Aqşin Yenisey: "O dostların heç biri yanıma gəlmir"
Bizi izləyin

Yazarlar

Aqşin Yenisey: "O dostların heç biri yanıma gəlmir"

Aqşin Yenisey: "O dostların heç biri yanıma gəlmir"

Ötən gün Mərkəzi Gömrük Hospitalında müalicə alan dostumuz şair Aqşin Yeniseyə baş çəkməyə getdik. Qəribə idi: bütün klinikanı bürüyən dərman qoxusu təkcə Aqşinin yatdığı palataya girməmişdi. Qapını açanda məni kitabxana qoxusu vurdu. Anidən məkan anlayışını itirdim, elə bildim ki, Aqşinin iş otağına girmişəm. Lakin dar ağacının ipi kimi yuxarıdan sallanan “şlanq”ları, araq şüşəsindən də qorxulu “sistem” şüşəsi və çarpayıda uzanmış Aqşinin qoluna “diş”ini batıran “ilan”ı görəndə başa düşdüm ki, kitabxana hələ ki uzaqlıqdadır. Əvəzində isə şairin yanındakı şkafın üstündə bir topa qəzet və Çexovun hekayələr kitabını gördüm. Hal-əhval tutduq. Söhbət dərinləşdikcə gördüm ki, bu, hal-əhval tutmaq deyil, bütöv insan ömrüdür. Sakitcə oturub iki şairin – Salam Sarvan və Aqşin Yeniseyin arasında olan bu söhbəti dinləməyə başladım. Suallardan doğan xatirələrə uyğun olaraq, Aqşin gah qəhərləndi, gözləri doldu, gah da qəh-qəhə çəkib güldü, bizi də güldürdü. Lakin onların söhbətində mən insanın bir yaşantısını hərfbəhərf damarlarımda hiss etdim. Aqşin Yeniseyin damarlarında hiss etdiyi acı dərman ağrısı isə tamam başqa idi...

Aqşin Evrən

Salam Sarvan: Şair, səninlə gör neçə vaxtdır tanışıq. Slavyan universitetində dörd il bir yerdə işləmişik, çayxanalarda, kafelərdə üz-üzə, toylarda, tədbirlərdə yanaşı oturmağımız çox olub. Amma heç vaxt ciddi söhbətimiz olmayıb. Elə həmişə lağ-lağıya salmışıq, deyib-gülmüşük... Nədənsə, məhz indi istəyirəm, bir az ciddi söhbət eləyək, heç olmasa, yarıciddi?

(ikisi də gülümsünür)

Aqşin Yenisey: Mənə elə gəlir ki, bizim o lağ-lağı dediyimiz söhbətlərin özü elə ciddi motivlər üzərində qurulmuş söhbətlər idi. Yəni belə deyim də: bu, yüngül lağ-lağı olmayıb. Bizim adi kafedə yumorumuz, sarkazmımız, satiramız, mənim düşüncəmə görə, sırf ədəbiyyat meyarları üzərində qurulurdu. Ona görə də mən adi kafe söhbətlərindən nə qədər köşə mövzusu əldə etmişəm və ya hansısa bir hekayənin süjetini gülə-gülə, danışa-danışa, lap elə içə-içə müəyyənləşdirmişəm. Yəni mən o söhbətlərə içində gülüş olan faciə kimi baxmışam.

S.S: Mən bura gələndə iş yoldaşımız Mövlud Mövlud xahiş elədi, səndən soruşum ki, Aqşin xəstəxanadan çıxandan sonra “Kənd” şeiri kimi bir şeir yaza biləcəkmi?

A.Y: Sözün açığı, ayıq başla şeir yazdığım yadıma gəlmir. Uşaq vaxtı olub, o şeirlər də yoxdur indi. Mən kitablarımda olan şerilərin hamısını içkili başla düşünüb, ayıq başla yazmışam. Mövlud sağ olsun ki, belə bir sual verib. Ancaq bundan sonra mənim içmədiyim dövr başlayacaq, çünki artıq mən içə bilməyəcəyəm. Yəni içsəm, bu, intihar deməkdir. Bundan sonra hansı ədəbi prinsiplərlə işləyəcəyimi bilmirəm. Sözsüz ki, bu içməmək mənim yazı üslubuma öz təsirini göstərəcək. İndi bunu demək tezdir. Sistem qolumda, dərmanlar canımda, “şlanq” qarnımda ancaq bunu düşünürəm: beynimin strukturunu yeniləmək. Hələ ki bir yerə gedib çıxa bilməmişəm. Ona görə də bu sualı cavabsız saxlayaq.

S.S: Sən bundan sonra içməyinin “intihar” demək olduğunu deyirsən. Amma belə fikirlər də var ki, Aqşin “intihar” demək olan içmək yolunu bilərəkdən tutmuşdu, yəni şüurlu olaraq ölümə gedirdi, özü belə istəyirdi. Yəni sənin içməyinə sentimental, fəlsəfi, mənəvi intonasiyada haqq qazandıranlar da vardı. Feysbukdakı rəylərdən gördüm ki, indi də var.

A.Y: Bayaq qəzetdə Vaqif Səmədoğlunun müsahibəsini oxudum, sizin saytda gedən müsahibəni deyirəm. Onun da ölüm haqqında ağrılı şeirləri var. Mən Azərbaycan şairlərini təzə-təzə oxumağa başlayanda Ramiz Rövşənin, demək olar ki, əksər şeirlərində “ölüm” motivləri var idi. Mən ölüm haqqında ilk dəfə düşünəndə doqquz yaşım vardı. Bir insanın necə can verdiyini gördüm. Babamın anası canını tapşırırdı. Evdə bir dənə uşaq mən idim, arvadlar da hamısı yığılmışdı qarının başına. Qarı hərdənbir ayağını qaldırırdı. Mən anamdan soruşdum ki, İnci nənə niyə belə eləyir? Anam cavab verdi ki, bəs İnci nənə ölür. O vaxta qədər elə bilirdim ki, insan ölmür. Dağda inək otaranda, qoyun otaranda məni ağlamaq tuturdu ki, hamı öləcək, atam da, anam da öləcək, ətrafda nə qədər doğma adam var hamısı öləcək. Bir ara depressiyaya düşmüşdüm. Sonralar bu ağrı məndən çəkilib getdi, nə ölüm haqqında düşündüm, nə də ölümü özümə dərd elədim. “Can sağlığı”, “uzun ömür” deyilən anlayışlar mənə həmişə əhəmiyyətsiz gəlib. Dostlarım da, ailəm də, Moskvada yaşayan qohumlarım da ən çox bu sözü deyiblər: canının qədrini bil. Ancaq deyim ki, mən içməyə çox gec başlamışam. Təxminən 24-25 yaşımdan. O vaxta qədər mən içki içməmişəm, siqaret çəkməmişəm. Bir filosofun da belə bir fikri var: Yaradıcı adamlar yaradıcı gərginlikdən qurtulmaq üçün özlərinə müxtəlif məişət əyləncələri qururlar. Məsələn, tutaq ki, Dostoyevski qumarbaz, əyyaş idi. Qoqol içki düşkünü idi. Mən, sadəcə, yaradıcı gərginliyi öz bədənimdən çıxarmaq üçün içkidən istifadə edirdim. İçirdim ki, sakitləşim, adi adam olum. Elə də olub ki, hansısa bir şairin yaxşı bir şeirini oxumuşam, misra məni tutub. O misranın xatirinə kitabı bağlayıb atmışam bir küncə, gedib oturub içmişəm. Ancaq xəstəxanaya düşənə qədər, yəni qollarım, damarlarım iynədən dəlik-deşik olana qədər ölüm, axirət haqqında düşünməmişəm.

Belə şeylər mənə həmişə yad olub. Mənim evimdə həmişə içki olub. Evdə yazı yazandan sonra otururdum futbola baxa-baxa bir şüşə arağı kal alça ilə və ya narla içirdim. Məni yatağa yıxan özümün özümə qarşı belə hörmətsizliyim, məsuliyyətsizliyim oldu. Axşam içib yatdığım üçün səhər duranda başım ağrıyırdı. Bilirdim ki, içməsəm işləyə bilməyəcəyəm. Ona görə də məcbur olub içirdim. Hətta içkinin iyini aparan dərmanlar almışdım. Ona görə də bu bir az asburd səslənir ki, guya mən içkini özümü öldürmək üçün içirdim. Mən, sadəcə, yaradıcı prosesin mənə verdiyi əlartığı bədənimdən qovmaq üçün içirdim. Amma axırda lap ağ elədim, nəticəsi də belə oldu.

S.S: Başqa bir əməkdaşımızın da sualını sənə çatdırım, sonra yadımdan çıxar: Günel Xəzəl soruşur ki, şair burda ən çox kimdən ötrü darıxır?

A.Y: Tam səmimi deyim ki, artıq məndə darıxmaq hissi ölüb.

S.S: Burda öldü?

A.Y: Yox, çoxdan ölüb bu hiss. Ətrafımda dost-tanış da olanda özümdən ötrü darıxırdım ki, məclis bitsin, tez gedim özümlə baş-başa qalım. Məndə beş il bundan əvvəl sevgi hissi var idisə də, sevdiyim adamlar bunu öldürdü. İndi məndə nə sevgi hissi diridir, nə də darıxmaq hissi.

S.S: “Sevdiyim adamlar” deyəndə qadınları nəzərdə tutursan?

A.Y: Yalnız qadınlar deyil, ümumi mənada sevdiyim adamlar...

S.S: Həə, “qadın” demişkən, səhhətində bir az ağırlaşma hiss edən kimi, bildiyimə görə, elə məhz qadına zəng vurmusan...

A.Y: Yox, mən zəng eləməmişəm. Mən xəstə olduğum müddətdə bizə gəlib-gedən dostlar feysbukda mənim haqqımda ona yazıblar. Mən də evdə yatırdım, artıq qarnıma su yığılıbmış, sən demə. Fikirləşirdim ki, hansı həkimə müraciət edim. Mən xəstələnməmişdən qabaq əmim mənə dedi ki, get müalicə al, gözlərin sapsarıdır, hətta dünənkinə nisbətən bu gün daha da saralıb. Elə bir müddət sonra qapı döyüldü, açıb gördüm ki, Ayseldir. O vaxta kimi bizim heç əlaqəmiz qalmamışdı. O öz həyatını yaşayıb, mən də öz həyatımı yaşamışam. Qapını açdım, mənə dedi ki, sən xəstələnmisən, səni həkimə aparmaq lazımdır, gəl gedək xəstəxanaya. Mən əvvəl icazə vermədim. Dedim ki, özüm həkim tapıb gedəcəm. Sonra o, ikinci dəfə yenə qayıdıb gəldi. Təkid etdi, mən də razılaşdım. Məni aparıb “Semaşko”da yatırdılar. Bundan sonrakı prosesi artıq özünüz də bilirsiniz...

S.S: Şair, yadına gəlirsə, xəstəxanaya düşməmişdən bir ay qabaq mən də sənə dedim ki, gözlərin sapsarıdır, özünü həkimə göstər. Sən də dedin ki, az yatmışam, ona görə belədir. Hər şey bir yana, heç özün güzgüyə baxmırdın, gözlərindəki sarılıq səni düşündürmürdü, şübhələnmirdin?

A.Y: Məndə soyuqdəymə olanda həmişə gözlərimin rəngi dəyişir. İçən adamlar bunu yaxşı bilər: arağın istiliyinə aldanıb kondisionerin altında yatırsan, lüt-üryan olub döşəmənin üstündə yatırsan, soyuğu hiss etmirsən, yığılıb, birdən özünü göstərir. Mən bir dəfə səhər əlimi yuyanda güzgüdə özümə baxdım, gördüm ki, gözlərimin içi yumurta sarısına bənzəyir, əllərimə baxdım, əllərim də sarı idi. Sonra yuyunanda bədənimə baxdım, sapsarı idi. Bundan sonra həkim məsələsi ortaya çıxdı. İndiyə qədər məndə belə şey olmamışdı.

S.S: Bayaq dediyindən belə çıxdı ki, hətta dostlarla oturanda da özünə qaçmaq istəyirmişsən. Olsun ki, istəyirmişsən. Amma fakt oydu ki, həmişə, necə deyərlər, xalqın içindəydin: tədbirlərdə, çayxanalarda, kitab təqdimatlarında, toylarda, küçə gəzintilərində, Feysbukda, televiziya kanallarında, qəzet-sayt müsahibələrində... Və sanki birdən nəsə baş verdi: FB profilini bağladın, nəsildaşlarınla əlaqəni kəsdin, qəzetlərdə, televiziyada görünməz oldun... O “baş verən” nəydi, niyə yoxa çıxdın?

A.Y: Əslində, mən neçə müddət idi ki, bu günün gələcəyini gözləyirdim. Əvvəllər dostlarımla bir yerdə yığışardıq, çox vaxt da məclislər bizim evdə olardı. Amma getdikcə mənim ədəbi nəslimdən olanlarla dostluq münasibətimizə, bir-birimizin düşüncəsinə, yaradıcılığına olan münasibətimizə virus düşdü. Amma mən sevinirəm ki, biz, sadəcə, ayrıldıq, amma düşmən olmadıq. Elə bir dostluq mərhələsini yaşayırıq ki, onları görməsəm də, mənə əzizdirlər. Mənim onlarla mütləq görüşməyim vacib deyil. Bu darıxmaq hissinin məndə ölməsi o demək deyil ki, mən dostlara düşmən gözü ilə baxıram. Yox, onlar mənə yenə də əzizdirlər. Məsələn, mən 15 gündür ki, xəstəxanadayam, gecə-gündüz birlikdə olduğum dostların heç biri yanıma gəlmir. Nəinki yanıma gəlmirlər, hətta bir quru zəng də etmirlər. Mən qətiyyən incimirəm onlardan. O adamlar, bəlkə də, öz qəlblərində mənim yanımdadır.

S.S: Əslində, bu, inciməli bir haldır...

A.Y: Tutaq ki, mən incidim, bu, nəyi dəyişəcək? Mən kin saxlamaq, nifrət etmək kimi hissləri heç vaxt yaxına buraxmamışam. Ən ağır məqamlarda da. İncisəm, qorxuram bu daha artıq problemlərə çevrilər.

S.S: Şair, özün mətnlərində, çıxışlarında həmişə komplekssiz olmusan. Bu cəhətinə arxayın olub da sənə bir-iki açıq sual verəcəyəm. Narahatlıq yaratmaz ki?

(ardı var)

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm