“Xanımım kiminlə ailə qurduğunu bilirdi” - Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

“Xanımım kiminlə ailə qurduğunu bilirdi” - Müsahibə, Fotolar

Tabloid.az bu qəbildən olan, daim kübar görünüşü, savadlı ifa tərzi və düzgün mövqeyi ilə seçilən Rəşad İlyasovla maraqlı müsahibəni təqdim edir.

Deyəsən, əksər şou-biznes nümayəndələri bu sahənin inkişafını qalmaqalda, səs küydə, dedi-qodu, şər və böhtanda görür. Lakin, bütün bu “inkişafdan” yan qaçan və geridə qalmağı düzgün yol seçən sənətçilərimiz də var. Onlar az deyil... Məsələn, İlqar Muradov, Lalə Məmmədova, Sevda Ələkbərzadə və s.

Tabloid.az bu qəbildən olan, daim kübar görünüşü, savadlı ifa tərzi və düzgün mövqeyi ilə seçilən Rəşad İlyasovla maraqlı müsahibəni təqdim edir. Müğənni ilə həftəsonu görüşdüyümdən elə ilk sualım da onun istirahəti ilə bağlı oldu.

- Rəşad bəy, istirahət vaxtınızı necə keçirirsiniz ?

- Düzünü desəm, təbiəti çox sevirəm. Dostlarım istirahət günləri restoranlarda toplaşırlar. Mənim işim isə mütəmadi olaraq əyləncə məkanlarında olduğundan orada istirahət etməyi sevmirəm. Təbiətə üstünlük verirəm. Gözəl mənzərə və ürəyim istəyən musiqi kifayət edir ki, istirahət edim.

- Mənə elə gəlir ki, Rəşad İlyasov uzun müddətli istirahətə yollanıb...

- Müşahidələriniz doğrudur. Səbəbini açıqlaya bilərəm. Müəyyən işlər, bu sahə ilə bağlı vəziyyət, verilişlər məni qane etmədiyindən efirə çıxmağa lüzum görmürəm. Ancaq ürəyim istəyən yerdə oluram. Çoxu mənə deyir ki, görünmürsən. İndi elə zəmanədir ki, maqazin proqramlarında olursansa demək ki, varsan, verilişə çıxıb musiqi təqdim edirsənsə yox kimisən.

- Bu gün Sizi nə qane etmir?

- Savadsızlıq, diqqətsizlik... Bu, proqram və ya ziyafət də ola bilər. Mən özümü orada görə bilirəmsə orada oluram. Çox seçiciyəm.

- Belə başa düşdüm özünüzə qoyduğunuz qadağalar var...

- Heç bir qadağa qoymuram. Sadəcə ürəyimin səsinə qulaq asiram. O, məni heç vaxt aldatmayıb.

- Neçə ildir sənətdəsiniz?

- 20 il var. Mən sənətə instrumental ifaçı kimi başlamışam. 16 il olar ki, ifaçılıq edirəm. 90-cı illərin sonlarından qazandığım məşhurluq bu günə kimi davam edir.

- Rəşad bəy, özünüzü şou-biznesdə görürsünüz?

- Təbii ki, yox! Şou-biznes adamı fərqli olur. Onlar diqqət mərkəzində qalmağa maraqlı olurlar, rəngli qeyri-adi geyimləri sevirlər, yanlarında menecer, mətbuat katibi, imicmeykerlərin olmasını tələb edirlər. Mənim də köməkçilərim var. Amma o qədər çox adam yoxdur ətrafımda. Həm də mənim prodüserim kanallara zəng edib Rəşadı verilişə qonaq çağırın kimi xahişlər etmir. Əslində bunlar ayıb deyil. Şou-biznesin qanunlarıdır. Sadəcə mən bunları etmirəm. Mən Stinq kimiyəm. Onun bir sözü var. Mən oxuyuram, kim istəyir qulaq assın, kim istəmir asmasın. Mən də onun kimi düşünürəm.

- Niyə şou-biznesdə olmaq istəmirsiniz ki?

