• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Mobil telefonlar insan sağlamlığı üçün zərərli deyil

Mobil telefonlar insan sağlamlığı üçün zərərli deyil

Mançester Universiteti alimlərinin qənaətinə görə, mobil telefonlar və elektrik xətlərinin yaratdığı maqnit sahələr insan sağlamlığı üçün zərərsizdir.

Bundan əvvəl keçirilmiş tədqiqatlarda isə mobil qurğular və şəbəkə kabellərindən yayılan elektromaqnit şüalanmanın sonsuzluq və xərçəng xəstəliyinə səbəb olduğu bildirilirdi. Bəzi ekspertlər hətta bunun uşaq leykemiyası ilə nəticələnə biləcəyini qeyd edirdilər.

Ötən illərin araşdırmalarına əsaslanan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyi alçaqtezlikli maqnit sahələrini potensial kanserogen hesab edib. Öz növbəsində səhiyyə müəssisələri də mobil telefondan uzun müddət danışmaqdan imtina etməyi tövsiyə edib. Uşaqlara isə həkimlər ümumiyyətlə mobil telefondan yalnız müstəsna hallarda istifadəni məsləhət görüblər.

Bu yaxınlaradək hesab olunub ki, maqnit sahələri insan orqanizmində əsas zülalları parçalayır. Lakin Mançester Universiteti alimləri bunu təkzib ediblər.

Tədqiqatçılar zəif maqnit sahələrinin sağlamlıq vəziyyətinin formalaşmasında, əsəb sisteminin idarəetməsində və DNK-nın bərpasında mühüm rol oynayan flavoproteidlərə (Orqanizmdə oksidləşdirici-bərpaedici reaksiyaların bəzi fermentləri) necə təsir göstərməsini müşahidə ediblər. Çünki bu zülalların zədələnməsi sağlamlıqda problemlər yarada bilər. Nəticədə məlum olub ki, şüalar flavoproteidlərin fəaliyyətinə tam təsirsizdir.

Flavoproteidlər elektronları bir yerdən digər yerə aparır. Yolda radikal cütlüklər kimi tanınan qısaömürlü birləşmələr yaranır. Hesab olunur ki, onların iştirak etdiyi biokimyəvi reaksiyalar müəyyən şəraitdə elektromaqnit şüalanmaya qarşı çox həssasdır. Aparılan yeni tədqiqat göstərib ki, zəif elektromaqnit sahəsinin biokimyəvi effekti üçün insan biologiyasında düzgün şəraitə nadir hallarda rast gəlinir.

Qeyd etmək lazımdır ki, bu, mobil qurğuların təhlükəsiz olmasını sübut edən yeganə tədqiqat deyil. Belə ki, 2010-cu ildə Britaniya Səhiyyə Mühafizəsi Agentliyi mobil telefonlar və "Wi-Fi" çıxış nöqtələrinin insan üçün zərərli olması ilə bağlı əsaslı sübutlar aşkar edə bilməyib. Lakin qeyri-ionlaşdırıcı şüalanma üzrə müstəqil "AGNIR" qrupu mobil qurğu şüalarının effektinin uzunmüddətli araşdırılmasına təkid edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR