Ayişə Nəbi - Yaa Həllac Yaa Mənsur incəldi nur axan çaylar
Bizi izləyin

Yazarlar

Ayişə Nəbi - Yaa Həllac Yaa Mənsur incəldi nur axan çaylar

Ayişə Nəbi - Yaa Həllac Yaa Mənsur incəldi nur axan çaylar

1

Uzun sözləri qısaldıb gül ləçəyinə bükürəm,

Yaraşdırıram ətimlə dırnağımın arasına.

Nəfsimi yolda yatan köpək sanıb

Gülürəm.

Günəşin son şəfəqi son zərrəsi içində

Mənsur təcəllası bərq vurur.

Uçum uçum uçunur hicrətin önündə

Canım, nəfəsim.

Bir büküm canam nəfəsimin içində,

Gedib uzaqlara qayıdıram.

Gətirirəm nəfəsimin içində təcəllasını sirlərin,

Hikmət əhlinə yozmuram,

Açmıram hikmətin çözümünü.

Elə uçunuram, elə uçunuram

Hikmətin sirləri qabarır ay görən dəniz kimi.

Mənsur Həllac dedilər,

Atıq-atıq oldu ruhumun ilmələri.

Həllac oldu

İt kimi uladı ruhunun önündə nəfsi.

Su istədi,

Su içdi.

Toxdadı nəfsi Həllacın.

Ac qurd kimi əzdi başını nəfsinin Həllac.

Daranmamış yun kimi atıq-atıq etdi,

Atılmş-çırpılmış yuna döndü.

Döndü, ağrıdı,

Ağrıdı, cızdağı çıxdı,

Əbədi atəş qovurdu, sovurdu külünü göyə,

Döyə-döyə

Başına gözünə

Rəng qatdı sözünə.

2

Ey bəni adəm, lütf eylə nəfəs dər,

Sönməsin surətin hüsnündə günün ziyası.

Məkanları aşdım da gəlib laməkan oldum.

Qurdum quru dallardan ağac oymağı,

Lütf eylə, nəfəs dər, ey bəni adəm.

Silkin üzərindən yığılan qaramatı,

Silkin, axıb tökülsün surətin dan üzü,

Dan üzü bəlirsin surətində, ey bəni adəm.

Gözəllik adına qalxıb qiyam etsin

Canlar, bəşər övladları, ey bəni adəm.

Canda usanmaz səcdələrin əbədisi.

3

Can təlaş etməz, Mənsur darda darıxar,

Şəbi-arus artırar işıqları,

Gözləri qamaşar mələklərin.

Açılar qatları,

Çözülər dilləri,

Tükənməz sirləri.

Mənsur tutar nəfəsini darda bir an,

Bir an içində doyar nəfəsi Mənsurun.

Ey hüsnünə ziyadə afət doğan,

Ey qəlbinə atəşi məkan bilən,

Məni tərk etdi “ləntərani” Turunda.

Qorumaz zərrənin içindəki kainatı

Çözülən dillər.

Çözülən dillər təcəllasını təsdiq edir.

Həllac “Rəbbim” dedi,

Toxum qoydu dilinin üstündə çiçəklər.

İmtina etdi balıqlar sudan,

Ləhləyən köpəklərə sərinlik oldu Həllacın nəfəsi.

Həllac nəfəsindən küləklər yön aldı,

Qatdı qabağına azğın suları,

Sovurdu qayaları ufaldaraq.

Həllac nəfəs saldı qiyamət uzaqlaşdı,

Damarların içində qanın qarasında

Can şahə qalxıb səcdəyə qapandı.

Təndə can susur,

Can durur.

Can gəlir, can gedir

Dəyişmir növrağını sübhlə şər çağı canda.

Sübh açılır darda Həllacın üzünə,

Həllac darmadağın,

Sübh soyuğunu isidir nəfəsindəki atəşlə.

Ənginlikləri qat-qat, mərtəbə-mərtəbə

Keçirdi nəfəsinin gözündən.

Qatlar, mərtəbələr nizamla rükuya getdi Həllacın önündə.

Həllac nəfəsinin içində böyüdükcə

Alçaldı sonsuzluqların uca dağları,

Əridi gözlərin önündə.

Atıq-atıq oldu Tur dağı kimi,

İncəldi nur axan çaylar,

Çəkildi ayla qabaran sular.

3

Yollar səbirlə itirir izimi,

Gömgöy çöllərə düşmür kölgəm.

Çıxıram, çıxmağa Yusuf quyusu,

Düşürəm, düşməyə uçurum bol

Nəfsim atıb tutur məni əlində,

Zülmətin içində qaranlıq durulur...

24 Avgust 2009, Bazar ertəsi,

Oxumağa davam et
Reklam
Reklam

Gündəm