- Şou-biznes əslində açıq rəqabətdir. Bu, çox yaxşıdır. Sadəcə bizim şou-biznesdə bu dinamikanı görmürəm. Ucuz meyarlar üzərində qurulan ortamda olmaq istəmirəm. Heç bir müğənni, musiqiçi dostumu qınamaq istəmirəm. Amma mən özümü orada görmürəm. Mən incəsənət xadimiyəm. Bu böyük səslənsə də, özümü bu yolda görmək istəyirəm.

- Rəşad İlyasovun olduğu incəsənət aləmində daha kimlər var?

- Ad çəkməyəcəyəm. Çünki insanların məndən inciməsini istəmirəm. Onu da deyə bilərəm ki, bu aləmə xalqın sevdiyi sənətçilər daxildir. Yaşın fərqi yoxdur. Ona görə mən də onların yanındayam.

- Bəs bəyəndiyiniz gənc ifaçılar kimdir?

- Mən musiqi bəstələyən insanları çox bəyənirəm. Mən uşaqlıqda Kayahanı dinləyirdim. Özü bəstələyib özü oxuyurdu. Onun mahnılarını digərləri ifa etsə də, özü tamam fərqli oxuyurdu. Bizimkilərdən Elçin Cəfərovu çox bəyənirəm. Hətta onun “Xəstəsi oldum” adlı mahnısını da ifa etmişəm.

- Xanımların Sizə olan diqqəti həyat yoldaşınızın qısqanclığına səbəb olmur ki?

- Əsla! Çünki, mən nişanlı olanda artıq xalq artisti İlhamə Quliyeva ilə iş birliyim başlamışdır. Xanımım savadlı və ziyalıdır. Dünyagörüşü geniş xanımdır. Əvvəlcədən bilirdi ki, kiminlə ailə qurur. Mən də elə şərait yaratmamışam ki, evdə belə söz-söhbətlər olsun. 10 ildir ki, evliyik. Amma yaddaqalan belə bir hadisə olmayıb. Həm də elə təbiətim də yoxdur ki, artıq-əskik hərəkətlər olsun.

- Bildiyimə görə, 2 övladınız var. Onlar atalarının adından, məşhurluğundan istifadə etirlər?

- Yox, elə şey olmayıb. Oğlum Mirzə 7-ci, qızım Leyla isə 4-cü sinifdə oxuyur.

Qızı söhbətə müdaxilə edərək atasının səhvini tutur və əlavə edir ki, o, 5-ci sinifdə, Mirzə isə 6-cı sınıfdə oxuyur (gülürlər).

Mənim uşaqlarım çox tərbiyəlidir. Amma qardaşım uşağı mənim adımdan istifadə edib. Balaca şeytan deyirik ona. Nahar fasiləsində bufetdə yuxarı siniflərin şagirdləri ona yol verməyiblər. Növbəsiz sıradan önə keçərək bufetçiyə mənə yemək ver dedikdə, get növbəyə dayan ay uşaq deyiblər. O da qayıdıb ki, məni tanımadınız? Mən Rəşad İlyasovun qardaşı oğluyam axı. Beləcə yeməyi növbəsiz alıb (gülür).

- Rəşad bəy, niyə solo konsert vermirsiniz?

- Konsert üçün zəmin yaranmalıdır. İstəryərdim bir mahnım populyarlaşıb sevilsin ki, onun ardınca konsert verim. Bəlkə də səhv düşünürəm. Əslində konsert müğənnini adaptasiya edir və ora sırf səni sevənlər gəlir. Bir səviyyəli konsert istəyirəm. Bunun üçün də çoxlu maliyyə lazımdır. Keçən il müğənnilər Yaşıl Teatrda “Payız konsertləri” adı altında konsert verdilər. O cür konserti ayda dəfə verə bilərdim. Mən fərqli bir şey istəyirəm. Mənim konsertimdə mütləq instrumental musiqi olmalıdır. Mən illər öncə Zeynəb Xanlarova ilə səhnəyə çıxmışam və görmüşəm konsert necə olur. Bax elə konsert istəyirəm. Mən istəmərəm konsertimə qızlar dikdabanda gəlib ancaq oturub baxsınlar. Çox istəyirəm ki, tamaşaçılar mənim konsertimdə əylənsinlər, oxusunlar, coşsunlar, dincəlsinlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm