Yol əhvalatı...
Bizi izləyin

Yazarlar

Yol əhvalatı...

Həyata mübarizə meydanı kimi yox, keçilməsi gərəkli yol, özlərini qalibiyyətə köklənmiş döyüşçü yox, əvvəl-axır mənzil başına çatmağı qərarlaşdıran səyyah kimi görənlərə...

An gəlir, sadəcə hiss olur, başqa heç nə. Kim olduğunu, nə olduğunu anlamaq qəlizləşir. Sadəcə hiss var: qeyri-məhdud sevgi, bir də “relax”. Oxuduqlarımız, gördüklərimiz, eşitdiklərimiz bizə nələrisə yaşadır. Yaşantılar da bir şəkildə nəyəsə çevrilməyi sevər. Ax nə gözəlmiş.

Mayak sandığım kəslər və yazılar...

Oxuduqlarımdan başlayım, Paulo Coelho, Herman Hesse. Siyahıya lüzum yox, amma hər iki yazar və onların əsərləri hardasa birə-bir naməlum cəngəllikdə tapdığım izlər oldu. Məncə, bu arada bir-iki sitata ehtiyacım var: Paulo Coelho “İşarələri izlə” (Əl Kimyagər), “Biz hər şeyi bilirik və unutmuşuq, indi yaşadığımız müddətcə onları xatırlamaqla məşğuluq” (Zahir) və s., Herman Hesse “Çay eyni zamanda həm başlanğıcda, həm burda, həm də sondadı” (Siddhartha). Sual oluna bilər ki, nə olsun?!

Hə, məsələ ondadır ki, həyatda dəqiq, konkret düstur yoxdur ki, hamı ona əməl edib xoşbəxt olsun, mənəvi rahatlığa qovuşsun. Sevə-sevə işlətdiyim bir fikir var: “Həyata gələrkən ondan istifadə qaydalarını bizə vermədilər”. Elə onun yoxluğudur ki, bizim ömrümüzə rəng qatır. Məsələ yenə də qeyd etdiyim hisslərdədi. İnsan kommunikativ varlıq olmaqla daim informasiya mübadiləsi prosesindədir. Bir qəbuledici kimi onu alır, emal edir və üçüncü etapda ötürücü rolunu oynayaraq onu paylaşır. Amma burda daha bir incə məsələ var. Biz aldığımız informasiyanı axıra kimi emal edə bilirikmi? Hisslər tam olaraq nitqə, mətnə çevrilə bilirmi? Cavab “xeyr”. Herman Hesse bunu “Siddhartha”da çox gözəl şəkildə izah edir. Bu yazarı, bu dərinliyi necə sevməyəsən?!

Buddanın, zahidlərin və başqa aydınların təlimini öyrənməklə suallarına cavab axtaran “Siddhartha” istədiklərini öyrənir, amma o hissə, mənəvi rahatlığa qovuşa bilmir. Və nəticə sonda hasil olur, hisslər sözə çevriləndə mahiyyətini, sehrini itirir, artıq həqiqəti izah etmək qüdrətindən azad olmuş olur. Bununla da, başqa bir nəticəyə gəlmiş oluruq. Bəlli bir nöqtə var, amma ora varmaq üçün dərin bir cəngəllikdən keçməlisən. Bunun üçün o cəngəlliyə ayaq basdığın ilk andan etibarən bir iz, cığır axtarıb tapırsan. Az gedib, çox gedib təyin olunan nöqtəyə çatırsan. Düşünürsən, bəs vəd olunan rahatlıq, vəd olunan MƏN hardadır?! Axı mən bura gəlib çıxanda onlar burda olmalıydılar. Əfsuslar olsun ki, burda yoxmuşlar. Səni inandırırlar ki, geri qayıdıb bir başqa çığırı, izi izləyəsən. Nəticə bir öncəki kimi. Vəd olunanlar yerində deyil. Bu minvalla bir neçə təcrübə keçirsən. Bu gedişlə cəngəlliyə bələd olursan və qərara gəlirsən ki, bəlli olan cığırların heç biri ilə getməyəsən. Cəngəlliyə səni bəlli nöqtəyə aparacaq ilk addım atırsan. Addım addımlara çevrilir və səni ora, axtardıqlarının yanına gətirib çıxarır. Düşünürsən, bura dəfələrlə gəldin, axı bunlar burda yoxuydular. Bəs indi necə oldu? Və anlayırsan: məsələ təyin olunan yerdə yox, gəldiyin yolda, keçirdiyin hisslərdə, yaşadığın düşüncələrdədi. Bəlli cığırla, yolla getmək sənə təcrübə qazandıra bilər, amma həqiqəti söyləməz. Həqiqət öz yolunda qarşına çıxan hisslərlə, düşüncələrlə sənə gələr, qucaq açar.

Bu məsələni müasir elm sahəsi olan NLP-də (Neyro Linqvistik Proqramlaşdırma) bir az daha detallı öyrənməyə müvəffəq oldum. Öncə dostum, sonrasa müəllimimin sayəsində fərqindəlik qazandıqdan sonra bəzi məsələlərdə daha həssas olmağa başladım. Çox vacib bir məsələ var. Beyin xəritəsi. Maraqlı səslənir, bəli. Hər kəs dünyanı öz xəritəsinə görə qavrayır, dərk edir. Hamımızın ta orta məktəb proqramından keçdiyimiz coğrafiyada öyrəndiyimiz bir məqam da var – Xəritə ərazinin özü deyil. Bununla bağlı xəritələrdə miqyasla yanaşı, təhriflə də bağlı qeydlər olur. Nə isə, keçək əsas məsələyə. NLP nəzəriyyəçiləri bununla bağlı bir proqram hazırlayıblar. Hamı eyni cür hiss edə, düşünə bilməz, amma seçilmişlərin (uğura nail olanlar) modellənməsi deyilən bir anlayış var. Modelləmə özlüyündə təcrübi olaraq işlək mexanizmdir. Birinin düşüncə tərzini, həyata baxışını qəliblər şəklində modelləyərək öz üzərində tədbiq edirsən. Bunu bacarsan, özün də edə bilərsən, ya da mütəxəssisdən yardım ala bilərsən. Bəs bununla hara qədər getmək olar?! Maksimum modellədiyin şəxsin getdiyi yerə qədər. Ordan o tərəfə getmək istəyirsənsə, yenə də özün olmalı, yol açmaq məcburiyyətindəsən, öz yolunu tapmalısan. Qəribə olsa da, şablonlar bir yerə qədər işə yarayır. Günümüzdə az qala hamıya uğur, xoşbəxt həyat vəd edən şablonlarla zəngin fərdi inkişaf üzrə ədəbiyyat geniş kütlə tərəfindən böyük maraqla qarşılanır, təqdir edilir. Amma bəlkə də, yüzün birə nisbətində kimsə bunlardan faydalanır. Burda bir detala diqqət yetirək. Bu kiatabların lazımsız, faydasız olduğunu demək istəmirəm. Məsələ bu kitabların hansı halda, həqiqətən, sizi uğura yetişdirəcəyindən gedir. Bu kiablar yuxarı abzaslarda yazdığım kimi, sadəcə, cəngəlliyin o tayında olan bəlli nöqtəyə yetişdirəcək gedilmiş cığırlardı. Sənin əsl uğurunsa o zaman olacaq ki, öz cığırınla həmin ünvana yetişəcəksən.

Yenə qayıdıram özümə. Hər iki yazara sonsuz təşəkkür və minnətdarlıqla təzim edib davam edirəm. Ona görə ki, yazdılar, bölüşdülər. Cığırlarını, yollarını təsvir etdilər. Yazarlar, aydınlar çoxdu. Amma hər işıq saçan, sayrışan cisim ulduz deyil. Bir cığırı salanla o cığırı gedənlər, Günəşlə günəşin nurundan pay alıb sayrışan hər göy cismi bir ola bilməz. Bununla bağlı bir el məsəlimiz də yadıma düşdü: “Hər oxuyan Molla Pənah olmaz”.

Yeni naməlum yola ayaq basmaq insanı ürküdə bilər, amma əsla qorxulu deyil. Nəzərə alsaq ki, biz, həqiqətən, öyrənmək istədiyimiz, axtardığımız hər şeyi bilirik və xatırlamaqla məşğuluq, o zaman işlər asanlaşır. Yerdə qalan o olur ki, nə istədiyini bildiyin halda, getdiyin yolda qarşına çıxan işarələri anlayasan. Bu hiss də individualdır, yarı inanc, yarı istək, yarı da mənimsənilmiş toplu biliklər sayəsində mövcud olur. Hər anlamda öz-özünlə barışıq, sülh və səmimiyyətə əsaslanan bir ünsiyyətin varsa, soruşduğun hər suala bir cavabın olacaq. Bu, nə oyunbazlıq, nə də mistikadır.

Hər nəticənin bir səbəbkarı, bir də səbəbi var. Səbəbkar yaradılışımız, səbəb isə beynimizin iş mexanizmidir. Bir an ərzində minlərlə informasiya qəbul edən bu iki yarımkürədən və müxtəlif paylardan ibarət beynimiz, hisslərimizdən tutmuş davranışımıza və sonrası taleyimizə kimi hər şeyə cavabdehdir. Real zaman kəsiyində bu minlərlə informasiyadan yalnız 7(+-) informasiyanı emal edən beynimiz bəs yerdə qalan informasiyaları nə edir? Maraqlı sualdır, elə deyilmi?! İşin mahiyyəti də elə bu sualın cavabındadır. Cavab çox sadədir, onlar müəyyən çeşidlənmə edilərək anbara, şüuraltına təqdim edilir. Cavablar da məhz orda fabrikin (beynin) alt qatında yerləşir. Hamıya məlumdur ki, şüuraltı psixologiyanın əsas aləti olmaqla, insan və onun davranışları haqqında ən incə məqamları belə öyrənməyə kömək edir. İnsan beyni ilə bağlı rastlaşdığım fikirlərdən bir neçəsini qeyd etsəm, maraqlı olar. “Beynimiz ən yaxşı kölə, ən pis ağadır”. Kölə olaraq onu sən idarə etsən, o səni zirvələrə qaldırar, çünki qüsursuz işlər. Ancaq bir ağa kimi sən onun köləsi olsan, həyatını alt-üst edər. Bilirsən niyə? Bunu bir başqa məsəllə ifadə edim: “Mədəmiz beynimizdən ağıllıdır. Çünki bəyənmədiyini dərhal qaytarar”. Yəni beynimizin nəzarətsiz qalması o anlama gəlir ki, qəbul etdiyi hər informasiyanın mahiyyətini anlamadan bizim hiss, duyğu, düşüncə və davranışlarımızda əks etdirə bilər.

Müəyyən mənada hər birimiz səyyahıq. Yol çantamız, yardımçı alətlərimiz var. Bunlardan vacib olanlardan biri – ARINMAQ.

Yola çıxmazdan öncə arınmaq gərək. Bəli, ARINMAQ! Arınmaq deyərkən, dini ayinlərdən danışmıram. Özünü dinləmək, sənə günahkarlıq hissi aşılayan məsələləri özündə çözmək, beynini boş-boşuna narahat edən daxili səsdən, günah hissindən can qurtarmaq, məntiqi nəticə çıxarmaq. Bəli, öncə özünü dinləməyi, səbrli olmağı bacarmaq lazım. Yadıma ötənlərdə “Facebook” sosial şəbəkəsində yazdığım bir status düşdü: “İnsanlar əksər hallarda məsuliyyətdən yaxa qurtarmaq üçün Allahı axtarır, ona üz tuturlar”. Bəli, Allaha yalvarmaq, onun mərhəmətinə sığınmaq özünlə qarşılaşmaqdan daha asan və rahatdır. Amma bütün hesabları Allahın öhtəsinə buraxmaq, bilinməyən bir günə saxlamaq da, məni bağışlayın, bir az sadəlövlikdir.

Narahatlıq içində ömür sürən biri nəinki şüuraltı bilgilərindən yararlanıb öz yolunu, özünü, MƏNini tapar, şüurunda olan öz evinin belə yolunu unudar. Arınmaq bizə bunun üçün lazımdır. Özünü bağışlamaq, rahatlığına qovuşmaq, zehnini, varlığını axtardığına həsr etmək. O zaman Paulo Coelho misalı, bütün bəşər sənə istədiyini vermək üçün birləşər. Amma nə gözəl demiş.

Fərqinə vardığım andan etibarən özümü öyrənməyə qərar verdim. Soruşsanız ki, nəsə əldə etmişəmmi, cavabım tam səmimiyyətimlə “bəli” olacaq. Zatən bu yazını yazmağa məni təhrik edən də bu olub. Amma yaxşı dostlar sayəsində yazmaq bu günə qismət oldu. Ümumiyyətlə, son dövrlərdə bədii qiraətdə həyatdan götürülmüş ibratamiz hekayələr üstünlük təşkil etməyə başladı. Beynimə bir seçim tanıdığım üçün hardasa qarşıma çıxan hər üç kitabdan biri bu qəbildən idi. Bir mənanı anlamaq üçün uzun-uzadı romanları vərəqləmək günümüzdə zamana qarşı itkidir. Mənimsə o qədər vaxtım olmadığını düşünürəm. Yox, pozitiv tərəfinə varaq. Ölümdən danışmıram. Uşaq vaxtı babamdan eşitdiyim bir hekayəni bu kitablardan birində görüncə də sanki beynimdə yenidən yüklənmə baş verdi.

Hekayədə müəllimlə onun şagirdindən bəhs olunur. Müəllimin mürəkkəb, anlaşılmaz, təzadlı xarakterə sahib bir şagirdi olur. Söz düşdükcə müəllim bu şagirdinə deyirmiş ki, bala, səndən adam olmaz. Bu minvalla zaman keçir, illər ötür. Müəllim qocalır, təqaüdə çıxır, şagirdsə təhsilini davam etdirir. Günlərin bir günü həmin şagirdi vaxtilə yaşayıb, oxuduğu kəndə polis rəisi təyin edirlər. Bunu bir fürsət olaraq dəyərləndirən rəis iki polis nəfərini yanına çağırıb bir ünvan verərək, kəskin səs tonuyla orada yaşayan qocanı yanına gətirmələrini istəyir, başqa heç nə demir. Polis nəfərləri bəlli ünvana gələr-gəlməz qocanı prosedur gərəyi qolunu buraraq maşına salıb düz idarəyə gətirirlər. Rəis otağına gətirilən qocanın qarşısına şəstlə çıxıb, sinəsini qabağa verərək deyir:

  • Hə, müəllim, bəs deyirdiz məndən adam olmaz.
  • Hə, yadımdadı. Görürəm polis rəisi olmusan, amma hələ də adamlıqdan əsər-əlamət yoxdur.

Şükürlər olsun, müəllimlərim çox olub. Fikir verdiyiniz kimi, epitetsiz olaraq, sadəcə, müəllimlərim dedim. Elə şeylər var ki, onun qarşısına dərəcə yazmaq olmur. Necə ki, yaxşı və ya pis müəllim yoxdur. Öyrənən üçün pis müəllim yoxdur. Müəllim xarakter, bilik baxımından zəif olsa belə, bu zəiflik öyrənən üçün bir yaxşı dərsdir. Deməli, özündəki o əksikliyi belə sənə yaxşı çatdıra bilirsə, deməli, yaxşı müəllimdir. Nəyə sahibdirsə, onu da sənə ən gözəl şəkildə təqdim edir. Bu anlamda pis müəllim yoxdur. Pisi və ya yaxşını öyrənmək var. Müəllifinin adını unutduğum bir gözəl aforizm də var ki, burda yerinə düşər: “Sən öyrənmək istədikdən sonra ətrafında olan hər kəs sənin müəllimin olar.”

Müəllimlərimdən söz düşmüşkən, öz yolumu tapmaqda qatqısı olmuş müəllimlərdən birindən eşitdiyim bir ifadə son zamanlarda iynə kimi beynimə sancılıb: Düşüncənin qoxusu...

Gözəl düşüncəni qoxu olaraq indiyədək sezməmişdim. Əvvəl-əvvəl ədəbi ifadə olaraq ruhumu oxşadı. Daha sonra fərqinə vardım, duydum o qoxunu. Əvəzolunmazdır. Bunu yalnız bir müəllimdən öyrənmək olardı. Həqiqətən, yaradılış olaraq çox unikal varlığıq. Bu yaxınlarda “Facebook”da paylaşımlardan birində bununla bağlı Mövlanə Cəmaləddin Ruminin bir aforizmi ilə rastlaşdım. Sözbəsöz unuda bilərəm, amma məzmunun sizlərlə də bölüşmək istərəm. Deyir ki, mələklər insanın xoş üzünə baxdı, insan olmadıqlarına peşman oldular, iblis insanın pis üzünə baxdı, insan olmadığına şükr etdi. Biz insanlar beləyik... Gərək ki, xoş üzümüzlə mələkləri qısqandıraq, nəinki pis üzümüzlə şeytana şükr etdirək.

Gör ha, məsələ hardan-hara gəlib çıxdı. Bəlkə də, çoxlarının dediyi sözü deyəcəm - SEVGİ, pozitiv düşüncə, əbədiliyimiz...

Sevmək, əslində, tam olmaqdır. Özünü onlardan, onları özündən bilməkdir. Dənizdən ayrılan bir damla yenə də o dənizin bir hissəsidir. Damla dənizin, dəniz damlanın yoxluğunu istəməz.

Zənnimcə, artıq bunun nə anlam daşıdığının fərqindəyəm. Yoxsa yazmağa risk etməzdim. Yaxşı hiss etdiklərimi təhriflərlə də olsa, bölüşməm gərək. Bu söz artıq mahiyyətinə varmağa imkan tapmadan kütləni bezdirir. Sanki bu hissə qarşı bir güvənsizlik, etibarsızlıq yaranıb. Ola bilər, günümüzün insanı daha çox soyuqqanlı olmağa başlayıb. Sosial problemlər fonunda hər şeydən uzaqlaşaraq daha çox öz erkən instiktlərinə – yaşamağa (nəyin bahasına olursa-olsun sağ qalmaq) və törəməyə qayıdıb. Texnologiyanın inkişafı fonunda sanki mənəviyyatın çöküşü izlənilir. Səbəb sevgisizlik, cinsəl deyil, insani sevgisizlik... İnsan özü-özünü bağışlamır, dinləmir. Düşünməkdən birdəfəlik üz çevirib. Başı lüzumsuz ehtiyaclara, süni sırınmış tələbatlara qarışıb. Özündən uzaqlaşır, kökündən qopur. Yaxşı heç nəyə ümid etmir, daima bir təhlükə gözləyirmiş kimi yaşayır. Bir şeyi anlamaqda çətinlik çəkir: Həyat sənə sən gözlədiyindən artığını verməyəcək.

“Niyyətin hara, mənzilin də ora”.

“Bəd niyyətli olaraq özün üçün xoşbəxt həyat qura bilməzsən”.

“Nə əkərsən, onu da biçərsən”.

Bir baxımdan, zehnimiz tarla, düşüncələrimizsə səpdiyimiz toxumlardı. Biz göyə alma atıb, armud tuta bilmədiyimiz kimi, zehnimizi neqativ düşüncələrlə zəhərlədikdən sonra həyatımızda yaxşı heç nəyə ümid edə bilmərik. Nəzərə alaq ki, zehnimiz çox münbit tarladı, əkdiyimizi anında yetişdirir. İnanclarımızsa bu tarlanı sulayır... Yaxşı düşünək, yaxşı olsun.

İnsanlar tarix boyu əbədi həyat arzusunda olublar. Amma bunun nə məna kəsb etdiyini anlamadan vasitələr axtarıblar, hələ də axtarırlar. Amma o əbədi həyata onsuz da sahibik. Necə? Yaradılış bir çox məqamlarda özünün sonsuz dövriliyini sübut edir. Su maye halından buza, buxara və ilkin halına – mayeyə dönür; Fəsillər dövri olaraq təkrarlanır; Göyləri, yerləri bir arada saxlayan qravitasiya qanunu məhz dövri hərəkətin sayəsində mümkündü; Alov külə, kül alova çevrilir... Nə isə, yüzlərlə misal gətirmək olar. Belə olduğu halda, bəs insanla nə baş verir?! Onun çevrilməsi necə olur?! Bilirəm, bir az qəribə səslənir. Amma düşünməyə dəyər, yaradılışda birmənalı məhv olma yoxdur axı. Sadəcə, bir haldan başqasına, bir sferadan başqasına keçid var.

Belə olduğu halda zamanımızı boş vərdişlərə, davranışlara niyə qurban verməliyik?! Özümüzü sevməli olduğumuz halda niyə imtina etməliyik?!

Halbuki sevməyi bacarmaqla heç kimin sözünü danışmazsan, eyiblərini açmazsan, paxıllığını çəkməzsən, quyusunu qazmarsan, xoşbəxtliklərini qısqanmazsan. Mahiyyəti anlayarsan, onların SƏN, sənin ONLAR olduğunu fərq edərsən. Özünü daha çox sevməklə hamının xoşbəxtliyinə, sevincinə sevinərsən. Necə ki, dəniz ondan ayrılan damlanın, damlasa ayrıldığı dənizin yoxluğunu istəməz.

Bir zamanlar, yetkinlik dövründə dinə maraq və həssaslıq göstərsəm də, dini ədəbiyyatlardan oxuduğum, eşitdiyim fikirlər (“Üstünə qılıncla gələnin qarşısına gül-çiçəklə çıx”) vardı ki, onlarla barışmırdım. Sonralar mütaliə radiusu genişləndikcə, digər təlim və dinlər haqqında öyrəndikcə müəyyən qənaətə gəldim. Dinləri içdən mənimsəməklə çöldə durmaq daha faydalıdır. Nəticə etibarilə bütün dinlər bir səbəbdən yaranıb. Qayıdışa hazırlıq. Qayıdış varsa, o zaman bunlar hamısı bir dəryaya istiqamətlənən bir çayın qollarından başqa bir şey deyil. Sözsüz ki, burda bəzi təlimlər istisna olaraq həmişə olub və olacaq. İnsanlar təbiətlərindən irəli gələrək məqsədləri axar çayların yatağını dəyişdiyi kimi, bəzi təlimlər də bu xarakter daşıyıb və daşıyacaq da. Bunu seçmək üçün teoloq olmaq gərək deyil. Sevməyi bacaran üçün onun qəlbindən dürüst tərəzi ola bilməz. O qəlb ki, həm sənə, həm də sənin Allahına ev olur.

Yapon fəlsəfəsində sevdiyim bir məsələ var ki, həmişə nəzərimdədir. Xeyir və şər insanın daxilində məskən salan iki əjdahadır. Hansı ki, bizlər öz hiss, duyğu, düşüncə və davranışlarımızla müvafiq olaraq onları yemləyirik. Bunların nisbətindən asılı olaraq bizə ya xeyir, ya da şər hakim kəsilir, bizim mahiyyətimizə çevrilir. İslam fəlsəfəsində iman anlayışı bununla eyni mahiyyət kəsb edir. Bunu öz təcrübəmdən bilirəm. İnanclı olmaq olar, amma imanlı olmaq hardasa dəyişkəndir. İman (xeyir əjdahası) yaxşı (xeyir) əməllərlə güclənər, amma xeyir və şərin sərhədi o qədər möhkəm deyil. Onu anlamaq gərək ki, qadağa ilə şərdən qaçmaq mümkün deyil, amma sevgi həmişə sənin əlindən tutar, yıxılmağa qoymaz. Damla olsan belə, dənizə olan sevgi səni ayaqda saxlayacaq.

Bu gün din məsələsi bir az qarışıq məna kəsb edir. Çünki burda artıq siyasət var, mənafe var, idarəetmə istəyi var. Kimi onu Allah, kimi tanrı, kimi budda, kimi God, kimi evrən (kainat), kim isə, sadəcə olaraq, saf enerji, nə bilim daha necə qəbul edir, bilmirəm. Bir şey gün kimi aydındır ki, o var və onu aramamız ona olan ehtiyacımızdan irəli gəlir.

Ona gedən yolsa sevgidən keçir. Nə olursa-olsun, sevməyi öyrənməliyik. Bu, bir az velosiped sürməyə bənzər. Velosipedi sürməyi öyrənənə qədər yıxılıb-durmalar bəzən insanı yora, fikrindən daşındıra bilər. Amma öyrəndikdən sonra səni heç nə saxlaya bilməz. O həzzi, o duyğunu yaşadıqca yaşamaq istərsən...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm