• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

İlqar Muradov: “Məmurlara etiraz etmək olmur” – FOTOLAR

İlqar Muradov: “Məmurlara etiraz etmək olmur” – FOTOLAR

Çox nadir hallarda müsahibələrimin girişində həmsöhbətlərim barədə belə fikirlər yazıram. Ancaq bu, faktdır ki, Azərbaycan səhnəsində onu davranış etalonu kimi qəbul edirlər.

İstər gənclər, istər öz tay-tuşu olan bir çox sənətçilərin İlqar Muradovdan görüb-götürəcəyi çox şeylər var. Bəzən isə həmkarları onu qalmaqala çəkməyə cəhd etsələr də, alınmır. Elə məhz bu özəlliyi əməkdar artisti illərin sınağından üzüağ çıxarıb.

Beləliklə, Publika.az-ın suallarını tanınmış müğənni, Azərbaycanın əməkdar artisti İlqar Muradov cavablandırır.

- İlqar müəllim, bildiyimə görə, filmə çəkilirsiniz. İstərdim ki, bu barədə ətraflı məlumat verəsiniz.
- Çox istedadlı rejissorumuz Yavər Rzayevin filminə çəkilirəm. Ssenari müəllifi xalq yazıçısı Çingiz Abdullayevdir. Burada mən detektiv obrazındayam. Baş rolu - `Moskvada yaşayan detektiv Dronqonu oynayıram. Çəkilişlər Bakıda və Qubada olacaq. Çəkilişlər martın 1-dən başlayacaq.

- Həyatda çox sakit təbiətli, təmkinli insan təəssüratı bağışlayırsınız. Ancaq filmdə detektiv obrazını oynayırsınız…

- Əslində, Dronqo da təmkinli və sakitdir. Detektiv olsa da, sərt adam deyil.

- Ancaq tamaşaçı üçün “İlqar Muradov” və “detektiv” sözləri… bir xeyli paradoksal səslənir.

- Düzdür, mənimçün də bir az çətindir. Amma inşallah, öhdəsindən gələrik.

- Bəs müğənni kimi yaradıcılığınızda hansı yeniliklər var?

- Təzə mahnılar çoxdur. Kinoya görə heç nə etmirəm.

- Düşünmürsünüz ki, kino sizi çox cəlb edər və fəaliyyətinizi həm də kinoaktyor kimi davam etdirərsiniz?

- Belə düşünmürəm. Əvvəlcə təklifə razılıq vermək istəmirdim. Çünki peşəkar aktyor deyiləm. Sonra gördüm ki, alınır.

- Son zamanlar efirlərdə də az-az görünürsünüz. Bu da film çəkilişlərinə görədir?

- Mən elə əvvəldən efirlərə az-az gedirəm. Bir az da kino başımı qatıb, ümumiyyətlə, getmirəm.

- Sizə baxanda insanda belə bir təəssürat yaranır ki, heç vaxt əsəbiləşmirsiniz. Maraqlıdır, sizi nə əsəbiləşdirə, hövsələdən çıxara bilər?

- Hamımız insanıq, hamımız da əsəbiləşirik. Kənardan sakit görünürəm (gülür). İnsan yaşa dolduqca əsəb sistemi bir az da gərginləşir. Amma mən əsəbiləşməməyə, mənfi şeylərə reaksiya verməməyə çalışıram.

- O zaman sualı belə qoyaq. Nə sizin “damar”ınıza toxuna bilər?

- Həyatımda hər şey çox yaxşıdır, narazı deyiləm. Ani məqamda əsəbiləşmək isə hər şeydən ola bilər.

- Yaşlanmaqdan danışdınız. Qocalmaq sizi qorxudur?

- Vaxt amansızdır. Mən bir mahnı yazmışam. Orada deyilir ki, yaşa dolduqca ucalır insan, sevgi-məhəbbətdən güc alır insan.

- Bu sözlər sizə aiddir?

- Yox, bu sözlər “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova aiddir.

- Vəzifəli şəxslər, məmurlar şeirlərini, bəstələrini sizə tez-tez təklif edirlər?

- Maşallah, bizim xalqımız çox istedadlıdır, hamı yaradıcılıqla məşğuldur. Bu mənada mənə də müraciət edənlər çox olur. Mən də böyük məmnuniyyətlə bəyəndiklərimi oxuyuram.

- Bəyənməyəndə vəziyyətdən necə çıxırsınız? Birbaşa deyirsiniz ki, xoşuma gəlmədi?

- Müəyyən insanlar var ki, onlara etiraz etmək olmur. Onda həmin mahnıları İlqarlaşdırıram (gülür).

- Repertuarınızda ürəyinizcə olmayan mahnılar var?

- Bəli, elə mahnılarım var. Ancaq dediyim kimi, müəllifdən icazə alıb dəyişdirmişəm.

- Repertuarınızın doxsan faizini lirika təşkil edir. Nə zamansa yaradıcılığınızda ritmik ifalara da yer vermək barədə düşünürsünüz?

- Ritmik mahnılar oxuyacağımı düşünmürəm. Ancaq müəyyən vətənpərvərlik mahnıları oxumuşam, əhval-ruhiyyələri başqa cürdür.

- Rəhmətlik Ağabəy Sultanov deyirdi ki, pasiyentlərimə İlqar Muradovu dinləməyi məsləhət görürəm, ifası əsəbləri sakitləşdirir. Siz gərgin anlarda kimi dinləyirsiniz?

- Nə vaxt yaxşı musiqi eşidirəmsə, dinləyirəm. Amma heç vaxt gəlib oturub musiqi dinləmirəm.

- Kimin ifası ruhunuza daha yaxındır?

- Mənim musiqi dinləməyim təsadüfdən yaranır. Ya maşında, ya harasa gedəndə…Bütün günü işdə oluram. Cazı daha çox sevirəm.

- Caz ifaçılarından kimləri bəyənirsiniz?

- Bu dəqiqə Azərbaycanda caz çox güclü inkişaf edib, istedadlı ifaçılarımız da çoxdur. Şahin Növrəslini, İsfar Sarabskini, Emil Əfrasiyabı dinləyirəm. Biz digər millətlərlə müqayisədə çox istedadlıyıq. Bu, təkcə caza yox, incəsənətin digər sahələrinə də aiddir.

- Toylara gedirsiniz?

- (gülür) Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu… Gedirəm, gedirəm..

- Belə başa düşdüm ki, əslində, toya getmək ürəyinizcə deyil…

- İyirmi il əvvəl toylara getmirdim. Gəncliyimdə getmişdim, sonradan getmədim. Mənim üçün toy musiqisi peşəkar musiqi olmadığı üçün imtina etdim. Azərbaycanda sənətçinin qazanması üçün başqa yol da yoxdur. Ona görə getməmək də olmur.

- Toyda verilən sifarişləri oxuyursunuz, yoxsa ancaq öz reperturarınızdan?

- Mən hara getsəm, öz repertuarımı ifa edirəm.

- Sifariş veriləndə oxumursunuz?

- Yox, elə oxumuram. Çünki əvvəlcədən məclisin sahibiylə razılaşdırılır. Repertuarımı bəyənmirlərsə, məni çağırmasınlar (gülür).

- Müğənnilikdən əlavə sevimli məşğuliyyətiniz varmı?

- Hobbim bilyard oynamaqdır.Uzun illər Bilyard Federasiyasında vitse-prezident olmuşam. Təxminən 10 il o vəzifədə işlədim və 2012-ci ildə öz istəyimlə ayrıldım. Bir də ovu çox xoşlayıram. Uşaqlıq dostlarımla təbiətə getməyi, gəzməyi çox sevirəm.

- Hansısa canlıya güllə atmağa ürəyiniz gəlirmi?

- Mən vurmuram və ümumiyyətlə, güllə atmıram. Sadəcə, prosesi, təbiətdə gəzişməyi xoşlayıram.

- Ov silahınız var?

- Bəli, var.

- İstifadə etmirsinizsə, silahı neynirsiniz?

- (gülür) Mən Ovçular Cəmiyyətinin üzvüyəm, şəxsi silahım da var. Özü də çox yaxşı silahdır. Əvvəllər atmışam. Artıq səkkiz ilə yaxındır güllə atmıram. Onsuz da peşəkar ovçu deyiləm.

- Nə silahıdır?

- Rusiya istehsalı olan beşaçılan. 2000-ci ilin buraxılışıdır.

- Mütaliə ilə aranız necədir?

- Mütaliəyə vaxtım yoxdur. Axırıncı dəfə otuz il əvvəl əsgərlikdə mütaliə etmişəm. Səmimi desəm, oxumağa həvəsim də yoxdur. Çünki evdəkilər demişkən, evə ancaq yatmağa gəlirəm.

- Övladlarınız hansı peşənin sahibidir?

- Üç oğlum var. Böyüyü gömrük işçisidir, İqtisad Universitetini bitirib. Ortancıl Sankt Peterburqda beynəlxalq əlaqələr fakültəsində oxuyub. Balaca oğlum isə bu il Dillər Universitetinin skandinaviyaşünaslıq fakültəsinə daxil olub, Norveç dili ilə məşğuldur. Heç birinin musiqi ilə arası yoxdur.

- Heç olmasa, sizin oxuduqlarınızı dinləyirlər?

- (gülür) Hə, mənim iflarımı dinləyib bəyənirlər.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR