• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Sabir Rüstəmxanlı: "Canlı əfsanələrdən biri"

  • Yazarlar
  • 7 Noyabr 2014 12:20
  • 580 Baxış
Sabir Rüstəmxanlı: "Canlı əfsanələrdən biri"

Mənim nəzərimdə yaxın tariximizin canlı əfsanələrdən biri - jurnalistikamızın ağsaqqallarından olan görkəmli alim, pedaqoq, mətnşünas, araşdırıcı, BDU-nun professoru Şirməmməd Hüseynovdur. Şirməmməd müəllimə böyük sayğı və ehtiramımın hardan başlandığını düşünəndə maraqlı bir hadisə düşür yadıma. Universitetin filologiya fakültəsinin əlaçı və fəal tələbələrindən olduğuma görə dekan müavini Şirməmməd müəllimlə səmimi münasibətlərimiz vardı.



Ədəbiyyat dərnəklərindən tanıdığım, orda coşqun çıxışlar edən Abbas adlı bir yoldaş bir gün mənə yaxınlaşıb “Sənə bir işim düşüb” dedi. Abbas jurnalistikada oxuyurdu, arada ciddi bir yaxınlığımız da yoxdu, nə işi düşə bilərdi mənə? “Buyur!” dedim. Onun xahişi məni təəccübləndirdi. “Şirməmməd müəllim mənə qiymət vermir, heç kimi də eşitmir. Sənin xətrini istəyir, bəlkə, mənim xahişimi edəsən. Tələbələrə qarşı daha diqqətlidir, səni eşidər!” “Müəllimləri də eşitmirsə, mənim deməyimin nə faydası?” deyib boyun qaçırmağa çalışdım. Abbas əl çəkmədi.


Axırda məcbur edib, utana-utana Şirməmməd müəllimdən Abbasa qiymət yazmasını xahiş etdim.
Mənim bu ərkim və cəsarətimdən əsəbiləşmədi, ancaq söhbətə xitam verən bir şəkildə “O mümkün deyil!” dedi.
Mən də əl çəkmədim: “Niyə?” deyə soruşdum və Şirməmməd müəllimə Abbası niyə müdafiə etməyimin səbəblərini izah etməyə çalışdım! “Dərnəkdən tanıyıram, millətini sevən, qeyrətli oğlandır”.
Şirməmməd müəllim: “Sənin öz yoldaşının xahişini eləməyinə pis baxmıram. Ancaq öyrənməsə, qiymət verməyəcəyəm. Yadında saxla, nə qədər qeyrətli olur-olsun, savadı, biliyi yoxsa, bir gün biqeyrət olacaq. Qeyrətini göstərmək üçün gərək ağlı, biliyi olsun, yoxsa hər yerdə burnundan vurub oturdacaqlar yerində, yavaş-yavaş olacaq gözüqıpıq, biqeyrət”.


O qədər dəqiq bir yanaşma idi ki, heç nə deyə bilməzdin. Təşəkkür edib ayrıldım. Şirməmməd müəllim bir neçə sözlə biliyin, elmin əhəmiyyətini necə gözəl anlatmışdısa, o sözlər həmişəlik həkk olundu yaddaşıma. Aradan uzun illər keçsə də, onun sözünü unutmamışam və dəfələrlə misal çəkmişəm. Boş “mən qeyrətliyəm, vətənimi sevirəm” deməklə düşmən qabağına çıxmaq olmaz. Cəbhənin öz silahı var, dialoqun, masa arxasında, kürsüdə aparılan fikir savaşının öz silahı. Ağıl və bilik silahı!

O söhbətlə mən Şürməmməd müəllimi özüm üçün kəşf etdim və mənə dərs deməsə də, həmişə müəllim ehtiramı göstərdim ona.

Bilirəm ki, aramızdakı bu söhbəti o da unutmayıb.

Universitetin IV kursundan “Ədəbiyyat və incəsənət” qəzetində işləməyə başladım. Dünənki müəllimlərimin bir çoxunu ayrı müstəvidə - müəllif kimi gördüm, auditoriyada böyük görünənlərin bir çoxunun araşdırmaçı və müəllif kimi cılızlığına təəccübləndim, münasibətlərdə çox yaxınlaşmalar-uzaqlaşmalar oldu. Bəzi müəllimlərimi unutdum, ancaq Şirməmməd müəllim daim öz ucalığında, obyektivliyində qaldı. Universitet müəllimi ləyaqətini daim qorudu və tələbələrin sevimlisi olmaq statusunu illər uzunu, bu günə qədər qoruya bildi. Cəsarətli vətəndaşlıq mövqeyinə, sözünü hər yerdə mərdi-mərdanə demək bacarığına, şəxsiyyət bütövlüyünə görə sevdiyim insanlardan birinə çevrildi.


Sonra qəfildən bizim arzuladığımız günlər gəldi; hamının gözünün qabağında SSRİ, “Titanik” gəmisi kimi, göz görə-görə suyun dibinə getməkdəydi. Lakin hər bir ağıllı adamın gördüyü bu labüd sonluq da bir çoxlarını ayılda bilməmişdi; “bu boyda imperiya dağıla bilməz, sus, birdən XII Qızıl Ordu gələr, nəslimizi kəsər” psixologiyasıyla yaşayan və düşünənlər çox idi.

Real vəziyyəti görən, sonucun nə olacağını düşünmədən həqiqəti deyən az ziyalı vardı ortada; onlardan biri də Şirməmməd Hüseynov idi.



1989-cu ildə mənim bərpa etdiyim və əsrin sonunda Azərbaycan milli, demokratik mətbuatının ilk qaranquşu olan “Azərbaycan” qəzeti o illərdə bir məhək daşıydı. Bir çoxları qorxularından qəzetə yaxın düşmürdü, ünvanıma yüzlərlə alqış dolu məktubla yanaşı ölüm hədələri də gəlirdi; belə vaxtda Şirməmməd müəllim bizim ən ürəkli və ardıcıl müəlliflərimizdəndi. O mətbuat tarixi, Məmməd Əmin Rəsulzadənin fəaliyyəti, 1930-cu illərin qanlı repressiyaları ilə bağlı çox dəyərli yazılar yazır, böyük milli əhəmiyyəti olan sənədləri ortaya çıxarırdı.


Qədim ədəbiyyatımız bir yana, XIX-XX yüzillərin mətbuatını diqqətlə oxuyub incələyən alimlərimizin, mətnşünasların sayı get-gedə azalır.


Belə bir dönəmdə Şirməmməd müəllim bütün enerjisini Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) və ona qədər ki, demokratik mətbuatın araşdırılmasına, mətnlərin bərpasına və çapına verdi. Xüsusən milli ideologiyamızın liderlərindən, cümhuriyyətin qurucularından biri olan Məmməd Əmin Rəsulzadənin bir çox əsəri məhz onun qeyrəti, inadkarlığı ilə aşkarlanıb mətbuat səhifələrinə çıxarıldı.
Məmməd Əmin Rəsulzadə irsi çox zəngin və çoxtərəflidir. Onun toplanması və nəşri bir elmi institutun işidir. Lakin Şirməmməd Hüseynov bu işlə on illər boyu təkbaşına məşğul olmuşdur.
Rəsulzadənin Türkiyə mətbuatındakı əsərlərini toplayan əziz dostumuz Əli Yavuz Akpınarla Şirməmməd müəllimin bu sahədəki xidmətləri əsil alim qəhrəmanlığıdır.


Şirməmməd müəllim sadiq dost və gözəl insandır. Bu baxımdan onun unudulmaz xalq şairimiz Bəxtiyar Vahabzadə ilə dostluğu sözümün təsdiqidir. Bəxtiyar müəllimin Bakıdakı və Şəkidəki evlərində ən çox və ardıcıl gördüyüm ürək sirdaşlarından biri Şirməmməd müəllim idi. Bütün söhbətlərinin başında da Vətən, Millət, Azadlıq, Ədalət, milli problemlərimizin həlli və s. dayanırdı.


Şirməmməd müəllimi heç vaxt, heç yerdə soyuq, biganə, ürəksiz, cəsarətsiz danışan görmədim. Həmişə ən vacib, ən yaxşı bildiyi şeylərdən, ən əsası millətin tale məsələlərindən danışır. Buna görə də yüksək səslə və cəsarətlə danışır.

Məncə, onun uzun və şərəfli yaşamağının bir səbəbi də budur.


Sabir Rüstəmxanlı
Xalq şairi, millət vəkili

Xəbər lenti

DAHA ÇOX XƏBƏR