• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ağaxan Abdullayev danışdı: “Həkimlər dedi ki...”

Ağaxan Abdullayev danışdı: “Həkimlər dedi ki...”

Bir aydan artıqdır ki, Türkiyədə müalicə olunan xalq artisti, ustad sənətkar Ağaxan Abdullayev Azərbaycana qayıdıb.

Publika.az-a danışan xanəndə səhhətinin normal olduğunu bildirib.

- Bizim gözəl sənətkarımız, həmişə evinizdə-eşiyinizdə… Necəsiniz, özünüzü necə hiss edirsiniz?

- Çox sağ ol, ay qızım, yaxşıyam. Həkimlər məni necə lazımdırsa, müayinə və müalicə etdilər.

- Türkiyədə hansı xəstəxanada müalicə olunurdunuz?

- Sözün düzü, mən xəstəxanada qalmırdım. Yaxın otellərin birində yerləşmişdim, amma hər gün həkim qəbulunda olurdum. Müalicələrimi alırdım. Çünki xəstəxanada qala bilmirəm.

- Deyəsən, xanımınız da yanınızda idi.

- Bəs xanımsız iş keçər? Xanım həmişə mənim yanımdadır. Elə Türkiyəyə gedəndə də məni tək qoymadı.

- Diaqnozunuz nə idi?

- Qulağımda problem vardı, soyuq olmuşdu.

- İnşallah, nə vaxt o məlahətli səsinizi eşidib, ifanızda muğamlarımızı dinləyəcəyik?

- Ya qismət.

- Həkimlər nə məsləhət gördü?

- Beş-altı ay müddətində mənə oxumağı qadağan etdilər.

- Yenidən müalicə üçün Türkiyəyə gedəcəksiniz?

- Üç aydan bir müayinə olunmalıyam.

- Muğam müsabiqəsində də yeriniz görünür. Ustad xanəndə Əlibaba Məmmədov keçən dəfə bizə dedi ki, yaxın günlərdə Ağaxan Abdullayev münsif heyətində yerini tutacaq.

- Hə, bu dəfə mən də efirdə olacağam.

- Müsabiqə iştirakçıları arasında tələbələriniz varmı?

- Bir tələbəm var.

- Azərbaycan üçün darıxmışdınız?

- Burnumun ucu göynəyirdi vətən üçün. Doğrudan da, adam vətəndən uzaqda olanda bu həsrətin nə qədər ağır olduğunu hiss edir. Şükür ki, Bakıdayam, vətənimin havasını uduram. Dostlarım üçün, xalqım üçün çox darıxmışdım.

- Haqqınızda yayılan xəbərə münasibətiniz necə oldu?

- İnanın ki, mən elə səviyyəsiz söz-söhbətlərə fikir vermirəm. Həmişə belə insanlar olub, olacaq da. Qoy nə istəyirlər yazsınlar, danışsınlar. Ona sevinirəm ki, sizin kimi doğru, dürüst yazan jurnalistlər var. Zəng etdiniz, hal-əhval tutdunuz, ürəyim açıldı.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR