• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tuba Böyüküstün: “Bu suallara cavab vermək üçün çox qocayam” - FOTOLAR

Tuba Böyüküstün: “Bu suallara cavab vermək üçün çox qocayam” - FOTOLAR

Türkiyənin ən cazibədar aktrisalarından olan Tuba Böyüküstünün məşhur "Marie Claire" jurnalının Ərəb versiyası üçün kamera qarşısına keçdiyini xəbər vermişdik. Gözəl ulduz ərəb pərəstişkarlarını sadəcə şərq qadını obrazında çəkdirdiyi fotolarla deyil, həm də maraqlı açıqlamaları ilə təəccübləndirib.

Publika.az-ın "Şirin söhbət" layihəsi çərçivəsində Tuba Böyüküstünün "Marie Claire Arabia"ya verdiyi həmin müsahibəni təqdim edirik:

- Müasir türk kinosunun ən populyar aktrisalarından biri olmaq necə duyğudur?

- Çox gözəl bir hissdir. Bu, mənim işimdir, işimi ən yaxşı şəkildə gördüyüm üçün xoşbəxtəm.

- "20 dədiqə" serialındakı rolunuza görə ötən il "Emmy Televiziya mükafatları"na "Ən yaxşı aktrisa" nominasiyası üzrə namizəd oldunuz. İlk dəfə idi ki, ölkənizdən bir aktrisa bu mükafata namizəd olurdu. Özünüzü necə hiss etdiniz?

- Bunun sadəcə mənim üçün deyil, həm də ölkəm üçün çox önəmli uğur olduğunu düşündüm. Türkiyəli bir oyunçu ilk dəfə idi ki "Emmy"yə namizəd göstərildi.

Doğru və gözəl işlər görə bilmək üçün əlimdən gələni edirəm. Bəzən gündə 20 saata yaxın işləyirəm. Digər ölkələrdə serialların müddəti maksimum 45 dəqiqədir. Bizdə isə bir seriya bəzən hətta 140 dəqiqəyə çatır.

Bu qədər gərgin iş rejimində işləməyimizə baxmayaraq, "Emmy"yə namizəd olmuşamsa, deməli zəhmətim boşa getməyib.

- Pərəstişkarlarınla əlaqələrin necədir?

- Daim ünsiyyətdəyik. Ötən həftə mənə çox gözəl bir hədiyyə verdilər. Yüzdən çox fanatım bir araya gələrək mənim haqqımda bir kitab hazırlayıblar. "Təmənnasız sevgi" adlı bu kitabda məni sevənlərin fikirləri yer alır. Bu hədiyyə məni çox duyğulandırdı. Aldığım ən dəyərli hədiyyələrdən biri idi, məni çox xoşbəxt etdilər.

- "Kara Para Aşk" adlı serialınız Orta Şərq ölkələrində də yayımlanır. Orta Şərqin ulduzu olmaq necə bir hissdir?

- Bu, məni çox sevindirir. Əməyimin qarşılığını aldığımı düşünürəm. Məncə, insan işini sevməlidir. Bu xoşbəxt olmaq üçün ən vacib qaydalardan biridir.

Orta Şərq ölkələrində sevilirəm, çünki uğurlu işlərə imza atıram.

- Hollivud filmində rol almağı düşünürsünüz?

- Həyatın qarşımıza hansı sürprizləri çıxaracağı bəlli deyil. Bəlkə də bir gün Hollivud filminə çəkilmək şansını əldə edərəm. Əslində mənim üçün filmin keyfiyyəti əsasdır, onun harada çəkilməsi o qədər də əhəmiyyət kəsb etmir.

- Aktrisa olmasaydınız hansı peşəni seçərdiniz?

- Aktrisa olmazdan öncə bir çox işlə məşğul olmaq istəmişəm. Amma çox qərarsız idim. Böyük ehtimalla gen mühəndisi olardım.

- Nədən ilham alırsınız?

- Mən universitetdə səhnə dizaynı üzrə dərs almışam. Çox sevdiyim bir sahədir. Bu dərslər zamanı ətraf aləmə qarşı baxış bucağım dəyişdi. Hər şeyi fərqli görməyə başladım. Ona görə də hər an, hər şeydən ilham ala bilərəm. Əhval-ruhiyyədən asılıdır, xüsusi bir şey yoxdur.

- Heç olub ki, oynadığınız rolun təsirində qalmısınız?

- Bütün obrazlar mənə təsir edir. Ancaq bu sadəcə kamera önündə olanda keçərlidir. İş vaxtı bitəndə, obraz da həyatımdan çıxmış olur.

- Xəyalını qurduğunuz hansısa rol var?

- Real həyatdan götürülən və həyat hekayəsi mənə təsir edən hər obrazı canlandırmaq məni xoşbəxt edir.

"Mütləq canlandırmalıyam" dediyim, xüsusi bir obraz yoxdur.

- YUNESKO-nun xoşməramlı səfirisiniz. Tez-tez xeyriyyə işləri görürsünüz...

- Adımın YUNESKO ilə birgə hallanması çox gözəl duyğudur. Çünki uşaqlar bizim gələcəyimizdir, onlar üçün atdığımız hər addım çox dəyərlidir. Suriyadakı müharibə zamanı ölkəsindən didərgin düşən uşaqlarla bağlı işlər görürük.

Ötən ilin aprelində həmin uşaqların məskunlaşdığı düşərgəni ziyarət etdik. Bu ildə onlarla görüşüb əlimizdən gələni edəcəyik.

- YUNESKO ilə işləmək sizi dəyişdirdimi?

- Təbii ki. Uşaqlarla birlikdə vaxt keçirib dəyişməmək mümkün deyil. Onlara bir az da olsa xeyrim dəyirsə, bu, mənim üçün ən böyük qürur mənbəyi olar.

- Gələcək planlarınız arasında nələr var?

- Gələcəklə bağlı planlar quran bir insan deyiləm. Onsuz da çox vaxt heç nə planlaşdırdığımız kimi olmur. Gələcəkdə nə olacağını yaşayıb görmək lazımdır.

- Bir kişiyə xarizmatik və yaraşıqlı deməyiniz üçün onda hansı xüsusiyyətlər olmalıdır?

- Bu suallara cavab verəcək yaşda deyiləm, qocalmışam (gülür). Ailə qurmuşam və anayam.

- Maya və Topraq adlı iki qızınız var. Bildiyimizə görə, uşaqları özünüz böyüdürsünüz, dayəyə ehtiyac hiss etməmisiniz. Çətin olmadı?

- Övlad sahibi olmaq hər bir qadına bəxş edilmiş bir hədiyyədir. Gənc yaşda ana olmaq öz seçimim idi. Ona görə də çətinlik hiss etmədim. Hamilə qaldığınız andan etibarən analıq hissi qadına hakim kəsilir və hər çətinliyə hazır olursunuz.

Təbii ki, uşaq həyatınızda bir çox şeyi dəyişdirir. Onlarla birlikdə böyüyürəm və bundan çox zövq alıram. Onlarla həyat macəralı və kəşflərlə doludur.

Qızlarım hazırda 3 yaşındadırlar. Ailəm mənim xoşbəxtlik mənbəyimdir.

- Boş vaxtınızı necə dəyərləndirirsiniz?

- Qızlarımı da götürüb səhər yeməyi üçün yaxşı bir restorana, parka və ya sahilə gedirəm. Əgər həyat yoldaşımın (Onur Saylak) işi yoxdursa, o da bizə qoşulur. Boş vaxtımı əsasən qızlarıma ayırıram.

- Sizcə bir qadını gözəl və bənzərsiz edən xüsusiyyət hansıdır?

- Hər qadın bənzərsizdir, oxşarı yoxdur. Bir qadını gözəlləşdirən isə özünün fərqində olmasıdır. Qadın özünü qiymətləndirməyi və sevməyi bacarmalıdır.

- Gözəllik sirriniz var?

- Yox. Elə bir sirrim yoxdur.

- Bəs necə həmişə ideal çəkidə qalırsınız?

- Xüsusi olaraq heç nə eləmirəm. İdman etməyə belə vaxtım yoxdur.

- Moda haqqında nə fikirləşirsiniz?

-Zövqlü geyinməyi sevirəm amma, modanı yaxından təqib etdiyimi deyə bilmərəm. Mənim üçün önəmli olan geyindiyim paltarın içində özümü rahat hiss etməyimdir.

– Hobbiniz var?

- Dizayn işləri ilə məşğul olmaq və rəsm çəkmək. Ana olandan sonra beynim başqa cür işləyir, ürəyim başqa cür döyünür. Bu hissləri rənglərlə ifadə etmək çox xoşuma gəlir.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR