Mərahim Fərzəlibəyovdan çağırış: “Hamınızı teatrda gözləyirəm”
Bizi izləyin

Tabloid.az

Mərahim Fərzəlibəyovdan çağırış: “Hamınızı teatrda gözləyirəm”

Bu gün qədim ənənələrə malik olan milli teatrımızın bayramıdır. Teatr sahəsində fəaliyyət göstərən hər kəs bu günün sevincini yaşayır. Ölkə Prezidenti Azərbaycanda “Milli Teatr Günü”nün təsis edilməsi haqqında 1 mart 2013-cü il tarixli Sərəncam imzalayıb. Bununla əlaqədar hər il mart ayının 10-da Azərbaycanda Milli Teatr Günü ölkədə rəsmi şəkildə qeyd edilir.

Azərbaycan Teatrı zəngin və maraqlı bir həyat yolu keçib. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyuldu. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu.

Xalq artisti, tanınmış rejissor Mərahim Fərzəlibəyov bayram günü təəssüratlarını bizimlə paylaşdı:

“Sevinc içərisindəyəm, çünki milli teatrımızın bayramıdır. Belə bir gündə bütün həmkarlarımı təbrik etmək istəyirəm. Azərbaycan teatrı zəngin bir yol keçib. Teatrımız uğurlara asanlıqla nail olmayıb. Keşməkeşlərdən keçib. Amma nəticə göz qabağındadır. Beynəlxalq təcrübələrdən bəhrələnərək milli köklərimizə söykənən teatrımız nüfuzlu dünya festivallarda təmsil olunur. Teatr, eyni zamanda, məbəddir, bu məbədi hər zaman qorumalıyıq. Mən bayram günündə fürsətdən istifadə edib bütün insanları teatra çağırıram. Teatr canlı ünsiyyətdir, bu ünsiyyətdən özünüzü məhrum etməyin. Azərbaycan teatrının şöhrətinin heç vaxt sönməməsini arzulayıram. İnsanlarda estetik zövqün formalaşması üçün əlimizdən gələni əsirgəməyək. Hamınızı teatrda gözləyirəm”.

Maraqlıdır, görəsən, Milli Teatr günü hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

Mədəniyyət və Turizm Nazirliyindən Publika.az-a verilən məlumata görə, martın 10-da saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Günü münasibətilə növbəti “Zirvə” mükafatının təqdimat mərasimi keçiriləcək.

Zirvə mükafatı 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilib. Məqsəd milli mədəniyyətimizin qorunması, zənginləşdirilməsi ,eləcə də tərəqqisinə xidmət edən, teatr, kino, musiqi, təsviri sənət sahələrində xüsusi nailiyyətlər qazanan, yüksək peşəkarlıq nümayiş etdirən istedadlı şəxslərin bədii axtarışlarını dəstəkləmək, onların yaradıcılıq fəaliyyətləri üçün zəmin yaratmaqdan ibarətdir. Yaradıcı insanlar teatr sahəsində göstərdiyi xidmətlərə görə təltif olunacaq.

Milli Teatr günü çox arzulayardım ki, hər kəs, heç olmasa, bu bayramın dadını hansısa bir tamaşa ilə çıxarsın. Elə isə yolunuzu teatr kassalarından salın. Peşman olmazsınız!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm