Nüşabə Ələsgərli: ”Qadın ərindən on yaş böyük olsa...”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli: ”Qadın ərindən on yaş böyük olsa...”- FOTOLAR

Publika.az əməkdar artist Nüşabə Ələsgərlinin müsahibəsini təqdim edir. Əksər həmkarlarından fərqli olaraq Nüşabə Ələsgərli sosial şəbəkələrdə özü haqqında yazılan xoşagəlməz rəyləri də bizə söylədi. Çoxları isə bunu gizlədir.

- Mənə çox maraqlıdır, özünüzü ulduz sayırsınız?

- Mənim ulduz sözündən heç xoşum gəlmir. Özünü ulduz sayan müğənnilərə də pis münasibətim yoxdur, şəxsi fikirləridir. Özümə gəlincə, ulduz yox, tanınmış sənətçiyəm.

- Sizcə, Azərbaycanda əsl ulduz həyatı yaşayan müğənni varmı?

- Yoxdu. Əslində özünü ulduz kimi göstərən müğənnilər var. Əsl ulduz həyatını mənim xaricdə yaşayan əcnəbi həmkarlarım yaşayır. Onların işığı bizim üstümüzə düşür. Xarici ulduzlarla müqayisədə bizim nəyimiz var ki? Dünya ulduzlarının həyatı, yaşayış səviyyəsi çox yüksəkdir.

- Verilişlərə gedəndə seçim edirsiniz?

- Əslində son vaxtlar verilişlərin sayı həddən artıq çoxdur. Şəxsi simpatiyam olan aparıcıların, telekanalların dəvətini həmişə qəbul edirəm. Şəxsi tanışlığı nəzərə alan müğənniyəm.

- Elə aparıcı varmı ki, onun verilişindən qəti şəkildə imtina etmisiniz?

- Belə hal olmayıb. Hər halda, o, mənə hörmət edib ki, verilişinə də dəvət edib.

- Verilişlərdə olarkən ən çox sizi hansı hal qıcıqlandırıb?

- Hər bir verilişdə müəyyən məqamlar olur ki, xoşuma gəlmir. Məsələn, aparıcı nəsə deyir, yaxud da qonağın fikri məni qıcaqlandırır və s.

- Xasiyyətcə necə birisiniz, tez özünüzdən çıxırsınız?

- Əvvəllər çox çılğın idim. Adi sözdən əsəbiləşirdim. Amma sonralar səbirli olmağa məcbur oldum. Hələ ki buna tam nail olmamışam, amma çalışıram səbirli olum.

- Sizi ətrafda, insanlarda daha çox nə qıcıqlandırır ki?

- Kimsə gözümün içinə baxıb yalan danışanda özümdən çıxıram. Belə olanda da reaksiyam iki cür olur: ya üzünə baxıb ürəyimin dərinliyində ona gülürəm. Ya da konkret şəkildə bunu üzünə vurub deyirəm ki, sən gözümün içinə baxa-baxa yalan danışırsan.

- Həmin insanlarla münasibəti dərhal kəsirsiniz?

-Yox, davam edirəm. Çünki o adamı heç özümə yaxın hesab etmirəm də. İnsanı yaxın adamlarından aldığı zərbə, eşitdiyi yalan özündən çıxara bilər. Kənar adam elə kənarda qalır.

- Yəni yola verirsiniz. Sosial şəbəkələrdə varsınız?

- “Facebook”da varam, amma çoxdandır heç səhifəmə də baxmıram.

- Niyə?

- Əsəbiləşdiyim üçün. Çox vaxt hansısa verilişdə dediyim sözləri tam əks formada insanlara çatdırırlar. Onlar da altından xoşagəlməz rəylər yazırlar. Keçmişdə bir məclisdə qadınlar söhbət edəndə daxmadan bir saman düşür. Qadının biri deyir ki, saman düşdü. O birilər də qayıdır ki, nə, Zaman öldü? Mənim dediklərimi “Zaman öldü”yə döndərib danışırlar. Bu da məni əsəbiləşdirir.

- Sosial şəbəkədə haqqınızda yazılan ən xoşagəlməz fikir hansı olub ki, sizi özünüzdən çıxarıb?

- Çox olub. Hansı birini deyim?

- Adətən, mən müğənnilərə bu sualı verəndə yayınır, özləri haqqında yalnız gözəl rəyləri söyləyirlər. Səmimi xanım olduğunuzdan bilirəm ki, siz onlardan fərqlənəcəksiniz.

- Burda gizlədiləsi nə var ki... Bir dəfə kişi həmkarlarımdan biri məclisdə çəkdirdiyimiz bir fotonu paylaşmışdı. Fotoda yanımızda bir xanım müğənni də vardı. Bu fotonun altından yazmışdılar ki, mənim bu iki qadından zəhləm gedir. Mən də yazdım ki, amma biz sənin üçün ölürük. Həmin adamın fotosu da yox idi, heç qadın, ya kişi olduğu da bilinmirdi. Onu da yazdım ki, ay simasız, sifəti olmayan, hələ bir gör burdan sənin dərdindən ölən var? Sonra bir dəfə də fotomun altından yazmışdılar ki, nə gündəsən. Bir dəfə də biri yazıb ki, qocalığa doğru gedirsən ha! Yazdım ki, ay tərbiyəsiz, yəqin, evdə anana, bacına da bu sözləri deyirsən. Kim cavanlığa doğru gedir ki…Hamı elə qocalığa doğru gedir də. Təki Allah hamıya qocalıq qismət eləsin. Qocalıq ayıb işdir? Buna görə də elə sosial şəbəkələrlə elə də aram yoxdur. İnsanlar öz aqressiyalarını sosial şəbəkədə kiməsə yükləyir, könül bulandırır. Adama deyərlər, məndən xoşun gəlmirsə, niyə özünə əziyyət verib yazırsan? Şəxsən mənim kimdənsə zəhləm getsə, barmaqlarıma əziyyət verib həmin adam haqqında nəsə yazmaram. Telefonumda saytları izləyirəm. Yeri gəlmişkən, sizin saytı da izləyirəm, yazılarını oxuyuram.

- İndiyə qədər haqqınızda eşitdiyniz ən dəhşətli şayiə hansı olub?

- Şayiələr çox olub, amma dəhşətlisi yadıma gəlmir. Anam uşaqlarla Şəkidə evimizin qabağında yerləşən restoranda yemək yeyərkən eşidib ki, Şəkidə yerləşən restoranlar şəbəkəsi guya mənə məxsusdur. Sonra o vaxtlar danışırdılar ki, guya mən Şəfiqə Axundovanın gəliniyəm.

- Şayiələrə reaksiyanız necə olur?

- Boş verirəm.

- Bir ara biznes-ledi olmağınız barədə də söz-söhbətlər yayıldı?

- Əslində məndən qat-qat varlı olan insanlar var ki, heç onların adını da çəkən yoxdur. Mənim o vaxt bir gözəllik salonum vardı, sonradan bağladım. Bunu da şişirdib biznes kimi qələmə verdilər.

- Nüşabə xanım, heç bəzi məqamlarda məcburiyyət qarşısında qeyri-səmimi olduğunuz məqamlar olur?

- İnsan ya səmimi doğulur, ya da qeyri-səmimi. Məncə, bu, xarakterlə bağlı məsələdir. Amma elə məqamlar olur ki, orda qeyri-səmimi yox, sadəcə siyasətcil olmaq lazımdır.

- Ola bilirsinizmi?

- Ola bilirəm.

- İnsanlarla məsafə saxlayırsınız?

- Mütləq.

- Bu yaxınlarda efirdə maraqlı bir fikir söylədiniz ki, oğlumu özündən on yaş böyük qızla da evləndirərəm…

- Efirdə belə bir söhbət getdi ki, məhəbbətdə yaş senzi varmı, kişi qadından, qadın kişidən nə qədər böyük olmalıdır? Mən cavab verdim ki, yaşın heç bir əhəmiyyəti yoxdur. Əsas olan insanların bir-birini anlaması, sevməsi və qəbul etməsidir. Kişi evlənərkən, qadından on yaş, yaxud da əksinə, qadın ərindən on yaş böyük ola bilər. On yaşa qədər fərqin ziyanı yoxdur. Oğlum da əgər özündən on yaş böyük qızı sevsə, evlənməyinə icazə verərəm.

- Bildiyim qədər, çox sərt, mühafizəkar anasınız. Övladlarınız ailə quranda işlərinə müdaxilə edəcəksiniz?

- Əlbəttə, müəyyən mənada müdaxilə edəcəyəm. Zəhmət çəkib oğul-qız tərbiyə etmişəm, böyütmüşəm. Alma-armud deyil ki, kimsə gəlib alıb aparsın. Söz yox ki, onlar sevdiyi insanla ailə quracaqlar. Sevgisiz ailə çox davam edə bilməz. Amma həmişə deyirəm ki, uşaqlarıma hər şey versəm də, bəxti, taleyi yazan Allahdır. İndi onlar haqqında danışdığımı bilsələr, məndən inciyəcəklər. Çünki uşaqlarım mənim onlar haqqında müsahibə verməyimin əleyhinədir. İstəmirlər saytlarda onlar haqqında nəsə yazılsın. Heç efirdə də onlar barəsində danışmağımı istəmirlər. Xoşları gəlmir belə şeylərdən. Fikir vermisənsə, onlar həmişə efirdən, mətbuatdan uzaq olub.

- Bu gün dəb halını alıb, bütün müğənnilərin uşaqları oxuyur, sizinkilərin necə, müğənni olmaq fikri yoxdur ki?

- İkisinə də mükəmməl musiqi təhsili vermişəm. Gözəl də səsləri, musiqi duyumları var, amma heç biri müğənni olmaq istəmir. Açıq deyim ki, heç istəsəydilər də, mən icazə verməyəcəkdim. Bəxtimdən özləri də bunu istəmədi.

- Hansı peşəni seçiblər ki?

- Hər ikisi tələbədir. Qızım Xarici Dillər Universitetinin ingilis dili fakültəsində təhsil alır, oğlum isə Diplomatik Akademiyada oxuyur.

- Geyimdə brend sizin üçün önəmlidir?

- Heç vaxt brend xəstəsi olmamışam. İnanın ki, hansısa mağazaya daxil olanda heç adına da fikir vermirəm. İstər Bakı olsun, istər xarici ölkələr. O qədər pul töküb, brend mal alıb neyləyirəm? Duza qoymayacağam ki, bir-iki dəfə geyinəndən sonra o paltar qarderobda asılıb qalacaq. Dünyanın pulunu paltara xərcləməyə dəyməz. Amma qarderobumda hər qiymətə paltarım var.

- O paltarları saxlayırsınız, yoxsa kiməsə verirsiniz?

- Evdə arıq vaxtlarımın da, kök vaxtlarımın da paltarları qalıb. Bəzən geyinmədiklərimi yığıb rayona göndərirəm. Anam da, yəqin ki, kimlərəsə verir.

- Ən çox hansı geyimlərə üstünlük verirsiniz: ziyafət, gündəlik?

- Gündəlik geyimlərə üstünlük verirəm.

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Əvvəllər avtomobil və daş-qaşa pul xərcləyərdim. İndi heç nəyə.

- Neçə avtomobiliniz var?

- İndi bir dənə. Onu da özüm idarə etmirəm. Özüm idarə etsəydim, yəqin, ikinci avtomobilim də olardı.

- Niyə özünüz idarə etmirsiniz ki?

- Tıxaclardan yoruluram.

- Heç qəza törətmisiniz?

- Öz günahım üzündən olmayıb. Maşınımı vurublar, sürtüblər, güzgüsünü sındırıblar. Allah qismət eləməsin də.

- Cərimə ödəmisiniz?

- Tələsən məqamlarda ola bilsin sürət həddini aşıb, cərimə də ödəmişəm.

- Həmişə pozitiv, şənsiniz. İçiniz üzünüzdə əks olunur, yoxsa?

- Eh… İçim daha kədərlidir, baxan görür.

- Sonuncu dəfə nə vaxt içdən ağlamısınız?

- Srağagün.

- Niyə?

- Yaxın adamım xəstə olduğu üçün ağlamışam.

- Göz yaşını gizlətməyi xoşlayırsınız?

- Çalışıram gizlədim. Hələ biz uşaq olanda anam həmişə bizə deyirdi ki, heç vaxt kiminsə qabağında göz yaşı tökməyin. Anam çox fədakar qadındır, çox əziyyət çəkib. Amma həmişə məğrur qadın olub. Bizə də məğrur olmağı məsləhət görürdü.

- Paylaşmağı sevirsiniz, yoxsa elə öz içinizdə çəkirsiniz?

-Yalnız doğmalarımla paylaşıram. Başqa heç kimlə. Çünki ürək süfrə deyil hər adama açasan. Bilmirsən o insan sənə ürəkdən yanır, ya yox. İnsanı öz əzizləri qədər duyan heç kim ola bilməz.

- Ən zəif nöqtəniz nədir?

- Zəif yerim əzizlərimdir. Anam, uşaqlarım və ailəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm