Flora Kərimova onu yandıran faciədən danışdı
Bizi izləyin

Tabloid.az

Flora Kərimova onu yandıran faciədən danışdı

Axşam düşür, şər qarışır,

Sahil bağı aşıb-daşır…

Zaman keçsə də, onun məlahətli səsi hələ də qulaqlarımızdadır. Yaxşı ki, yaddaşımızda xoş iz buraxan belə sənətkarlarımız olub. Söhbət Azərbaycanın əməkdar artisti, mərhum sənətkar Nəzakət Məmmədovadan gedir.

Publika.az-ın məlumatına görə, prodüser Humay Muxtarovanın və gənc musiqi tədqiqatçısı Ülvi Rzazadənin təşkilati və Fuad Mədətovun informasiya dəstəyi ilə sevilən sənətkarımızın anım günü qeyd olunub. Tədbir boyu sənətkarın lent yazıları səsləndirilib, onun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə xalq artisti Flora Kərimova, tarzən Ağasəlim Abdullayev, əməkdar artist Elza Seyidcahan, gənc müğənnilərdən Aşıq Samirə, Əbdül Xalid, Rövşən Əziz, Elnar Xəlilov və media mənsubları iştirak edib.

Göz yaşlarına hakim ola bilməyən xalq artisti Flora Kərimova xatirələrini kövrələrək paylaşıb: “O illərə dönəndə kövrəlirəm. O illərə, o ab-havaya yenidən qayıtmaq istəyirəm... O vaxt Nəzakət xanımı yalnız sevmirdilər, ona səcdə edirdilər. O, xanım-xatın bir sənətkar idi. Onu sevməmək mümkün deyildi. Təəssüf ki, bu gün səhnədə ləyaqəti ilə seçilən belə xanım-xatın müğənnilərimiz azdır. Nəzakət xanım özünə qarşı tələbkar idi. Paxıllıq nədir bilməzdi. Bir dəfə də olsun, dilindən dedi-qodu eşitmədim. Kimlərinsə sənətdə “xoruz buraxdığı” dövrlərdə Nəzakət xanımın naxışı gətirdi. Yaradan onun çirkaba bulaşmağını rəva görmədi və onu çox tez yanına apardı. Onun ölümü çoxlarını yandırdı. Onun ölümündən sonra da ailəsində faciələrdə davam etdi. Oğlu, ardınca da adını qoyduqları nəvəsi qəza nəticəsində dünyasını dəyişdi. Çox sağ olun ki, o sənətkarı yada salmısınız. Cavanlara tövsiyəm budur ki, dəyişməyin, zər qədrini bilin, sənətkarlara dəyər verin. Nəzakət xanım hər zaman insanların qəlbində yaşayacaq. Onun musiqilərini dinlədikcə sevilən sənətkarımızı yad edəcəyik”.

Əməkdar artist Elza Seyidcahan Nəzakət Məmmədova kimi sənətkarların zaman durduqca yaşayacağını deyib:

“Nəzakət xanım oxuyanda biz orta məktəbdə təhsil alırdıq. Demək istəyirəm ki, bir çox cavanlar onu tanımır. Sağ olsun gənclərimizi ki, belə tədbirlər təşkil edərək, sənətkarlarımızı yad edir və yeni nəslə tanıdır. Nəzakət Məmmədova Azərbaycan musiqisində iz qoyan sənətkardır. Mən onu həm bir sənətkar kimi, həm də gözəl bir xanım kimi dəyərləndirmişəm. Heyif ki, həyatdan tez köçdü. Bu da taleyin işidir, amma xoşbəxt sənətkarlarımızdan olub. Əgər bu gün hər kəs onun musiqilərini dinləyib zövq alırsa, deməli, o yaşayır. Hələ neçə-neçə yeni nəsil onu sevib yad edəcək”.

Xalq artisti Ağasəlim Abdullayev Nəzakət Məmmədova kimi sənətkarların hər zaman insanların qəlbində yaşayacağını bildirib: “Nəzakət xanım geniş dinləyici kütləsinə malik olan sənətkar idi. Onun geniş səs diapazonuna malik olan səsi, improvizəsi hər zaman insanları valeh edirdi. Dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycan musiqisini təmsil edib. Onun repertuarı da çox rəngarəng olub, bütün xalqların musiqilərini məharətlə ifa edib”.

Anım günündə Nəzakət Məmmədovanın həyat yoluna nəzər salınıb.

Qeyd olunub ki, Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Mərhum sənətkar uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllim görmək istəyiblər. Məhz onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlib və Xarici Dillər İnstitutuna daxil olub. Amma gözəl səsi olan gənc Nəzakət musiqidən ayrı yaşaya bilməyəcəyini anlayıb və təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olub. Onun səsinə ilk qiyməti görkəmli sənətkarlar Əhməd Bakıxanov və Hacıbaba Hüseynov veriblər. Onların qarşısında “Bayatı-Qacar” oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edib. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət “Lalə” qızlar ansamblında çalışıb. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunub və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxıb.

O, 1980-ci il oktyabrın 21-də Soçidə dünyasını dəyişib.

Cəvahir Səlimqızı

Foto: Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm