Bakıda Sevgililər Günü necə qeyd olunur?- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Bakıda Sevgililər Günü necə qeyd olunur?- FOTOLAR

Bu gün 14 fevral Sevgililər Günüdür. Artıq bəzi yerlərdə ənənə halını almış bayram müxtəlif səviyyələrdə fərqli qeyd olunur. Yaşından asılı olmayaraq, bir sıra cütlüklər təqvimin bu gününü sevgi günü kimi qeyd edərək görüşür, birlikdə əylənirlər.

Bakıda əllərində kül-çiçək tutub birlikdə gəzən cütlüklərin, hədiyyə mağazalarında vurnuxan yeniyetmə və gənclərin, hətta bəzi orta yaşlıların sevincli anları bu günün bir sıra sakinlər tərəfindən əlamətdar tarixə çevrildiyini göstərir.

Publika.az paytaxt sakinlərinin Sevgililər Günü ilə bağlı fikirlərini, habelə müşahidə etdiyimiz maraqlı məqamları təqdim edir:

Müxtəlif yerlərdə apardığımız müşahidələr zamanı öyrəndik ki, bu gün əsasən zərif cinsin nümayəndələri öz sevgililərinə kişilər üçün nəzərdə tutulmuş ətirləri alırlar. Satıcılar bildirdilər ki, bir sıra yeniyetmələrin Valentin Gününə hazırlıqları dünəndən başlayıb: “Dünən axşam satışımız babat oldu. Halbuki bizdə ətirlər əsasən günorta satılır. Günün ikinci hissəsində alver bir qədər zəifləyir. Ətir alanlar daha çox qadınlar idi”.

Söhbətləşdiyimiz başqa satıcı bu gün mağazadan bir neçə ətir satdığını dedi: “Səhər satış bir az zəif idi. Amma saat 12-dən sonra bir qədər aktivlik müşahidə edilir. Ətir alanlar əsasən 20-25 yaşlı gənclərdir. Elə oğlanlar var ki, hətta kosmetik vasitələri də hədiyyə alırlar”.

Müsahiblərimiz bildirdilər ki, bu gün əsasən 15-20 manatlıq ətirlər satılıb. Qiyməti 20 manatdan baha olan ətirlərin satışı nisbətən az olub. Yalnız bir nəfər qiyməti 80 manat olan fransız ətri alıb.

Səhər saatlarından suvenir satışında da fəallıq müşahidə edilir. Paytaxtın hədiyyələr satılan bir neçə mağazasında apardığımız müşahidələrimiz göstərdi ki, bu gün təkcə sevgililərin deyil, mağaza sahiblərinin və satıcıların da bayramıdır.

Satıcılar bildirdilər ki, bu gün əsasən sevgi simvolu sayılan ürək formalı bağlamalar daha çox satılıb. Nə qədər qəribə olsa da bu hədiyyələrin alıcıları arasında qızlar oğlanları üstələyib.

Satıcılar dedi ki, bu gün oğlan müştərilərinin sayı az olub. Amma onlar bunun səbəbini izah edə bilmədilər.

Suvenir satıcılarından biri dedi ki, bu gün səhərdən başlayaraq alveri yaxşı olub. Müştəriləri də 19-23 yaşlı qızlar olub. Aldıqları hədiyyələr isə kiçik gəmi maketləri və gitaralar olub.Qarşıdakı mağazada gül satılır.

O ki qaldı satılan suvenirlərin qiymətlərinə, qiymətlər fərqlidir. Ən baha satılan hədiyyənin qiyməti 100 manat olub.

Satılan hədiyyələr sırasında üzərində ad yazılmış fincanlar da çoxluq təşkil edir. Alıcıları isə daha çox qızlardır.

Söhbətləşdiyimiz satıcı qeyd etdi ki, iki gün qabaqdan bununla bağlı sifarişlər qəbul ediblər. Zərif cinsin nümayəndəsi olan bir neçə müştəri sevgilisinin fotosunun və adının fincanın üzərinə yazılmasını sifariş edib. O ki qaldı satılan fincanlara, onların qiyməti 1-5 manat arasında dəyişir.

Paytaxtın ən böyük kitab evlərindən birində müşahidə etdiyimiz maraqlı məqamları da diqqətinizə çatdırmaq yerinə düşər. Belə ki, Nəsimi rayonu ərazisində kitab satışını həyata keçirən böyük mağazalarda sevgililər günü münasibətilə xüsusi kitablar ayrılıb və onlar bağlamalara bükülüb. Bağlamaların üzərində həmin kitabın adı, mövzusu qeyd edilib. Bunlar təbii ki, əsasən sevgi, romantik mövzulu əsərlərdir.

Təəccüblü görünsə də, gül mağazalarındakı fəallıq ötən illə müqayisədə nisbətən azdır. Bu mağazaların satıcıları ilə söhbətlərimiz zamanı əmin olduq ki, ötən ilin bu günü ilə müqayisədə satış az olub: “Bayaqdan alverin necə olduğunu özünüz görürsünüz. Fikir verin, görün mağazada sizdən və məndən başqa kimsə var? Bayaq buket alan iki nəfər ad gününə gedirdilər. Bir az əvvəl bir nəfər toy mərasimi üçün sifariş etdiyi buketi alıb apardı. Bir sözlə, satış az olub. Nədənsə hətta gənclərimiz də bu gün az gül alırlar. Artıq neçə ildir iyunun 30-da güllər yaxşı satılır. Deyəsən bəzi gənclərimiz ayılıb. Bilirlər ki, bu gün xristianların sevgililər günüdür. Bəziləri deyirlər ki, 14 fevralın bizə aidiyyəti yoxdur”.

Söhbətləşdiyim digər satıcı da alverinin zəif getməsindən gileyləndi: “Biz gülləri əsasən Bakı kəndlərindən alırıq. Nardaran və Şüvəlan kəndlərindən gətizdiririk. Bəzən xarici ölkələrdən də güllər sifariş verən olur. Onları Hollandiyadan gətizdiririk. Belə güllərin qiyməti 150 manatdan baha olur. Ancaq onu yalnız sifariş olanda alırıq”.

Müsahibimin sözlərinə görə, Bakı kəndlərindən gətirilən güllər həm ucuz, həm də keyfiyyətlidir:

“Deyəsən Valentin onun gününün belə passiv qeyd olunmasından dilxor olacaq. Bizdə güllərin qiyməti münasibdir – hər ədədi 2 manat. Baha olanlar da var. Amma azdır. Ən baha buketimiz isə 50 manatdır”.

Valentin Gününü şən və romantik keçirməyə çalışan cütlüklərlə də söbətləşdik. Paytaxt küçələrində əl-ələ tutub yanaşı addımlayan, əllərində hədiyyələr tutmuş sevgililərdən bəziləri bildirdilər ki, bu günü Dənizkənarı Milli Parkda bayrama çevirmək istəyirlər. Sevgililər Gününü kafe və restoranlarda qeyd edənlər də kifayət qədərdir.

Bakının ayrı-ayrı yerlərində apardığımız müşahidələr zamanı Sevgililər Gününün əsasən 17-28 yaşlı gənclər və yeniyetmələr tərəfindən qeyd edildiyinin şahidi olduq.

Anar Tağıyev

Foto Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm