“Azərbaycana gələn kimi soruşurlar ki, nə qədər qazanırsan?” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Azərbaycana gələn kimi soruşurlar ki, nə qədər qazanırsan?” - Fotolar

“Azərbaycana gələn kimi soruşurlar ki, nə qədər qazanırsan?”

Azərbaycanda model biznesi və moda sahəsi güclü inkişaf etməsə də, bu sahədə tanınan kifayət qədər həmvətənlərimiz var. Məsələn, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın dəb sahəsində gördüyü işlər misilsizdir. Bəylərdən isə Fəxriyyə Xələfova qədər iş görənlər olmasa da, modelimiz Rüstəm Cəbrayılov öz sahəsi üzrə kifayət qədər uğur əldə etməyi bacarıb. 5 ildir Amerikada yaşayan Rüstəm paytaxt Bakımızın qonağı olub. Bu səbəbdən biz də məşhur model ilə görüşdük.

Tabloid.az Rüstəm Cəbrayılov ilə eksklüziv müsahibəni oxuculara təqdim edir.

- Bir neçə ildir Amerikada yaşayırsınız. Hətta yeni ili də 5 ildir ABŞ-da qeyd edirsiniz. Bu il isə bu günü Bakıda qarşıladınız. Bunun özəl səbəbi var?

- Ailəmlə keçirmək istədim. Düşünürəm ki, bundan özəl səbəb ola bilməz. Həm də 5 ildən çoxdur ki, mən yeni ili Azərbaycanda qeyd edə bilmirəm. Həm də Türkiyədə bir sıra işlərim var. Bu səbəbdən də tez gəldim ki, ailəmlə də vaxt keçirdim. Əsas səbəblərdən biri elə budur. Türkiyədən qayıtdıqdan sonra isə İtaliyaya gedəcəyəm.

- Sizcə model biznesi Azərbaycanda nə üçün inkişaf etmir?

- Model biznesinin inkişafı dedikdə, Milandan o tərəfəsi artıq yoxdur. Milan dəb şousunun mərkəzidir. Orada dəb sənayesi daha yaxşı inkişaf edib. Dizaynerlərə tələbat çoxdur. Bu səbəbdən də modellərə tələbat var. Ən mükəmməl yerlərdən biri də Nyu-York, Vaşinqtondur. Bizdə isə bu sahə zəif inkişaf edir.

- Rustəm, Amerikada işləyərkən onlar tərəfindən yerlibazlıq ilə üzləşmisiniz?

- Amerikada belə bir psixologiya yoxdur. Amerika neçə 100 illərdir ki, miqrantların məskunlaşdığı ərazidir. Onlar belə şeylərə öyrəşiblər. Nyu-Yorkun özündə çox nadir hallarda amerikalı tapırsan. Amma işə götürərkən maraqlanırlar ki, siz haralısınız.

- 2015-ci ildən nə kimi yeniliklər olacaq fəaliyyətinizdə?

- 2015-ci ildə Azərbaycanlı dizayner Rüfət İsmayılovun dəfiləsində iştirak edəcəyəm. O, öz brendinin kolleksiyasını dünya arenasında - Milanda nümayiş etdirəcək. Rüfətin ilk çıxacağı məkan isə “Milan Fashion Show” olacaq. Bu ay artıq xəbərlər çıxacaq. O, dəb mərkəzində işləri nümayiş olunan ilk azərbaycanlı dizayner olacaq.

- Səhv etmirəmsə, Fəxriyyə Xələfovanın artıq orada moda nümayişləri baş tutub...

- Mən kişilərdən nəzərdə tuturam. Həm bu kolleksiya sırf kişi geyimlərindən ibarət olacaq. Mən elə gəlir ki, Fəxriyə xanımın Milanda moda nümayişi olmayıb. Olubsa da, Parisdə olub.

Rüfət İsmayılovun bu il Nyu-Yorkda da moda nümayişi baş tutacaq.

- Bəs öz işlərinizlə bağlı nə kimi yenilik var ?

- Bu ilin mart ayından etibarən Türkiyədə aktyorluq təhsil almaq istəyirəm. Təhsilimi orada alsam, orada qalıb işləməli olacağam. Bunlar isə hələ gələcəyin planlarıdır. Amma deyə bilərəm ki, yaxın gələcəyin planları olsa da, daha çox real planlardır.

- Türkiyədə film sənayesi aktyorlarla yanaşı, demək olar ki, modellərin üzərində qurulub. Sizə seriallarda çəkilmək təklifləri gəlir?

- Təkliflər həddindən artıq çoxdur. Amma mən özümü o sahədə görmürəmsə, və ya özümə əmin deyiləmsə, mən özümü nəinki o sahədə sınamaram. Mən ümumiyyətlə, razılıq vermirəm. Buna görə də, İstanbulda aktyorluq kurslarında təhsil almağa qərarı vermişəm. Artıq o zaman qərar verəcəyəm ki, məndən aktyor çıxar ya yox.

- Coğrafiya üzrə təhsil alan azərbaycanlı gənc Amerikaya yollandı və model oldu... Bu necə oldu?

- Bəli, mən Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişəm. Universiteti bitirdikdən sonra müəllim kimi təyinatım Şamaxıya verildi. 1 həftə orada müəllim kimi işlədim.

- Universitetə daxil olma balınızı xatırlayırsınız?

- Əlbəttə, 483 bal toplamışdım. Uşaqlıqdan coğrafiya fənninə marağım böyük olub. İxtisas seçimində də əksər seçimlər coğrafiya ilə bağlı idi.

- Bəs niyə coğrafiya müəllimi olmadınız?

- Qəribədir, sonra özümü coğrafiya müəllimi kimi görmədim. Çox az əmək haqqı verilirdi. Əgər mən Şamaxıda işləyib və həftədə bir dəfə Bakıya gəlib getsəydim heç yol pulum etməzdi.

- Əmək haqqından danışmışkən, maraqlıdır, Amerikada Rüstəm Cəbrayılovun qonorarı nə qədərdir?

- Mən qazandığım pul barədə danışmağı sevmirəm. Amma Azərbaycana gələn kimi ilk sual bu olur ki, nə qədər qazanırsan, bir şey çıxır ya yox, ayda nə qədər çıxır, dala pul ata bilirsən? (gülür). Orada şirkətlə çalışırsansa qonorar min və 10 min dollar arası dəyişir. Hətta 30-40 min arası qonorar da olur. Orada aylıq maaş olmur. Podiuma çıxmaq o demək deyil ki, çox pul alırsan. Orada vergilər də yüksəkdir. Aldığım qonorarın 30 faizini dövlət vergi ödəyirik, 20 faizi isə şirkətə qalır. Modelə qalan vəsait 40-45 faizdir.

- Rüstəm, Bakıda keçirilən “Best Model” yarışmasında qalib olarkən təşkilat komitəsinin rəhbəri Aygün Kazımova idi. Bakıya gələndə xalq artisti ilə görüşürsünüz?

- Xeyr. Mən o vaxt “Best Model of Azerbaijan” seçiləndə sənədlərimdə problemlər yarandı. Başım ayrı işlərə qarışdı, onların da öz işləri. Heç bura gələndə də görüşməmişəm.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm