• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Qanun" nəşriyyatından 6 yeni kitab

  • Yazarlar
  • 24 Aprel 2014 14:20
  • 1 523 Baxış
"Qanun" nəşriyyatından 6 yeni kitab

Fyodor Dostoyevski - YENİYETMƏ

“...Biz artıq çöl qapısına çatmışdıq, mənsə elə hey onun ardınca gedirdim. O, qapını açdı; ani olaraq içəri dolan külək şamımı söndürdü. Bu vaxt birdən onun əlindən yapışdım; lap qaranlıq idi. O diksindi, amma susurdu. Əlinə sarı əyildim, qəfildən əlini hərisliklə öpməyə başladım, bir neçə dəfə, çoxlu-çoxlu öpdüm...”

Dünya ədəbiyyatının nəhəng simalarından olan Fyodor Dostoyevskinin məşhur “Yeniyetmə” romanı insan sevgisinin intizarında olan, həyatda ilk sərbəst addımlarını atmağa çalışan gəncin könül çırpıntıları haqda kədər və ehtiras dolu hekayətdir.

Roman həm də Dostoyevski dühasının siqlətini, insan psixologiyasının gizlinlərini duymaq baxımından çox maraqlıdır.

Fyodor Dostoyevski - ALÇALDILMIŞ VƏ TƏHQİR EDİLMİŞ İNSANLAR

Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. O, zavallı mülkədar İxmenevin ailəsində onun qızı Nataşa ilə birgə tərbiyə almışdır. İxmenevin çox varlı malikanə qonşusu knyaz Volkovski onun yaxşı təsərrüfatçı olduğunu qiymətləndirir. İxmenevə əvvəlcə malikanəni idarə etməyi tapşırır, sonra isə oğlu Alyoşanın tərbiyəsi ilə məşğul olmağı xahiş edir.

Əsərdəki bütün hadisələr də Alyoşanın İxmenevin evinə gəlməsindən sonra baş verir. Belə şayiə yayılır ki, guya İxmenev qızı Nataşanı Alyoşaya ərə vermək istəyir. Knyaz Volkovski bu izdivacın əleyhinədir. Alyoşa və Nataşa valideynlərindən gizlin ailə qurmaq istəyir. Vanya da Nataşanı sevir...

F.M. Dostoyevskinin «Alçaldılmış və təhqir edilmiş insanlar» romanının əsasında psixoloji realizminin leytmotivi sayılan insan iztirabları, tapdalanmış və təhqir edilmiş şəxslərin faciəsi dayanır, «yüksək cəmiyyət» tərəfindən «kiçik insanlar»a edilən maddi və mənəvi işgəncələr təsvir olunur. Əsərdə ictimai həyatın, ictimai münasibətlərin və insanın mənəvi aləminin bir çox cəhətlərinə toxunulur, bir-birinə zidd olan iki əxlaqi görüş xüsusi olaraq nəzərə çarpdırılır.

F.M. Dostayevski bu romanı sürgündən qayıtdıqdan sonra 1857-1861-ci illər arasında yazmışdır. Roman ilk dəfə 1861-ci ildə “Vremya” jurnalında çap olunmuşdur. Yazıçının sağlığında bu roman daha iki dəfə – 1865 və 1879-cu illərdə nəşr edilmişdir.

Varis Dirie SƏHRA ÇİÇƏYİ

Varis Dirie onu bütün dünyada məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələnlərdir: kəlməbəkəlmə, addımbaaddım yaşadıqlarıdır. Allahın sevib yaratdığı insana əta etdiyi gözəlliklərdən necə məhrum edilməsi, həyat eşqinin hələ körpə qızcığazkən balaca köksündə boğulması, dünyəvi həzlərə həsrət qoyulması barədə olduqca qəmli bir hekayət danışır Varis. Somalinin dodaq çatladan susuz səhralarında boy atan bu çiçək, onu məhv olmağa qoymayan, bu günün Varisi edən sevgidən, insanlara, yaradılışa inamdan rişələnir. İllər sonra məşhur model olan qəhrəmanımız geridə qoyduğu tarixçəsini bölüşməyi özünə borc bilir – beləcə, “Səhra çiçəyi”ni yazmaqla özünü yazıçılıqda da sınayır. Varis Afrikanın dəhşətinə çevrilmiş “qız sünnəti”nin onu necə şikəst etdiyini anladığı andan buna qarşı mübarizə aparmağa çalışıb. “Səhra çiçəyi” həm də bu mübarizənin bir formasıdır. Tezliklə bestsellerə çevrilən əsəri ilə o, daha da məşhur olmaqla bərabər böyüklərin əlində alətə çevrilən qızcığızlara qurtuluş yolu da göstərmiş olub.

“Səhra çiçəyi” məhz o əsərlərdəndir ki, təsirini xeyli müddət özünüzdən uzaqlaşdıra bilməyəcəksiniz.

Pərinuş Sənii MƏNİM PAYIM

Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün tutan Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı. Sadə və dindar ailənin hicablı, imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür...

Hazırda mühacirətdə yaşayan Pərinuş Səniinin “Mənim payım” avtobioqrafik romanında İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət sadə və natural şəkildə təsvir olunur.

ERNEST HEMİNQUEY ƏCƏL ZƏNGİ

Əsərin qəhrəmanları Robert Cordan və Mariya arasındakı təmiz, ülvi məhəbbət hissləri parlaq boyalarla əks etdirilmişdir. Böyük rus yazıçısı Konstantin Simonov “Cordan və Mariyanın faciəli məhəbbətinə həsr olunmuş səhifələri E.Heminqueyin bütün yaradıcılığında ən güclü, ən yüksək, ən saf və təmiz səhifələr” kimi qiymətləndirmişdir.

Roman faşizmə qarşı təkcə yazıçı qələmi ilə deyil, əldə silah əsgər kimi döyüşən bir insan tərəfindən yazıldığından, oradakı hadisələr o qədər canlıdır ki, özünü həmin hadisələrin mərkəzində hiss edir, əsərin qəhrəmanlarının yaşadıqlarını təkrar yaşayırsan.

XX əsr dünya ədəbiyyatında xüsusi yeri olan məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin (1899-1961) müharibə mövzusunda qələmə aldığı «Əcəl zəngi» romanı təkcə yazıçının öz yaradıcılığında deyil, ümumiyyətlə, dünya ədəbiyyatı tarixində bu mövzuya həsr olunmuş ən sanballı ədəbi nümunələrdən biri sayılır.

Rolf Dobelli Məntiqli DÜŞÜNMƏ SƏNƏTİ

Belə bir fikir mövcuddur ki, ibtidai insanların beyni yalnız iki funksiyanı yerinə yetirmək üçün hesablanmışdı: ov etmək və yığıcılıqla məşğul olmaq. Lakin təəssüflər olsun ki, bəşər tarixində çox böyük dəyişikliklər baş verdiyi üçün indi bizim bu rəngarəng dünyada pula, karyeraya can atma, ailə və sosial münasibətlər dəyişmişdir. Ona görə də biz təhtəlşüurumuzda hazırlanmamış, qayğılar içində sahmana salınmamış “mental tələyə” düşürük. Rolf Dobelli bir neçə il məntiqi yanlışlıqları təhlil edərək, özünü bu məsələlərin öyrənilməsinə həsr edir. Məlum olur ki, biz bunları hiss etmədən, qismən anlamadan bu sıxacın məngənəsinə düşürük. Bu kitab sizə özünüzə və ətrafa baxmağa kömək edəcək, başqa cür desək, sizin bu vaxta qədər bilmədiyiniz reallıqların qapısını açacaq. Əgər siz bunu bu gün qaydaya sala bilərsinizsə, nəyə görə gələcək həyatınızı puç etməlisiniz?!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR