Oturaq həyat tərzi, yoxsa sağlam həyat?
Bizi izləyin

Qırmızı.az

Oturaq həyat tərzi, yoxsa sağlam həyat?

Gündə 6 saatdan çox oturan adamın ürək xəstəliklərinə tutulma riski 18% artır. Gündə 3 saatdan çox oturanların şəkərli diabetə tutulma riski isə digərlərinə nisbətən 7.8% artıq olur. Bu barədə ABŞ alimləri araşdırma aparıb.

Amerikanın Xərçəng Araşdırmaları İnstitutunun araşdırmasına görə, oturaq həyat tərzi döş və bağırsaq xərçəngi riskini artır. Oturmaq xərçəngin əsas xəbərçisidir, nə qədər otursanız, risk o qədər artır. Üstəlik, alimlər iddia edir ki, sonradan hərəkət etsəniz belə, uzun müddət oturmağınızı kompensasiya etmək mümkün deyil.

Müasir yaşam bizi oturaq həyata uyğunlaşdırıb. Texnologiyanın inkişafı insanları sanki otaqlara, stollara daha çox bağlayır. İstər təhsil alarkən, istərsə də iş həyatında oturaq həyat tərzi keçirməyə məcburuq. İş şəraitində oturaq həyat tərzi yeni dəb halını alsa da, məktəblərdə bu, keçmiş ənənədir. Şagird 45 dəqiqəni oturaraq keçirməli olur. Hərəkətsizlik mühiti bu siniflərdə yetişən nəslin girişdə sadaladığımız xəstəliklərə tutulma riskini artırır. Dünyada qlobal problemə çevrilən bu məsələ Azərbaycanda da aktualdır.

Sağlam təhsil-sağlam gələcək

Araşdırmalar göstərir ki, məktəbyaşlı uşaqlar oyaq vaxtının 25%-i sinifdə keçirir. Mövcud dünya təhsil üsulu şagirdlərin bir neçə saat sinifdə məhz oturaq vəziyyətdə keçirməyə məcbur edir. Nəticədə, ümumi təhsili başa vuran yeniyetmələrdə hərəkət məhdudiyyəti fiziki inkişaf, qamət, görmə pozuntuları və digər sağlamlıq ilə əlaqədar problemlərin yaranmasının əsas səbəblərinə çevrilir. Elmi araşdırmalar göstərir ki, bəzi hallarda məktəbi bitirənlərin yalnız 3-4%-i tam sağlam olur.

Bu problem Təhsil Nazirliyi tərəfindən bir neçə il əvvəl gündəmə gətirildi. İlk olaraq, 2013-2014-cü tədris ilində 2500 məktəbli ilkin tibbi monitorinqlərə cəlb edildi. Məlum oldu ki, ibtidai siniflərdə şagirdlərin 29%-nin görmə problemləri olduğu halda, məktəbi bitirənlərin artıq 45%-də belə problemə rast gəlinib. Həmçinin 41% yuxarı sinif şagirdlərində qamət problemləri aşkar olunub. Oğlanlar arasında normal fiziki inkişafdan qalanların sayı birinci sinifdə artıq 19%-i təşkil edir, beşinci siniflərdə bu rəqəm 33%-ə, məktəbi bitirəndə isə 40%-ə qalxır.

Oturaq həyat tərzinin gətirdiyi problemlərə hər gün yeni problemlərin əlavə olunması xilas yolunu axtarmağın vaxtının yetişdiyini göstərir.

Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsi xilas yollarından biridir. Belə ki, bu layihə çərçivəsində 2014-2015-ci dərs ilindən başlayaraq Bakı və Sumqayıt şəhərlərinin altı ümumtəhsil məktəbinin 15 birinci sinfində sağlam təhsil texnologiyaları tətbiq edilməyə başlanılıb. Bu siniflərdə şagird masaları həm qismən oturaraq, həm də ayaq üstə çalışmaq imkanı yaradır. Şagirdlər bir dərsdə iki dəfə olmaqla, yəni 15 dəqiqədən bir, yerlərini dəyişir. 15 dəqiqənin tamamını isə siqnal xəbər verir. Hər fasilədə şagirdlər tavandakı zolaqlara uyğun boyun, baş, göz, əl-ayaq hərəkətləri edirlər. Gigiyena qaydaları da diqqət mərkəzində saxlanılır. Bu siniflərdə şagirdlərin sayı 24-dən çox olmur. Çünki qaydaya görə, bir uşağa 2 kv.m sahə düşməlidir. Tənəffüslərdə oğlanlar divarda quraşdırılmış alətdə dartınır, qızlar isə oturub-durma hərəkətlərini yerinə yetirirlər. Bir sözlə, bu siniflərdə tibbi-gigiyenik, pedaqoji, psixoloji və gender məsələləri diqqət mərkəzindədir. Siniflərdə künclər üç xəttin kəsişməsi şəklində deyil, oval formadadır. Divarlar panorama effekti yaradır.

Bəs görülən bu işlər effektlidirmi?

Bu sualın cavabı hər kəs üçün maraqlıdır.

Ötən ilin sonunda “Sağlam təhsil” sinifləri və adi siniflərdə təhsil alan I sinif şagirdlərinin sağlamlıq vəziyyətində və ümumi inkişafında gedən dəyişikliklər müqayisəli təhlil edilib. “Sağlam təhsil” siniflərində aparılan monitorinqlər göstərdi ki, bu siniflərdə təhsil alan normal fiziki inkişaflı oğlanların sayı tədris ilinin sonunda 16% artıb, adi siniflərdə isə bu göstərici 1.5% təşkil edib. Sağlam təhsil siniflərində alçaqboylu və çəkisi normadan aşağı olan oğlanların sayı ilin sonuna 4 dəfə azalıb. Adi siniflərdə isə alçaqboylu oğlanların sayı 40% artıb. Tədris ilinin sonunda sağlam təhsil siniflərində alçaqboylu qızların sayı 100% azalıb, adi siniflərdə isə dinamika aşkar edilməyib.

Müayinələrin nəticələrinin təhlili göstərdi ki, ilin sonuna uzaqdangörmə itiliyi artan uşaqlar sağlam təhsil siniflərində 60.2% təşkil edirsə, adi siniflərdə bu göstərici 42%-dir. Uzaqdangörmə itiliyi azalan uşaqların sayı bu siniflərə nisbətən adi siniflərdə 3 dəfə çoxdur.

Bu rəqəmlərdən sonra “Sağlam təhsil” siniflərinin sayının artması məsələsi gündəmə gəlir. Bu ildən “Sağlam təhsil” siniflərin sırasına daha 52-si əlavə edildi. Hazırda Bakıda 33, Sumqayıtda 1 məktəb olmaqla 34 məktəbdə 67 belə sinif var. Gələcəkdə siniflərin sayının daha da artırılması planlaşdırılır. Bu siniflərin artması girişdə sadalanan xəstəliklərə tutulma riski ilə tərs mütənasibdir.

“Sağlam təhsil” siniflərinin sağlam gələcək gətirməsi ümidi ilə...

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm