• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xalq artistinin oğlu: “Xoşuma gəlməyən qadınla öpüşmərəm”- FOTOLAR

Xalq artistinin oğlu: “Xoşuma gəlməyən qadınla öpüşmərəm”- FOTOLAR

Onu ilk dəfə aktyor kimi tanımışam. Gənc olsa da, Azərbaycanda çəkilən tarixi “Cavadxan” filmində oynayıb. Sonradan isə müğənni kimi bəxtini sınayıb. Söhbət Türk Xalqları arasında keçirilən “Avrasiya ulduzu” müsabiqəsinin qalibi, xalq artisti, tanınmış aktyor Ramiz Novruzun oğlu, gənc müğənni və aktyor Cavidan Novruzovdan gedir. Maraqlıdır, xalq artistinin oğlunun populyar olmağında rolu olubmu? Aktyor şou-biznesə qatılan oğluna hansısa qadağalar qoyub?

Cavidanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Şou-biznesə qatılanda atanın sənə sərt qadağası oldumu?

- Atam, ola bilsin ki, efirdən qaraqabaq adam təsiri bağışlasın, əslində belə deyil. Mən onunla dostam. Hələ indiyə qədər özümü elə aparmamışam ki, atam mənə sərt təpki göstərsin. Sadəcə, içimdə bir məsuliyyət hissi olub həmişə. Bilmişəm ki, şou-biznesdə bir əyri hərəkətim olsa, dərhal atamın adına yazılacaq.

- Heç hansısa hərəkətinə etiraz etməyib?

- Olub. Müxtəlif televiziya verilişlərinə dəvətlər alırıq. Atam həmişə mənə deyir ki, ucuz qalmaqallara vaxt sərf etmə, iki qalmaqal edən şəxsin arasına girmə. Bunu da mənə məsləhət formasında deyib. Bir də onu deyim ki, atam saxtalığın, süniliyin əleyhinə olan adamdır. Özü də heç vaxt efirdə saxta danışmayıb. Mənə də bərk-bərk tapşırıb ki, heç vaxt efirdə süni danışma, özün ol. Bir dəfə efirdə həmkarlarımdan biri zarafat edirdi, mən də ona qoşuldum. Bu, atamın xoşuna gəlməmişdi. Əslində, mən özüm də buna görə peşman oldum.

- Maraqlıdır, geyimlərinə, stilinə müdaxilə edir?

- Rəngbərəng geyimlərimdən xoşu gəlmir. Hərdən deyir ki, bu nədir, qırmızı köynək geyinmisən, ya yaşıl pencək. Deyirəm, müğənniyəm də, mənə olar.

- Tanınmağında Ramiz Novruzovun köməyi olub?

- İnanın ki, olmayıb. Bir də görürsən saytlarda yazırlar ki, Cavidan atasına görə qabağa gedib, atasının köməyi olmasa, tanınmazdı. Ümumiyyətlə, atam mənim nə aktyor, nə də müğənni olmağımı istəyib. Söz yox e, buna görə, mənə qəti şəkildə etiraz etməyib. Görünür, o bu peşələrin əziyyətinə görə, bunu istəməyib. Heç mən özüm də razı olmaram ki, atam mənə görə kiminsə qabağında əzilsin. Bilsəm ki, atam mənə görə kiməsə xahiş edib, aramızda böyük bir mübahisə yarana bilər. Bu günə qədər nə eləmişəmsə, öz gücümə etmişəm. Atamın xətir-hörməti çox böyükdür. Elə xalq artistləri var ki, efirdə özünü apara bilmir, amma Ramiz Novruzov öz addımını ölçüb-biçən insandır.

- Heç sənə əl qaldırdığı vaxt olub?

- Uşaq vaxtı olub. Orta məktəbdə oxuyanda evdəkilərə çox problem yaradırdım. Bütün günü nadinc hərəkətlərimlə müəllimləri boğaza yığırdım. Bir gün müəllimim dözməyib qapımızı döydü və atamın səbir kasası daşdı. Mənə bir sillə çəkdi. O sillə mənə dərs oldu. Çox nadinc idim, təsəvvür edin, ikinci mərtəbənin pəncərəsindən sürüşərək birinci mərtəbəyə düşürdüm. Amma sonradan dəyişdim.

- Evlənərkən, qızı özün seçdin, yoxsa valideynlərin?

- Özüm seçdim, amma atamla da məsləhətləşdim. Bu gün atam gəlinlərini övladlarından da çox istəyir.

- Sən həm də aktyorsan, bir çox böyük ekran işlərində rol almısan…

- Bəli, “Cavadxan” filmində Cavadxanın oğlu rolunda çıxış etdim. Sonra “Ömür bir dəfə verilir” adlı serialda baş rola çəkildim.

- Bu gün nədənsə, bizim aktrisalarımız və aktyorlarımız açıq-saçıq səhnələrə çəkilməkdən imtina edir. Sən necə, belə bir səhnədə çəkilməyə razılıq verərdin?

- Açığı elə özümün bir klipimdə açıq-saçıq səhnə var. Əslində buna normal baxıram, amma müəyyən çərçivə də olmalıdır. Söhbət peşəkarlıqdan gedirsə, aktyor istənilən səhnəyə çəkilməlidir. Amma o rolun öhdəsindən elə gəlməlidir ki, obraz bayağı görünməsin.

- Sən özün, yataq səhnəsinə çəkilərsən?

- Çəkilərəm, amma tərəf-müqabilimi də nəzərə alaram.

- Anlamadım, nə mənada?

- Əgər açıq-saçıq səhnədə öpüşmək lazım gələrsə, mən hər aktrisa ilə bunu etmərəm. Ola bilər ki, heç həmin aktrisa da məni bir kişi aktyor kimi bəyənməsin və öpüşməkdən imtina etsin. Yəni, demək istəyirəm ki, tərəf-müqabilim ürəyimə yatmalıdır. Ürəyimə yatmasa onunla öpüşmərəm. Dünya dağılsa, da bu addımı atmaram.

- Hansı xanım müğənni ilə duet oxumaq istəyərdin?

- Bəlkə də nə vaxtsa, bir müğənni ilə duet oxumaq istəyim vardı, amma keçən ildən bu yana duet oxumaq istədiyim sənətçi yoxdur. Hazırda öz yazdığım mahnıları ifa edirəm.

- Duet oxumaq istədiyin o müğənni kim idi ki?

- Röya. Mən Röyanın səsini və ifa tərzini çox bəyənirəm.

- Sonda hansı peşəni seçəcəksən-aktyorluğu, yoxsa, müğənniliyi?

- Bu sualı həmişə özüm də özümə verirəm ki, görəsən, sonda seçim qarşısında qalsam, hansı peşəni seçərdim? Açıq deyəcəyəm, seçim qarşısında qalsam, aktyorluğu seçəcəyəm.

- Niyə?

- Çünki aktyorluq uşaqlıqdan mənim canımda-qanımda olub. Sadəcə olaraq, Allah mənə bir az səs verdiyi üçün müğənnilik fəaliyyəti ilə məşğulam, yəni zamanla ayaqlaşıram.

- Hansı daha çox gəlir gətirir?

- Müğənnilik. Bu sənət məni dolandırır.

- Aktyor kimi hansı obrazı oynamaq xəyalı ilə yaşayırsan?

- Yuxuda da özümü Mübariz İbrahimovun rolunda görürəm. Allah eləsin. filmdə o obrazı yaradım. Həm yerlimdir, eyni kənddənik, həm də qəhrəmandır, şəhidlik zirvəsini fəth edib.

- Adətən keçmiş aktyorlar səhnədə Şekspirin Hamletini oynamaq arzusunda olublar, amma bəziləri ömürlərinin sonuna qədər buna nail olmayıblar. Sənin necə, ürəyindən Hamleti oynamaq keçməyib ki?

- Oynamaq istərdim, amma çəkim buna imkan verməz.

- Doğrudan e, nə əcəb arıqlamırsan?

- Əslində özüm istəyəndə buna nail oluram. Bir ara çəki atmışdım, yenidən kökəldim. İndi seriala görə çalışıram arıqlayım.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Xəbər lenti

DAHA ÇOX XƏBƏR