Lalə: “Ayrılıq ölüm deyil...” - Müsahibə, Fotolar
Bizi izləyin

Tabloid.az

Lalə: “Ayrılıq ölüm deyil...” - Müsahibə, Fotolar

Əməkdar artist, sevilən müğənni, gözəl ana Lalə Məmmədova bu dəfə tabloid.az-ın qonağı olub.

Əməkdar artist, sevilən müğənni, gözəl ana Lalə Məmmədova bu dəfə tabloid.az-ın qonağı olub. Müğənni sənətindən, müasir şou biznesin tələblərindən danışmaqla yanaşı, son dönəm ailə dramı ilə bağlı məsələlərə aydınlıq gətirib.

Tabloid.az müsahibəni təqdim edir.

- Lalə xanım, ilk növbədə Türkiyədə səs salan Elnur haqqında fikirlərinizi bilmək istərdim...

- Elnur çox çalışqan oğlandır. Mən neçə illərdir Azərbaycan Dövlət Mahnı Teatrının solisti olmuşam. Son illər Elnur hər gün orada Rəşad Haşımovun “Rast” qrupu ilə məşq edirdi. Çox istedadlı oğlandır. Ancaq nədənsə, Azərbaycan səhnəsində az görünürdü. Deyilənlərə görə, bunda özünün də günahı var.

Elnur kimilər üçün Azərbaycanda çox çətindir. Onun auditoriyası müəyyən qrup insanlardır. Ona qədər falset səsdən Azərbaycanda bu qədər gözəl istifadə edən təkcə İlqar Xəyal olub. Elə İlqar Xəyala baxaq, hardadır indi İlqar Xəyal? Deməli, bizim insanların da günahı var. Təkcə gözəl binalar, gözəl körpülər tikməklə deyil. Mən çox istəryərdim ki, ölkəmizə ayaq basan hər kəs artıq hava limanından klassik musiqimizi eşitsin. Çünki musiqinin dili yoxdur. Xalq haqqında fikir formalaşdırmağa musiqi kömək edir. Məsələn, Çində hava limanının ucu bucağı yox idi. Mən təyyarənin içindən artıq Çin klassik musiqini eşidirdim. Hava limanında olduğum saat yarımı mən yalnız o musiqini eşitdim. Mehmanxanaya çatdım. Orada da klassik Çin musiqisi. Niyə bizdə yoxdur? Bizdə hara getsən əcnəbi mahnılardır... Biz öz musiqimizin təbliğatında gecikirik. Sənətçinin ömrü çox deyil. Bunu vaxtında qiymətləndirmək lazımdır. Müğənni ona olan sevgini hiss edəndə artıq özünü doğrultmağa çalışır və o məsuliyyəti dərk edir.

- Lalə Məmmədova, Samirə Allahverdi, Sevda Ələkbərzadə və s. bu qəbildən olan savadlı və səsi olan müğənnilər bir çoxundan geri qalır. Bunun səbəbi nədir?

- Özünümüdafiə kimi səslənməsin amma mən deyə bilmərəm ki, mən lazimi qiymətimi almamışam. Mən ölkə başçısı tərəfindən qiymətləndirilmişəm. Düzdür mən geniş kütlə üçün olan müğənni deyiləm .Amma mənə elə gəlir ki, Azərbaycanın hansı bölgəsinə getsəm və bircə “Məktəb illəri” mahnımı ifa etsəm artıq mənim haqqımda fikir formalaşır. Öndə olan insanlar istedadın deyil, pulun hesabına öndədirlər. Bütün gün radio, kanalları zəbt edir və insanların beyninə işləyirlər. Mən bunun qarşısını ala biləcək gücdə deyiləm. Təəssüf ki, bizi duyan insanların sayı çox deyil. Bu torpağın kifayət qədər gözəl musiqiçiləri olub. Bu xaosu görəndə mən artıq şübhə edirəm. Bəlkə onlar heç bu torpaqda yaşamayıblar.

Bir də görürsən deyirlər ki, filan verilişə getmə, səviyyəsiz verilişdir. Mən gedirəm ki, öz səviyyəmi göstərim ki, bəlkə o verilişin səviyyəsi düzələr...

- Siz mahnını toy tutmaq üçün ifa etmirsiniz?

- Əslində mənə toy lazımdır. Amma mən toydan toy tuta bilirəm, efirdən yox. Siz görmüsünüz mən çıxım efirdə toy mahnısı ifa edim? Toya dəvət edən kütlə isə çox deyil.

- Müğənnilərimizin xarici ölkələrin şou-biznesinə qatılmaq istəyini necə qiymətləndirirsiniz?

- İstənilən müğənnimizin xaricdə tanınması Azərbaycanın adına yazılır və bu uğurdur. Bu Azərbaycan toyunun deyil, Azərbaycan mədəniyyətinin adına yazılır. Xaricdə fəaliyyət göstərənlərə uğurlar arzu edirəm. Burda çox asandır demək ki, getdinizsə, sizi orda da tanımadılar. Niyə lazımdır belə ürək ağrıdan sözlər demək? O insan vətənindən, evindən, yaxınlarından, ailəsindən uzaq düşür, aylarla studiyalardan çıxmır. O pavilyonda, bu səs yazma studiyasında bunları kimin üçün edir? Edir ki, bir mahnı ilə sizi sevindirsin. Bu da sizin verdiyiniz qiymət. Mümkün deyil ki, hansısa müğənni xarici ölkəyə getsin və hər kəs orada ondan danışsın. Məsələn, Elnur Türkiyədə nə CD çıxardıb, nə klip çəkdirib. Bu bir şansdır və qeyri adi səsdir. Çünki Türkiyənin özündə elə səs yoxdur. Guya bizim özümüzdə çoxdur? İnsanlarımız gərək qəlb qırmasınlar, istənilən uğur Azərbaycanın adına yazılır.

- Lalə xanım, istəyərdiniz övladınız Sizin yolunuzu davam etdirsin?

- Əgər övladımda istedad varsa, onsuz da bu yolu gedəcək. Amma mən heç vaxt zorla övladıma hər hansısa sənəti yiyələndirmərəm. Azərbaycanda belə bir tendensiya var, uşaq televizor ustası olmaq istəyirsə, valideyni məcburən onu həkim edir. Nəticədə uşaq həkimliyi oxuyur. Amma bizə lazım olan məişət avadanlığını düzəldə bilən insan deyil, sağlamlığı yarıda qoyan bir həkim yetişir. Bəla burasındadır. Hər kəs sevdiyi iş ilə məşğul olmalıdır. Mən qızımı həkim görmək istəyirəm, lakin bir tərəfdən eqoistlik çıxır. Mənim sənətim belədir ki, mən insanlara müsbət enerji ötürürəm. Həkimlərin sənəti isə çox çətindir.

- Lalə xanım, Sizcə kişi- qadın sevgisi bitə bilər?

- Bu məhəbbətin üzərində işlənilməsə, əmək sərf olunmasa bitir. İki nəfərdən biri çalışıb, digəri çalışmasa da sevgi bitir. Hər ikisinin çalışması lazımdır. Sevgi nədir? Sevgi əməkdir! Hisslərin ölməməsi üçün əmək sərf olunmalıdır.

- Lalə xanım üçün ayrılıq nədir?

- Bəlkə də zaman gələcək mən bu haqda çox rahat danışacağam. Mənim yaram hələ təzədir. Söhbət yaramı qanadır. Amma yenə də həyatdır. Sabah nə olacaq bilmirik. Yeganə təəssüf hissi keçirdiyim övladlarım üçündür. Çünki onların haqqı çatır ki, atalı-analı bütöv bir ailədə yaşasınlar. Bax buna çox təəssüf edirəm.

Ayrılıq mənim üçün nədir? Ayrılıq mənim üçün ölüm deyil...

- Övladlarınız bu ayrılığı necə yaşayır ?

- Hər halda asan deyil. Böyük qızım 3-cü sinifdə oxuyur. Bu elə bir söhbətdir ki, mən bunu heç vaxt ictimaiyyət arasında xırdalaya bilməyəcəyəm. Jurnalistlərimiz bu məsələyə reytinq baxımından yanaşırlar. İstəmirəm mənim ailə söhbətim ictimaiyyət qarşısında müzakirə olunsun. Heç kəs bundan sığortalanmayıb. Mən ailə quranda heç vaxt ağlıma gəlməzdi ki, belə halla qarşılaşaram. Demək ki, bu qismətdir. Qapanmış bir səhifəni yenidən vərəqləmək istəmirəm.

- Sizcə bu ailə bir daha birləşə bilməz?

- Artıq çox gecdir...Təəssüf edirəm, çox gecdir...

"Gündəlik Teleqraf" MMC-yə daxil olmayan saytların istinadla olsa belə web-səhifəmizdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm