• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Bütün sevgilər öləcək" – Aqşin Yeniseyin təzə şeiri

  • Yazarlar
  • 14 İyul 2014 12:28
  • 5 841 Baxış
"Bütün sevgilər öləcək" – Aqşin Yeniseyin təzə şeiri

Günahın cazibəsi

Şüurun səhrasında azmış kor yolçu,

Bu ölümdür - əzabların gizlində qabıq dəyişməsi

Yeni mövsümdür – budur, yeni libasdadır köhnə əzablar

Yoxdur daha ağrının qəzəbli suallarına

Qorxunun verdiyi miskin cavablar.

Burda heç kim başqasının deyil, hamı,

Özünündür... özünündür.

Bu ölümdür!

Ay batan günəşin ahı kimi qalxdı qədim dağların köksündən

Və sən,

Şüurun səhrasında azmış kor yolçu,

Həyatda yapışacaq daha heç nə yox ikən

Nədən birdən-birə çoxaldı əllərin?

Yalvardı, ayaqlara yıxıldı, divarlara yaxıldı,

Barmaq-barmaq əzildi, dırnaq-dırnaq yox oldu əllərin.

İndi səni kim göməcək zamanın sazağında

buxarlanıb quma dönən daşlara

Son tikəni kim atacaq bir vaxtlar qaraltına hürən itlərə,

Başını qanadının altına soxub

tək ayaq üstə mürgüləyən quşlara?

Bütün sevgilər öləcək qoşulub ümidlərə.

Şüurun səhrasında azmış kor yolçu,

Xəstəlik xurafatdır, guya, ölüm hökmünü yüngülləşdirən cəzadır

Ya da Tanrıya gedən yolda insanın törətdiyi qəzadır.

Xəstəlik ölümə qarşı bədəndə baş qaldıran üsyandır.

Necə ki, ayrılıq ağrısı sevgi hissini ölməyə qoymur.

Xəstəlik yaşanmaqdan yorulmuş ömrün

Dincini aldığı ağrılı andır.

Necə ki, ayrılıqlar olmayanda sevgilər tez yorulur.

Xəstəlik ayaq izləri kimi

həmişə insandan geridə qalan zamandır.

Necə ki, unudulmuş qadınlar bir kişi sevgisinin

ot basmış ləpirləridir.

Şüurun səhrasında azmış kor yolçu,

Mənim də sənin sayaq

İllərdir yadımdan çıxıbmış yaşamaq

İllərdir üstümdə gəzdirirmişəm öz-özünə əl çalan bədənimi

İllərdir səni gözləyirmişəm

Divarda gələcək zamanı gözləyən yatmış, qədim saat kimi.

Əllərinin arxasınca düşüb gedən

Şüurun səhrasında azmış kor yolcu,

Axır ki, sən də vətəninə qayıtdın

heç kimin heç kimi görmədiyi,

Yəni heç kimin doğulmadığı, heç kimin ölmədiyi

küçələrində havadan tuta-tuta yeriyən korlar şəhərinə.

Məni atıb gedənlər də bir-bir geri döndülər.

Elə bil, ilanlar bir zamanlar sancdığı

bədənlərdəki zəhərinə qayıtdı.

Şüurun səhrasında azmış kor yolçu,

Mən indi günahın cazibəsinə həsr olunmuş

qüssə və tövbə dolu bir şerin son misrasıyam...

Tanrının insana əlvidasıyam.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR