• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Adriana Lima dünyaya 100 il öncə gəlsəydi, heç kim üzünə baxmazdı – FOTOLAR

Adriana Lima dünyaya 100 il öncə gəlsəydi, heç kim üzünə baxmazdı – FOTOLAR

Mükəmməl qadının 100 illik tarixi

Model Adriana Limanın gözəlliyi dillərə dastandır. Bir çoxları onun dünyanın ən gözəl qadını olduğunu düşünür. Ancaq heç kim bilmir ki, Adriana Lima dünyaya 100 il əvvəl gəlsəydi, onun üzünə baxan olmazdı. Onun gözəl olduğu insanların ağlından belə keçməzdi, hətta Adriananı çirkinlər siyahısına da sala bilərdilər.

İllər öncə gözəl qadın modeli tamamilə fərqli idi.

Publika.az-ın tabloid bölməsi illər ərzində mükəmməl qadın anlayışının necə dəyişdiyini araşdırıb.

"Qibson qızı" (1900-1910)

1900-cü illərin əvvəllərində fotoqrafiya sahəsi inkişaf etməmişdi, üstəlik, şəkil çəkmək və ya çəkdirmək çox baha başa gəlirdi.

Ona görə də həmin illərin məşhur və gözəl qadınlarına ancaq Çarlz Dana Qibsonun illüstrasiyalarında nəzər salmaq mümkündür. Belə görünür ki, həmin illərdə saçları təpədən toplanmış, geniş ombalı və iri sinəli qızlar gözəl hesab ediliblər. Gözəllik yarışmalarında belə bu detallara fikir verilirdi. Məsələn, yarışmaların birində model Kamil Klifford qalib gəlmişdi, bir çoxları ona “Qibson qızı” deyə xitab edirdi. Kliffordun bədən quruluşu Qibsonun çəkdiyi illüstrasiyalardakı qadınları xatırladır. Onun beli çox incədir, bədəni qum saatına oxşayır. Qibson "Belə qızlar hər yerdədir. Onları kinoda, yolda, teatrda görürəm", - deyərək çəkdiklərinin təxəyyülünün məhsulu olmadığını bildirib. 1900-cü illərdə qum saatı bədən quruluşu mükəmməl qadının timsalı idi.

Kişi bədəninə sahib qadın (1920)

İctimai tabuları yıxaraq kişiyə xas tərzi ilə diqqətçəkən qadınlar 1920-ci illərin ən əlçatmaz gözəlləri hesab edilirdilər. “Qibson qızları”nın yerini qısa saçlı, arıq və sinələrinin bəlli olmaması üçün korset geyinən qadınlar aldı. Bu qadınlar qu quşunu andıran uzun boyunları, iri gözləri, geyindikləri kişi paltarları və özlərinə inamı bəlli edən baxışlarıyla həmcinslərindən fərqlənirdilər.

1920-ci illərdə bütün kişilər belə qadınlarla birlikdə olmağa can atırdılar.

Mey Uest (1930)

Sadəcə, 10 il keçməsinə baxmayaraq, qadına baxış bucağı yenə dəyişdi. Hollivud ulduzu Mey Uestin bu işdə böyük rolu oldu. Artıq qadınlar onun tərzindən bəhrələnirdilər. Mey parlaq və dar paltarlar geyinərək iri ombalarını və bədən fiqurasını vurğulayırdı. Sarışın qadınların qaraşınlardan daha gözəl hesab edilməsinə səbəb olan Mey Uest 1930-cu illərdə mükəmməl qadının siması idi. Rol aldığı filmlərdə ədəbsiz zarafatlar edən Mey Uest “təhlükəli gözəl” ləqəbini daşıyırdı.

Rita Heyvort (1940)

Rita Heyvort II Dünya müharibəsi əsnasında çəkilən eşq filmlərinin baş rol aktrisası idi. "Müharibəni unutduracaq qədər gözəl" deyə xatırlanan Heyvortun ən diqqət çəkici xüsusiyyəti uzun ayaqları və ağappaq bədəni idi. Ulduz bədən dərisinə yaxşı qulluq edirdi. Buna görə də onun dərisinin işıltısı və gözəlliyi hər kəsin gözünü qamaşdırırdı.

Merilin Monro (1950)

1950-ci illərin mükəmməl qadın simvolu Merilin Monro uzun ayaqları, incə beli və qısa sarı saçlarıyla indi də gözəllik timsalı olaraq qalır.

Monro bədəninin gözəlliyini nümayiş etdirməkdən çəkinmirdi və paltarlarında dekoltedən istifadə edirdi.

Xüsusilə qısa saç modeli Monro sayəsində populyarlaşdı. Qadınlar saçlarını sarıya boyatmak üçün növbəyə girdilər. Monronun ölümündən yarım əsrdən çox keçsə də, o hələ də gəlmiş-keçmiş ən gözəl stil ikonası hesab edilir.

Lezliy Lason (1960)

Gözəllik anlayışı yenidən dəyişdi və çox sısqa bədənə, uzun ayaqlara sahib qadınlar mükəmməl hesab edilməyə başladılar. Buna Tviqqi ləqəbli model Lezliy Lason səbəb oldu. Onun iri gözləri və arıq bədəni bir çox məşhur jurnalı və qəzetləri bəzədi. Lezliy 2010-cu ildə verdiyi müsahibədə "1960-cı illərdə həddən artıq arıq idim. Amma o vaxtlar bu təbii qarşılanırdı” deyə bildirib. Hazırda 65 yaşında olan Tviqqi karyerasını davam etdirir, bir çox brendlə əməkdaşlıq edir.

Ferra Fosett (1970)

1970-ci illərdə bir anda idmançı və əzələli qadın ideal hesab edilməyə başlandı. Həddən artıq makiyaj yerini təbiiliyə buraxdı. Bunda “Çarlinin mələkləri” filmi ilə ulduz olan Ferra Fossettin rolu böyük oldu. Ferra o illərdə ən gözəl qadın hesab edilirdi. O, ideal çəkidə qalmaq üçün tennislə məşğul olurdu.

Ceyn Fonda (1980)

1980-ci illərdə əzələli qadınlar daha da populyarlaşmağa başladılar. “Playboy” jurnalını əzələli bədən quruluşuna sahib olan qadınlar bəzəyirdilər. Aktrisa və idmançı Ceyn Fonda o dövrə damğasını vurmuşdu. Bütün jurnallar onunla fotosessiya etmək istəyirdilər. Fondanın aerobika videokasetləri milyonlarla satılırdı. Qeyd edək ki, Ceyn Fonda 1971-ci ildə “Fahişə”, 1978-ci ildə isə “Evə qayıdış” filmləriylə iki dəfə “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Oscar” mükafatı alıb.

Keyt Moss (1990)

Televiziyanın insanların həyatında daha böyük əhəmiyyət kəsb etməsi və ekranları super modellərin doldurması nəticəsində 1990-cı illərdə həddən artıq arıq, 34 bədən ölçüsündə olmaq dəbə mindi. O dövrdə gözəllik anlayışının dəyişməsinə model Keyt Moss səbəb oldu. 14 yaşında Nyu-York hava limanında kəşf edilən və beləcə modellik karyerasına başlayan Moss ideal model görkəmindən uzaq idi. Onun almacıq sümükləri diqqət çəkirdi, həddindən artıq arıq idi. Bütün bu xüsusiyyətlərinə görə digər modellər arasında seçildi və məşhur markalarla işləməyə başladı. Artıq bütün kişilərin xəyallarını Keyt Moss kimi qadınlar bəzəyirdi.

Xüsusilə gənc qızlar üçün bir kumir hesab edilən Moss şəxsi həyatı üzündən tənqid olunsa da, bu gün belə milyonlarla pərəstişkara sahibdir.

Adriana Lima (2000)

XXI əsrə ayaq basmağımızla birlikdə qadın gözəllik anlayışı da dəyişdi. Artıq uzun ayaqlı, özünə inamı yüksək olan, diqqəti cəlb edən bədən quruluşuna sahib qadınlar gözəl hesab edilməyə başladılar. Mükəmməl qadın nümunəsi braziliyalı model Adriana Lima oldu. Kəşf edildikdən qısa müddət sonra “Harper's Bazaar”, “ELLE” kimi jurnallara çıxan gözəl 1998-ci ildə “Victoria's Secret”in mələyi olaraq adını bütün dünyaya eşitdirdi. Adriana Lima ötən ilə kimi XXI əsrin gözəllik simvolu hesab edilirdi.

Böyük bədən qadınlar (2015)

Mükəmməl qadın anlayışı yenə dəyişməyə başlayıb. Bu il bir çox jurnallar bir ilkə imza ataraq üz qabıqlarına böyük bədən modelləri çıxardılar. Kim Kardaşyanın populyarlığı daha da artdı. Cennifer Lopez, İqqi Azaliya kimi ulduzlar iri ombaları ilə fəxr etdiklərini göstərdilər. Hətta ən məşhur brendlərin dəfilələrində belə kök modellər iştirak etdilər.

Bütün bunlar inqilaba hazırlıqdır. Bu ildən etibarən moda illər ərzində fərqli bədən quruluşlarına sahib qadınlara etdiyi haqsızlıq üçün üzr istəyəcək. Artıq təbii, olduğu kimi görünən, köklüyündən narahat olmayan, özünə güvənən və özünü sevən, kilo almamaq və ideal görünmək üçün özünə işgəncə verməyən qadın “ideal qadın” hesab olunacaq. Nəhayət ki, dünya gözəlliyin sadəcə bədən quruluşu və sifət cizgilərilə bağlı bir məfhum olmadığını anladı. Gözəllik özümüzə olan sevginin ətrafa yansımasıdır. Çalışın sevgini qoruyun, onda gözəllik qavrayışı dəyişsə də, siz həmişə gözəl olaraq qalacaqsınız.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR