• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Bizim Cəbiş müəllim”in “Makedon”u: “Tanya ilə damda o qədər...” – FOTOLAR + VİDEO

“Bizim Cəbiş müəllim”in “Makedon”u: “Tanya ilə damda o qədər...” – FOTOLAR + VİDEO

Aqil Ağacanov. İnanıram ki, bu ad çoxlarınıza heç nə demədi. Bəs “Makedon”? Çox güman, hər biriniz anladınız ki, söhbət “Bizim Cəbiş müəllim” filminin yaddaqalan qəhrəmanlarından birindən gedir. Artıq dörd ildir ki, ildə bir dəfə onunla müsahibə edirəm. Deyim ki, hər dəfə bizim “Makedon”u yola gətirmək elə də asan olmur. Bu dəfə də istisna olmadı.

Beləliklə, Publika.az-da hər kəsin “Makedon” kimi tanıdığı Aqil Ağacanovla müsahibəni təqdim edirik.

- Aqil müəllim, hazırda nə işlə məşğulsunuz?
- Pirşağıda kababçı işləyirəm.

- Neçə ildir bu işlə məşğulsunuz?
- 1971-ci ildə hərbi xidmətə getdim, orada aşpazlıq oxudum. Bakıya qayıdandan sonra da gəlib ikinci aşpazlıq təhsili aldım.

- Bildiyimə görə, üç diplomunuz var.
- Bəli, üç diplomum var, hamısı aşpazlıq üzrədir. İndi əvvəlki kimi işləmirəm, xüsusi sifarişlər olanda çağırırlar, gedirəm.

- Bu qədər filmlər çəkilir. Nə əcəb, sizi dəvət etmirlər?
- Bir nəfər həkimə gedir. Deyir ki, mən sidiyə gedə bilmirəm. Həkim soruşur ki, neçə yaşın var? Deyir ki, yetmiş. Deyir, day gedib qurtarmısan da (gülür). İndi mənim 65 yaşım var. Bundan sonra nə kinoya çəkilmək?


- Yetmiş yaşında filmə çəkilən aktyorlarımız da var.
- Yox e, daha gecdir.

- “Bizim Cəbiş müəllim” və “Yuxu”dan başqa filmlərə çəkilmisiniz?
- Ancaq bu ikisinə.

- Makedon roluna təsdiqlənməyinizlə bağlı hərə bir versiya irəli sürür. İstərdim özünüzdən eşidək.

- Rəhmətlik Həsən Seyidbəylinin Pirşağıda bağı vardı. Ailəlikcə tanış idik. QAZ 21-i - “Volqa”sı vardı. Bir gün maşını kəndin içində saxladı, düşüb bizimlə görüşdü. Dedi ki, gəl gedək, səninlə nərd oynayaq.

- Onda neçə yaşınız vardı?
- On yeddi yaşım vardı. Nərd oynamazdan əvvəl şərt kəsdi ki, əgər məni udsan, səni kinoya çəkəcəyəm, uduzsan, girib dükandan nə istəsəm, götürəcəyəm. Pulunu istəsən, sən verərsən, olmaz, atan verər. Mən də razılaşdım. Nərddə onu uddum. Çıxarıb vizit kartını verdi, sonra əlaqə saxladıq. Beləliklə, “Bizim Cəbiş müəllim” filminə çəkildim. Məni kinostudiyaya - Adil İsgəndərovun yanına apardı, bir il oxudum. Əsgərliyə gedib qayıdandan sonra isə kinostudiyaya tərəfə ayaq basmadım.


- O filmdə ən çətin kadrlar hansı idi?
- Mənimçün heç bir çətinlik olmayıb. Çünki rolumu öz bildiyim kimi oynamışam. Səs də öz səsimdir. Rejissor da mənə dedi ki, necə başa düşürsən, elə də oyna.


- Çəkilişlər harada olub?
- Filmin çəkilişləri əsasən keçmiş Poluxin küçəsində, Bayılda olub.

- Filmdəki Tanya həqiqətən rus qızıydı?
- O qız Bayıldandır, adı Svetlanadır.

- Sonra Tanyanı görə bildiniz?
- Bir dəfə məni “Kinoklub” verilişinə dəvət etmişdilər. Rəhmətlik Telman Adıgözəlov dedi ki, sənə sürprizimiz var. Dedim, Tanyanı götürüb gəlmisən? (gülür) Görüşdürdü bizi.


- Çox qocalmışdı?
- Yox, yaxşı idi, dama çıxmağa yeri var idi hələ (gülür). “Krışa”ya çıxartmaq olardı onu. Svetlana gəmiqayırma zavodunda baş mühasib işləyirdi.

- Görüşəndə yadınıza düşən hansısa nostalji hisslər oldu?
- Yaxşıydı da, çıxıb damda bomba-zad söndürürdük oynan...


- Əməlli-başlı macəralarınız olub ha...
- Yox da, kinoda.

- Kinonu nəzərdə tutmuram.
- Doğrusu, kinodan sonra heç onu görməmişdim. Bir dəfə “Kinoklub”da gördüm. Mən əsgərliyə getdim, qayıdandan sonra da restoran işinə başladım. Heç kinostudiyaya getmədim.

- “Yuxu” filminə çəkilməyiniz necə alındı?
- Rejissor Firkət Əliyev mənə zəng elədi, getdim kinostudiyaya. Bir neçə rol təklif olundu, leytenant Mansurov rolunu bəyəndim. Dedim, əşi, qoy bir polis rolunda da çəkilim.

- Yanılmıramsa, “Yuxu” filmi Buzovnada çəkilib...
- Hə, Buzovnada - düşərgədə çəkilib.

- Yəqin ki, Nəsibə Zeynalova, Yaşar Nuri, Siyavuş Aslanla çəkilişlərdə maraqlı anlar olub.
- Nəsibə xanım orada əvvəlcə mənə “Makedon” deyirdi. Dedim ki, mənə kinoda Makedon demisən də, burada çənədən-zaddan de, fərqlilik olsun. O da çəkiliş vaxtı mənə dedi ki, ay çənə, çəkil (gülür) Deməli, birinci kadr çəkilir, motosikleti də mən sürürəm. Gəlib polis məntəqəsinin qarşısında onu saxlayıb, yuxarı – rəisin yanına çıxmalıydım. Mənə də “Ural” motosikleti veriblər. O vaxtadək maşın sürmüşəm, amma motosiklet birinci dəfədir sürürəm. Özüm də əvvəldən demişəm ki, problem deyil, sürərəm. Məntəqənin qabağına çatanda “tormoz” əvəzinə “qaz” verdim, getdim girdim əncir ağacına. Yaxşı ki, özümə bir şey olmadı (gülür). Sonra dedim ki, idarənin öz serjantına deyək, motosikleti o sürsün.

- Övladlarınız hansı peşənin sahibidir?
- Oğlum videooperatordu. Bilirsən necədir? Adam prezidentin qəbuluna düşə bilir, amma bu telekanal rəhbərlərinin yanına girmək müşkül məsələdir.

- Toylarda operatorluq edir?
- Hə, ancaq toylarda işləyir. Amma yaxşı operatordu.

- Deyəsən, gec ailə qurmuşunuz...
- Ala, məni 37 yaşında güclə evləndirdilər e...

- Niyə güclə?
- Restoranda işləyirdim, başım qarışıq idi də.

- Qohumla evləndiniz?
- Yox, qohum deyil.

- Neçə övladınız var?
- Üç övladım var - iki qız, bir oğlan. İki də nəvəm var. Nəvələrimin biri beş, biri üç yaşındadır.

- Boş vaxtlarınızda nə iş görürsünüz?
- Kənddə boş vaxt olur ki? Kənd yerində həmişə iş var, qədeş. Bütün günü bağda, həyətdə başımızı girləyirik.

- Aktyorlardan kimlərlə dostluq edirsiniz?

- Aktyorlarla dostluq eləmək olar? Hamısı geydirmə şeylərdi. Qaqaş, mən heç vaxt aktyorlarla oturub-durmamışam. Ancaq salam-əleykümüm olub. Bir də Şeyx Əbdüllə aram yaxşıdır. Onlar aktyordular, mənim sənətim başqadır.

- “Cəbiş müəllim”lə aranız necə idi?
- Rəhmətlik Süleyman Ələsgərov yaxşı insan idi. Amma filmdən sonra onu görmədim. Bir də eşitdim ki, rəhmətə gedib.

- Artıq 65 yaşınız var. Yaş öz işini görür, yoxsa hələ qocalığa təslim olmaq fikriniz yoxdur?
- Maşallah, yaxşıyam, ağrıyan yerim yoxdur.

- Bir gün Pirşağıya gəlsək, bizə kabab çəkərsiniz?
- Məni boş tapa bilsəniz, çəkərəm.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR