsən, bütün bunlara nə qədər dözə biləcəyəm və məni film çəkilişlərindən nə zaman qovacaqlar. Çünki bu səhnənin çəkilməsindən bir gün əvvəl elə bu haqda söhbət getmişdi.

- Xavier Bardem sizin haqqınızda deyib: “Mən Allaha inanmasam da, Al Paçinoya inanıram...”

- Bəli, bu deyimi eşitmişəm. Bardemi həm aktyor, həm də insan kimi sevirəm. Onunla düz bir saata qədər söhbət etmişik. Yəqin, ondan sonra bu deyimlə çıxış edib. Mənə “əfsanə” və ya buna bənzər sözlər deyiləndə məmnun qalıram. Bu təriflərdən xoşlanmadığımı deyə bilmərəm, çünki həqiqətən də xoşlayıram.

- Oynanılmış və ya əksinə, oynanılmamış rollara təəssüf etmisinizmi?

- Xeyr, bu, ağılsızlıqdır. Mənim oynamadığım rollar başqa aktyorlara məxsusdur. Bu, onların mülkünə toxunmaq kimi bir şeydir. Bundan əlavə, roldan nə zaman imtina edəcəyimi bilirəm. “Xaç atası” filminin birinci hissəsindən sonra aram vermədən filmlərə çəkildim. Özümü o qədər yorğun hiss edirdim ki, sanki kimsə üstümə avtomat tuşlayıb, güllələri mədəmə doldurmuşdu. Sözün düzünü deyim ki, həyatımın o mərhələsini hələ də dumanlı xatırlayıram. Mən o vaxt də bunun nə olduğunu anlaya bilmirdim və elə indi də bilmirəm. Çünki karıxmış, qorxaq, pis vəziyyətdə qalmış insan kimi idim... Lakin görünür ki, 70-ci illərdə iş planı çərçivəsində baş verənlər sonradan mənim xeyrimə işlədi (möhtəşəm “Xaç atası” filmindən sonra Al Paçino 20 il ərzində 18 filmdə çəkildi. O, 8 dəfə “Oskar” mükafatına namizəd olsa da, 1993-cü ildə “Qadın ətri” filminə görə, nəhayət ki, bu mükafatı ala bildi). Başqa aktyorlardan fərqli olaraq, heç nəyə baxmadan sonda mən yenidən teatra qayıdıram. Teatr məni gerçək həyatdan uzaqlaşmamağa imkan verir.

- Bildiyimizə görə, sizi “Xaç atası” filmində çəkmək istəmirdilər?

- Belə deyək ki, heç mən də çəkilmək istəmirdim! (gülür). Düzdür, filmdə mənim çəkilməyimə razı deyildilər. Bircə rejissor Frensis Ford Koppoladan başqa. Açığı, o da bir az dəlidir. Yapışmışdı məndən, daha əl çəkmirdi. Mən ona deyirəm: “Frensis, sakitləş, nə əsəblərini korlayırsan? Prodüserlər məni istəmirsə, eybi yox, roldan çıxaram. Mən hələ sənin başqa filmlərində də mütləq çəkiləcəyəm. Sən yaxşı oğlansan və mən səni sevirəm”. O, hələ bundan əvvəl də məni sevgi tarixçəsindən bəhs edən filmdə çəkilməyə dəvət etmişdi. Teatrda tamaşamı görüb bəyənmişdi. Qısası, qorxdum ki, Frensis Koppola mənim“Xaç atası” filmində oynadığım üçün işini itirər. Yeri gəlmişkən, prodüserlər Marlen Brondonun da çəkilməyini istəmirdilər.

- Yəqin, o vaxtdan sonra belə bir hadisə təkrarlanmadı...

- Niyə ki? Belə hadisələr günü bu günədək davam edir. Elə də olub ki, roldan imtina etməklə cavan aktyorlara yol açmışam. Məsələn, “Çərt qoz” (“Die Hard”) filmindən imtina etməklə, Brüs Uillis üçün şans yaratdım və o da karyerasının zirvəsinə qalxdı. Və ya “Ulduz döyüşləri” (“Star Wars”) filmini götürək. Rol Harrison Forda həvalə olundu və o məşhurlaşdı. Ssenaridən baş açmadığım üçün roldan imtina etmişdim.

- “Gözəlçə” filmində sizə Culiya Robertslə oynamaq həvalə olunmuşdu. Düzdürmü?

- Bəli. Lakin mən rolu Riçard Girə ötürdüm. Və bununla da, gözəl xanımla birgə oynamaq şansımı itirdim (gülür).

- Həyatınızda olan ən əhəmiyyətli qadınlardan biri olan Dayen Kitonla uzun müddət birgə yaşamısınız...

- Bəli, Dayenlə 80-cı illərin əvvəlindən yaşamağa başlamışam. İlk dəfə o vaxt özümü əsl adam kimi hiss etdim. Heç yana tələsmək lazım deyildi. Öz daxili aləmimi qaydaya salmağa vaxtım vardı. Kinodan uzaqlaşıb, teatrda çıxış edirdim. Bəlkə də o illər həyatımın ən yaxşı dönəmi idi. Bir gün Dayen mənə ultimatum göndərdi, daha dəqiq desək, xəbərlarlıq etdi: “Sən nə fikirləşirsən? Elə hesab edirsən ki, uşaqlıq və gəncliyini keçirdiyin daxmaya qayıda biləcəksən? Yox, sən kifayət qədər zəngin olmusan. Daha alınmayacaq. Və ya sən elə hesab edirsən ki, əvvəlki kimi Hollivudun “A” siyahısındasan? Səhvin var, əzizim. Qısası, sən tezliklə işinə qayıtmalısan”. Təxminən belə. Dayen nitqinə yaxşı hazırlaşmışdı. Bu sözləri üzərimə yağdırdıqdan sonra əlindəki “Bir dəniz sevgi” filmin ssenarisini uzatdı. Dayen düz edirdi. Çünki məhz bu film mənim karyeramı “təmir” elədi.

- Sizin sonuncu sevginiz argentinalı model Lusila Soladır. Görünür, bu 7 il ərzində yaxşı yola gedirsiniz.

- Lusila dediyi kimi, biz sanki 49 ildir ki, bir yerdəyik. Həqiqətən də, biz bir-birimizi sanki doğulandan tanıyırıq.

- Al Paçino qadınları nə ilə yoldan çıxarır?

- Bircə bunu deyə bilərəm: “Xaç atası” filmindən sonra küçədən keçən qadınlar üstümə hücum edib, “Maykl” deyərək çığırırdılar. Mən isə yaraşıqlı qadın görəndə ayaq saxlayıb ona deyirdim: “Salam”. O isə mənə cavab verirdi: “Salam, Maykl!” Mən onun əlindən tutub istədiyim yerə apara bilərdim. Və ya əksinə, onu orada qoyub gedə də bilərdim. Mən, adətən, ikinci varianta əl atırdım.

- Siz heç öz uşaqlarınızın anası ilə də evlənmədiniz. Bir tərəfdən isə atalıq məsuliyyətinə ciddi yanaşırsınız...

- Yəqin, buna görə atama minnətdar olmalıyam. Ona oxşamaq istəməzdim. Atam düz 5 dəfə evlənib. Mən isə heç bir dəfə də olsun, ailə həyatı qurmadım. Üç uşağım var və mən onlara görə məsuliyyət daşıyıram. Mən onların həyatının bir hissəsiyəm. Çəkilişdən sonra evə gələndə onların gün ərzində nə etdiklərini soruşuram.

- Bəs öz uşaqlığınızı necə xatırlayırsınız?

- Mən hələ kiçikkən valideynlərim ayrılmışdı. Ailənin yeganə övladı idim və Cənubi Bronksda anam, nənəm və babamla çoxmənzilli evdə yaşayırdım. Qarğıdalı çubuqları bağlamasının içindən Tom Miksin verilişinə bilet qazanmağım əsl bayram oldu. Tom Miks vestern filmlərin kovboyu – çox məşhur adam idi. Yadımdadır, nənəm vəfat edəndə 6 yaşım vardı. Dəfn mərasimindən evə gələndə poçtalyon qapını döydü. Verilişə qazandığım bileti gətirmişdi. Əvvəlcə sevinmək istədim, lakin nənəmin vəfat etdiyini və onu indicə basdırdığımızı qəfil xatırladım. Mən biletdən həzz almağa çalışırdım, lakin... Bax elə həmin gün mən daxili konfliktin nə olduğunu anladım.

- Ananızın sizin məşhur olmağınıza münasibəti necə olub?

- Anam heç mənim məşhur olmağımı görmədi: erkən vəfat etdi. Yadımdadır, 10 yaşım vardı. Evimiz çox soyuq idi. Aşağıda isə uşaqlar məni həyətə çağırırdılar. Anam məni küçəyə buraxmırdı. Mənsə əsəbiləşərək, qışqırıb ona ağzımdan çıxanı deyirdim. O, danlaqlarımı qəbul edir, məni isti adyala bürüyüb soyuqdəymədən qoruyurdu. O zaman anlamırdım. Anam bununla mənim həyatımı xilas etdi. Çünki həmin günü məni küçəyə çağıran uşaqların heç biri hazırda həyatda yoxdur. O istəyirdi ki, mən gecəyədək küçələrdə gəzişməyim və dərslərimi vaxtlı-vaxtında edim. Elə onun sayəsində mən burada əyləşib sizə müsahibə verirəm...

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm