• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sami Yusif: “Həyatda ən vacib olan insanın ikinci yarısını tapmasıdır” - FOTOLAR

Sami Yusif: “Həyatda ən vacib olan insanın ikinci yarısını tapmasıdır” - FOTOLAR

Martın 14-15-də Heydər Əliyev Sarayında azərbaycanlı tamaşaçılarını konsert proqramı ilə sevindirəcək Sami Yusif konsertqabağı media mənsubları ilə görüşüb.

Doqquz il bundan öncə Azərbaycana gəldiyini xatırladan müğənni yenidən burada olduğu üçün özünü xoşbəxt saydığını bildirib:

“Bakı çox dəyişib, çox gözəlləşib. Qədim Bakını görməyə üstünlük verərdim, çünki qədimiliyi sevən biriyəm. Amma indiki Bakı da gözəldir. Hündürmərtəbəli binalar, yeni tikililər çox əzəmətlidir. Köhnə çayxanaları xatırlayıram. İstərdim indi də o köhnə çayxanaları görüm və orda oturub çay içim”.

Konsertindən danışan sənətçi repertuarı barədə məlumat verib: “Konsertdə 19 mahnı ifa edəcəyəm. Yeni albomumda yer alan mahnılarımı da eşidəcəksiniz. Bu albomda yer alan Azərbaycan xalq mahnısı olan “Sarı Gəlin”i də sizlər üçün ifa edəcəyəm. Yeri gəlmişkən, albomda bu mahnını həm azərbaycanca, həm də ingiliscə səsləndirmişəm. Albomdakı mahnıların ifası zamanı Azərbaycan milli musiqi aləti olan tardan da istifadə olunub.

Bu mahnını uşaqlıqdan sevmişəm. Azərbaycan mədəniyyətini çox sevdiyim üçün çalışdım ki, bu musiqini albomuma daxil edim.

Konsert verməkdə də məqsədim ruhumu qaldırmaqdır”.

Sami Yusif şəxsi həyatından da söz açıb: “Həyatda ən vacib olan insanın ikinci yarısını tapmasıdır. Mən də yarımı tapmışam. Uşaqlarıma da, həyat yoldaşıma da olan sevgim bərabər bölünüb. Çalışıram balansı qoruyub saxlayım”.

Müğənni jurnalistlərin dini mənsubiyyətlə bağlı suallarını da cavablandırıb: “Hər bir dinə hörmətlə yanaşıram. Amma ailəmdə hər kəs həm Şərq, həm də Qərb ənənələrinə hörmətlə yanaşır. İslam hər bir insanın qəlbində olur, heç bir siyasət yürütmür”.

Müğənni sənətə gəlişində atasının da rolunu qiymətləndirib. “Atamı çox sevirəm”-, deyən sənətçi gələcəkdə ataya həsr olunmuş musiqi ifa edəcəyinə də söz verib.

Azərbaycanda böyük sənətkarların olduğunu deyən Sami Yusif onları çox sevdiyini bildirib: “Rəşid Behbudov, Şövkət Ələkbərova kimi sənətkarlarınz olub və mən onları çox sevmişəm. Amma təəssüf ki, yeni sənətçilərin adını çəkə bilməyəcəyəm. Çünki onları tanımıram. Amma musiqiləriniz barədə məlumatlıyam. “Küçələrə su səpmişəm” mənim uşaqlığımın musiqisidir, hələ də qulaqlarımda səslənir”.

Sənətçi məşhurluğun onun üçün məqsəd olmadığını da vurğulayıb: “Mənim üçün vacib olan məşhurluq deyil, sənətə gələndə bunu nəzərə almamışdım. Əsas olan ruhumun ifadəsi və rahatlığıdır. Mən mahnı oxuyanda mənən sakitlik tapıram. 14 yaşımdan musiqi bəstələyirdim və oxumaq həvəsi də o vaxtdan yarandı. 6-17 yaşımda musiqi ilə vidalaşmaq istəyirdim. Günlərin bir günü dostlarımdan biri dedi ki, niyə bir albom hazırlamırsan? Albom işıq üzü görəndən sonra hər şey öz axarı ilə getdi. Ailə qurdum və musiqi karyeramı davam etdirdim. Artıq 12 ildir ki, musiqi mənim həyatımın mənasına çevrilib”.

Qeyd edək ki, Sami Yusuf əslən azərbaycanlıdır. 1980-ci ildə İranın paytaxtı Tehranda, azərbaycanlı ailəsində dünyaya gəlib. Üç yaşında ikən ailəsi ilə birlikdə İngiltərənin paytaxtı Londona köçüb.

Cəvahir

Foto: Rəşad Abbasov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR