• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Düşmən əsgərinə arvadından danışdı

Düşmən əsgərinə arvadından danışdı

Azərbaycanın ilk müstəqil teatrı “Oda”nın yeni tamaşası səhnələşdirildi. Əvvəlcə onu qeyd edim ki, Oda teatrı bizim ölkədə ən fərqli tamaşalarla çıxış edən, gənclərin mənəvi dünyasını qidalandıran mədəniyyət ocaqlarından bəlkə də birincisidir. Bu cümlələr sizə şablon və ya pafoslu görünsə də, bu mənim şəxsi fikrimdir. İnanıram ki, gələcəkdə “Oda”çılar daha da inkişaf edəcək.

Tamaşa öncəsi qapıda növbə yaranmışdı, içəriyə birtəhər keçə bildik. Fikir verdim ki, tamaşaçılarımızda da dəyişklik hiss olunur. Hər kəsin üzündən xoş bir ifadə oxunurdu. Balaca gözləmə otağında afişalar, kitab rəfi, aksesuarlar adamın könlünü açırdı. Hamı səbirsizliklə tamaşanı gözləyirdi.

Türkiyəli yazar Müzaffer İzgünün “Sərhəd” əsəri əsasında hazırlanan, rejisoru İmam Həsənov olan “Tikanlı məftillər”ə baxdıq. Girişdə çıxış edən İmam bəy kreativ düşüncələri, mimika və jestlər ilə tamaşaçılarda gülüş doğurdu. Onu da qeyd edim ki, yanında fransız aktrisa Elza da vardı. Onun da gah fransız, gah rus, gah da bizim dildə danışması yadda qalan oldu.

Tamaşanın ən yadda qalan iki adamı isə şübhəsiz, Elmin Bədəlov və Niyaz İlyasoğlu idi. İfa etdikləri rol həqiqətən gerçəyə bənzəyirdi və biz teatrda deyil, sanki həyatın içindən onlara baxırdıq.

Neviniya və Seviniya adlı iki ölkə bir-birinə düşməndir. Hadisələr iki əsgərin fonunda cərəyan edir. Ancaq zaman keçdikcə bu əsgərlər arasında dostluğun olduğunu görürük. Onların arzuları, istəkləri, duyğuları baş qaldırır. Tamaşanın əvvələrində siqaret alışdırıb necə də püfüldə-püfüldə içlərinə çəkməkləri indi də gözümün önündən getmir. Onlar xoşbəxt olmaq, barış içində yaşamaq istəyirlər. Ancaq komandirləri onları öz qəti əmrləri ilə çaş-baş salır, aralarına nifaq salır.

Aktyorlar peşəkar olmasalar belə, istedadları danılmazdı. Sərxoş, qəzəbli, kədərli, hallı, zarafatcıl, ciddi, aqressiv kimi müxtəlif vəziyyətlərdə özlərini ifadə edə bilirlər. Tamaşada bir neçə detal var ki, insanın duyğularına toxuna bilir. Əsəgərlərin öz istəkləri, xəyalları var. Biri araq istəyir, digəri yumurtalı sossika. Onların istəkləri yerinə çatır. Yaxşıca yeyirlər-içirlər. Hətta muğam belə ifa edirlər. Bu epizodlarda tamaşaçı əməlli-başlı əylənir, gülür. Onların yeməyə qarşı olan sevincləri kədərli görünürdü.

Bunu da qeyd etməliyəm ki, əsgərlərdən biri arvadı haqda çox danışırdı. Onu necə sevdiyini, darıxdığını digər düşmən əsgərə çatdırırdı. Hətta arvadını düşünərək mastrubatsiya etməsi də, məncə, kədərli an idi. Deyirdi ki, üzünü xatırlaya bilmirəm. Onu yuxularımda görə bilmirəm. Məhz həmin əsgərin arvadından məktubu gəlir. Duyğular içində oxuyaraq ağlayır.

Final səhnəsində Siviniya ölkəsi digər ölkəyə hücum əmri verir. Tamaşanın dramatik yerində yaxınlıqdakı məsciddən gələn azan səsi teatrın fon musiqisiylə harmonik bir səs yaradır. Silahlanan əsgər dostunu bir neçə dəfə öldürmək istəsə də bunu bacarmır. Bir şəkil onu qatil olmaqdan xilas edir. Döşəmədə bir-birlərini qucaqlayıb hönkürən əsgərlərin görüntüsü ürəkləri parçalayır. Aydın olur ki, insanların duyğularına, sevgilərinə, hislərinə tikanlı məftllər və ya digər əngəllər qoymaq olmaz.

Teatr özü bir dünyadır. Hamımız yer kürəsində öz rolumuzu oynayırıq, mühüm olan bu rolda qəhrəman olaraq tarixdə qalmaqdır. İnsan öldürməklə yox, insanlıq uğrunda qəhrəmanılıq!

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR