Elza:“Mənə təpik vurmadı, amma yaxşıca çapdı”
Bizi izləyin

Tabloid.az

Elza:“Mənə təpik vurmadı, amma yaxşıca çapdı”

Səhnəmizin ekstravaqant müğənnisi dedikdə əməkdar artist Elza Seyidcahan yada düşür.

Səhnəmizin ekstravaqant müğənnisi dedikdə əməkdar artist Elza Seyidcahan yada düşür. Onu digər əməkdar artistlərdən fərqləndirmək üçün ekstravaqant əməkdar artist də deyirlər. Müğənninin qeyri- adiliyi təpədən dırnağa özünü hər şeydə büruzə verir. İfa etdiyi mahnıları, bəstələri, geyimləri, saç düzümləri və s... Ötən il isə xanım Seyidcahan yazdığı qeyri-adi şeirləri ilə bütün ili ələ almağı bacardı. Müğənninin “Verdi”, “Kokumsan” adlı şeirləri dillər əzbəri oldu.

Tabloid.az əməkdar artist Elza Seyidcahan ilə eksklüziv müsahibəni təqdim edir.

- Yəqin özünüzdə etiraf edərsiniz ki, yazdığınız şeirlər birmənalı qarşılanmır. Bəyənənlər olduğu kimi, şeirlərinizi məzxərə obyektinə çevirənlər də var. Sizcə bunun səbəbi nədir?

- Bu, mənə qarşı olan ən böyük təxribatdır. Onlar bu hərəkətləri ilə məni daha da gücləndirirlər. Mən uşaqlıqdan şeir yazıram. Molla Pənah Vaqif, Nizami, İmadəddin Nəsimi, Yunis Əmrə, Məhəmməd Fizuli, Cabir Novruz, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Musa Yaqub, Ramiz Rövşən, Rüstəm Behrudi, Vaqif Bayatılı, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Aşıq Ələsgər kimi sənətkarlarların sözlərinə mahnı bəstələyib, onları mütaliə etmişəm. Əlbəttə Elza Seyidcahan belə yazmalı idi. Mənim evimdə olan kitablar bəzi şairlərin evində olduğu kimi hörümçək toruna bürünməyib. Mənim şeirlərimin kitabı çıxmamış da müzakirələrə səbəb olub, oxunur. Mən özümə şair demirəm. Bu, mənim yazılarımdır. Orada fəlsəfə var. Mənim yazılarım davam edəcək. Mən həvəsdən düşmürəm. Onsuz da səhnəyə ilk gələn gündən tənqid olunuram. Sonra mənim mahnılarımı oxuyub, mənim kimi mahnılar bəstələməyə başladılar. Geyimlərim də tənqid olundu. İndi çoxu mənim kimi geyinir. Mən çoxdan haqsız müzakirələrə alışmışam. Bunlar Elza Seyidcahana qarşı təxribatdır. Məni sevənlər belə şeylərdən narahat olmasınlar. Çünki belə şeylər məni narahat etmir. Mən artıq qalibəm. Hələ mənim başqa istedadlarım da var. Gözləsinlər özlərini...

- Bəs nə əcəb kitab nəşr etməmisiniz?

- Mənim kitab buraxmaq fikrim yoxdur. Amma mənim üçün kitab buraxmaq istəyənlər var. Şükür Allaha kitabım da işıq üzü görəcək. Şairə öz kitabını çap etdirməz. Şairin kitabını buraxarlar. Mənim oxucularım kitabımı nəşr edəcəklər. Sənətkarın işi yazmaqdır.

- Mütaliə etdiyiniz şair və yazıçıların adını çəkdiniz. Hamısı da bəylərdən ibarətdir. Onların əksəriyyətinin ilham mənbəyi qadın gözəlliyidir. Bəs Elza Seyidcahanın ilham mənbəyi nədir və ya kimdir?

- (Fikirləşir...) Hər şey Tanrıdadır. Bəlkə də cavabım qeyri səmimi görsənəcək. Bu həyatı bizə Tanrı bəxş edir. Əgər məndə hər hansı istedad varsa, Ondandır.

- Elza xanım, şeirləriniz tənqid olunur. Heç oğlunuz deyir ki, ana, bəsdir artıq, daha şeir yazma...

- Çox olur...Nəyin ki, şeirlərim, mahnılarım, geyimlərim, stilim haqqında da nəsə deyib. Amma sonra oğlum məni alqışlayıb. Heyvanların qorunması layihəm həyata keçən ərəfədə evdə anlaşılmazlıq oldu. Oğlum bu layihənin tam əleyhinə idi. Amma konsert günü məni bağrına basıb, təbrik etdi. Oğlum mənimlə fəxr etdiyini bildirdi. Mənim qızım və oğlum hər zaman mənimlə fəxr edəcək. Onlar bilirlər ki, onların anası nə xatirinəsə yazmır. Yaradıcılığa heç kəs sərhəd qoya bilməz. Mənim oğlum da musiqiçidir. O, yaradıcılığın nə demək olduğunu yaxşı bilir.

- İki övladınız var. Qızınız yoxsa oğlunuz daha çox istedadlıdır?

- Oğlum daha çox istedadlıdır. Qızım da istedadsız deyil. Oğlum skripka ifaçısıdır. Bəstəkarlığı və aranjeman etməyi bacarır. Oğlum skripka ifaçısı kimi artıq kifayət qədər tanınır. Oğlum Ələkbər Qasımov televiziya və el şənliklərində iştirak edir. Reklam olunmağı sevmir. Bu səbəbdən mən onun seçiminə hörmətlə yanaşıram. Qızım da hüquqşünasdır.

- Nə əcəb oğlunuzu tanıtmaq üçün məşhurluğunuzdan istifadə etmirsiniz?

- Oğlum bunun əleyhinədir. O deyir ki, necə sən bu sənətə pillə-pillə qalxmısan, mən də eləcə yüksəlmək istəyirəm. Heç vaxt mənim adımı çəkməyib. Bəzən yolda onu polis işçiləri saxlayıb. Bir kəlmə desə ki, mən Elza Seyidcahanın oğluyam və konsertə tələsirəm, ona imkan yaradardılar. O, heç vaxt mənim adımdan istifadə etməyib. O, öz hörmətini qazanmağa çalışır.

- Elza xanım, özünüzə nədə olmaz deyirsiniz?

- Çox şeylərdə özümə olmaz deyirəm. Bəziləri məni həyatda çox sərbəst görə bilər. Amma bu, belə deyil. Həyatda yaşamaq istədiyim anlar olub. Amma mən özümə olmaz demişəm. Sənətimə, övladlarıma görə çox şeyin üstündən xətt çəkmişəm. Açıq-saçıqlığın üstündən xətt çəkmişəm. Nə qədər avropalaşsaq, dədə-babadan aldığımız tərbiyə ən önəmlidir. Mənim sənətim nə qədər müasir olsa da, ailəmdə olmazlar çoxdur.

- Heyvanlara olan sevginizdən haliyəm. Evinizdə hansı canlıları saxlayırsınız?

- Hazırda evdə ancaq pişik saxlayıram. Adı da Ceyladır. Əslində heyvanın yeri təbiətdir. Evdə heyvan saxlamaq olmaz. Bəziləri elə bilir ki, mən heyvanların qorunması üçün konsert vermişəmsə, dəridən kürk geyinməməliyəm. Onda heç heyvan əti də yeməyək. Amma sahibsiz heyvanlara yiyə durmalıyıq. İnsanlar heyvanlardan etibarlılığı öyrənməlidir.

- Bir az ötən ilə qayıdaq. 2014-cü il Elza xanım üçün nə ilə yadda qaldı?

- At ili məni əməlli başlı çapdı (gülür). Təpik vuran at idi. Sağ olsun, mənə təpik vurmadı, amma, məni yaxşıca çapdı. Ötən il gündəmi zəbt etdi. Bəziləri bundan istifadə edib, xoşagəlməz sözlərlə şeirlər yazıb mənim adımdan təqdim etdilər. Ötən ilki at onların hərəsinə yaxşı təpik ilişdirdi. Mən 2014-cü ilin atını minib çapdım. O ki var çapdım. Tərlətdim onu. Qan tər içinə saldım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm