• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Tanrı elə yalnızdı ki…

  • Yazarlar
  • 18 İyul 2015 05:48
  • 1 161 Baxış
Tanrı elə yalnızdı ki…

Bu gün arzu olunmaz, taleyimdə yeri olmayan, gözlənilməyən tənhalığım qəfildən, xəbərsiz özünü qapıdan içəri dürtdü, yerini rahatlayıb gözümün içinə baxdı. Özümü ondan sonra tanımağa başladım. Mən və tənhalıq üzbəüz oturub bir-birimizə baxır, ikimiz birləşib tək olmağa, yalnızlığa başlamağa çalışırdıq. O mənim içimə keçmək üçün əvvəlcə otağın yan-yörəsinə baxdı, tək-tənha dayanmış stul, stol, komputer, televizor, qəfəsdəki tutuquşu, kitablar, qəzetlər, şəkillər – hamısı tənhalığın köləsinə çevrildi və elə bil ki, burda olan hər şey sanki əvvəldən təkləşib, ögeyləşib mənim evimdə məskən salmışdı.

Tənhalıq içimə çökəndə mən hələ özümü tanımırdım. Mən bu tənhalıqdan, gözləmədiyim təklikdən qaçmaq, yalnızlığın palçıqlı, qabar əllərindən qurtulmağa çalışır, ancaq hər dəfə təslim olub ağ bayraq qaldırmağa məcbur olurdum.

Dostlarımdan uzaqlaşmağım da tənhalıq hissindən yarandı. Hər kəsi uzaq, tanımadığım adam kimi sayır, özümü hər yerdə çağırılmamış qonaq kimi aparırdım. Sonra hər şey dəyişdi, tənhalıq artıq bir böyük əl kimi yaxamdan yapışdı və özünün həqiqi simasını açıb göstərdi. Onda itirdiklərim xatirələrimdə, sevdiyim qız haradasa məni unutmaqda, dostlarım isə yanımda idi. Onda insanlara qatışmaq arzum baş qaldırmışdı. Ancaq tənhalıq bu addımıma da tabe olmadan mənim içimə daxil oldu.

İndi tənhalıqla birlikdə ilk günümü yaşayıram. Bürkülü, səssiz-səmirsiz otağımda.

Evin təmizlənməsini və əskisindən də gözəl bir biçimə düşməsini gerçəkləşdirəndən sonra durub bir də otağa baxdım. Hə, tənhalıq gözlərini mənə zilləyib oğrun-oğrun gülürdü.

Heç nə dəyişməmişdi və heç nə dəyişmək istəmədiyini açıq-aşkar boynuna alır, tənhalığın qucağına atılmaq üçün sanki mənim əmrimi gözləyirdi. Mən onda anladım ki, bu gün mənim üçün tənhalıqdan qurtuluş yoxdur və yəqin ki, uzun bir müddət bu yalqızlıq mənimlə bərabər heç vaxt bu şəhərdə ömür sürdürməyəcək. Bəlkə o da bir gün sıxılıb tənhalığa, insanlardan uzaqlaşmağa başlayacaq... Ancaq sonra başa düşəcək ki, təklik tənhalıq deyil və Tanrıdan böyük yalnız ola bilməz və onun mənə verdiyi tənhalıq ancaq ötəri qayğılar kimi gəlib keçərlidir.

Bir yandan da fikirləşirəm: Tanrı yəqin o qədər tənhadır ki, artıq bir insanın da bu yalqızlığa tab gətirə biləcəyini sınayır və mən yeni imtahandayam.

Tənhalıq imtahanı başladı...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR